525.Az

"O" konkret bir şəxsə ünvanlanmayıb"

TÜRKAN TURAN: "RAMİZ RÖVŞƏNİN YAZIMLA BAĞLI MƏNƏ ZƏNG ETMƏSİ HƏYATIMIN HADİSƏSİ İDİ"


[05.07.19]
"O" konkret bir şəxsə ünvanlanmayıb" <b style="color:red"></b>

İyunun 29-da gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Türkan Turanın yenicə çapdan çıxan "O" kitabının imza günü keçirildi. İmza günü Elmlər Akademiyasının Parkında - "Qanun" Nəşrlər evinin dəstəyi ilə həyata keçirilirdi. Kitabda gənc yazarın bir çox maraqlı esseləri yer alır. İmza günündə iştirak edən əməkdaşımızın kitab haqqında fikirlərini və gənc yazar Türkan Turanla müsahibəsini oxuculara təqdim edirik.


İti addımlarla Elmlər Akademiyasının parkına doğru irəliləyirdim. Nədənsə bu gün adətimə xilaf çıxıb ünvana tam vaxtında gəlib çata bilmişdim. "Qanun" Nəşrlər evinin piştaxtalar üzərinə düzülmüş kitabları o qədər çox idi ki, bir anlıq başımın gicəlləndiyini hiss etdim. Birtəhər özümü toparlayıb "Yox, yıxılmayacaqsan" - dedim. Əlimdəki sudan bir-iki qurtum içib "O"nu axtarmağa başladım. Üzərinə çeşidli kitablar düzülmüş piştaxtaları, demək olar, üç dəfə o baş-bu baş gəzib qayıtdım. Ancaq "O"nu tapa bilmədim. Ay Allah, bu cavan yaşımda məni nə tez qocaltdın. Bəlkə də, "O" mənə çox yaxın bir küncdə dayanıb, bəs, yaxşı, mən indi niyə görmürəm onu?!

Axır ki, satıcılardan soruşdum: "Bağışlayın, "O" hansı tərəfdədir, bayaqdan tapa bilmirəm?"

Satıcı oğlan bir az fikrə gedib dedi: "O"? Üz ifadəsindən ondan xəbərsiz olduğunu hiss etdim. Daha sonra başqa bir satıcıya yaxınlaşıb "O"nu soruşdum. O da eyni təəccüblü baxışlarla gözünü üzümə zillədi.

Düşündüm ki, Allahım, niyə bu satıcılar üzümə ruh görmüş kimi baxırlar? Evdən normal insan kimi çıxmışdım, axı. Hətta anam arxamca su da atmışdı.

Axşam saatları idi. Günorta olsa, düşünərdim ki, bəlkə, məni gün vurub. Birdən arxamda dayanmış bir xanımın gülüş səslərini eşitdim. Salamlaşmaqla bir-birimizə sarılmağımız an məsələsi oldu. Bəli, bu, gənc yazar Türkan Turan idi - "O"nun müəllifi. Başımı qaldıran kimi satıcı oğlanın təbəssüm dolu üzünü gördüm.

- Ay xanım, səhərdən deyin ki, siz kimisə axtarırsız da. Biz də bütün kitabları ələk-vələk etmişik.

Gənc müəllifin üzündəki təbəssüm bir az da artdı və:

- Narahat olmayın, "O" bir az gecikir. İndilərdə gəlməlidir - dedi.

Bir azdan "O" gəldi. Və çox keçmədi kitablar piştaxtaya düzüldü. Tez kitabın birini götürüb satıcı oğlana yaxınlaşdım, kitabı onun gözlərinin qabağına tutub dedim:

- "O".

Oğlan təəccüblə baxdı:

- "O"?

Başqa bir satıcı oğlan gülərək bizə yaxınlaşdı:

- "O"!  Ooo....

Beləcə, Türkan Turanın "O"su mənim və iki satıcı oğlanın yaddaşına bu kiçik əhvalatla həkk olundu...

Müəllifə yaxınlaşdım. Yorğun ola biləcəyini düşünüb soruşdum:

- Bəlkə, müsahibəni başqa günə saxlayaq?

Müəllif "Yox, başlayaq" - dedi. 

Və başladıq!..

- Kitabın ərsəyə gəlməsindən başlayaq. Səbəkar kimdir?

- "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid. Kitabın ön sözünü də o yazıb. Rəşad Məcidlə tez-tez söhbətlərimiz olurdu. Bir gün mənə dedi ki, yaxşı olar, ayrılıq  mövzusunda olan fikirlərini esse halında yazasan. Soruşdum ki, bacararam yəni? O, "Əlbəttə, bacararsan", - dedi. Ayrılıqla bağlı bir esse yazdım, Rəşad müəllim çox bəyəndi. Beləcə, "525-ci qəzet"də çap olunmağa başladım. O gündən bu yana insan hissləri ilə bağlı esselər yazıram. Ardınca da bu kitab ərsəyə gəldi.

- Kitabdakı esselərin bir çoxunun mövzusu qadın-kişi münasibətlərinə aiddir. Bu mövzuya xüsusi toxunmağınız nədən irəli gəldi? Bir qadın kimi kitabda təsvir olunan hissləri yaşamısınızmı?

- Bu kitabı oxuyan hər kəs özünü sətirlərdə tapa bilər. Düşünürəm ki, ayrılığın acısını hər kəs iliyinə qədər yaşayıb. Təkcə ayrılıq yox, digər hisslər də kitabda əksini tapıb. Təbii ki, əzab hamı üçündür. Ancaq kitabda vurğuladığım ağrıların hamısını çəksəydim, yəqin ki, yaşaya bilməzdim. O qədər acıya can dayanar? Esselərin hamısı yaşanmış hadisələr əsasında yazılmayıb. Təxəyyül də var.

