525.Az

Vüsal Babayeva: "Ünsiyyət qıtlığı cəmiyyət üçün çox böyük problemə çevrilib"

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ÜZRƏ GƏNC MÜTƏXƏSSİS HESAB EDİR Kİ, İNSANLARDA BİR-BİRİNƏ QARŞI İNAMSIZLIQ SON ZAMANLAR XEYLİ ARTIB


[06.09.19]
Vüsal Babayeva: "Ünsiyyət qıtlığı cəmiyyət üçün çox böyük problemə çevrilib"<b style="color:red"></b>

Türkiyədə yaşayan həmyerlimiz Vüsal Babayeva Azərbaycanda ingilis dili tərcüməçisi ixtisası üzrə ali təhsil alandan sonra uzun müddət müxtəlif televiziyalarda, qəzetlərdə çalışıb.

Sonra Türkiyənin İstanbul Aydın Universitetində İctimaiyyətlə Əlaqələr və Tanıtma ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Geniş dünyagörüşünə, aydın düşüncəyə və yüksək biliyə malik müsahibimlə ailədaxili münasibətlər, insanların cəmiyyətdəki davranışları, başqa ölkədə təhsil almağın müsbət və mənfi yönləri haqqında geniş fikir mübadiləsi apardıq. Söhbətimizə isə əminəm ki, bu cümlələri oxuyan hər kəsi ilkin maraqlandıran mövzuyla - Vüsal xanımın adıyla başladıq. Adından olduqca məmnun olan həmsöhbətim, onun böyük bir eşq tarixçəsiylə bağlılığından qürurla bəhs edir:

"Ta uşaqlığımdan bəri adım hər kəsin təəccübünə səbəb olur. Hətta bəzən mənimlə mübahisə də edirlər. Adımın Vüsal deyil, Vüsalə ola biləcəyini iddia edirlər. Çünki dilimizdə qızlara qoyulan ad Vüsalədir. Vüsal adında isə daha çox oğlan var. İnsanlar gərəyindən daha artıq reaksiyalar verirlər. Sanki mənə adımı onlar qoyublarmış kimi. Hətta mənə adımı dəyişməyi, cəmi bir "ə" hərfini artırmaqla bu problemdən canımı qurtarmağı məsləhət görürlər. Mənsə, heç zaman bununla bağlı bir kompleks yaşamamışam. Əksinə adımı çox bəyənirəm. Sadəcə məsələ odur ki, hər yeni tanışdığım insana məcburam adımı təkrar-təkrar deyim və niyə Vüsal olduğumun tarixçəsini danışım.

Adımın tarixçəsi keçmişə gedib çıxır. Onda heç mən doğulmamışdım, atamla anam evlənməmişdilər, amma artıq övladlarına ad seçmişdilər. Onlar orta məktəb illərindən bir-birini seviblər. "Vüsal"ı da qovuşmaq mənasında seçiblər. Hətta bəzən mənə deyirlər ki, yəqin oğlan gözləyiblər, amma qız olmusan deyə, Vüsal qoyublar adını. Xeyr, elə deyil. Onlar elə əvvəldən qız gözləyiblər və bu adı da qoyacaqlarını planlaşdırıblar.
Adımla bağlı bir problemi də 11-ci sinfi bitirərkən yaşamışdım. Sinif oğlanları həqiqi hərbi xidmətə çağırışla bağlı hərbi komissarlığa gedərkən orada deyirlərmiş ki, sizin sinifdə Vüsal var, ona da deyin gəlsin. Onlar da hər dəfə Vüsalın oğlan yox, qız olduğunu deyiblər. May ayında məktəb bağlanandan sonra bir gün həyətdə idim, gördüm qapımızın qabağında hərbi maşın dayandı, içindən bir neçə nəfər düşüb məni adımla çağırdılar, atamı xəbər aldılar. Ondan qabaq mənə çağırış vəsiqəsi göndərmişdilər, bir reaksiya olmayanda isə qapıya gəliblər. Dedilər ki, biz bilirik, sizin qızınızın adıdır Vüsal, oğlan deyil. Amma orada inandıra bilmirik. Bizə bir sənəd verin ki, orada sübutumuz olsun. Atam da doğum haqqında şəhadətnaməmi verdi, apardılar".

