525.Az

Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı oldu

[10.07.19]
Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı oldu<b style="color:red"></b>

“Nəsimi-650: Diaspor Gənclərinin II Yay Düşərgəsi”nə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iyulun 9-da Şamaxı Rayon Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılışı olub.

Tədbirdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb və Nəsimi ilində dünya azərbaycanlılarının qədim Şamaxıda bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Diaspor Gənclərinin Yay Düşərgəsinin ikinci ildir ki, təşkil olunduğunu və xaricdə yaşayan onlarla azərbaycanlının məhz bu irimiqyaslı layihə çərçivəsində doğma vətəninə gəldiyini diqqətə çatdırıb. Komitə sədri düşərgənin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda layihənin hədəfləri barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, Diaspor Gənclərinin Yay Düşərgələri həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar arasında böyük rəğbət qazanıb.

Açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Natiq Əliyev və başqaları çıxış ediblər. Çıxışlarda düşərgənin Azərbaycan diaspor hərəkatının güclənməsində, yeni nəsil diasporun formalaşmasında, xüsusilə xaricdə yaşayan gənclərin şəbəkələşməsində əvəzsiz rol oynadığı diqqətə çatdırlıb.

Qeyd edək ki, II Yay Düşərgəsinin proqramı olduqca zəngindir. Proqramda xaricdəki diplomatik nümayəndəliyin rəhbərləri və bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, eləcə də ictimai xadimlər və media nümayəndələri ilə görüşlər, müxtəlif təlimlər, tarixi yerlərə ekskursiyalar nəzərdə tutulub.
Düşərgə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun da keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir. Yay Düşərgəsi iyulun 14-də başa çatacaq.

C.ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.