525.Az

Ermənistanda qızıl mədəni ətrafında siyasi xaos davam edir

[11.09.19]
Ermənistanda qızıl mədəni ətrafında siyasi xaos davam edir<b style="color:red"></b>

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Vayots Dzor bölgəsində yerləşən Jermuk şəhərinin əhalisi ilə görüş keçirib. Görüşdə Amulsar mədəninin istismarı problemini yenidən müzakirə edilib.

Erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi Qərbin sərmayə qoyduğu bu yatağın istismarının əleyhinədir. Amulsar qızıl mədəninin "Lydian Armenia" şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub.

Ermənistan hökumətinin düşdüyü isterik durum N.Paşinyanın ictimai nüfuzuna mənfi təsir göstərməkdədir. O, layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Layihə baş tutmayacağı təqdirdə isə N.Paşinyan Qərbin dəstək və etimadını itirəcək. Nəticədə, Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici daha da möhkəmlənəcək.

Layihənin icrası Ermənistanda Rusiya biznesinin tam sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsi demək olardı. Ona görə də, siyasi hakimiyyət Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir. Müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri isə bununla razılaşmır. Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir.

Amulsar qızıl mədəni ilə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Daşnaksütun partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Layihənin parlamentdə səsə qoyulması, ölkənin ən böyük partiyası olan hakim "Mənim Addımım" Alyansı daxilində parçalanmaya səbəb olacağlı gözlənilir. Müxalif "Çiçəklənən Ermənistan" partiyası isə ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb. Aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə, Amulsar qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib.

Parlamentin digər qrupu olan "İşıqlı Ermənistan" partiyası isə digərlərindən fərqli olaraq radikal davranmayıb və əhalinin narahtlığını bölüşdüyünü qeyd edib. Radikal "Sasna Tser" partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə Amulsar layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın, onun siyasi karyerasına son qoyacağını açıq şəkildə bildirib.

"Global Justice Now and War on Want" təşkilatının məlumatına əsasən, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı Lydian International şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkət lehinə qərar alması ilə nəticələnib.

Sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində Amulsar qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda da mətbuatda məlumatlar yayılmaqdadır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil mediaya açıqlamasında Paşinyan hökumətinin Lydian şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirib.

C.ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.