525.Az

Eyni duyğuları paylaşanda... - Müsahibə

İNSANLIQ, DOĞMALIQ VƏ ƏDƏBİYYAT ƏTİRLİ BİR SÖHBƏT


[17.07.19]
Eyni duyğuları paylaşanda... - <b style="color:red">Müsahibə </b>

Türkiyəli yazıçı və tərcüməçi Ülkü Taşlıovanın imzasını Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan "Qardaş qələmlər" dərgisindən tanımışam.

Hələ iki il öncə Birliyin xətti ilə İstanbulda keçirilən "Türk dünyası gənc yazarlarının görüşü"ndən sonra mütəmadi şəkildə bir neçə azərbaycanlı şair və yazıçılar kimi mənim də esse və şeirlərimi Türkiyə türkcəsinə çevirir. Onun Azərbaycan dilinə hakimiyyəti, hekayələrindəki özünəməxsusluq həm yazıçı, həm də tərcüməçi xarakteri elə o vaxtdan diqqətimi cəlb etmişdi.

Bugünlərdə öyrəndim ki, Ülkü xanım həyat yoldaşı, psixiatr, professor İshak Özkan bəylə ölkəmizdə qonaqdır. Şahir Vaqif Bəhmənlinin həyat yoldaşı Rəhilə xanım vasitəsilə danışıb, müsahibə üçün görüşdük. Öyrəndim ki, Ülkü xanım 1963-cü ildə Türkiyənin Qars şəhərində doğulub. Ədəbiyyata məhəbbəti ailəsindən gəlir, atası aşıq olub.  

- Biz tərəkəməyik. Qazaxın Salahlısından Borçalıya, ordan da Qarsa köç etmişik. Ədəbiyyatdan başqa dünya bilmirəm deyə bilərəm. Avrasiya Yazarlar Birliyi ilə tanış olana kimi duyğularımı sadəcə kağıza tökər, sonra cırıb atardım. AYB mənə çox şey öyrətdi, çox qapıları açdı üzümə. Ondan sonra bir çox dərgilərdə, region qəzetlərində yazılarım çap olundu. Keçən il Mədəniyyət Nazirliyi ilk kitabımı çap elədi. Kitabda Azərbaycanda, Borçalıda olan, bilavasitə öz ailəmin yaşadığı erməni vəhşətlərindən danışılır.

İkinci kitabımda isə daha sakit, gülməli hekayələr toplanıb. O da hazırda çapdadır.

Mən Azərbaycan köklü olduğum üçün həm mədəniyyətinə, həm də ləhcəsinə hakiməm. AYB-nin başqanı Yaqub Öməroğlu ehtiyac yarananda dedi, mən də edə biləcəyimi söylədim. Göndərdilər, çevirdim və uğurlu olduğumu dedilər. Beləcə, başladım tərcümələr etməyə. Şeirlər, hekayələr, esselər, məqalələr tərcümə etdim. Nə qədər olduğunu heç bilmirəm. Vaqif Bəhmənlinin üç cildlik kitabını tərcümə elədim. Əlbəttə, hamısını deyil, ruhuma yaxın olanlarını seçdim. Təxminən üç ay boyunca davam etdi tərcümə işim. Öz dilim, öz mədəniyyətim olduğu üçün heç də çətinlik çəkmirəm. Yazmaqdansa tərcümə daha çox xoşuma gəlir. Yeni kəşflər edirəm, aradakı qopuqluqları çevirdiyim yazılarla doldurmağa çalışıram".

Bu yerdə Rəhilə xanım söhbətimizə qoşulur:

- Ülkü xanımın mətbəxi də çox gözəldir. Bu qədər işlərin arasında həm də mükəmməl ev xanımı, aşpazdı. Çox qısa zamanda Türkiyə mətbəxindən ən ləziz yeməkləri hazırlayıb, özü də süfrəyə elə gözəl təqdim etdi ki, heyran olmamaq əldə deyil.

