525.Az

Azərbaycanın dövlət maraqları, inkişafı, xalqın firavan həyatının təmini

AZƏRBAYCAN PREZİDENTİNİN RƏHBƏRLİYİ İLƏ HƏYATA KEÇİRİLƏN BÜTÜN LAYİHƏLƏRİN ƏSASINDA BU AMİLLƏR DAYANIR


[22.09.19]
Azərbaycanın dövlət maraqları, inkişafı, xalqın firavan həyatının təmini<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.

Mühüm beynəlxalq məsələlərdə Azərbaycanın mövqeyi qəbul edilir, onunla hesablaşırlar. Azərbaycan bütün ölkələrlə çox müsbət, qarşılıqlı anlaşmaya, hörmətə əsaslanan münasibətlərə malikdir.  Əlbəttə ki, beynəlxalq müstəvidə nüfuz qazanmaq, söz sahibi olmaq üçün ilk öncə ölkənin daxili vəziyyəti, vətəndaşların rifahı, bütün sahələrdə inkişaf səviyyəsi vacib rol oynayır. Əminliklə demək olar ki, həyata keçirilən mühüm sosial-iqtisadi islahatlar, insanların rifahının getdikcə artması, beynəlxalq əhəmiyyətli layihələr dövlətimizin dünya ölkələri arasında öz yeri olmasına gətirib çıxarıb.

Sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələrin əldə olunması, ölkənin simasının ən mütərəqqi standartlara uyğun müasirləşməsi, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi, ölkənin regionun aparıcı dövlətinə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması - bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələridir. Azərbaycanda güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, həmin məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin, o cümlədən, dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin maaşının artmasına imkan verib.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

Ölkə rəhbərinin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.

Göründüyü kimi, prezident İlham Əliyev öz fəaliyyətində xalqın dəstəyinə arxalanır, dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Dünyada sosial dövlət olaraq tanınan Azərbaycan hər ilin dövlət büdcəsində bu sahəyə daha çox vəsait ayırır. Təkcə bu il ərzində sosial sahədə aparılan islahatlar, əmək haqlarının, pensiya və təqaüdlərin, sosial müavinətlərin artması, digər tədbirlər təkcə  Azərbaycanda deyil, onun hüdudlarından kənarda da inqilabi addımlar kimi xarakterizə olunur. Əlbəttə ki, dövlət başçısının da vurğuladığı kimi, bu islahatlar dayanmayacaq, davam etdiriləcək. Ölkəmizin imkanları artdıqca, gəlirləri çoxaldıqca bu, məhz vətəndaşların daha yaxşı yaşamasına sərf edilir. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.

Milli Məclisin deputatı Tahir Mirkişli deyib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan dövlət və dövlətçilik əsasən sosialyönümlü və insanların maddi mənafelərini daha çox yüksəldən, daha çox sosial qayğı ilə əhatə edən, insanların təhlükəsizliyini təmin edən və onların inkişafı üçün şərait yaradan bir dövlətçilik ənənələri tərənnüm edir:  "Cənab prezidentin də atdığı addımlara baxdıqda, o addımlar insanların sosial qayğısını artırmaq, infrastrukturu yeniləmək, insanların həyat şəraitini yaxşılaşdırmaq, onlar üçün daha yaxşı həyat qurmaq kimi layihələri həyata keçirməkdir. Görürük ki, infrastruktur yenilənib, yollar çəkilib, qazlaşdırma artıb, su təminatı artıb və bunlar özləri də sosial layihələrdir. Çünki insanların həyatını qazsız, susuz, elektriksiz, yolsuz təmin etmək qeyri-mümkündür. Digər tərəfdən, insanların daha yaxşı təhsil almaları üçün 3 mindən çox məktəb yenidən quruldu, tikildi, təmir olundu. Azərbaycanın səhiyyə obyektləri, xəstəxanalar yenidən quruldu. Yəni bütün bunlar insanların indidən gələcəyə doğru həyatlarını daha yaxşı, daha sağlam hazırlaması üçün vacibdir. Bütün bunlarla yanaşı, vətəndaşlarımızın gəlirlərinin artırılması istiqamətində də xeyli işlər görülüb. Əmək pensiyaları, əmək haqları artırılıb. Bütün bunlar hamısı keçən dövr ərzində cənab Prezidentin atdığı addımların sosial və real nəticələridir. Bütün bunlarla yanaşı, ölkədə ciddi islahatlar aparılır və bu islahatların da məqsədi neftin qiymətinin 2015-ci ildən bu vaxta kimi düşməsindən də sonra Azərbaycanın əvvəlki apardığı daha güclü sosial siyasəti yeni iqtisadi mənbələr hesabına möhkəmləndirməsidir. İndi biz buna nail oluruq artıq. Çünki qeyri-neft sektoru inkişaf edir, vergi yığılmalarının 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür və qeyri-neft sektorunun inkişafı Azərbaycana gələcəkdə daha dayanıqlı mənbələr hesabına güclü sosial siyasət aparmaq imkanı qazandırır. Biz bu islahatların nəticəsini gördük ki, son bir il ərzində sosial paket 4  milyondan çox insanı əhatə elədi. Bu o deməkdir ki, dövlətin sosial siyasəti daha inklüzivdir, daha çox insanı əhatə edir və ölkənin iqtisadi potensialının artması daha çox insanların həyat şəraitində özünü büruzə verəcəkdir".

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.