525.Az

"Etimadı doğruldan, fəal deputatların namizədlikləri yenidən veriləcək"

MİLLƏT VƏKİLİ AYDIN MİRZƏZADƏ: "İNTERNRET MÜXALİFƏTİNİN CAVABINI AZƏRBAYCAN İCTİMAİYYƏTİ ÖZÜ VERİR"


[07.07.19]
"Etimadı doğruldan, fəal deputatların namizədlikləri yenidən veriləcək"<b style="color:red"></b>

- Aydın müəllim, Milli Məclisə növbəti seçkilərdə təmsil etdiyiniz  hakim Yeni Azərbaycan Partiyası namizədlərin seçimində ciddi dəyişikliklərə gedə bilərmi? Xüsusilə də parlamentdə təmsil olunan deputatlarla əlaqədar?

- Bu gün o məsələ müzakirə edilmir. Zamanı gələndə YAP parlamentə öz namizədlərini təqdim edəcək. Hər bir siyasi partiya kimi YAP da parlamentdə daha çox yer əldə etmək əzmindədir və etimadı doğruldan, fəal deputatların namizədlikləri yenidən veriləcək, gənclər olacaq, özünü təsdiqləmiş ictimai fəallar irəli sürüləcək. Yəni bununla bağlı məsələlər gələn il parlament seçkisi ərəfəsində həyata keçiriləcək.

- Bəzən belə fikirlər səslənir ki, YAP rəhbərliyi, İcra Katibliyi tez-tez parlamentdəki təmsilçilərinə ciddi iradlar bildirir, onları sosial şəbəkələrdə passivlikdə qınayır. Bu baxımdan, YAP rəhbərliyi, İcra Katibliyi ilə partiyanın parlamentdəki deputat korpusu arasında münasibətlər necə qurulub?

- Birincisi, YAP rəhbərliyinin bir hissəsi indi də parlamentdədir, bir hissəsi də vaxtilə parlamentdə olub. Yəni o deyilənlərin heç bir əsası yoxdur. Seçilən deputatlar, parlamentdə olan deputatlar fəaldırlar. Həm parlamentin iclaslarında, həm mətbuatda öz mövqelərini ortaya qoyurlar. Bu gün ölkənin daxili və xarici siyasətini dəstəkləyirlər. Cənab prezidentin apardığı siyasətin təbliğ edilməsində böyük rol oynayırlar. Hər hansı bir iraddan, hər hansı bir xüsusi tapşırıqdan söhbət gedə bilməz. Sosial şəbəkədə müxalifətə cavab verməyə gəldikdə isə, adından da görünür ki, müxalifət bu gün sosial şəbəkədə var. Cəmiyyətdə, ictimaiyyətdə, kollektivdə, insanlar arasında müxalifətin güclü sosial bazası yoxdur. Və bir nəfərin adına onlarla saxta profillər yaradaraq, bir görüntü yaratmağa, bir kütləvilik yaratmağa çalışırlar. Onların hamısının cavabını da xalq özü verir və mən bir siyasətçi kimi onların da siyasətinə baxıram, izləyirəm, onların hansı məsələləri qaldırdıqlarına baxıram və onlara sərt cavablar da verirəm. Bu gün o internret müxalifətinin cavabını Azərbaycan ictimaiyyəti özü verir. Çünki insanlar yaxşı başa düşürlər ki, onların çağırışları, onların siyasəti Azərbaycana, konkret olaraq hər bir vətəndaşa yaxşı heç nə vermir.

- Qarşıdan gələn parlament seçkilərində sürprizlər meydana çıxa bilərmi?

- Belə bir məsələ gözlənilmir. Birincisi, iqtidar işləyir, fəaliyyət göstərir. Cənab prezidentin həm daxili, həm xarici siyasətinin uğurları göz qarşısındadır. İnsanlar yeridilən kursa, köklü siyasətə səs verirlər. Eyni zamanda, insanlar səs verəndə ilk növbədə cənab prezidentin siyasətinə münasibətinə görə namizədə səs verirlər və verəcəklər. Bu, birinci məqam. İkincisi, hakim Yeni Azərbaycan Partiyası vaxtaşırı özünün namizədlərini yeniləyir, həmçinin,  veteranlara, xidməti olanlara həmişə yüksək hörmətini, ehtiramını bildirir. Amma zaman-zaman yeni gənclər gəlir,  artıq özünü  təsdiqləyən, partiyaya bağlı olduğunu, gedən proseslərə sağlam, demokratik münasibət göstərən insanlar ortaya çıxır. Onların potensialından da maksimum istifadə edilir və fikir versəniz görərsiniz ki, hər seçkidə YAP həm tanınan  insanların namizədliyini irəli sürür, eyni zamanda, yeni simalar ortaya çıxarır ki, onlar da parlamentdə özlərini təsdiqlədirlər.

Məsələn, cəmi dörd il bundan əvvəl seçilmiş 20-yə qədər yeni deputatın böyük əksəriyyəti aktivdir. Özlərini bu və ya digər sahənin mütəxəssisi kimi, dövlətin qarşısında duran məsələlərin həllinə çox konstruktiv təklif verən bir siyasətçi kimi tanıda biliblər. Bu, insanı sevindirir. Deməli, öz dövlətinə, özünün tarixinə, xalqın taleyinə bağlı olan yeni bir nəsil yetişir və müstəqilliyimizin də ən böyük qazancı budur.

Kamil HƏMZƏOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.