- Azərbaycan mətbəxinə bələdliyiniz varmı?

- Bəli, bilirəm. Dediyim kimi kökümüz burdan olduğundan anamdan öyrəndiklərim vardı, eləcə də atamın burdan gələn qonaqları çox olardı. İshak bəy də Azərbaycan mədəniyyətini çox sevir.

- Sevdirmişsiniz. Elədirmi, İshak bəy?

İ.Ö.: - Öncələrdən Azərbaycan mədəniyyətinə bələdliyim yox idi. Əlbəttə, az-çox bilgim vardı, amma kifayət qədər deyildi. Ülküylə evləndikdən sonra sizləri tanıtdı mənə. Onun vasitəsiylə Bəhmənli ailəsi kimi gözəl insanlarla tanış oldum. Göz doyuruculuğu bir yana, könül doyuruculuğu da var.

Ü.T.: - Yazının belə bir gözəl xüsusiyyəti də var, baxın, gözəl insanlarla tanış edir sizi.

- Ülkü xanım bayaq dedi ki, siz də şeir yazırsınız.

- Çox deyil, arada cızma-qaralarım olur.

- Bir psixiatrla şairin evliliyi necədir?

İ.Ö.: - Bizim onsuz da əvvəldən 4-5 illik tanışlığımız var idi. Evləndikdən sonra isə təbii ki, bir-birimizə daha çox bələd olduq. Əvvəl danışıqlarımı cihaza yazmağa kimsəyə icazə verməzdim. Amma Ülkü gizlin-gizlin yazırmış. Sonra gördüm ki, yazır, mən də məcburən icazə verdim. Sonra isə yazdıqlarını mənə dinlədir və deyirəm, yaxşı ki, bu söhbətləri etmişik. Çünki söhbətin içində şeir də var, ədəbiyyat da var, sufizm də var, psixologiya da var. Əlbəttə, mən ölkəyə dərs vermirəm, sadəcə həyat yoldaşımla söhbət edirəm. Amma bu söhbətlərin özü belə dərin olur. Mövlananın çox gözəl bir sözü var. Deyir ki, eyni dili danışanlar deyil, eyni duyğunu paylaşanlar anlaşar. Biz də Ülkü ilə eyni duyğuları paylaşdığımız üçün söhbətimizdə problem olmur, əksinə, daha dərin və anlamlı olur.

Çox güman ki, hekayələrinin bəzilərini oxumusunuz. Mən bu işə vaqif deyiləm, amma məncə, o, hekayələrində dərinliyi verə bilir. Hekayədə duyğu dərinliyini ifadə etmək çox çətin işdir. Romanda uzun-uzun anlatmaq şansınız var. Amma hekayədə elə bir şey yoxdu. Bir cümləylə ifadə edə bilməniz lazımdır. Ülkü, məncə, bunu yaxşı bacarır. Bunu həyat yoldaşım olmadan öncə də demişdim. İndi isə evdə ona redaktorluq edirəm. Mənim işimlə bağlı məqalələrimi o, onun da yazılarını mən oxuyuram. Bir-birimizə oxutmadan çapa vermərik. Bu zaman da elmi bilgini o öyrənmiş olur, ədəbi bilgini isə mən öyrənmiş oluram.

Hə, bütün mövzularda fikir birliyimiz olur deyə bilmərəm. Bəzi məsələlərdə mübahisələrimiz də düşür. Amma onun özü belə maraqlı alınır. Mən mübahisələrimizi də sevirəm.

- Güzəştə gedən tərəf hansınız olursunuz?

Ü.T.: - Mən heç güzəştə getmərəm, axıra kimi dediyimi müdafiə edərəm. Əgər iş güzəştə döndüsə, onda mövzunu bağlamağı üstün tuturam.

