525.Az

Ziyalı sözünün dəyəri

[09.10.19]
Ziyalı sözünün dəyəri<b style="color:red"></b>

Cavanşirlər, otuzikilər, avşarlar kimi, kəbirlilər də Azərbaycanın şanlı tarixi keçmişə malik elatlarındandır.  Təsadüfi deyil ki, tarixçi Mirzə Adıgözəl bəy özünün məşhur "Qarabağnamə" əsərində kəbirlilərin Qarabağın ən qədim tayfalarından biri olduğunu qeyd edib.
 
Bəzi mənbələrdə Kəbirli tayfasının erkən orta əsrlərdə xəzərlərin Kəbər tayfası ilə bağlı olduğu ehtimal edilir. Sonralar adıçəkilən elatın məskunlaşdığı ərazi Kəbirli Mahalı adlandırılıb. Kəbirlilər XVIII yüzillikdə cavanşirlərin tərkibində Qarabağ xanlığının təşəkkülündə mühüm rol oynayıblar. Lakin müharibə və münaqişələr səbəbindən bu qədim elata mənsub olan insanlar pərən-pərən salınıb, ölkəmizin müxtəlif ucqar bölgələrinə, İran, İraq və digər Şərq  ölkələrinə köçmək məcburiyyəti ilə üzləşiblər.

Təəssüf ki, sovetlər dönəmində digər tayfalar kimi Kəbirli elatının tarixi də lazımınca araşdırılmayıb. Yalnız müstəqillikdən sonra milli kimliyimizin öyrənilməsi baxımından bir sıra alim və mütəxəssislər tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb. Tədqiqatçı-yazar Süleyman Kəbirlinin son illər apardığı araşdırmalar kəbirlilərin tarixinin geniş tədqiq olunmasında önəmli əhəmiyyət kəsb edib.Tədqiqatçının 2013-cü ildə işıq üzü görmüş "Tarixi mahal-Kəbirli eli" adlı kitabında kəbirlilərin tarixi, coğrafiyası, yayılma arealı, məişəti, özünəməxsus adət-ənənələri, etnoqrafiyası və sair haqqında müfəssəl məlumat verilib. Müəllif 2017-ci ildə nəşr etdirdiyi "Kəbirlilərin genalogiya tarixindən" adlı ikinci kitabında isə qədim elatın şəcarə tarixinə, görkəmli şəxsiyyətlərinin həyatına, fəaliyyətinə işıq tutmağa çalışıb.

Süleyman Kəbirlinin hər iki kitabı barəsində respublika mətbuatında, qəzet və jurnallarda, ensiklopedik toplularda müxtəlif  yazılar, materiallar dərc olunub, mütəxəssis fikirləri sərgilənib. Onun apardığı araşdırmalar, sözügedən tədqiqat əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanıb, yüksək dəyərləndirilib. Respublikamızdan, onun hüdudları kənarından soydaşlarımız tədqiqatçı-yazara minnətdarlıq məktubları ünvanlayıb, yeni kitab üzərində işləməklə əlaqədar çoxsaylı müraciətlər ediblər. Həmin müraciətləri nəzərə alan ziyalı araşdırmalarını davam etdirərək, ictimai xadim, sərkərdə, xüsusi istedadı olan kəbirlilərin həyat və fəaliyyətindən bəhs edən yeni bir tədqiqat əsərini ərsəyə gətirib. Əsərin bu yaxınlarda çap edilməsi planlaşdırılıb.

S.Kəbirli bununla bərabər, respublika mətbuatında müxtəlif məqalələrlə də çıxışlar edir. Onun 10-dan çox yazısı ölkəmizin əsrarəngiz flora və faunasına, ekologiya məsələlərinə, Ağ göl Milli Parkında heyvan və bitki, aləminin mühafizəsinə həsr edilib. Tanınmış ziyalı bölgənin ictimai-siyasi həyaında da fəal iştirak edir. Süleyman müəllim bütövlükdə Qarabağda əhalinin hörmət və nüfuzunu qazanıb. O, Ağcabədi rayon Ağsaqqallar şurası sədrinin müavini kimi sözügedən bölgədə müxtəlif tədbirlərdə iştirak edir, geniş izahat və maarifləndirmə işləri aparır. Bu günlərdə nüfuzlu el ağsaqqalı Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin (1918-2018) yüzillik yubiley medalı" ilə təltif olunub. Süleyman Kəbirli verilən bu yüksək qiymətə görə ölkə rəhbərliyinə dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Yəhya PAŞAZADƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.