525.Az

Dilçilik elmində parlaq imza: professor Fərman Zeynalov

[11.07.19]
Dilçilik elmində parlaq imza: <b style="color:red">professor Fərman Zeynalov </b>

Müasir Azərbaycan elm aləmində elə şəxsiyyətlər var ki, onlar təkcə ölkəmizdə deyil, həmçinin, dünya elm adamları tərəfindən də qəbul olunur, elmi yenilikləri və əldə etdikləri nəticələri müntəzəm olaraq izlənilir, diqqətdə saxlanılır, onlar haqqında müəyyən fikirlər və rəylər söylənilir.

Bu alimlərimizdən biri də Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fərman Zeynalovdur. Onun əsərləri təkcə respublikamızda deyil, həm də ABŞ-da, Kanadada, Böyük Britaniyada, İranda, Gürcüstanda nəşr olunub və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. O, dilçiliyin mühüm və mübahisəli problemlərindən biri olan dillərin quruluş müxtəlifliyi və ritmik strukturların izomorfluğu məsələləri ilə bağlı öz orijinal sözünü demiş, dillərin müxtəlifliyinə dair yeni nəzəriyyə və yeni fonetik qanun irəli sürmüş və onları elmi cəhətdən əsaslandırıb. Fərman Zeynalov respublikamızda ingilis dilinin fonetikası və fonologiyası üzrə yeganə filologiya elmləri doktoru, professordur.

İlk olaraq Fərman Zeynalovun keçdiyi yola qısa nəzər yetirək, sonra isə əldə etdiyi nailiyyətləri və elmi yeniliklərilə tanış olaq.

Fərman Hüsən oğlu Zeynalov 29 yanvar 1944-cü ildə Cəbrayıl rayonunun Həsənqaydı kəndində anadan olub. O, Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra, 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili şöbəsinə daxil olub (hazırkı Azərbaycan Dillər Universiteti). 1963-1966-cı illərdə hərbi xidmət keçib, tərxis olunduqdan sonra təhsilini davam etdirib. İnstitutu 1969-cu ildə əla qiymətlərlə bitirib və İnstitut Elmi Şurasının qərarı ilə fonetika kafedrasında müəllim saxlanılıb.

Güclü yaddaşa, analitik düşüncə tərzinə malik olan Fərman müəllim bu vaxta kimi respublikada işlənməmiş cümlə vurğusu ilə bağlı mövzu üzərində araşdırmalar aparıb. 1984-cü ildə Tbilisi Dövlət Universitetində "İngilis və Azərbaycan dillərində cümlə vurğusunun fonetik xüsusiyyətlərinin müqayisəli təhlili" (rus dilində) mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, filologiya elmlər namizədi elmi dərəcəsini alıb. Əsərin elmi dəyərini qiymətləndirərkən tanınmış türkoloq, professor N.N.Canaşi və dosent İ.Saracişvili bir cəhəti xüsusilə qeyd etmişlər ki, "Cümlə vurğusu anlayışını ilkin olaraq Türkologiyaya Fərman müəllim gətirmişdir və onun ingilis dili ilə müqayisədə hərtərəfli izahını vermişdir".

Sonra o, "Dillərin quruluş müxtəlifliyi və ritmik strukturların izomorfluğu" adlı doktorluq dissertasiyası mövzusu üzərində çalışıb. 1999-cu ildə dilçilərin və filosofların marağına səbəb olan "Dil və real gerçəklik: sistem və struktur münasibətləri" adlı monoqrafiyasını çap etdirib.

F.Zeynalov 2001-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib. Onun doktorluq dissertasiyasının rəsmi opponenti Rusiya Federasiyasının əməkdar elm xadimi, fonetika və fonologiya üzrə tanınmış germanist professor Y.A.Dubovski öz rəyində Fərman müəllimi "yeni bir nəzəriyyənin atası" adlandırıb.

F.Zeynalov doktorluq dissertasiyasında dillərin quruluş müxtəlifliyini izah etməyə yönəlmiş bir nəzəriyyə ("helio-ritmik") və bir qanun (fonogenetik) irəli sürüb və onları elmi-nəzəri və əməli cəhətdən əsaslandırıb. Fərman müəllimin tədqiqatından əldə etdiyi və müasir dilçilik üçün yeni olan müddəaları dünya alimləri tərəfindən qiymətləndirilib.

Fərman müəllim apardığı araşdırmalardan belə bir nəticəyə gəlir ki, xalqların milli dilinin danışıq ritmi, ritmik-melodik quruluşu ilə həmin xalqın yaratdığı mədəniyyət və incəsənət nümunələrinin quruluşu arasında bir izomorfluq vardır. Bu izomorfluğun əyani nümunələrini o, Azərbaycan və digər türk xalqlarının incəsənət nümunələrində rast gəlindiyini aşkar edib.

