525.Az

"Laçında qalan rəsmlərimi şəhid əsərlərim sayıram" - Müsahibə

RƏSSAM YUSİF MİRZƏ: "BÜTÜN YARADICILIĞIM UŞAQLIQDA YADDAŞIMA HOPAN RƏNGİ, İŞIĞI AXTARMAĞA YÖNƏLİB"


[11.07.19]
"Laçında qalan rəsmlərimi şəhid əsərlərim sayıram"  - <b style="color:red">Müsahibə </b>

- Yusif bəy, rəssam üçün rəng nədir? Rənglərin sizdən ötrü nə kimi fərqləri var?

- Rəssam üçün rəng özünü ifadə etmək, dünyanı dərk eləmək forması, dünya haqqında düşüncələrinin obrazı, deyim tərzidir. Təkcə rənglər deyil. Rəssam və heykəltəraş üçün rənglər də, cizgilər də, formalar da öz dünyasını ifadə etmək üçün vasitələrdir. Hər kəsin öz sevimli rəngləri, koloriti var. Rəng təkcə rəssam üçün deyil, insanlar üçün böyük əhəmiyyət daşıyır. Rənglər musiqi qədər insanlara təsir göstərir, onlarda əhval-ruhiyyə yaradır. Əlvan rənglər insana özünü yaxşı hiss etdirir, şən əhval yaradır. Darıxdırıcı rənglər var ki, insanı sıxır. Mən həmişə yazılarımda bunu deyirəm: uşaq vaxtı kənddə köhnə evlər vardı. O evlərin birinin pəncərəsindən işıq süzülürdü. Pəncərə ocağın hisindən bir az qaralmışdı. Orada da şəbəkə naxışlar vardı. Bütün bunlar o qədər gözəl mənzərə yaratmışdı ki, bu obraz mənim yaddaşıma və qanıma hopub qaldı. Hərdən mənə elə gəlir ki, bütün yaradıcılığım uşaqlıqda yaddaşıma hopan o rəngi, o işığı axtarmağa yönəlib. "Xatirə" silsiləm var. O silsilədə həmin rəngi, həmin işığı ifadə eləməyə çalışıram. Təəssüf ki, daha nə o kənd var, nə o işıq, nə o rəng. Ancaq mənim yaddaşımda və xatirələrimdə qalıblar.

- 2000-ci ildə sizin haqqınızda çəkilən filmin "İşıq" adlandırılmasının o işıqla bir əlaqəsi varmı?

- Əslində, işığın da, kölgənin də öz rəngi var. Rəssam üçün işıq çox böyük əhəmiyyət daşıyır. Mənim yaddaşımda isə o lampadan süzülən işıq əbədi qalıb və bütün yaradıcılığımda məhz o işıq var. "Xatirə" bitib-tükənməyən bir silsilədir. Yenə də həmin silsilədən bir rəsm işləyirəm. Ola bilər, oradakı hansısa rəsmlər bir-birinə oxşayır. Amma onların hər biri mənim xatirələrimlə, keçmişimlə yeni söhbətim, yeni nəqlimdir. "İşıq" filmini gözəl rejissor Vəli Səyyadi öz təşəbbüsü ilə çəkmişdi. "Aztelefilm" tərəfindən çəkilmişdi. Hərədən yenə də verilir efirdə. Haqqımda çox verilişlər hazırlanıb, sujetlər çəkilib. Amma məncə, bu filmin xüsusi yeri var.

- Doğulduğunuz Laçın rayonunun sənətinizə nə kimi təsiri olub?

- Mənim rəssam olmağıma elə Laçının bilavasitə təsiri var. Laçının gözəlliyindən danışmaq, bəlkə də artıqdır. Birinci növbədə təbiəti, dağlar, qayalar, dərələr, çaylar insanı valeh edirdi. Eyni zamanda, qədim tarixi, abidələri, tikililəri vardı. Özünəməxsus məişət tərzi, mətbəx ənənələri, xalçaçılıq koloritləri vardı. Məsələn, çox məşhur "Qasım uşağı" xalçası vardı ki, Qarabağ xalçaçılıq məktəbinə aiddir. Hətta mən "Qasım uşağı" nəslinin nümayəndələrini də tanıyırdım. Laçın Qarabağın dağlıq bölgəsi idi. Yayda ətraf rayonlardan insanlar oraya köç edərdilər. Təəssüf ki, indi işğal altındadır. Ümid edirik, inanırıq ki, tezliklə o torpaqlarımız işğaldan azad ediləcək, insanlar o gözəllikləri özləri görəcəklər.

