525.Az

ABŞ-İran gərginliyi: müharibə riski nə dərəcədə realdır?

[10.07.19]
ABŞ-İran gərginliyi: <b style="color:red">müharibə riski nə dərəcədə realdır?</b>

ABŞ-İran münasibətləri gərginləşməkdə davam edir. Vaşinqton artıq bir müddətdir ki, İrana qarşı müharibə anonslarını verir, hətta bir qədər irəli gedərək Tehrana qarşı müharibəyə hazırlaşdığını bəyan edir. Əlbəttə ki, bu cür gərginlik region ölkələri üçün narahatlıq yaradır.

Bu gün regionda kifayət qədər problemlər, həll edilməmiş münaqişələr mövcuddur. Bu münaqişələrdən biri də Dağlıq Qarabağ münaqişəsidir, eyni zamanda, İran Azərbaycanın sərhəd qonşusudur. Bütün bu və digər məqamlar isə ABŞ-İran gərginliyindən təbii olaraq əlavə narahatlıqlar yaradır. Başqa tərəfdən, ortada Rusiya faktoru var. Rusiyanın İranla münasibətləri məlumdur, bunlar həm də qonşu dövlətlərdir. Bu günlərdə Yaponiyada keçirilən G-20 sammitində Vladimir Putin və Donald Tramp iki dəfə görüşdülər. Onlar əvvəlcə ayaqüstü söhbət etdilər, daha sonra əvvəlcədən planlaşdırıldığı kimi, saat yarım müzakirə apardılar. Verilən açıqlamadan bəlli oldu ki, liderlər Suriya, İran və Ukrayna mövzuslarını müzakirə ediblər. Tramp görüşdən razı qaldığını bəyan etdi. İran məsələsi ilə bağlı hələ ki, ABŞ-ın mövqeyində dəyişiklik hiss edilmir. Bir neçə gün əvvəl  Tramp İranı az zənginləşdirilmiş uranın limitini aşmaq qərarına görə hədələyib. O, bütün bunların başqa cür nəticələnə biləcəyini də açıq şəkildə bəyan edib. İran prezidenti Həsən Ruhani isə nüvə sövdələşməsinin iştirakçılarını öz öhdəliklərinə riayət etməyə çağırıb. İran-ABŞ qarşıdurmasının hansı nəticələrə yol aça biləcəyi ilə bağlı danışan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, Trampın bu bəyanatını son hədd hesab etmək olmaz. Bu, sadəcə sözlərdir. Söz təhdidi dövlət başçılarına xasdır: "Hesab etmirəm ki, bunun arxasınca hansısa hərbi zərbələr başlasın. İranın nüvə sövdələşməsindən çıxması  ən azından Fransa, Almaniya, Britaniya kimi ölkələrin ABŞ-ın sanksiya təzyiqinə qoşulması ilə ola bilər".

Tehrana qarşı daha hansı sanksiyaların tətbiq oluna bilməsinə gəlincə, politoloq hesab edir ki, İrana tibbi ləvazimatlar, ərzaq məhsulları hələ də göndərilir: "Hərbi məsələyə gəlincə, ABŞ və onun müttəfiqləri tərəfindən İranın hərbi obyektlərinə zərbələr endirilməyəcək. Düşünürəm ki, yerli, təsadüfi qarşıdurma olmazsa, Tramp hər hansı zərbə endirməyəcək. Məsələ burasındadır ki, bir zərbə endirmək mümkün deyil. Ən azından əsas infrastrukturu məhv etmək lazımdır. Bu, limanların, aerodromların, rabitə əlaqələrinin bombalanması deməkdir. Düşünmürəm ki, vətəndaş obyektlərinə zərbələr endirilsin. Bu, İranın əsas hərbi infrastrukturunun genişmiqyaslı məhvi demək olar".

Bütün bunların Azərbaycana təsirini də şərh edən R.Musabəyova görə, hazırkı vəziyyətin bizə necəsə təsir edə bilməsini istisna edib: "İran Azərbaycanla ticarətdə az yer tutur. Bu münasibətlərin istər Azərbaycan, istərsə də İran üçün əhəmiyyətli olmasını düşünmürəm".

ABŞ Azərbaycandan İranla bütün əməkdaşlığı kəsməyi tələb edə bilməsinə gəlincə, politoloq vurğulayıb ki, bu, mümkün deyil. İranla hər hansı tranzaksiyaların dollarla edilməsi qadağandır, Azərbaycan da bunu həyata keçirmir.

Deputatın dediyinə görə, İran prezidenti Həsən Ruhaninin Tehranda Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüşdə qarşılıqlı ticarət zamanı milli valyutaya keçidi təklif etməsi də eyni problemdir: "Çünki dollarla tranzaksiya qadağandır. Əgər Fransa, Almaniya, Britaniya qoşularsa, nə funt, nə avro istifadə olunacaq.

Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, həmçinin, Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirən "Şimal-Cənub" nəqliyyat dəhlizinin həyata keçirilməsinin necə olacağına da toxunan politoloq söyləyib ki, avqustda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü baş tutacaq. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani digər məsələlərlə yanaşı, Azərbaycandan keçməklə İran və Rusiyanı birləşdirən "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı məsələsini də müzakirə edəcəklər. Bu müzakirələr də isə məsələlərə aydınlıq gətiriləcək.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.