525.Az

Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır

[09.10.19]
Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri olduqca məhsuldar və maraqlı keçib.

Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri oldu, Azərbaycanın dövlət başçısı Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI plenar sessiyasında çıxış etdi. Prezidentin beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi üçün önəmli platforma olan "Valday" Klubunun plenar sessiyasındakı tarixi çıxışı da böyük maraqla qarşılandı. İlham Əliyev bu beynəlxalq platformadan bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın qətiyyətli və haqlı mövqeyini bütün dünyaya bəyan etdi.

Bu səfər əlbəttə ki, Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı, gələcək istiqamətlərin müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.

Prezident İlham Əliyev səfər çərçivəsində Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına müsahibəsində iki dövlət arasında münasibətlərdən danışaraq deyib ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və zamanın sınağından çıxıb: "Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin, BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur".

Dövlət başçısı energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edildiyini vurğulayıb: "Yəni əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə görüş bunu bir daha təsdiq etdi".

Azərbaycan lideri əlavə edib ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır: "Biz hansı tərəfdən baxsaq, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən, ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır".

Soçi səfərini şərh edən Politoloq Fikrət Sadıqov deyib ki, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması Prezident İlham Əliyevə "Valday"da öz mövqeyini, sözünü deməyə imkan və şərait yaratdı. Politoloq bildirib ki, bu məsələdə dövlət başçılarının şəxsi münasibətləri mühüm əhəmiyyətə malikdir: "Azərbaycan Prezidenti İlham Əliyev"Valday" tribunasından Ermənistana və baş nazir Nikol Paşinyana mövqeyimizi eşitdirdi. Eyni zamanda, orada bir sıra dövlət və hökumət başçıları, ekspertlər, siyasətşünaslar, diplomatlar əyləşmişdi. Onlar da Azərbaycanın mövqeyini bir daha eşitdilər. Bütün bunlar iki dövlət arasında münasibətlərin müsbət nəticəsidir. Nəzərə alsaq ki, Rusiya Ermənistanın müttəfiqidir. Dövlət başçımız Rusiyaya gedir və Ermənistanın ünvanına lazımı olanı deyir və Rusiya buna imkan yaradırsa, belə nəticə çıxarmaq olar ki, münasibətlərimiz strateji partnyorluq müstəvisindədir. Buna imkan yaradan dövlət başçılarının şəxsi münasibətləridir. Hesab edirəm ki, bu əlaqələrdən Azərbaycan bütün imkanları ilə istifadə edəcək".

Həm Rusiya, həm də Azərbaycan hökuməti münasibətlərin hazırkı səviyyəsini strateji tərəfdaşlıq kimi qiymətləndirir. Azərbaycan bu münasibətləri xoşniyyətlilik və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dərinləşdirməyin tərəfdarıdır. Rusiya və Azərbaycan əlaqələrində vacib məqam, əlbəttə ki, iqtisadi münasibətlərdir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 20% artıb. 2019-cu ildə isə Azərbaycanın Rusiyaya ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11% çox olub. Rusiya ilə iqtisadi münasibətlər iqtisadiyyatın şaxələndirilməsi məsələsində də önəmli faktordur.

Məsələn, bu ilin ilk 8 ayında Azərbaycandan Rusiyaya qeyri-neft məhsullarının ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artım müşahidə olunub. Eyni zamanda, Azərbaycan rəsmilərinin də qeyd etdiyi kimi, Rusiya ilə ikitərəfli münasibətlər üçüncü tərəflərlə əlaqələrdən asılı olmayaraq inkişaf edir və bu məsələdə hər iki ölkənin prezidentləri arasındakı şəxsi münasibətlər prinsipial rol oynayır".

Politoloq İlqar Vəlizadə isə deyib ki, "Azərbaycan Prezidentinin Soçi səfəri təkcə "Valday" klubunun tədbirini deyil, eləcə də Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin ətraflı müzakirəsini nəzərdə tuturdu. Tədbirdən öncə ölkə başçılarının geniş tərkibdə işgüzar görüş keçirdiklərini xatırlayan politoloq söyləyib ki, daha sonra prezidentlər "Valday" klüubunun tədbirinə qatılıblar.

Rusiya tərəfinin ikitərəfli münasibətlərin qurulmasında maraq göstərdiyini deyən İ.Vəlizadə söyləyib ki, Azərbaycan Rusiya üçün önəmli tərəfdaşlardan biridir: "Prezident İlham Əliyev Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına müsahibəsində iki ölkənin münasibətlərinin strateji xarakter daşıdığını və zamanın sınağından çıxdığını, Moskva ilə münasibətlərimizin hər hansı xarici siyasi gündəlikdən azad olduğunu xüsusi vurğuladı. Bildiyiniz kimi, hazırda Rusiya Asiya istiqamətində öz səylərini gücləndirir və istiqamət onun üçün prioritet hesab olunur. Bunun üçün qonşu ölkəyə regionda etibarlı tərəfdaşlar lazımdır ki, Azərbaycan da məhz həmin tərəfdaşlardan biridir".

İ.Vəlizadə vurğulayıb ki, Azərbaycan Prezidentinin Soçidəki çıxışı, ölkə başçısına olan hörmət və diqqət ölkəmizin Rusiya üçün önəmini göstərir: "Bilirsiniz ki, Soçi görüşündən əvvəl Rusiya prezidenti Ermənistana səfər etmişdi və səfər müddətində Putinlə Paşinyan arasında görüş çox az vaxtı əhatə etmişdi. Hətta əsas məsələlər belə müzakirə edilməmişdi. Bunu hətta erməni mətbuatı da etiraf edir. Bütün bunlar göstərir ki, Rusiya Ermənistanla hər hansı problemlə bağlı danışıb, müzakirələr aparmaq niyyətində deyil. Ermənistan KTMT və Avrasiya İttifaqına üzv olmasına baxmayaraq, Rusiya üçün real çəkisi çox azdır. Təəssüf ki, Ermənistanın siyasi hakimiyyəti bunu dərk etmir".

Dövlət başçısı öz müsahibəsində onu da qeyd etdi ki, son vaxtlar münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Əlbəttə ki, bütün bunların fonunda Azərbaycan-Rusiya münasibətləri dinamik və yüksələn xətlə inkişaf edir.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.