Fərman müəllimin irəli sürdüyü ən maraqlı mülahizələrdən biri dil, musiqi və ekologiyanın qarşılıqlı münasibəti haqqındadır. O, "Dil, musiqi və vokal ekologiya məsələlərinə dair" məqaləsində  ilkin olaraq "vokal ekologiya" terminini işlədib. Alimin nöqteyi-nəzərincə, digər təbii sistemlər kimi, bəşəriyyətin musiqi sistemi də müəyyən təbii iyerarxik əlaqələr üzərində qurulur, bütövləşir və bu əlaqə fonunda Azərbaycan musiqisinin, xüsusilə muğamların öz yeri, öz həlqəsi vardır. Bu gün bəşəriyyət ciddi ekoloji problemlərlə qarşılaşdığı kimi, "vokal ekoloji" problemlərlə də qarşılaşır.

Fərman Zeynalov respublika və beynəlxalq səviyyəli konfranslarda etdiyi maraqlı məruzələrilə dilçi alimlərin böyük rəğbətini qazanıb. I Türkoloji qurultayın 80 illiyinə və H.Əliyevin 90 illiyi münasibətilə keçirilən Beynəlxalq konfranslarda maraqlı çıxışlarına görə "Fəxri Fərman" və "Sertifikat"la təltif edilib. 2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert olub.

Professor F.Zeynalov 8 kitabın, iki monoqrafiyanın, 150-dən çox elmi-metodik əsərin və proqramın müəllifidir. Onun dilə yeni rakursda yanaşmasının özəllikləri  respublika və xarici  mətbuatda öz əksini tapıb.

Fərman müəllimin dilin sistem və strukturunun təbii obyektlərə münasibətinə dair fikirləri xarici dilçilər tərəfindən bəyənilib və onun "Universal properties of human language in the light of natural phenomena" adlı irihəcmli məqaləsi ingilis dilində Kanadada İMPAKT faktorlu jurnalda dərc edilib.

Alimin "What causes human language to be diverse?" adlı yeni irihəcmli məqaləsi 7,08 reytinqli İMPAKT faktorlu (Tomson Reuter) jurnalda çap olunub.

Qeyd etmək lazımdır ki, Fərman müəllimin Azərbaycanda tanınmış alimlərdən Ağamusa Axundovla və Səyadulla Babayevlə həmmüəllif olduğu "İngilis və Azərbaycan dillərində vurğunun ritmik-melodik xüsusiyyətləri" (BDU, 1996) kitabı ölkəmizin ali təhsil ocaqlarında nəzəri mənbə kimi geniş istifadə olunur. Onun İngilis dilinin fonetikasına aid çap etdirdiyi kitabları respublikanın ali məktəblərində uğurla tədris edilir.

2018-ci ildə profesor Fərman Zeynalovun həmmüəllifliyi və redaktəsi ilə "İngilis dilinin fonetik terminləri" adlı lüğət çapa hazırlanıb. Alimin rəhbərliyi altında 8 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertasiya işləri yerinə yetirib. Onlardan biri Yəmən Respublikasının vətəndaşıdır.

Dilçilik elminə verdiyi sanballı töhfələrə görə Fərman Zeynalov 2009-cu ildə "Vektor" Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "XXI əsr Azərbaycan Ziyalıları" Beynəlxalq layihəsinin qalibi olub və "XXI əsrin Tanınmış Ziyalısı" diplomu ilə təltif edilib. Beynəlxalq Mərkəzin 2009-cu ildə nəşr etdirdiyi "Azərbaycanın Tanınmış Ziyalıları" ensiklopediyasında onun həyat və yaradıcılığı haqqında məlumat verilib. Bununla yanaşı, Fərman müəllimin həyat və yaradıcılığı haqqında məlumat 2015-ci ildə çap olunan "Azərbaycan Ziyalıları" adlı kitaba da daxil edilib. 2014-cü ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanını alıb.

2018-ci ilin mart ayında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib, Akademiyanın Beynəlxalq "Qızıl Ulduz" medalına və "Atatürk" mükafatına layiq görülüb. Həmin ilin oktyabr ayında Fərman müəllim Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının akademik üzvü seçilib.

2018-ci il dekabr ayında Fərman müəllimə Dünya elmində xidmətlərinə görə Birləşmiş Millətlər Şurasının İctimai Mükafatı (UNCOPA) olan "Elm və Sülh Səfiri" Beynəlxalq Fəxri adı verilib. Həmin ildə uğurlarına görə Fərman müəllim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk Dünyasında İlin Elm adamı" Beynəlxalq  mükafatı ilə təltif edilib.

