525.Az

Bakı Ali Neft Məktəbində Beynəlxalq Yay Məktəbinə start verilib

[22.09.19]
Bakı Ali Neft Məktəbində Beynəlxalq Yay Məktəbinə start verilib<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbi (BANM) və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin, İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont" Şirkətlər Qrupunun dəstəyi ilə 16-24 sentyabrda Bakıda "Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri" mövzusunda keçiriləcək Yay Məktəbinin açılışı olub.

Tədbirdə çıxış edən rektor Elmar Qasımov bildirib ki, ölkədə ətraf mühitin mühafizəsinə, sənayenin yaratdığı ekoloji problemlərin alternativ üsullarla aradan qaldırılmasına böyük önəm verilir:

"Bu gün ekoloji problemlərin qarşısını almaq üçün alim, elmi-tədqiqat işçiləri ilə yanaşı, mühəndislər də müxtəlif üsullar axtarıb-tapırlar. Bu baxımdan hesab edirəm ki, yüksək ixtisaslı mühəndislər yetişdirən Bakı Ali Neft Məktəbinin "Yaşıl Enerjinin İdarə Olunması" üzrə Yay Məktəbinə ev sahibliyi etməsi təqdirəlayiqdir".

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar bildirib ki, enerji çatışmazlığı, iqlim dəyişikliyi, ətraf mühit problemləri hər zaman alimləri və qlobal şirkətləri düşünməyə vadar edir: "Təbiət bizə hədiyyədir. Biz onu qorumağın alternativ yollarını tədqiq edib, yeni üsullar tapmalıyıq. Milan-Bikokka Universitetinin illərdir bir sıra ölkələrdə "Yaşıl Enerjinin İdarə Olunması" Yay Məktəbini təşkil etməsi mənim üçün olduqca qürurvericidir. Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, Bakı Ali Neft Məktəbinin yüksək təşkilatçılığı sayəsində təşkil ediləcək tədbirlərin yaşıl enerjinin idarə olunması istiqamətində faydalı olacağına inanıram".

Milan-Bikokka Universitetində İqtisadiyyat fakültəsinin professoru, "Yaşıl Enerjinin İdarə Olunması" Yay Məktəbinin direktoru Silvana Stefani 2013-cü ildə ilk dəfə Milanda təşkil edilən Yay Məktəbinin daha sonra İspaniya, Qazaxıstan kimi ölkələri də əhatə etdiyini qeyd edib. S.Stefana qeyd edib ki, azərbaycanlı alim və tələbələr digər ölkələrdə keçirilən "Yaşıl Enerjinin İdarə Olunması" Yay Məktəbində də iştirak edə bilərlər.

Tədbirdə İtaliya, Birləşmiş Krallıq, Fransa, Almaniya, İspaniya, İsveç, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi ölkələri 50-dən çox nümayəndə təmsil edir.

İştirakçılar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək mühazirələri dinləmək, eləcə də, müxtəlif məşğələlərdə iştirak etmək imkanı qazanacaq. Yay Məktəbinin proqramına yerli və beynəlxalq ekspertlərin birgə müzakirələri, ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak, ekskursiyalar, Bakı şəhərinin tarixi yerlərinə gəzinti kimi sosial və mədəni fəaliyyətlər də daxildir.

Sevinc QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.