525.Az

"Aktyor oynadığı rola uşaq evcik oyununa inandığı qədər inanmalıdır" - Müsahibə

XALQ ARTİSTİ QURBAN İSMAYILOV: "DÜNYAYA BİR DƏ GƏLSƏYDİM, YENƏ DƏ AKTYOR OLARDIM - MƏN BU SƏNƏTİ SEVİRƏM"


[23.10.19]
"Aktyor oynadığı rola uşaq evcik oyununa inandığı qədər inanmalıdır" - <b style="color:red">Müsahibə </b>

Müsahibimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, Xalq artisti Qurban İsmayılovdur. 

- Qurban müəllim, son ilər Azərbaycanda teleserial sferasında müəyyən canlanma var, ayrı-ayrı televiziya kanallarında müxtəlif seriallar nümayiş olunur. Mövzunun aktuallığını nəzərə alıb, gəlin söhbətimizə də elə bu məsələdən başlayaq. Dediyimiz kimi, seriallar çəkilir, amma tamaşaçılar tez-tez bu seriallardakı sünilikdən,  aktyorlardan, ssenarilərdən şikayətlənirlər. Sizcə, bu, nə ilə bağlıdır?

- Düzdür, müəyyən qədər belə bir tendensiya var, amma zənnimcə, o dərəcədə də güclü deyil. İndi tamaşaçıları qane eləmək, razı salmaq çətindir. Bizim tamaşaçılar türk, rus  telekanallarına baxırlar, onlarda teleserialların çəkilişi sahəsində xeyli inkişaf var. Bizdə səs rejissorları, işıq rəssamları kimi mütəxəssislər azdır. Kino sahəsində müəyyən qədər olsa da, serial sahəsində belə mütəxəssislər barmaqla sayılacaq qədərdir. Ölkəmizdə serialların 2011-ci ildən çəkilməyə başladığını nəzərə alsaq, deyə bilərik ki, inkişaf var. Heç nə birdən-birə ola bilməz. Türkiyənin özündə əvvəllər çəkilmiş seriallar o qədər də yüksək səviyyədə deyildi. Həm də Türkiyədə teleserialların çəkilişində əldə olunmuş inkişafa səbəb bu sferanın biznes sahəsinə çevrilməsidir. Nəzərə alsaq ki, bizdə bu proses yeni başlayıb, onda indiki durumu qənaətbəxş saymaq olar. Bundan əlavə, serialların səviyyəsi bir xeyli dərəcə də yazılan ssenarilərdən asılıdır. Ssenarilərdə bəzən elə cümlələr işlədilir ki, aktyorlar o cümlələri özününküləşdirə bilmirlər və məcbur qalıb o fikri başqa kəlmələrlə ifadə edirlər. Bizim danışıq dili ilə ədəbi dil arasında kəskin fərqlər olduğundan, aktyorlar bədii cümlələr işlədəndə tamaşaçı deyir ki, bu, sünidir.  Əslində isə belə deyil. Kitab az oxuyuruq. Halbuki kitab oxumaq mütləq lazımdır və vacibdir. Bu, həm də uşaqların, yeniyetmələrin, gənclərin ədəbi dili mənimsəmələri baxımından çox əhəmiyyətlidir.

- Bu gün ölkədə kino sənətini inkişaf etdirmək üçün, sizcə, hansı addımların  atılmasına ehtiyac var?

- Əgər söhbət kinodan gedirsə, Azərbaycanda bu sahə inkişaf edir. Düzdür, bəzən tamaşaçılar deyir ki, Azərbaycanda kino çəkilmir. Halbuki Azərbaycanda kino da, qısametrajlı filmlər də çəkilir, amma tamaşaçılar bu barədə bir xeyli məlumatsızdır. Mən çox istəyərdim ki, mətbuat və televiziyalar bu mövzuya tez-tez toxunsular. Məsələn, mənim 2017-ci ildə çəkildiyim, İlqar Nəcəfin rejissoru olduğu "Nar bağı" filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Mən filmdə ifa etdiyim rola görə "Ən yaxşı kişi rolu" mükafatını almışam. Film isə "Münsiflər heyətinin xüsusi mükafatı" və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən "Xüsusi vurğulama"ya layiq görülüb. Mən və "Nar bağı" filmində çəkilmiş aktrisa İlahə xanım Həsənova Manisaya getmişdik, film orada "Ən yaxşı xarici film" mükafatını qazandı. İlahə xanım Kazanda keçirilən İslam filmləri festivalında "Ən yaxşı aktrisa" kimi mükafat aldı. Bunlar hələ bir filmin aldığı mükafatlardır. Amma tamaşaçılar bunları bilmir və çox güman ki, bu filmə heç baxmayıblar da. Bu filmlər kinoteatrlarda göstəriləndə heç kim gedib baxmır, sonra da deyirlər ki, kino olsun, gedib baxaq. Mən istəyərəm ki, filmlərimiz daha çox olsun, qoy tamaşaçılar bu filmlər arasından özləri seçim etsinlər. İndinin özündə xeyli maraqlı filmlərimiz var - onlardan Mirbala Səlimovun “Qırmızı bağ” filmi, Elçin Musaoğlunun “Nabat” filmi, Şamil Əliyevin “Çölçü” filmi, Asif Rustəmovun “Axınla aşağı” filmi bir çox mukafatlar alıb. Hələ 2005-ci ildə çəkildiyim "Girov" filminə görə də mükafata layiq görülmüşəm. Tamaşaçılar deyirlər ki, televiziyada versinlər, baxaq. Niyə? Axı bu filmlərə maliyyə vəsaiti xərclənir, kinoteatrlarda təqdim olunur, gərək tamaşaçılar da zəhməti dəyərləndirib, gedib baxsınlar.