İ.Ö.: - Mən bəzən güzəştə gedirəm. Mənim xarakterimdən gələn bir şey var: mübahisənin xoş olmayan yerlərə getdiyini görsəm, susmağı üstün tuturam.

Ü.T.: - Susduğu yerdən də gül bitər (gülürük).

İ.Ö.: - Mən yazmağını istəyirəm, özüm də onu həvəsləndirirəm, bəzən təşviq edirəm. Sevirəm onun yazdıqlarını, tərcümələrini. Xüsusən, xatirələrini yazmağını istəyirəm. Mənim yazım elə də çox deyil. Adətən elmi məqalələr yazıram. Ədəbiyyat xobbimdir. Əsas maraqlandığım tarixdir. İkimiz də bir-birimizi dəstəkləyirik.

- Ülkü xanım, bəs bir psixiatrla evlilik qəhrəmanlarınızın psixoloji xüsusiyyətlərini anlamağınıza və anlatmağınıza təsir göstərirmi?

- Əlbəttə, mən yazılarımı mütləq ona oxutdururam. Oxuyur və ümumi rəyini bildirir. Qəhrəmanlarımın psixoloji vəziyyətləri haqqında tövsiyələrini verir. Onları yazmaq isə artıq mənə qalır. Ədəbiyyatla psixologiyanın birgə olması çox böyük avantajdır. Çox düşünməyinə, çək-çevir etməyinə gərək yoxdur. Tez yoldaşımdan soruşuram. Məsələn, savaşa gedən adam necə düşünər, intihara qaçan qız hansı hissləri keçirər.

- Sizin hekayələrinizdə bir insan obrazı var. İnsana çox böyük önəm verirsiniz. Sizin üçün insan nədir?

- Mən inanclıyam, mənim üçün insan Allahın yer üzündəki işığıdır. Mənə görə, hər insan hər şeyin ən gözəlinə layiqdir. Biz bu mövzunu İshak bəylə də müzakirə edirik. Bəzən mən əsəbləşirəm, "filankəs pis insandır" - deyirəm. O isə "pis insan yoxdur, pislik var" - deyir. Əlbəttə, ağrı çəkən insan o ağrının təsiriylə düşünəcək, pislik edəcək. Yaxşının içərisində də pislik var, pisliyin içərisində də yaxşılıq var. Məsələ hansı tərəfdən, necə baxmağındır. Hər kəs təkdir. O təkin qədrini bilməliyik. Xalqıma zülm etmiş insanlarla, əlbəttə, dost ola bilmərəm. Amma onun içindəki pisliyə də ağrıyaram, acıyaram, onun adına kədərlənərəm ki, axı, niyə belədir.

- Tərcümə etdiyiniz müəlliflərin, təbii ki, heç də hamısını tanımırsınız. Amma yazılarını çevirirsiniz. O zaman yazılarından müəllifin necə bir insan olması ilə bağlı fikir yaranırmı sizdə?

- Bəli, yaranır. Məsələn, sənin yazını ilk oxuyanda necə gənc biridir demişdim. Onda heç şəklini də görməmişdim, özünü də tanımırdım. Həyata baxışın, zövqlərin, ifadə tərzin, cümlə quruşun çağdaş insanımızı anladır. Necə olduğunu ifadə edə bilmirəm, amma fikir yaradır. Məsələn, Vaqif Bəhmənlinin şeirlərini oxuyanda "bu, nə qədər duyğulu adamdır" dedim. Yəni, yazıya duyğu yükləməmiş, öz duyğularını yazmış.

Söhbətimiz İshak bəyin marağını çəkir. Onun da bu mövzuda deyəcəkləri var:

"Bir dəfə bir yazar xanımdan "bu kitabı kim üçün yazdınız?" - deyə soruşdum. "Özüm üçün" - dedi. "O zaman mənə niyə oxutdunuz?" - dedim. Vaqif Bəhmənlidə də, Ülküdə də, sizdə də belə bir şey var: siz özünüz üçün yazmırsınız, hamımız üçün yazırsınız. Biz sizin yazılarınızda sizi görə bilirik.