2019-cu ilin may ayında Fərman müəllimin daha bir irihəcmli məqaləsi 7,08 reytinqli İmpakt faktorlu (Tomson Reuter) jurnalda çap olunub (What causes the human language to be diverse/ International Journal of Advanced Research. Jurnalın baş redaktoru və redaksiya heyəti məqalə müəllifinin intellektual töhfəsini yüksək qiymətləndirib və onu sertifikatla təltif ediblər.

2019-cu ildə dünya elmində və təhsilində töhfələrinə görə Avropa Elm Cəmiyyəti, Avropa Təbiət Elmləri Akademiyası və Qabaqcıl Alimlər Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Fərman müəllimə "Avropanın Fəxri Alimi" ad mükafatı verilib. Həmin ilin iyun ayında Fərman müəllimə Dünya elmində və təhsilində xidmətlərinə görə Birləşmiş Millətlər Şurasının İctimai Mükafatı (UNCOPA) olan "Avropa Xidmət" ordeni ilə təltif edilib.

Öz elmi yaradıcılığı ilə dünya alimlərinin diqqətini çəkən Fərman müəllim şəxsiyyəti və yaradıcılığı haqqında Azərbaycanın tanınmış elm adamlarının fikirləri və dəyərləndirmələri daim müsbət olub.

AMEA-nın həqiqi üzvü mərhum akademik T.Hacıyev belə dəyərləndirmişdi: "Fərman müəllimin "Dil və gerçəklik: sistem və struktur münasibətləri" adlı monoqrafiyası orijinal bir tədqiqat əsəridir və orada bir sıra yeni fikirlər vardır. Bu ideyaları ancaq yüksək təfəkkürə malik olan insan ortaya çıxara bilər".

Tanınmış dilçi alim, professor Ə.Rəcəbli yazır: "XX əsrin lap sonlarında dilin ümumi problemləri haqqında ən yaxşı əsərlərdən biri də Fərman Zeynalovun "Dil və real gerçəklik: sistem və struktur münasibətləri" adlı kitabıdır. Əsərdə bəşər dillərinin müxtəlifliyi problemlərindən, o cümlədən, dil vahidlərinin fonetik, fono-ritmo-melodik və qramatik baxımdan müxtəlifliyindən və bu müxtəlifliyi şərtləndirən amillərdən bəhs edir".

Hörmətli professorumuz elmə gəlişindən danışanda ilk olaraq uşaqlıq çağını yada salır: "Yaz və payız aylarında məktəbə getdiyimiz yol dərəli-təpəli olsa da, rahat olurdu, hətta qışda və yağışlı günlərdə məktəbə getmək çətinlik törətsə də, biz çox dərs buraxmırdıq. O vaxt Şükürbəyli kənd orta məktəbinin direktoru, qəbri nurla dolsun, rəhmətlik Xalq yazıçısı Sabir Əhmədli idi. O bizə ədəbiyyatdan dərs deyirdi. Onun dərsləri çox maraqlı keçirdi, sanki ədəbi məclisi xatırladırdı. Maraqlıdır ki, hava şəraitinin çətinliyi, on kilometr yolun uzunluğu bizi yormurdu, Sabir müəllimin dərsinə gecikmirdik. Bilirdik ki, bizi Sabir müəllimin rəvan, avazlı nitqi, mühakiməli və şirin tövsiyələri gözləyir. Heyif ki, Sabir müəllim bizə bir il dərs dedikdən sonra "Arabaçı" hekayəsilə Bakıya getdi. Amma həqiqət onu göstərdi ki, məndə sonralar dilə, ədəbiyyata, aforizmlərə və mühakiməli danışmağa meyllik hörmətli Sabir müəllimə oxşamaq arzusundan irəli gəlmişdir. Mənim bəxtim onda gətirib ki, mənə rəhmətlik akademik Tofiq Hacıyev də dərs deyib. Bu insanların hər bir cümləsi, verdikləri tövsiyələr gənclərdə elmə, təhsilə olan marağı artırırdı. Dahi Sokratın belə bir aforizmi var, "Sən özünü dərk et, digərləri də səni dərk edəcək". Yəni şəxsiyyət özünüdərkdən başlayır. Şükürlər olsun ki, mən bu insanlardan bəhrələnmişəm".

Professor Fərman Zeynalov elmi, pedaqoji fəaliyyəti ilə yanaşı, universitetin və respublikanın ictimai həyatında da fəal iştirak edir. Respublika Təhsil Nazirliyi tərəfindən keçirilən bir çox tədbirlərin fəal iştirakçısı və aparıcı simalarından sayılır.

Biz dəyərli professorumuz Fərman Zeynalova gələcək yaradıcılığında, eləcə də  elmimizin dünyada tanıdılmasında və inkişafında uğurlar arzulayırıq.

Əzim ƏLİYEV
Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.