525.Az

"Əsrin müqaviləsi": müstəqilliyimizin qarantı olan tarixi layihə

[22.09.19]
"Əsrin müqaviləsi": <b style="color:red">müstəqilliyimizin qarantı olan tarixi layihə</b>

20 sentyabr 1994-cü ildə gənc və yenicə müstəqillik əldə etmiş ölkəmzin tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar hadisə baş verdi.

Müstəqilliyin demək olar ki, üçüncü ildönümündə nəhəng bir layihə "Əsrin müqaviləsi" imzalandı. Həmin dövrü göz önünə gətirəndə, bu müqavilənin imzalanması, həyata vəsiqə alması indi də çoxlarına əfsanə kimi görünür. Amma Ümummilli lider Heydər Əliyev bu əfsanəni reallığa çevirə bildi, dünyanın nəhəng dövlətlərinin neft şirkətlərini inandırmağı bacardı. Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr həm də Azərbaycanda Neftçilərin günü peşə bayramı kimi qeyd edilir.

1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması təkcə ölkəmizin iqtisadiyyatı üçün mühüm bir addım olmadı, həm də siyasi əhəmiyyətli hadisə oldu. Çünki yuxarıda qeyd etdiyimiz kimi, 1994-cü ildə Azərbaycan cəmi üç il idi ki, dövlət müstəqilliyini əldə etmişdir. Ölkəmizdə siyasi, iqtisadi, sosial durum çox ağır idi, büdcədə heç bir vəsait qalmamışdı. Üstəgəl, Ermənistanın başladığı müharibə, ərazilərimizi işğal etməsi nəticəsində bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi durumu daha da ağırlaşdırırdı. 1993-cü ildə xalqın istəyi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin ağır durumdan qurtarması üçün böyük işlərə başlanıldı. 1994-cü ilin may ayında Ermənistanla atəşkəs haqqında razılaşma əldə olunur, təbii ki, cəbhədə silahların susması digər sahələrdə islahatlara başlanmasına imkan yaradır. Heç şübhəsiz ki, bu addımlardan ən birincisi "Əsrin müqaviləsi"nin imzalanması idi.  Bu, təkcə ölkənin neft-qaz sənayesinin dirçəlməsinə, Azərbaycanın gələcək rifahına və çiçəklənməsinə başlanğıc olmadı, həm də dünyanın aparıcı dövlətlərinin yenicə müstəqillik qazanmış bir ölkəyə inamının, etimadının nəticəsi idi. Bu inamı, etimadı yaradan isə Heydər Əliyev oldu.

Ulu öndər müharibə şəraitində olan bir ölkəyə böyük şirkətləri investisiya qoymağa inandırdı. Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynadı, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verdi. Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider  dövlətlər səviyyəsinə yüksəldib.  Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra  Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilmişdir.

Bu layihələr sayəsində Azərbaycanın regionda və Avropada əhəmiyyəti artıb. Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ciddi beynəlxalq tərəfdaşdır. Neft müqavilələrindən əldə edilən gəlir isə Azərbaycanın simasını büsbütün dəyişib, yeni sosial və infrastruktur layihələr həyata keçirilib. Bu gün regionlarımız öz inkişafı, yaradılmış infrastrukturu ilə paytaxt Bakıdan heç də geri qalmır.

Əldə edilmiş gəlir sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilmiş qara qızıl "insan kapitalı" naminə istifadə edilib.

Qeyd edək ki, dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi"ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Onlar tezliklə işçi strukturlar - Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.

İlkin hesablamalara görə, "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

"Əsrin müqaviləsi"ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi.

Belə ki, 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb, 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb.

2002-ci ildə Ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində "Əsrin müqaviləsi"ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Bununla da, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.

2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və "Azəri-Çıraq-Günəşli"dən 3,2 milyard barrel neft hasil edilib. Həmçinin, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.

"Əsrin müqaviləsi" həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğirla davam etdirən Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin yüksəlməsini təmin etdi.

2017-ci il sentyabrında  "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilə qədər uzaldıldı. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 $ milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 $ milyarddan artıq sərmayə qoyulması potensialı var.

Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş 21-ci əsrin kontraktı adlandırılıb. Yeni müqavilə ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir.

Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm layihənin - "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsini təmin edib. "Cənub Qaz Dəhlizi" qarşıdan gələn yüz il ərzində Azərbaycan xalqına xidmət edərək milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq, Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, ölkəmizlə Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək.  Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq,  Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək, region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq.

Nəhayət, Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik dövlət statusunu qazanaraq, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.

Beləliklə, "Əsrin müqaviləsi" Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, etibarlı bir tərəfdaş olduğunu təsdiqləyən tarixi sənəddir. Bu gün artıq ölkəmizin etibarlı tərəfdaşlarının sayı da artıb. ABŞ, Avropa İttifaqı ölkəmizi özünün strateji tərfdaşı hesab edir, təkcə enerji deyil, digər sahələrdə də güclü əməkdaşlıq qurulub.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.