- Laçın işğal olunana qədər sizin müəyyən qədər yaradıcılıq nümunələriniz vardı və onlar işğalda itdi, məhv olub. Sonralar itən rəsmlərinizi yenidən çəkmək istəyiniz və cəhdiniz oldumu?

- Onlar tələbə vaxtı çəkdiyim rəsmlər idi. Sulu boyayla, yağlı boyayla birbaşa təbiətdən etdiyim etüdlər idi. Onları yenidən çəkmək çox çətin idi. Laçın təbiətindən çəkdiyim minlərlə rəsmlər vardı. Və onlar daha səmimi, daha təbii idilər. Çünki birbaşa naturadan çəkilmişdilər. Onlar mənim ürəyimin ən ağrı yeridir. Laçında qalan rəsmlərimi şəhid əsərlərim sayıram. Mən Laçında Xalq teatrında işləyirdim, dərs deyirdim. Orada böyük bir muzey də yaradılmışdı və mənim rəsmlərim də o muzeydə idi. Təkcə mənim deyil, Azərbaycanın çox gözəl rəssamlarının rəsmləri vardı orda. Mənim ustadım, dostum Nadir Əbdülrəhmanlının rəsmləri vardı ki, onlardan tək biri buraya gələn əşyaların içərisində bizimlə gəldi. Maral Rəhmanzadənin Laçınla sıx əlaqəsi vardı. Çox sevərdi Laçını və hər yay gələrdi. Onun onlarla rəsmləri orada qaldı. Bunlar çox ağrılı və unudulmaz dərddir, nisgildir.

- Hər bir rəsm əsərinin hekayəsi varmı, ya da olmalıdırmı?

- Bəli, rəsm əsəri ideyadır, fikirdir, düşüncədir. Mən həm də şeirlər yazıram. Düzdü, özümə heç vaxt şair demirəm. Çünki mənim kifayət qədər yaxşı şair dostlarım var. Ancaq mənim şeir yazmağım obrazlı düşünməyimə kömək edir. Əgər mənim əlimdə bir kağız, qələm yoxdursa, çalışıram misralar şəklində o ideyanı yadımda saxlayım. Hər şey sənə təsir edə bilər. Mən yapon, Çin ədəbiyyatını çox sevirəm. Onlar çox xırda nüansları obrazlaşdıra bilirlər. Əlbəttə, hər ideyanı həyata keçirə bilmirik. Mane olan maddi və mənəvi tərəfləri var. Amma mümkün qədər çalışıram ki, ideyalarımı, arzularımı həyata keçirim.

- Abstrakt rəsmlərə münasibətiniz necədir?

- Abstrakt rəsmlərə, modern incəsənətə baxışım normaldır. Hərdən özüm də bu cür rəsmlər işləyirəm. Sənətdə əsas məqsəd təbiilikdir. Sənət saxta olmamalıdır, ürəkdən gəlməlidir. Abstraksiya yaratmaq xatirinə nəsə etmək mümkün deyil. Abstraksiyanın ən yaxşı nümunələrini nənələrimiz xalçalarında yaradıblar. Naxışın özü abstraksiyanın çox gözəl nümunəsidir.

- Rənglər dünyasından söz dünyasına keçid necə olur?

- Bəzən rənglərdən şeirə, bəzən isə şeirdən rənglərə keçirsən. Bu, ən azından sənin işinin poetik olmasına kömək edir, obrazlılığını artırır. Bəzən görürsən ki, bədii əsəri elmi əsər kimi şərh edirlər. Bu, yolverilməzdir. Bədiiliyi qoruyub-saxlamaq lazımdır. Təkcə öz şeirlərimdə deyil, digər şairlərimizin də şeirlərində mən obrazlılıq, kinematoqrafik detallar görürəm. Məsələn, Vaqif Səmədoğlunun, Adil Mirseyidin şeirləri.

- Heç oxuyub təsirləndiyiniz hansısa şeirə rəsm çəkdiyiniz olubmu?