- Çox maraqlı yerə gəlib çıxdıq. Belə ifadəni tez-tez eşidirik: "Özüm üçün yazıram". Ülkü xanım, sizin bu fikrə münasibətiniz necədir?

- İshak bəyin danışdığı hadisədə mən də yanlarında idim. Mən də sonradan həmin xanımın kitabını oxumadım. Özü üçün yazıbsa, buyursun, özü oxusun. Mən niyə oxuyum ki? Bir tərəfdən də hörmətsizlikdir o. İnsanın gündəliyi oxunarmı? Bu da bir növ onun kimi şeydi. Mən özüm üçün yazmıram, bildiklərimi, gördüklərimi hamı bilsin, oxusun deyə yazıram. Mənim Həsən babamın başına ermənilər zülmlər gətiriblər. Mən bunu təkcə sizə danışsam, siz də 5-10 nəfər dostunuza danışıb sonra unudacaqsız, gedəcək. Amma mən onu yazıram ki, oxusunlar, bilsinlər. Çünki bu, mənim tariximdir. Məncə, yazan adam xalq üçün, oxucu üçün yazmalıdır.

Rəhilə xanım:

- Məncə, "özüm üçün yazıram" - deyənlərin hardasa özgüvənsizliyi var. Birdən yazdığım bəyənilməz qorxusuyla bu cümləylə özlərini sığortalıyırlar sanki.

Rəhilə xanımın bu sözləri psixoloq İshak bəyin üzündə təbəssüm yaradır. Mövzunun başlıca ünvanının o olduğunu düşünüb professora dönürük:

- Əlbəttə, işin əsli də odur. Özünə güvənsə, özü üçün niyə yazsın ki?! Özünə güvənən insan özünü başqasına təqdim edər. Gündəliklərin ədəbiyyat tarixində, məncə, başqa bir yeri var. O, həmin anı anladır. Müəllifin yaşadığı yer və dövr haqqında bilgilər də verir.

- Ülkü xanım, ədəbiyyatın insan həyatındakı rolunu necə dəyərləndirirsiniz?

- Ədəbiyyat yaşamın özüdür. Duyğudur, hiss etməkdir, hiss etdiyini, yaşadığını anlatma sənətidir. İnsandır ədəbiyyat. İnsan varsa, ədəbiyyat var, ədəbiyyat varsa, insan var. O qədər çox ehtiyacımız var ki, yaxşı, doğru-düzgün ədəbiyyata. Ədəbiyyat tarix daşıyıcılığını da öz çiyinləri üzərinə götürür. "Dədə Qorqud" yazılarkən tarix yazmaq deyildi məqsəd, hekayə anlatmaq idi. Amma bu gün "Dədə Qorqud" tarixdir. Ədəbiyyat tarixdir, sənətdir, insandır, danışdığımız sözdür.

- Ədəbiyyatın həyatın axışında rolu varmı? Niyə belə incə sənət, duyğuların ədəbiyyatdakı bu qədər zərif təcəssümü olduğu halda hələ də dünyada müharibələr var?

- Ədəbiyyat barışdır. Ədəbiyyat duyğuya təsir göstərir. Hər kəs oxusa, hər kəs ədəbiyyatı bilsə, onun həqiqətlərinə varsa, əlbəttə, dünyada müharibələr olmaz. Savaşda ədəbiyyat yoxdur ki. Ədəbiyyat savaşdan sonra yaranır. Hər kəs bu duyğu sənətini bilsə, dünya daha başqa cür olar. Əgər ədəbiyyat təsirli deyildisə, niyə Sovet dövründə birinci aydınlar, yazıçı, şairlər qətl edildi, sürgünə göndərildi? Niyə zülmkarlar öncə yazıçıları, şairləri susdurmaq istəyirlər? Deməli, onların təsiri var və onlar da bunun fərqindədirlər. Hər şey birdən olmur. Yavaş-yavaş, zamanla. Ədəbiyyatın təsiriylə dəyişən insan elə dəyişən dünya deməkdir. Ədəbiyyatın savaş yaratmaq kimi məqsədi yoxdur.

