525.Az

"Ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş marağı dayanır"

[06.08.19]
"Ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş marağı dayanır"<b style="color:red"></b>

Ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlətimizin başçısı İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsini nəzərdə tutun son sərəncamları da ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ilin ötən dövründə reallaşdırılan sosial paketlərin nəticəsində minimum əməkhaqqında iki dəfə, minimum pensiyada 72 faizlik artım baş verib. Bu sosial paketlər 4,2 milyon vətəndaşı əhatə edir.

“Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı əldə olunan nailiyyətləri konkret faktlarla açıqlayıb. Bildirib ki, 2019-cu ildə Azərbaycanın inkişafı üçün istər beynəlxalq aləmdə, istərsə də ölkədə uğurlu addımlar atılıb, Azərbaycan iqtisadiyyatı xeyli inkişaf edib. Bu inkişaf Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi qeyri-neft sektorunda daha çox nəzərə çarpır. İlin birinci yarısında respublikamızda iqtisadi artım 2.4 faiz səviyyəsində olub ki, bu da yaxşı göstəricidir. Qeyri-neft sənayesinin 15.7 faiz artması isə xüsusilə təqdirəlayiqdir. Deməli, qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verir”,- deyə Rufiz Qonaqov vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərin məzmunlu sosial siyasət həyata keçirir. Bütövlükdə, Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. 2019-cu ildə Azərbaycanda iqtisadi inkişaf daha sürətlə gedir və bu ilin ilk altı ayının göstəricilərinə əsasən, ölkə iqtisadiyyatında artıq 2.4 faiz artım qeydə alındığını deyən BMAM sədri əlavə edib ki, 2015-ci ildə dünyada baş verən iqtisadi böhran bütün ölkələrə öz təsirini göstərdi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi çevik iqtisadi islahatlarla ölkəmiz bu vəziyyətdən minimum təsirlərlə çıxmağı bacardı və yenidən inkişaf mərhələsinə qalxa bildi. Bu gün ölkəmizdə iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sahəsində istehsal və ixracın həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2019-cu ili də böyük uğurlarla başa vuracaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.