"Öz içini qazan biri..."

"Adətən, müsahibələrin əvvəlində "özünüzü təqdim edin" fəsli olur. Biz öyrəşmişik adımızın qabağında epitetlər, statuslar işlətməyə. Türkiyədə nəsil araşdırmaçısı var - Evrim Kuran. Kanadada yaşayır, Türkiyədə seminarları, görüşləri olur. "Teleqrafdan tabletə" adlı bir kitabı da var ki, beş nəsil dəyişməsini araşdırır. O deyir ki, biz özümüzdən sonra gələnlərə fildişi qalalarından baxırıq. Halbuki, onlar başqa nəslin nümayəndələridir. O, Türkiyə haqqında "biz gənclərimizi sevməyən ölkəyik" deyir. Həmçinin, o, müsahibələrinin birində özünü təqdimatla bağlı deyir ki, çoxmu lazımdır XXI əsrdə adımızın önündəki titulları, sifətləri sadalamağa? "Mən öz içini qazan biriyəm. Çox qapılar üzümə bağlansa da, çox məyusluqlar yaşasam da, öz içimdəki enerjimə bələd idim. O tanıdığım enerjiylə də istədiyimi qazandım. Bizim özünümüzə daşlar atanlar bilmədilər ki, biz o daşlarla özümümzə daha möhtəşəm qalalar, saraylar tikdik". Onun bu sözləri hər zaman məni təqib edir. Mən də özümü Vüsal Babayeva - "öz içini qazan biri" kimi təqdim edərdim.

Başqa ölkədə yaşamaq, təhsil almaq çətin məsələdir. Neçə tanışlarımız oldu ki, davam edə bilmədilər, yarımçıq qoyub gəldilər. Mənsə, oraya gedərkən bir şeyi məqsəd seçmişdim: oxumalı, istədiyim mövqeyə çatmalıyam. Bunun üçün də zəhmət çəkməli idim. Bu düşüncələrlə tez bir zamanda oraya adaptasiya oldum, təhsilimi də, işimi də paralel şəkildə davam etdirdim. Biz bir şeyi nəzərə almalıyıq ki, kim olmağımızdan asılı olmayaraq, ayağımızı sərhəddən çölə qoyduqsa, Azərbaycanın adını təmsil edirik. Mən də bu illərdə həm davranışım, həm təhsilim, həm də mövqeyimlə ölkəmin adını layiqincə təmsil etməyə çalışmışam.

Türkiyədə İctimaiyyətlə Əlaqələr ixtisası üzrə oxuyandan sonra onun bizdəki anlayışından nə qədər fərqləndiyini gördüm. Bizdəki PR anlayışı tamam başqadır. Sonralar yaxşı ki, bu fakültəni bitirmişəm dedim. Çünki həqiqətən də bu dəqiqə dünyada insanlar arasında əlaqələr çox zəifləyib, hətta yox səviyyəsindədir.

Sağlam münasibətlər az qala tarixə qovuşub. İnsanlar doğru bədən dilindən istifadə edə, ünsiyyət qura bilmirlər. Çox adi qaydaları belə bilmirik. Diplom işimi isə qlobal bir markanın regionlaşdırılması haqqında yazıb müdafiə etdim. İyul ayında elmi rəhbərimlə bərabər yazdığım ilk elmi məqaləm akademik dərgidə çap olundu.
Hazırda marketinq, bazar, reklam haqqında akademik bir kitab hazırlanır. Kitabda cəmi on məqalə yer alacaq ki, onlardan biri də bizim məqaləmiz olacaq".

