525.Az

Millət vəkili 5 təkliflə çıxış edəcək

KAMİLƏ ƏLİYEVA: "SAĞLAM QADIN SAĞLAM ANA, SAĞLAM ÖVLAD DEMƏKDİR"


[11.09.19]
Millət vəkili 5 təkliflə çıxış edəcək<b style="color:red"></b>

"Bildiyiniz kimi, payız sessiyası tək bizdə deyil, dünyada bir növ büdcə sessiyası kimi qəbul olunur. Çünki bu sessiya dövründə müzakirələrin böyük hissəsini məhz ölkənin baş-ali iqtisadi sənədi olan dövlət büdcəsi təşkil edir".

Bunu "525"ə açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

K.Əliyevanın sözlərinə görə, bu gün heç bir müstəqil ölkəni büdcəsiz təsəvvür etmək mümkün deyil:

"Büdcə hər bir ölkənin müstəqilliyinin və inkişafının başlıca göstəricidir. Bizim büdcəmiz də ildən-ilə sürətlə artan sosialyönümlü və investisyayönümlü büdcədir. Büdcəmiz ölkəmizin müstəqilliyinin və inkişafının bariz, əyani nümunəsidir. Bu baxımdan, 2020-ci ilin büdcəsinin də Azərbaycanın inkişafını özündə əks etdirən büdcə olacağına inanırıq, buna qəti əminik və istər komitələrdə, istərsə plenar iclaslarda müzakirələr zamanı da öz fikir və mülahizələrimizi, təklif və ideyalarımızı bildirəcəyik, səsləndirəcəyik, irəli sürəcəyik. Bir millət vəkili olaraq şəxsən belə hesab edirəm ki, büdcədə sosial xərclərin artırılmasına daha çox fikir vermək gərəkdir".

O, eyni zamanda, parlamentin həm Səhiyyə, həm də Elm və təhsil komitələrində təmsil olunduğunu və bu baxımdan, bu komitələrlə bağlı olan qanun layihələrinin öncəliklə müzakirəsini və qəbulunu arzuladığını bildirib:

"Bu sessiyada müzakirəsini arzuladığım və gözlədiyim qanun layihələri arasında "Ali təhsil haqqında", "İnsan orqan və toxumalarının transplantasiyası (donorluğu) haqqında" qanun layihələri daha öndə gəlir. Çox istərdim ki, hər iki sənəd payız sessiyasında ən azı birinci oxunuşda müzakirələrdən keçirilib, qəbul olunsun. Çünki hər ikisinə də böyük ehtiyac var, cəmiyyətin gözləntisi, sosial sifarişidir.
 
Eyni zamanda, pasiyentlərin hüquqları, ailə həkimi ilə bağlı qanun layihələrinin də müzakirəsini və qəbulunu vacib sayıram. Bildiyiniz kimi, gələn ildən ölkədə tam icbari tibbi sığortaya keçiləcək və bu prosesin özü digər qanun layihələrinin qəbulunu vacib edir ki, onlar arasında həm pasiyentlərin hüquqları, həm də ailə həkimi ilə bağlı sənədlər ən öndə gəlir. Bunlar bir-biri ilə paralellik təşkil edir. Odur ki, adıçəkilən qanun layihələrinin də hazırlıq proseslərinin sürətləndirilməsini və müzakirələrə çıxarılmasını vacib, zəruri hesab edirəm".

Bununla yanaşı, millət vəkili hələ 3-cü çağırış parlament dövründən müzakirəsi və qəbulunu gözləyən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin reallaşmasının vacibliyini bildirib:

"Bu qanun layihəsi 3-cü çağırış dövründə plenar iclasın birinci oxunuşunun müzakirəsinə çıxarılsa da, bəzi mübahisəli məqamlara görə, səsvermədən keçmədi və onun müzakirələri təxirə salındı. Xüsusilə də, qanun layihəsində əksini tapan "surroqat ana" və "donor bankı" məsələsi o zamanlar ciddi mübahisələr yaratmışdı. Bir çox millət vəkilləri, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bunlara ciddi irad bildirirdilər. Sonrakı dövlərlərdə də bu mübahisələr, fikir ayrılıqları davam edirdi və adıçəkilən sənədi heç cür müzakirələrə çıxarmaq mümkün olmurdu.
 
Bildiyiniz kimi, 5-ci çağırış dövründə yeni komitələr, o cümlədən, üzvü olduğum Səhiyyə komitəsi yaradıldı və bu məsələ bir neçə dəfə komitəmizin iclaslarında gündəmə gətirildi. Sonda da belə qərara gəlindi ki, yenidən bununla bağlı işlər davam etdirilsin və daha təkmil qanun layihəsi hazırlansın. Bildiyim qədər bu yöndə yeni qanun layihəsinin hazırlıqları başa çatıb və o, artıq müzakirələrə hazırdır.

Qanun layihəsində bütün mübahisəli məsələlərə son qoyulub, etiraz doğuran maddələr oradan çıxarılıb, hətta, QMİ-də qanun layihəsinə etirazının qalmadığını bildirib, ona öz xeyir-duasını verib. Bu baxımdan hesab edirəm ki,  yaxın günlərdə öz işinə start verəcək payız sessiyasında adıçəkilən qanun layihəsi də ən azı  komitəmizdə müzakirələrə çıxarıla və birinci oxunuşa tövsiyə edilə bilər. Onun da qəbulu vacibdir. Çünki reproduktiv sağlamlıq həm də ana, qadın sağlamlığıdır. Sağlam qadın sağlam ana, sağlam övlad deməkdir. Sağlam övlad, sağlam uşaq isə həm ailənin, həm cəmiyyətin sağlamlığı, həm də gələcəyi deməkdir. Odur ki, belə bir qanun layihəsinin qəbuluna ehtiyac var və bu səbəbdən də, elə bilirəm ki, onun qəbulunu gözləmək çox çəkməyəcək. Təbii ki, qəbulunu və müzakirəsini vacib saydığın digər bir neçə qanun və ya qanunlara dəyişiklik layihələri var ki, onları da zamanı, məqamı yetişəndə dilə gətirəcəyəm. Hələlik tələsməyə ehtiyac yoxdur. İnanırıq ki, bunlar arzu olaraq qalmayacaq, reallıqda özünün əksini tapacaq".

Kamil HƏMZƏOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.