525.Az

"Klassik ifaçılıq ənənələrimizi yaşatmağa çalışıram" - Müsahibə

MÜĞƏNNİ ŞAHİN İSMAYILOV: "MÜASİR MAHNILARI OXUYANDA BELƏ, ONLARA 60-70-ci İLLƏRİN GÖZƏL OVQATINI, TƏRAVƏTİNİ GƏTİRMƏK İSTƏYİRƏM"


[31.08.19]
"Klassik ifaçılıq ənənələrimizi yaşatmağa çalışıram" - <b style="color:red">Müsahibə </b>

Tanınmış müğənni, vokalist, lirik tenor Şahin İsmayılov bugünlərdə 55 illik yubileyini qeyd edib.
Müraciət etdiyi mahnılarla, gözəl səs tembri ilə dinləyicilərin sevgisini qazanan sənətkarla görüşüb Azərbaycan musiqisinin dünənindən, bu günündən, özünün ifaçılıq yolundan danışdıq.

Ta uşaq yaşlarından bu sənəti sevməsində təsiri olan korifey sənətkarlarımızın adı bütün söhbətimiz boyunca dilindən düşmədi. Bəzi məqamlarda gileyini də gizlətmədi.

"Uşaq vaxtlarımdan, məktəb illərimdən Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev kimi klassik bəstəkarların musiqilərinə həvəsim olub. Goranboy rayonunun Xoylu kəndində doğulmuşam. Gəncəyə yaxın zonadır. Həmin ərazidə çox toylara getmişəm. Orada hələ uşaq ikən "Sevgili canan" əsərini oxuyurdum.

Çoxlarına qəribə gəlirdi ki, 8-ci sinif şagirdi nələr oxuyur...

Həmişə çalışmışam ki, Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqomayev kimi sənətkarlardan nəsə götürüm. Çünki onlar bizim üçün misilsiz məktəbdir.

Həmişə düşünmüşəm ki, musiqi özü də bir tərbiyə vasitəsidir. Əgər mahnıda söz həqiqətən tərbiyəvidirsə, musiqi də ağıllı və səviyyəlidirsə, istər gənclər, istərsə də yaşlı nəsil ondan nəsə götürəcəklər. Əgər musiqi bayağıdırsa, sözlər mənasızdırsa, ordan heç kim heç nə götürməyəcək. Mərhum Xalq şairimiz Bəxtiyar Vahabzadədən müasir toylarımız haqqında soruşanda belə cavab vermişdi: "O qədər oynayırlar ki ayaq işləyir, baş yaddan çıxır". Təəssüf ki, onun bu sözləri acı gerçəkdir. Bizdə oynaq mahnıların hamısı eyni ritmdədir - "6-8" deyirlər adına. Bu eyni ritm üstündə nə qədər oynamaq olar? Əlbəttə, oynayarsan, başa düşüləndir, amma eyni ritm üstündə dörd saat toy olmaz. İnsanın istər-istəməz beyni də yorulur. Məsələn, mən el şənliklərində də 15-20 dəqiqə oynaq mahnılara yer verirəm, qonaqlar oynayır. Sonra musiqi dayanır, 4-5 dəqiqəlik dincəlmək üçün bizim gözəl bəstəkarların dinləməli əsərlərindən bir şey oxuyuruq, vals da ola bilər. Ona görə də hamı həm oynuyur, şənlənir, həm də istirahət edir. Bizim o qədər gözəl filmlərimizdən mahnılarımız var ki. Məsələn, "Ulduz", "Bəxtiyar", "Görüş", "Telefonçu qız" və sair kimi filmlərdə mahnılar var ki, 6-8 ritmlərindədi, amma bunlar o birilərdən fərqli olaraq səviyyəli mahnılardır.

"Can cana" kimi mahnılar heç vaxt mənim repertuarımda olmayıb. Hər dəfə o mahnılar üçün yanımda bir xanım müğənni olur. Heç kim inciməsin deyə onları da həmin xanım oxuyur.

Bayağı mahnılar bir ay, uzağı, bir il dəbdə olur.

Sonra isə unudulub gedir. Amma bizim retro mahnılarımız, klassik musiqilərimiz var ki, illər keçməsinə baxmayaraq, bütün yaş qrupundakı insanlar tərəfindən sevilir, dinlənilir".