İnsanlar arasındakı ünsiyyətsizlik
bizim evimizin içərisindən başlayır.

Gəlin görək, valideynlər evin içərisində öz övladlarıyla ünsiyyət qurur, söhbət edirlərmi? Əgər Türkiyəylə müqayisə etsək, bu problemə Azərbaycanda daha çox rast gəlirik. Ünsiyyət qıtlığı cəmiyyətimiz üçün çox böyük problemə çevrilib. Bakıya nəzər salanda şəhər mənə kökdən düşmüş musiqi alətini xatırladır. Haraya baxsaq, nəsə çatmır. Mağazada satıcı-alıcı münasibətlərindən başlamış, müdür-işçi münasibətlərinə kimi və sair bu problem özünü göstərir. Məsələn, valideyn 1-2 yaşlarındakı uşaqlara telefon verib, özləri işlərini görür, söhbətlərini edirlər. Uşaqlar rəqəmsal dünyaya o qədər aludə olublar ki, ətraf aləmdən təcrid olunublar. Hamılıqla bundan qurtulmağın yollarını tapmalıyıq. Mənim müəllimlərimdən birinin "Rəqəmsal dünyada uşaq böyütmək adlı" kitabı da çap olundu. Məqalələrdən ibarət bir kitabdır. Çox dəyərli bir nəşrdir.
Məncə, bu dövrdə bütün valideynlərin stolüstü kitabı olmalıdır. Həqiqətən də günümüzdə rəqəmsal xəstəlik yaranıb. Bunun əsas səbəbi də ünsiyyətsizlikdir. Hazırda ölkəmizdə gənclər, yeniyetmələr arasında intiharın sayı qorxunc şəkildə artıb. Bunlar da məhz bu problemdən qaynaqlanır. İnsanlar bir-biriylə söhbətdən, bir-birinin problemlərini, dərdini dinləməkdən qaçırlar. Ona görə də özləri öz içlərində məhv olurlar. Uşaq dünyaya gətirməklə analıq olmur. Onlarla məşğul olmalı, onların dünyalarına varmalıyıq. Bədən dili, səs tonu belə ünsiyyətdir. Mütləq bunlara fikir verməliyik. İnsanların bir-birinə inamsızlığı, güvənsizliyi son zamanlar xeyli artıb. Bunu hər addımda, hər yerdə hiss etmək olur. Bunlar da ünsiyyətsizlik yaradır.

Ünsiyyətsizliyə adət-ənənə, mentalitet də səbəb olur. Keçmişdən gəlmə belə bir fikir formalaşıb ki, böyüyün yanında kiçik danışmaz, kiçiyin fikri nəzərə alınmaz, heç soruşulmaz da. Bu da insanların içərisindəki eqodan qaynaqlanır. Sanki insanlar da məhz buna görə evlənirlər. O qədər evlərində görürlər ki, valideynlər söz sahibidirlər, özləri də tez evlənib, uşaq dünyaya gətirib onun üzərində söz sahibi olmağa çalışırlar. Bir yerdə oxumuşdum ki, maşın sürmək imtahanla olduğu kimi valideyn olmaq da imtahanla olmalıdır. Evlənmək, ana-ata olmaq istəyən insanlar mütləq psixoloji analizdən keçməlidirlər. Cəmiyyətin əsas problemlərindən biridir erkən nikahlar. Çünki ana qızını gələcəyin qadını, anası kimi yetişdirir, ziyalısı, müəllimi, həkimi, yaradıcısı kimi yox. Məncə, bunlar vaxtı keçmiş, köhnəlmiş düşüncələrdir və biz bunları mütləq aşmalıyıq. Ən azından sağlam cəmiyyət naminə".