Bəzən bizim kino ilə Qərb, Avropa kino mühitini müqayisə edirlər. Deyim ki, bu müqayisə qüsurludur. Əvvəla ona görə ki, onlarda texniki baxımdan böyük imkanlar var, ikincisi də, Qərbdə, Avropada kino sahəsi biznes strukturu kimi çoxdan formalaşıb və onlar çəkdikləri filmlərin satışından böyük pullar qazanırlar. Bizdə də kinoteatrlarda Azərbaycan filmləri təqdim olunanda tamaşaçı gedib izləməlidir ki, kino sahəsi inkişaf etsin. Həm də burada təkcə Bakı ilə məhdudlaşmaq olmaz. bu şəbəkəni bütün ölkə ərazisində - əyalətlərdə, rayonlarda qurmaq, kinoteatrları işlətmək lazımdır. Məndə bir inam var ki, bu dediklərim yavaş-yavaş, tədricən reallaşacaq.

- Daha çox kimlərlə işləməyə üstünlük verirsiniz - gənclərlə, yoxsa peşəkarlarla?

- Mən üstünlük vermirəm, çünki seçim mənim olmur, bu məsələ rejissorların seçimidir. Əlbəttə, peşəkarlarla oynamaq daha rahatdır, amma gənclər olanda da çalışıram onlara mane olmayım, əksinə, imkanım qədər kömək edirəm, bunu hamı bilir.

- Qurban müəllim, təklif aldığınız rollara epizodik, yaxud baş rol olmasına görə fərq qoyursunuz?

- Fərq qoymuram, amma epizodik olsa da, maraqlı olmasına baxıram. Mənə adətən maraqlı rollar təklif edirlər, mən də ssenarini oxuyuram, əgər diqqətimi çəkirsə, qəbul edirəm.

- Daha çox seriallarda, yoxsa səhnədə oynamaq rahatdır?

- Səhnədə oynamaq çox çətindir, çox böyük məsuliyyətdir, tamaşaçıyla birbaşa ünsiyyətə girirsən. Səhnədə bir balaca səhv eləsən, belə deyək, obrazın halını tuta bilməsən, daxilən narahatçılıq keçirirsən. Tamaşadan çıxanda elə bilirsən ki, dünya dağılıb, nəsə çatmır, bütün gecəni də narahat olursan. Amma kino elədir ki, bir səhnə alınmadısa, yenidən çəkə bilərsən.

- Adətən aktyorlar oynayacaqları rol daha təbii alınsın deyə, obrazın daxili aləmini mənimsəmək üçün bəzən günlərlə çalışır, necə deyərlər, başqalaşırlar. Sizdə də belədir, yoxsa?..

- Təbii ki, mən də çalışıram, hazırlaşıram. Amma dediyiniz o başqalaşmaq bütün rollarda alınmır. Çünki o obrazın özəyi səndədir, sənin daxilindədir, onu sən yaradırsan. Aktyor oynadığı rola uşaq evcik oyununa inandığı qədər inanmalıdır. Söz var deyir, aktyor doğulandan ölənə qədər uşaq kimi olmalıdır. Rol alınanda yaşayırsan, alınmayanda oynayırsan...

- Heç düşünmüsünüzmü ki, filmlərdə çəkilməyə bir qədər tez başlasaydım, indi daha yaxşı yerlərdə ola bilərdim?

- Açığını deyim ki, düşünmürəm. İnsanın xarici görünüş məsələsi var. Mən cavanlığımda bilirdim ki, 40-45 yaşında çəkiləcəyəm kinoya, elə də oldu. Çünki cavan sevgi qəhrəmanı obrazının məndə olmadığına əmin idim. Bizdə universitetə gəlirdilər, kinoya çəkiliş üçün yoxlanışa adətən klassik üz cizgiləri olan tələbələri çağırırdılar. Mən də hərdənbir studiyada tanıdığım adamlarla mübahisə edirdim ki, mənim kimi sifət quruluşu olan adam sevə bilməz bəyəm? Kinoda bəzən aktyorun aktyorluğuna o qədər fikir verilmir, onun həmin obraza görə sifət quruluşuna diqqət edilir.

- Yəni anadan aktyor doğulur?