İ.Ö.: - Savaşı dayandırmaq kimi də bir məqsədi yoxdur.

Ü.T: - Əlbəttə. Ədəbiyyat sadəcə olanı yazır. Pisliklərin yaratdığı ağrıları danışır. Ondan nəticə çıxarmaq insana qalmış işdir.

İ.Ö: - Elmin də dərdi müharibə yaratmaq, insanları toplu şəkildə yox etmək deyildi. Nə atom bombası, nə dinamitlər, nə də silahlar bunun üçün yaradıldı. Amma başqa tərəfdən baxsaq, Xirosima və Naqasakiyə atılan bomba milyonlarla insanın ölümünə səbəb oldu, amma illərdir davam edən İkinci Dünya Müharibəsini də bitirdi. Bizim nəyi görməyimiz hardan baxmağımızdan asılıdır. Dostoyevski, Tolstoy yazdı, günahı da, müharibəni də pislədi. Biz nə qədərini anladıq? Ona görə də ədəbiyyatçıların işi dünyanın axışını dəyişmək deyil, mədəniyyəti yaşatmaq və o mədəniyyətin içərisində var olmağımızı təmin etməkdir. Sovetlər Azərbaycan mədəniyyətini yox eliyə bilmədilər. Eləcə də SSRİ-nin tərkibindəki digər ölkələri. Müəyyən təzyiqlə onu harasa yönləndirdilər, amma mədəniyyəti yox edə bilmədilər. Əksinə, özləri yox oldu, amma mədəniyyət qaldı.

- Ülkü xanım, qəhrəmanlarınızla münasibətləriniz necədir?

- Tərəf tutduğum olur (gülürük). Özümdən asılı olmadan bəzən hansınınsa yanında oluram. Hekayə bitəndən sonra təkrar oxunuşda bunun fərqinə varıram. Qəhrəmanın yaşantısı, düşüncəsi mənə uymamalıdır ki, mən ona obyektiv baxım. Deyəcəksiz ki, onu özün yaradırsan, necə tərəf tuta bilərsən? Yox, mən adətən hekayələrimi həqiqi həyatdan alıram. Ona görə də qəhrəmanlarım da çox vaxt adları dəyişmiş gerçək insanlar olurlar. Yəni, mən onlara müdaxilə etmirəm. Amma tərəf tutduğum da olur. Yazarkən ağladığım anlar olur. Məsələn, "Mavi alay" hekayəmin sonunda çox ağlamışdım. Oradakı qadının halına çox kədərlənmişdim. O hekayə Krım sürgününü anlatır. Həqiqi həyatdan alınan hekayədir. O hekayəni yazarkən çox uzun zaman keçmişdi. Yaza bilmirdim.

- Yaradıcılıqla mütəmadi məşğul olursunuz? Yəni bir proqram qurmusunuzmu özünüzə?

- Yox, elə olmur. Bir avtobusda gedərkən 2-3 hekayə yazdığım da olur, altı ay bir cümlə belə yazmadığım da. Zaman məhdudiyyəti və proqramlaşdırma yoxdur. Onsuz da hekayə özü özünə gəlir, səni qaldırıb komputerin qarşısına keçirir. Sən sonra düzəltmələr edirsən. Düzdü, mən çox vaxt düzəltmələr də etmirəm. Çünki 3-4 hekayəmi məhz redaktə səbəbindən atmışam gedib. Qısa hekayələr daha çox yazıram. Bir neçə cümləlik, bir abzaslıq. Sonra onları uzatmaq istədim, doldurmaq istədim, amma daha da pis oldu. Əslində, ilk axışında necə gəlibsə, o cür qalmalıdır. Çünki duyğu məhz o ilk gələndədir.