Vüsal xanım onu Türkiyəyə aparan yolların buradakı iş təcrübələrindən uğradığı məyusluq olduğunu dedi:
"Ən böyük arzularımdan biri televiziyada işləmək idi. Dörd il "Xəzər" Televiziyasında işlədim. Oraya da təsadüfən gedib çıxmışdım. Ona qədər artıq televiziyalardakı haqsızlıqlardan yorulmuşdum. Bir televiziya kanalında altı ay ən yaxşı təcrübəçi kimi işləyib sonra heç bir səbəb göstərilmədən çıxarılmışdım, digərlərində yenə də müxtəlif bəhanələrlə uzaqlaşdırılmışdım. Artıq televiziyaya olan inamım və həvəsim sönmüşdü. Amma bir gün anamla birgə elə oradan keçərkən girdim, müraciət elədim, xəbər aparıcılığı istədiyimi dedim. Dedilər ki, hazırda rejissor asisstentliyinə vakansiya var. Mən də düşündüm ki, elə işi mətbəxindən öyrənmək ən yaxşısıdır, sonra zaman-zaman istədiyim pilləyə qalxaram. Bu da mənim içərimdəki məsuliyyətdən gələn bir düşüncə idi. Çünki mən heç bir yerə birdən-birə gedib çıxmağı istəməmişəm. Olduğum yeri özüm zəhmətimlə qazanmaq istəmişəm. Dörd ildən sonra "daha bu qədər kifayətdir" deyib çıxdım. Sonra isə iki il Azərbaycan Televiziyasındakı Teleradio akademiyasında çalışdım.

Onun məqsədi həm AzTV-dəki, həm də başqa televiziyalardan gələn işçilərin ixtisasartırma, ixtisas təkmilləşdirmə və dil kurslarında inkişafına dəstək olmaq idi. Rektoru Etibar Babayev idi. Azərbaycandakı son iş yerim isə ora oldu. Bütün bunları xatırlayanda bir şeyə əmin oluram ki, mən yerimdə deyildim. Çox yerdə o qədər qapılar üzümə qapandı ki, mən artıq yoruldum, davam etmək istəmədim. Ondan sonra da mediada işləmədim. Amma bütün bunlar mənim daha böyük işlər görməyim üçün stimul oldu".

Vüsal Babayeva tanınmış şair Şahnaz Şahinin qızıdır. Bir şair ailəsində doğulub şeir yazmamaq mümkünsüzdür, məncə. Həmsöhbətimin bioqrafiyasında şeirlə qovuşan dövrü varmış:

"Ədəbiyyata, incəsənətə maraq ailəmizdən gəlirdi. Biz gözümüzü açanda evimizdə kitab gördük, şeir eşitdik. Valideynlərim bütün çətinliklərə rəğmən bizi konsertlərə, tamaşalara, söz məclislərinə aparardılar. Biz də belə böyüdük. Uşaqlıq, gənclik illərimdə şeirlər yazırdım. Amma anam Şahnaz Şahin şairdir, söz bilicisidir. Ona görə də mən daha yazmadım, yazdıqlarımı da sandıqda saxladım (gülür). Əvvəllər mənsur şeirlər, esse tərzində yazılar yazırdım. Hətta bəzi qəzet və jurnallarda da çap olunmuşdum:

Fikirlər qəlbimi didib-dağıdır,
Nə qədər qayğılı insan görürəm,
Bu gün şən gördüyüm neçə adamı
Sabahsa saralıb-solan görürəm.

Gördükcə dünyanın yüz sifətini,
Əyri sifətini, düz sifətini,
Daddıqca həyatın naz-nemətini
Çoxunu yolundan azan görürəm.

20 yaşımda tələbəykən yazdığım bu şeir indiyə kimi də yadımdadır. Ondan sonra isə yazmadım. Çünki söz yığını yazmaq istəmirəm.

Hazırda Türkiyədə tərcüməçi olaraq çalışıram. Magistraturanı yeni bitirdim. Yorulduğumu hiss eləmişəm. Amma gələcəkdə doktorantura təhsilimlə bərabər həyatımı Türkiyədə davam etdirməyi düşünürəm".

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.