525.Az

Elm fəadilərinin sığınacağı

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ NAXÇIVAN BÖLMƏSİ


[12.08.19]
Elm fəadilərinin sığınacağı<b style="color:red"></b>

Elm tarixi, həm təbii, həm də ictimai elmlər də daxil olmaq üzrə elmi məlumat və elmin inkişafının araşdırılmasıdır.

Elm, gerçək dünyadakı hadisələrin müşahidə edilməsi, açıqlanması və uzaqgörənliyini vurğulayan, elm adamları tərəfindən edilən, təbii dünya haqqındakı təcrübi, nəzəri və praktik məlumatların bir bütünüdür. İngiliscə bir söz olan və ilk dəfə William Whewel tərəfindən istifadə edilən scientist (elm insanı) nisbətən yaxın bir tarix olan XIX əsrdən istifadə edilməyə başlanmışdır. Daha əvvəl, araşdırmaçılar özlərini "təbii filosoflar" olaraq adlandırırdılar.

Bu ali peşə ilə məşğul olan elm cəngavərləri bütün ömürlərini kitaba, biliyə, texnologiyaya, insanı, təbiəti, tarixi, təkamülü, səmanı, coğrafiyanı, fauna-floranı və s. öyrənməyə adayırlar. Elmlə məşğul olan alim- tədqiqatçı kimi tanınan bu insanlar nəinki bütün günü keçmişi, müasir dövrü, həm də gələcəyi düzgün dərk edib analizlər, təhlillər aparıb yekun nəticəyə gəlməyi bacaran şəxslərdirlər. Naxçıvan Muxtar Respublikasında da bu ali yolda irəliləyən, elmin ziyası altında toplaşan insanlar var. Mən özümün də əməkdaşı olduğum, hər gün orada görülən işlərin bir parçasına çevrilib Azərbaycan elminin inkişafında xidmət göstərdiyim və bundan qürur duyduğum Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi barəsində danışmaq istəyirəm. Adından da göründüyü kimi, Azərbaycanın ayrılmaz cənnət güşələrindən biri olan Naxçıvanın qoynunda yerləşən bu elm ocağı öz nəzdində bir çox institut və təşkilatları birləşdirir.

Qızğın elmi fəaliyyətin həyata keçirildiyi bu institutlarda yaşlı nəsillə çiyin-çiyinə gənc alimlər, mütəxəssislər də fəaliyyət göstərirlər. İlk baxışdan səssiz görünən, sanki uzun bir yuxudaymış təsiri bağışlayan bu elm ocağı qoynunda bir çox elmləri mühafizə edir. Ədəbiyyatşünaslar, tarixçilər, dilçilər, kimyaçılar, bioloqlar, astro-fiziklər, rəssamlar, memarlar, musiqişünaslar bütün günlərini, ömürlərini aid olduqları elmi istiqamətin inkişafına dair nəzəriyyələrə, yeniliklərə həsr edirlər. Xatırlayıram ki, mən orada işə başladığım zaman çox gənc idim. Ancaq öz sahəmlə bağlı bir çox tədqiqatlar aparmaq istəyirdim. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində bu hədəfimə gedən yolda mənə stimul olacaq çox şeyin mövcud olduğunu gördüm. Doğrudan da illər keçməsinə baxmayaraq, fəaliyyətimə nəzər saldıqda dərk edirəm ki, bunda çox çalışmağımla birgə, həm də işlədiyim qurumda elmə, biliyə, gənclərə göstərilən böyük qayğının rolu var.

Gənclərə böyük qayğı ilə yanaşan ağsaqqal alimlərimizin təcrübəsi, uzaqgörənliyi ilə bu günlərə addımlayan bir çox gənc kimi, mən də muxtar respublikanın bir çox cəhətdən inkişafına stimul verəcək, Azərbaycan elmini dünyaya inteqrasiya edəcək bir çox tədqiqatçının yetişdiyini görürəm.

Ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin, texnologiyanın bütün istiqamətlərində nəhəng quruculuq işləri gedir. Milli özünüdərk və özünütəsdiq istiqamətində gedən bu böyük proses elm və təhsil sahələrindən də yan keçməmişdir. Xüsusilə bu inkişafın treyektoriyasında və daim qabaqcıl müvvəfəqiyyətlərin məkanı olan Naxçıvan elm sahəsində də bir çox yeniliklərə imza atmışdır.

Qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır.

Bölmənin yaradılması zəruriliyindən bəhs edən Ümummilli lideri Heydər Əliyev müşavirədəki nitqində demişdir: "Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş, qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var".

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkil edilməsi haqqında"; 26 avqust 2002-ci il tarixli qərarına əsasən, Bölmə tərkibindəki institutlar Naxçıvan Regional Elm Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası və Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyalarının əməkdaşlarından təşkil olunmuşdur.

Sərəncama müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu - Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.

Ali amal uğrunda birləşən bir çox alimin və mütəxəssisin fəaliyyət göstərdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi bu gün öz fəaliyyətinin parlaq zirvəsini yaşayır.

Belə ki, tədqiqatçılarının 292 monoqrafiyası, 859 kitabı, 394 dərslik, dərs və tədris vəsaiti, 25 minə yaxın məqalə və tezisi nəşr edilmiş, 70-dən çox patent alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təsis etdiyi "Naxçıvan", AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" və "Axtarışlar" jurnalları, Naxçıvan Dövlət Universitetinin və "Naxçıvan" Universitetinin "Elmi əsərlər"i, Naxçıvan Müəllimlər İnstitutunun "Xəbərlər" jurnalı həm beynəlxalq kod almış, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi dövri nəşrlər siyahısına daxil edilmişdir.

2019-cu ildə alimlərimizin uğurlu tədqiqatları, fundamental elmi nəşrlərlə davam edir.

Muxtar respublikada son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması yüksəkixtisaslı kadr hazırlığı işinin yeni müstəvidə aparılması, elmin istesalata tətbiqi, yeni staruplara start verilməsi kimi əhəmiyyətli innovativ tədbirlər silsiləsi Naxçıvanımızda elmin inkişafına münbit və güclü şərait yaradır.

2003-cü ilin yanvarında 139 əməkdaşla, o cümlədən, 51 elmi işçi ilə fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsində bu gün 259 nəfər (bunlardan 98-i elmi işçidir) əməkdaşla fəaliyyətinini davam etdirir.

Bölmədə AMEA-nın həqiqi üzvləri, müxbir üzvləri, elmlər doktorları, fəlsəfə doktorları, doktorantlar, dissertantlar və elmi işçilər elmi fəaliyyətlə məşğuldur. Bölmə nəzdində müvafiq ixtisaslar üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm Muxtar Respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından çox sayda dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə etmişdir. Bölmə əməkdaşlarının 2 nəfəri AMEA-nın həqiqi üzvü, 4 nəfəri AMEA-nın müxbir üzvü, 6 elmlər doktoru, 55 fəlsəfə doktoru olaraq fəaliyyət föstərir ki, bu da elmi işçilərin 68,4%-ni təşkil edir. Əməkdaşlardan 6 nəfər professor, 40 nəfər dosent elmi adını almışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov AMEA Naxçıvan Bölməsi barədə deyib: "Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi yaranmış şəraitdən məqsədyönlü istifadə etməli, elmi araşdırmalar nəticəli olmalı, onların praktikada tədbiqi işinə diqqət artırılmalı, muxtar respublikanın tarixi, arxeologiyası, təbii sərvətləri və onlardan istifadə imkanları barədə tədqiqatlar davam etdirilməli, fundamental nəşrlər hazırlanmalıdır".

AMEA Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan və Qazaxıstan elm və təhsil müəssisələri ilə sıx elmi əlaqələr çərcivəsində bir çox elmi naliyyətlərə imza atıb. Bölmənin əməkdaşları dünyanın Oksford, Dallas, Kyoto, İslamabad, Berlin, Hamburq, Turin, Zaqreb, Qahirə, Budapeşt, Vyana, Astana, Aşqabad, Ankara, Qaziantep, Antalya, İstanbul, Qars, Tbilisi, Tehran, Təbriz, Urmiya, Batumi, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev, Tokio və bir çox şəhərində keçirilən 439 beynəlxalq elmi simpozium və konfranslarda çıxış edib, yüksək nəticələrlə geri qayıdıblar.