- Bəli, elə şeylər də olur. Ancaq rəsmdən şeirə keçidim də olub. Məsələn, "Ulduzlar" rəsmi çəkmişdim. Sonradan onun şeirini də yazdım. Mən esselər də yazıram. Nazim Hikmətin "Ümidin rəsmini çəkə bilərsənmi, Abidin?" əsəri var. Mən ona cavab yazmışdım və sonda deyirdim ki, mən ümidin də, ümidsizliyin də rəsmini çəkdim. Amma ən əsası mən sevginin rəsmini çəkdim. Sevgidə ümid də var, ümidsizlik də, ağrı da, sevinc də, dərd də. Yaradıcı adam bədii ədəbiyyatla, şeirlə, nəsrlə, kinoyla, tarixlə, psixologiyayla mütləq maraqlanmalı və məlumatlı olmalıdır. Eyni zamanda, bu, özünü rəsm əsərində göstərməlidir.

- Tez-tez xarici ölkələrdə olursunuz, orada sərgiləriniz keçirilir. Xaricdə və bizdə rəssamlığa münasibətdə nə kimi fərqlər var?

- Xarici ölkələrdən sənəti sevən, dəyərləndirən çox dostlarım var. Amerikadan bir dostum var - Billi Martin. O, mənim rəsmlərimi çox sevir və mənə yeni ideyalar verir. Bu cür dostlar insana həm də yeni şövq, həvəs, çalışmaq, yeni-yeni əsərlər yaratmaq əzmi verirlər. Yaradıcı adam üçün ən pisi laqeydlikdir. Norveçdə mənim əsərlərimi çox sevirlər, əldə edirlər, şəxsi kolleksiyalarına daxil edirlər. Sənətin sərhəddi yoxdur. Xüsusən, bizim sənətimizin tərcüməyə ehtiycı yoxdur. Dünyanın hər yerində insanlar bunu rahatlıqla anlaya bilirlər. Amma dünyanın hər yerində sənətə baxış eyni olmur. İqtisadiyyatdan, siyasətdən də asılı şeylər var ki, o, sənətə də öz təsirini göstərir.

- 60 yaşınız tamam olur. Bu illərdə nə itirdiniz, nə qazandınız?

- Mən ad günlərini və Yeni il bayramını heç sevmirəm. Çünki düşünürəm ki, ömürdən bir il də ötüb keçdi. Altmış yaşın bir məsuliyyəti də var ki, daha gənc deyilsən, ömrün müdrik çağındasan, səhv etməyə, qüsurlara yol verməyə ixtiyarın yoxdur. İlk növbədə məsuliyyət hissin var. Keçdiyin ömrə də nəzər salırsan, peşmanlıqların da olur, sevinclərin də. Bu il sərgi keçirtmədim. Çünki onun da öz çətinlikləri var.

- Sərgilərinizi keçirəndə nə hisslər yaşayırsınız?

- Hansısa əsəri yaradanda düşünmürsən ki, bunu sərgiləyəcəm, insanlar baxacaqlar. Mən sadəcə çəkirəm. Amma vaxt keçir, rəsm sərgilənir. Və mən sizi inandırım ki, rəssam üçün bu proses çox maraqlıdır. Görəsən, rəsmim insanlara necə təsir edəcək, hansı hiss və duyğular keçirəcəklər. Bundan yeni bir həvəs, yeni bir ilham alaraq yaradıcılığını davam etdirir. Hər bir sərgi əslində, yaradıcılığına yenidən baxışdır. Laqeydlik isə çox pisdir.

- Çox görmüsünüz laqeydlik?

- Yox, adətən, bizim insanlar duyğusaldırlar, sənətə maraq göstərirlər. Mən eyni zamanda, müəlliməm, dərs deyirəm. Uşaqların sənətə münasibəti o qədər maraqlı və səmimidir ki, o, insana həvəs verir. Uşaqlar çox şeyi çox gözəl başa düşürlər. Özlərinin də çox maraqlı yaradıcılıqları var. Onlarla işləyəndə sanki təmizlənirəm, saflaşıram. Pikasso deyirdi ki, hər bir uşaq rəssamdır. Dünyaya bir uşaq baxışı var. Bizim hər birimizin içərisində də bir uşaq var. Bəlkə elə ona görə də uşaqlığımızı unuda bilmirik.

- Hazırda hansı əsər üzərində işləyirsiniz?

- Bir deyil, bir neçə rəsm üzərində işləyirəm. Yarımçıq işlərim var. Yeni rəsmlər, yeni ideyalar çoxdur. Hazırda yay tətilindəyik, dərslər yoxdur. Mən də çalışıram bundan istifadə edim. Tez-tez sərgilərdə iştirak edirəm. Rəssamın hər zaman işi var.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.