- Hər bir insan istedadlı doğulur. Mən Ağcabədidə 5-6-cı siniflərdə oxuyanda bizim ədəbiyyat müəllimimiz Cəfər Cabbarlının əsərindən bir parça hazırladı. Gördüm ki, bu rola girmək mənim xoşuma gəlir, elə müəllim də dedi ki, sən bu sənətin arxasınca get, istedadın var. Özümə də qəribə gəlirdi ki, özümü kiminsə yerinə qoyuram, onun həyatını yaşayıram, onun kimi gülməyə çalışıram. Beləcə, məndə bu sənətə maraq oyandı.

- Qurban İsmayılovu tamaşaçıların sevimlisinə çevirən rol hansıdır?

- Ümumi populyarlıq baxımından Xəzər TV-də gedən "Ata ocağı" serialındakı  ata obrazını deyə bilərəm. Populyarlaşmaq baxımından televiziyanın imkanları səhnəninkindən daha genişdir. Başqa seriallara da çəkilmişəm, amma ən populyarı bu oldu.

- Özünüzün hansı xüsusiyyətini bəyənmirsiniz?

- Vallah, mən özümü ümumiyyətlə bəyənmirəm. Amma oturub fikirləşməmişəm ki, hansı xüsusiyyətimi bəyənirəm, hansını yox. Bir xasiyyətimdən narazıyam ki, lazım olan yerdə səbirsiz, lazım olmayan yerdə həddindən artıq səbirli oluram. Sonra da özümü qınayıram ki, gərək gözləməzdim, bu sözü orda deyərdim, yaxud əksinə, gərək bu sözü deməzdim.

- Sosial şəbəkələrdə haqqınızda yazılan rəylər sizi nə dərəcədə qane edir?

- Düzünü desəm, hamısını oxumuram. Feysbuka 5-10 dəqiqəlik girirəm, ya kimisə təbrik edir, ya da başsağlığı verirəm. İnstaqramdan da istifadə eləmirəm. Hərdən "Ata ocağı"nın səhifəsinə gələn rəyləri oxuyuram. Məndə belə bir xasiyyət var, kim olur-olsun, əgər sual veribsə, cavab verməyi özümə borc bilirəm... Yutubda gələn rəyləri də izləyirəm. Mənfi söz deyən də olur, tərifləyən də. Aktyoramsa, bunu bilib qəbul etməliyəm, hər kəsin zövqünü oxşaya bilmərəm ki...

- Yəqin çəkilişlər zamanı yorulursunuz. Bəs istirahətinizi necə edirsiniz?

- O qədər yoruluram ki, yatmaq istəyirəm. Amma kiçik oğlum 5 yaşındadır, imkan vermir ki, yatam...

- Elə olubmu ki, hansısa rolu oynamaq istəmisiniz, amma alınmayıb və hələ də onu düşünürsünüz?

- Yox, elə bir hal olmayıb. Bir ingilis aktyoru deyir ki, əgər bir rolu oynamaq istəyirsənsə, bütün oynadığın rollara ondan bir parça da olsa qatacaqsan. Məsələn, Hamleti oynamışam, amma heç vaxt düşünməmişdim ki, Hamleti oynayaram, rejissor məsləhət görüb belə olub...

- 59 yaşlı Qurban İsmayılov illər əvvəlki balaca Qurbanı necə xatırlayır?

- Hər kəs uşaqlığını necə xatırlayırsa, mən də elə. Açıq deyim, elə bir fərq yoxdur. Xasiyyətim o vaxt necə idisə, indi də elədir. Həyatımda elə də böyük, təsirli bir hadisə olmayıb. İnsanlara qarşı münasibətim indi də o vaxtkı kimi qalıb.

- Qurban İsmayılov sənətə gəlmək üçün nəyisə qurban veribmi?

- Bəzən düşünmüşəm ki, bəlkə də, gedib bazarda alver eləsəydim, daha yaxşı yaşayardım. Amma əksi də ola bilərdi. Yadıma gəlir, bir dəfə dedim, bir iş görüm, pul qazanım. Getdim Ukraynaya mal gətirməyə, amma axırda necə elədilərsə, qayıdanda ziyanla qayıtdım. Ondan sonra dedim ki, bu işlər mənə görə deyil. Dünyaya bir də gəlsəydim və Allah bu istedadı mənə yenə versəydi, yenə də aktyor olardım, mən bu sənəti sevirəm...

- Sizcə, doğrudanmı simurq quşu var?

- Ehhh... (Bir qədər fikrə getdi) Əslində, insan istəsə, simurq quşu olar da, gələr də, istəməsə də olmaz. İnsan özü çox şeyə qadirdir, amma təəssüf ki, öz gücünü bilmir. İnsan istəsə, dünyanın ən xoşbəxti olar. Bu istək, həvəs, qarşıya məqsəd qoyub ona çatmaq üçün çalışmaq bacarığı hər adama verilmir. Simurq quşu da məhz belə adamlar üşün gəlir.

Günel ABBASOVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.