Söhbətimizin bu yerində oturduğumuz məkanda elə Şahin müəllimin ifasında "Lalələr" mahnısı səslənirdi. Öyrəndik ki, məkan sahibi də keçmiş musiqiçilərdəndir, sənətə, sənətkara dəyər verən insandır. Nə yalan deyim, müsahibimin ifasındakı bu cür dəyərli və gözəl mahnıların fonunda söhbət etmək ayrı bir maraq idi. Mən dəftərimə içəridən eşidilən mahnıların adını yazdıqca, Şahin müəllim də söhbətinə davam edirdi:
"Baxın, "Lalələr" mahnısı oxunur. O mahnının görün neçə yaşı var. Hətta bu yaxınlarda Türkiyə Prezidenti Ərdoğan da səfərlərinin birində bu mahnını əzbər oxudu. Demək ki, hələ də sevilir. Və neçə illər keçməsindən asılı olmayaraq, seviləcək də. Bizim vəzifəmiz də bu cür musiqiləri təbliğ etməkdir. Çünki əgər gənclər bunu eşitməsə, elə biləcək ki, bizim musiqimizin səviyyəsi elə "Can-cana"dan ibarətdir.
Efirə az çıxmağımla çox maraqlanırlar. Bu da bir az qarışıq durumdur. Televiziyalarımızda əsl sənəti duymaq və dəyərləndirmək bacarığı olan layihə rəhbərlərimiz ki var, onlar verilişlərinə dəvət edir, şərait yaradırlar. Amma təəssüf ki, bu, hamısına da aid deyil".

Ş.İsmayılovun həm səsində, həm də ifasında Rəşid Behbudov nəfəsi yaxından duyulur. Elə repertuarının müəyyən qismini də Rəşidin mahnıları təşkil edir. Elə bayaqkı "Lalələr" mahnısı kimi... Bu mahnı elə R.Behbudovla bağlı sualı da qaçılmaz etdi:

"Rəşid Behbudov mənim ən böyük müəllimimdir.

Bəli, o, heç zaman dərs deməyib, tələbələri olmayıb. Amma biz, ən başda da mən özüm uşaqlıqdan onun mahnılarını dinləyə-dinləyə bu sənətdə onu özümə müəllim bilmişəm. İndinin özündə də mən hər gecə atama, anama, Rəşid Behbudova və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru Aslan Aslanova - "Lalələr" mahnısının sözləri də ona aiddir - dua edib, rəhmət oxuyub yatıram. Rəşid Behbudovu heç vaxt canlı görməmişəm. Çünki onlar bizim üçün o qədər əlçatmaz idilər ki, onlara yaxınlaşmağa belə ürək etmirdik, çəkinirdik, nəinki nəsə öyrənmək, soruşmaq. İndiyə qədər də özümə bağışlaya bilmirəm ki, kaş vaxtında gedib onunla görüşəydim. Amma ondan öyrənmişəm. Tək ondan yox, dünyadakı ən yaxşı musiqiçilərdən, ifaçılardan hər zaman nəsə götürməyə çalışmışam. Məsələn, italiyanın böyük sənətkarı Luçana Pavarottidən də çox şeylər öyrənmişəm. Onun çox sevdiyim "Karuzo" mahnısını oxumuşam. Çox çətin mahnıdır. Hətta Azərbaycan dilində o cür tez-tez danışa bilmirəm ki, bu mahnıda sözləri elə demişəm. O mahnını Pavarottinin oxuduğu tonallıqdan oxumuşam. Tez bir zamanda çox sevildi.
Ancaq yenə də bunların içərisində ön sırada Rəşid Behbudov durur. Həmişə onun mahnılarını yaşatmağa və heç zaman xələl gəlməməyinə çalışmışam. Deyilənə görə, səsim də onun səsinə yaxın tembirdədir.

Onun sənəti mənim üçün Azərbaycan vokal sənətindəki ən yüksək zirvədir. Çünki onda millilik çox qabarıqdır. Onda təmiz Azərbaycan ləhcəsi var. Təkcə mən yox, bütün müğənnilər ondan nəsə götürməlidir. O, az sayda müğənnilərdəndir ki, oxuduğu mahnıda sözlərin mənasını səsiylə, vurğusuyla dinləyiciyə çatdıra bilir. O, mahnıyla yaşayır, onu özünküləşdirə bilir.