"Bölmədə 2 cilddə "Naxçıvan Ensiklopediyası", "Naxçıvan abidələri ensiklopediyası", "Naxçıvan tarixi atlası", 3 cilddə "Naxçıvan tarixi", "Naxçıvan teatrının səlnaməsi", 3 cilddə "Naxçıvanın folkloru antologiyası", "Dədə Qorqud yurdu-Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlası, "Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyət və perspektivlər", 2 cilddə Naxçıvan Muxtar Respublikasının "Qırmızı kitabı", "Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası", "Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri", 2 cilddə "Naxçıvan coğrafiyası" kimi fundamental nəşrlər işıq üzü görmüşdür. Bölmənin əməkdaşlarının tərcümə etdikləri Nemətullah Naxçıvaninin təfsirinin I və II cildi nəşr olunmuşdur. Ümumiyyətlə, Bölmənin fəaliyyəti dövründə əməkdaşların 208 monoqrafiyası, 200 kitabı, 26 metodik vəsaiti, 8034 elmi məqaləsi və konfrans materialı, 209 tezisi, 21 xəritəsi çap olunmuşdur. Əsərlərdən 18 monoqrafiya, 18 kitab, 1709 məqalə və konfrans materialı, 67 tezis xaricdə nəşr olunmuşdur. Elmi məqalələrdən 202-si yüksək nüfuzlu impakt faktorlu jurnallarda çap olunmuşdur. Əməkdaşların 210 əsərinə istinadlar qeydə alınmışdır.

Beynəlxalq Seleksiya Mərkəzi İCRADA-dan alınmış arpa nümunələrindən yerli şəraitə uyğun, quraqlığa, şaxtaya, yatmaya və xəstəliklərə davamlılığı, yüksək məhsuldarlığına və dənin keyfiyyətinə görə kütləvi seçmə aparmaqla arpanın Qılçıqlı-85 və noxudun Qaraca-85 sortları yaradılaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmiş. Sortlar Respublikanın 8 müxtəlif rayonlarında sınaqdan keçirilərək müsbət və yüksək göstəricilərinə görə sort adını doğrultmuş və rayonlaşdırılması qərarlaşdırılaraq patent və sertifikat verilmişdir.

"Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" müvafiq Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində 1200 dən çox tarix və mədəniyyət abidəsi aşkar olunmuş və pasportlaşdırılmışdır. Bu abidələrdən 57-si dünya, 485 isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir.

"Bölmə əməkdaşlarından 3 nəfər "Əməkdar elm xadimi", 1 nəfər "Əməkdar müəllim", 1 nəfər "Əməkdar jurnalist" fəxri adına, 7 nəfər "Tərəqqi" medalına, 3 nəfər Prezident mükafatına, 1 nəfər isə "Prezidentin fərdi təqaüdünə" layiq görülmüşdür. Əməkdaşlardan 3 nəfər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Qızıl medal"ına layiq görülmüş, bir nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə, iki nəfər "Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə" nişanı ilə təltif edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən, "Naxçıvan tarixi" çoxcildliyi, akademik İ.Hacıyevin "Naxçıvan Azərbaycanın dövlətçilik tarixində" monoqrafiyası elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına, həmçinin, AMEA-nın müxbir üzvü F.Səfərlinin &quot;Tarixi mənbələrdə Nuh peyğəmbər",

AMEA-nın müxbir üzvü H.Q.Qədirzadənin "Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı" kitabları Ali Məclis Sədrinin mükafatına layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı elmi inkişaf etdirməklə bərabər, beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsinə də geniş imkanlar açmışdır. Bu gün, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində bütün bu tələblərə cavab verəcək elmi fəaliyyətlər həyata keçirilir, güclü elmi potensiala malik kadrlar yetişdirilir.

Nərgiz İSMAYILOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Filolgiya üzrə fəlsəfə doktoru


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.