525.Az

"Gecikmələr yetkinlik yaşına çatmayanları insan alveri təhlükəsi qarşısında qoyur"

[11.09.19]
"Gecikmələr yetkinlik yaşına çatmayanları insan alveri təhlükəsi qarşısında qoyur"<b style="color:red"></b>

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün Fransada səfərdə olub.
 
Paris şəhərində keçirilən toplantıda Sahibə Qafarovanın müəllifi olduğu "Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi" mövzusunda məruzə ətrafında dinləmələr keçirilib.
 
S.Qafarova məruzə barədə məlumat verərək deyib ki, qəyyumluq vəzifələri müxtəlif fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
 
Onun sözlərinə görə, qəyyumlara verilən tapşırıqlar ölkəyə görə dəyişir:

"Ümumi problemlərdən biri qəyyumların təyin edilməsinin gecikməsidir. Kadr və struktur avadanlığı çatışmazlığı gecikmə hallarını artırır. Bəzən qəyyumların təyin edilməsində gecikmələr bir ilədək davam edə bilir ki, bu da yetkinlik yaşına çatmayanları insan alveri və zorakılıq təhlükəsi qarşısında qoyur. Mövcud beynəlxalq standartlara baxmayaraq, qəyyumluq sistemlərinin müstəqilliyi və qərəzsizliyi həmişə milli səviyyədə təmin edilmir. Avropada qəyyumluq praktikası bu istiqamətdə hamı tərəfindən qəbul olunmuş keyfiyyət standartlarının olmadığını göstərdi. Qəyyumlar bəzən yüzdən çox uşağın məsuliyyətini daşıyırlar. Çox az AŞ-yə üzv dövlət qəyyumlar üçün təlim verir".
 
S.Qafarova vurğulayıb ki, digər bir problem qəyyumların işinə nəzarətin yetəri səviyyədə olmamasıdır.

"Qəyyumların işinə nəzarət də bütün AŞ-yə üzv dövlətlərdə təmin olunmur. Bu təmin edildikdə isə uşaqların fikirləri nəzərə alınmır. Çatışmazlıqların biri də yetkinlik yaşına çatmayan uşaqların təminatı ilə bağlıdır. Qəyyumluq sistemlərindəki bütün bu fərqlər Avropada qəyyumluğa vahid bir yanaşmanın vacib olduğunu göstərir" - deyən deputat müşayiət olunmayan və miqrant uşaqların hüquqlarının müdafiəsini gücləndirmək üçün həll yollarından da danışıb.

Millət vəkilinin dediyinə görə, effektiv həll yollarından biri Avropada uyğun və effektiv qəyyumluq sistemini inkişaf etdirməkdir.

Bununla belə, sistemin tətbiqini müşahidə etmək üçün Avropa Şurasının müvafiq ekspertlər komitəsinin səlahiyyətlərini genişləndirmək vacibdir:

"Bu, üzv dövlətlərə təlimatları tətbiq etməyə, ən yaxşı təcrübələri bölüşməyə, milli qəyyumluq sistemlərini gücləndirməyə və əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək". Qeyd edək ki, kifayət qədər aktif keçən müzakirələrdə S. Qafarova parlamentari və ekspertlərin suallarını cavablandırıb. Müzakirələrdə Fransadan proqram direktoru Serge Durand, Hollandiyadan layihə meneceri Liedeviy de Ruiyter de Vildt Nidos, hüquqşunas, koordinator Natalie Lequeux və digərləri çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.

Kamil HƏMZƏOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.