Repertuarımda təkcə klassik, retro mahnılar yoxdur, müasir bəstəkarların mahnılarına da yer verirəm. Məsələn, Nadir Əzimovun mahnılarını oxumuşam. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Sən elə bir zirvəsən" mahnısını oxumuşam. Mahnı ifamda da bəyənildi. Bir çox dövlət tədbirlərində onu məndən istəyirlər.

Yaradıcılığım boyu klassik ifaçılıq ənənələrimizi yaşatmağa can atmışam və indi də bunun naminə çalışıram. Müasir mahnılarımızı oxuyanda belə, onlara 60-70-ci illərin gözəl ovqatını, təravətini gətirmək istəyirəm".

Bu yerdə yəqin bir çox oxucularımızın da fikrindən keçəcək sual məni də maraqlandırır: Bəs onlara tələbat varmı indi? Müsahibim isə deyir ki:

"Bəzən müğənnilər bu seçimlərinə haqq qazandırmaq üçün deyirlər, xalqımız nə istəyir, biz də onu oxuyuruq. Bu söz məni çox narahat edir.

Sənət adamı kütlənin arxasınca getməz.

Biz çalışmalıyıq ki, insanların musiqi tərbiyəsini inkişaf etdirək. Bunu da bayağı mahnıları deyil, bu cür mahnıları oxuya-oxuya edəcəyik. Məsələn, bir şənlikdə olur ki, həmin retro mahnılarımızdan oxuyuram. Görürəm ki, əvvəldə gənclər bir az sıxılır. Amma qulaq asdıqca xoşlarına gəlir, sanki eşitdikcə musiqinin gözəlliyinin fərqinə varırlar. Deməli, bunu edə bilərik. Biz nə qədər milliliyimizə biganə qalacağıqsa, bizə aid olan o dəyərləri bədxah qonşularımız özününküləşdirəcək. Dəyəri vaxtında uca tutmaq lazımdır. Bizi dünyaya tanıdacaq o bayağı mahnılar deyil, "Sevgili canan", "Sənsiz" kimi əsərlərdir.

Klassik və müasir estrada musiqisi var. Hazırda yaranan müasir estrada mahnılarından eləsi ola bilər ki, bir neçə ildən sonra klassik estrada hesab olunsun. Amma təəssüf ki, indiki mənzərə buna o qədər də ümid vermir. Yəqin siz də, elə oxucularımız da mənlə razılaşarsınız ki, müasir estradamızda həmişəyaşar mahnılar çox az yaranır, ya da heç yaranmır. Gənc müğənnilərimiz arasında da retro mahnılarımıza müraciət edən, onu yaşatmağa çalışanları az deyil. Bu, məni çox sevindirir. Təqdirəlayiq haldır. Amma ən böyük problem odur ki, bəzilərinin yanaşma tərzi doğru deyil. Çünki orijinala qulaq asmırlar, ondan bəhrələnməyə cəhd etmirlər. Bu isə mahnının öz orijinallığını, həqiqi ruhunu itirməyinə gətirib çıxarır. Mən o cür sənət əsərlərinə xələl gətirməyi doğru hesab etmirəm.

Son zamanlar sosial şəbəkələrdə aktiv olmağa çalışıram.

Çünki görürəm ki, insanlar məhz ordadırlar. Hər bir çıxışımı, ifamı orada paylaşıram. Düzünü deyim ki, effektini də görürəm. Çox gözəl reaksiyalar gəlir. Bu, məni bir tərəfdən sevindirir, digər tərəfdən isə kədərləndirir. Kədərlənirəm, çünki görürəm ki, insanların zövqlərinə nə qədər mənfi təsirlər ediblər. İnsanlar özləri də bundan beziblər. Yaxşı ifa eşidən kimi çox sevinirlər.