- Bir az da şeirlərinizdən danışın.

- Onlara şeir demirəm mən. Sadəcə duyğuların ifadəsidir. Bəzən hansısa hadisə və ya hansısa hekayə məndə o duyğunu yaradır və mən sətirləri alt-alta düzürəm. Çox şeirim yoxdur. Həyat yoldaşıma yazdığım çox uzun bir şeirim var. O şeirdə ona olan bütün duyğularım öz əksini tapıb.

- Şeirlərinizi kitab kimi çap etdirməyi düşünmədinizmi?

Bu sualıma İshak bəy cavab verir:

- Mən mane oldum.

Təəccüblənirəm:

-Niyə? Axı siz dəstək olurdunuz Ülkü xanıma?

- Şeirlərini qısqanıram. Mənə yazıldı, kimsə oxumasın (gülürük).

Ülkü xanım:

- Şeirlərimi təkcə "Buta" almanaxında çap etdirirəm. Ziyalılar Ocağı Birliyinin dörd ildir bu aylarda çap etdiyi "Buta" almanaxı var. Dörd ildir seçdiyim şeirlərim orda çıxır.

İshak bəy: - Mənim şeirlərimi də məndən xəbərsiz almanaxa göndərdi. Əgər göndərəcəyini bilsəydim, verməzdim.

- Siz nələrdən yazırsınız?

- Ümumi olur mövzularım. Daha çox vətənpərvərlik, millət mövzulu şeirlərim olur. Ondan başqa ədalət, məhəbbət və sair.

- Ülkü xanıma şeir yazmısınızmı?

- Yox, hələ ki yazmadım.

Ülkü xanımın replikası:

- Əgər mənə şeir yazsa tək səhifəlik də olsa onu kitab kimi çap edər, saxlayaram (gülürük)

Bu maraqlı və  səmimi söhbətimiz saatlarla davam etdi. Sonrasında nələr danışdığımıza deyinmədən son olaraq qonaqlarımızın Bakıya gəlmək səbəbləri və burda görəcəkləri işlərlə müsahibəmizi burada yekunlaşdırıram:

Ülkü xanım deyir ki:

- Mən Azərbaycana 1990-cı illərdən gəlirəm. Dediyim kimi, mənim öz məmləkətimdir. Bakı aşiq olduğum şəhərdir. Bu dəfəki səfərimizdə Vaqif bəyin, Rəhilə xanımın təsiri böyük oldu. Bayaq adını çəkdiyim "Buta" almanaxının təqdimatında iştirak üçün də dəvətli idik. İshak bəy bura ilk dəfədir gəlir.

İ.Ö.: - Mənim Azərbaycana, Türk dünyasına olan sevgim yeni deyil. Bura gəlməyimdən çox məmnun oldum. Ülküylə birgə bu mədəniyyəti, muğamı, Azərbaycan ədəbiyyatını tanımaq daha da cəzb edicidir. Bura gəlib buraları gördükdən sonra "yaxşı ki, gəldim" dedim. Bundan sonra da gəlmək istərik. Sağ olsunlar, burda olmuşkən mənim də işimlə bağlı bir proqram hazırladılar.

Rəhilə xanım:

- İshak bəy psixiatrdı. Konyada yeni universitet açılıb: Qida və Tarım Universiteti. İshak bəy də oranın psixologiya bölməsinin rəhbəri təyin olunub. Biz də düşündük ki, burada olmuşkən "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin gənc əməkdaşları üçün İshak bəyin bir seminarını düzənləyək. Onun kimi mütəxəssisin bilgilərindən, təcrübəsindən faydalanmaq çox mühümdür. Həmçinin, onun təmsil etdiyi universitetlə gələcəkdə qarşılıqlı əlaqələrin yaradılması da ola bilər.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.