Müşahidələrimə əsaslanaraq bir şeyi də deyim ki, məncə, zövqü yüksək olan insanın intellekt səviyyəsi də yüksəkdir. Hələ görməmişəm ki, "ara mahnılarını" dinləyən intellektli insan olsun. İntellektli insan ağıllı, səviyyəli musiqiyə qulaq asmağı seçir. Bəzən insan özü də öz zövqünü tərbiyələndirməyi bacarmalıdır.
Mahnı seçimimdə mənalı sözlərə, sanballı musiqiyə və səsimə uyğunluğuna diqqət edirəm. İstəyirəm ki, bəstəkar-şair-ifaçı üçlüyü bir-birini tamamlasın.

Üzeyir Hacıbəyovdan yüksək bəstəkar tanımıram. Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Ramiz Mirişli, Vasif Adıgözəlov, Arif Məlikov mənim üçün Azərbaycan bəstəkarlığının qaymaqlarıdır. İndiki dövrdə Nadir Əzimovun yaradıcılığında retro mahnılarımızın havası hiss olunur. Aygün Səmədzadənin mahnıları xoşuma gəlir. Amma bugünə kimi işləmək qismət olmayıb. Açığı, onunla işləmək istəyərdim. Əgər elə bir şans olsaydı onun yaxşı bir mahnısını oxuyardım.

Fikrimdə çox mahnılar var ki, onları yenidən oxumaq arzum var. Məsələn, "Şükriyyə" mahnısını oxumaq istərdim. Tələbə yoldaşım Azər Zeynalovun ifasında çox bəyənirəm o mahnını. Ümumiyyətlə, sənətdə xainlik sevmirəm. Çünki yaxşı olan hər şey bizimdir, bizim adımızadır. Həm də yaxşı oxuyanlar mənə stimul verirlər ki, öz üzərimdə daha ciddi işləyim. Sənətdə rəqabət gözəl şeydir.

Rəşid Behbudovdan eşidib sevdiyimiz "Sevgi valsı"nı, "Əziz dost"u və sair mahnıları oxumaq istəyirəm".
Həmsöhbətimə "Ara mahnılarına güclü meyil, ali musiqiyə biganəlik sizi ruhdan salırmı?" kimi ağrılı bir sual verirəm. Gözləri yol çəkir, sonra ağır-ağır deyir:

"Ruhdan salır deyəndə ki... Əslində, əvvəl elə olurdu, indi yox. Yaponların atalar sözü var. Deyir: ruhdan düşməkdənsə, cəhdlərinin sayını artır. Mən də artıq bu prinsiplə yaşayıram. Çünki insan ruhdan düşəndə daha da geri qalır və heç layiq olmayanlar gəlib onu keçirlər. Ona görə də son iki ildə sənətimə daha çox diqqət ayırıram, efirə daha ardıcıl çıxıram. Sosial şəbəkələrin də köməyilə cəhdlərimi daha da artırıram".

Bu yerdə diktofonu söndürüb müsahibəmizi sərbəst söhbət şəklində davam etdirdik. Bu müddətdə Şahin müəllimin ifasında eşitdiyimiz "Dilin can incidəndir", "Sevgili canan", "Sənsiz", "Tələsin insanlar" və sair mahnılar, özünün ara bir etdiyi kiçik zümzümələr qarşımda həqiqətən də Azərbaycan musiqisinə böyük dəyər verən, gözəl səsli, gözəl ürəkli, işinə kifayət qədər məsuliyyətlə və sevgiylə yanaşan bir insanın oturduğunu sübut edirdi. Sonda onu qəzetdə təqdim etmək üçün fəxri adı olub-olmadığını xəbər aldım. Çünki heç bir mənbədə buna rast gəlməmişdim. O da hələ fəxri adı olmadığını dedi. Düzü, təəssüf etdim. Çünki müsahibə boyunca internet resurslarının məni yanıltdığını, ömrünün 30 ildən çoxunu Azərbaycan musiqisinin təbliğatına həsr edən bu nadir səs sahibinin çoxdan yüksək fəxri ad aldığını düşünmüşdüm. Amma yenə də inanıram. Hər zaman sənətin, sənətkarın yanında olan dövlətimizin ən qısa zamanda Şahin İsmayılov yaradıcılığını da dəyərləndirəcəyinə şübhəm yoxdur. Elə müsahibim də bu inamla yaşayır...

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.