- "O" kimdir?

- Kitabı oxuyan və özünü orada tapan, hiss edən hər kəs "O"dur. "O" mövhumat və ya absurd deyil, insani duyğuları hiss edən, yaşayan hər kəsdir. Kitab konkret bir şəxsə ünvanlanmayıb.

- Kitabınızda elə bir esse varmı ki, sırf özünüzə aid olsun? Yəni orada sırf özünüzü canlandırmısınız?

- Düşünürəm ki, bunu desəm, bütün şifrələri açmış olaram. Ona görə də sualınıza qısa cavab verəcəm. Yazdığım esselərin hər birinin içində bircə cümlə də olsa, varam. Təkcə mən yox, siz, onlar, o birilər də var...

Təsadüfi deyil ki, bütün yazılarla bağlı eyni sözləri eşidirəm: sanki məni yazmısan. Duyğulara toxuna bilmək insanı daha da iddialı edir. Hələ əgər bu, qadın-kişi mövzusudursa, səni daha çox məsuliyyətli olmağa vadar edir. "O"nun şəfaverici tərəfləri də var. Münasibətlərdə qarşı tərəfin nə düşündüyünü bilmək istəyən kəslər bu kitabda öz suallarına cavab tapa bilərlər. "O" sevgilisinin xəyanətini, onun yalanını öyrənmək istəyənlərin də dadına çatacaq. "O" - eşqin və eşqsizliyin sətirlərə çevrilmiş halıdır.

- Kitabınızın əvvəlində Rəşad Məcid imzası var. Rəşad müəllim Yazıçılar Birliyinin katibi kimi ədəbi gəncliyimizin əhatəsində olan adamdır. Necə düşünürsünüz, kitabınızın populyarlaşmasında Rəşad Məcid faktoru rol oynaya bilərmi?

- Rəşad Məcid hər gəncin kitabına ön söz yazmır. Heç vaxt istedadsız adamın əlindən tutmur. "525-ci qəzet"də gedən yazıları oxudu, gələn reaksiyaları gördü və dedi ki, bu kitab çıxmalıdır. Nəzərə almaq lazımdır ki, yazdığım yazılar "525.az" saytında ən çox oxunanlar sırasındadır. Yəni oxucu hər şeyin fərqindədir.

- Bəs, əgər kitabınız gözlədiyiniz nəticəni verməsə necə?

- Bütün yazdıqlarımın arxasındayam, təkrar söyləyirəm, bu kitab mütləq bestsellerə çevriləcək. Bu gün olmasa da, sabah, sabah olmasa da, o biri gün, amma bir gün mütləq olacaq. Yazdıqlarımın gücünə inanıram.

- Gənc, gözəl xanımsınız. Adətən gözəl xanımlar oxucu qazanmaq üçün kitabın üz qabığında öz şəkillərini verirlər. Siz isə kitabın arxasında çox kiçik bir şəkil yerləşdirmisiniz. Bu, nədən irəli gəlir?

- Şəkillə oxucu cəlb etməyə ehtiyac duymuram.

- Tanınmış ədəbiyyat adamlarından yazılarınızla bağlı fikir bildirənlər olubmu?

- Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Ramiz Rövşən esselərimi bəyənərək oxuyur. Bu mənim üçün böyük uğurdur. Keçən ilin avqust ayında redaksiyaya getdim. Rəşad Məcid dedi ki, Ramiz Rövşən sonuncu yazdığın yazını bəyənib və zəng edib. Düzü, əvvəlcə inana bilmədim. Təsəvvür edin, illərlə heyranlıqla baxdığın, şeirlərini əzbər bildiyin, sözün bitəndə onun misraları ilə cavab verdiyin insan bir gün sənə zəng edir. Özü də yazdığın yazıya görə... Necə xoşbəxt olmuşdumsa, düz üç gün buludların üzərindən yerə enə bilməmişdim.

- Ramiz Rövşən nə demişdi yazı ilə bağlı?

- "Vaz keçməyin xəfifliyi" adlı yazımla bağlı zəng etmişdi. Çox sözlər dedi. Tövsiyə etdi ki, çox dərinliyə getmə, onsuz da arif olan səni anlayacaq. Məhz Ramiz Rövşənin şərəfinə həmin esseni kitabda birinci verdim. Ramiz Rövşənin zəngi həyatımın hadisəsi idi, bunu əbədiləşdirmək lazım idi.

- Eşitdim ki, yaxın günlərdə Türkiyədə roman da çap etdirməyə hazırlaşırsınız. Doğrudurmu?

- Doğrudur. Dayanmadan üzərimdə çalışıram. İki aydır, bütün vaxtımı bu romana həsr etmişəm. Sosial həyatdakı fəaliyyətim xeyli zəifləyib. Dostlarıma əvvəlki kimi zaman ayıra bilmirəm və buna görə çoxu məndən inciyir.

- Roman türkcə çap olunacaq? Bəs, Azərbaycan oxucusu üçün necə, əsəri çap etdirməyi düşünürsünüzmü?

- Türkiyədəki yayım evlərinin birində türk dilində çap olunacaq. Kitabın Azərbaycanda çapı ilə bağlı hələlik bir fikrim yoxdur.

- Türkiyədə roman çap etdimək toplumun içində məhşur olmaq niyyətindən doğur, yoxsa bu təklif qarşı tərəfdən gəlib və sizi cəlb edib?

- Şou adamı olsaydım, buna ehtiyac hiss edərdim. Amma bu, sırf yazmağı bacarmaqdan irəli gəlir. Təklif gəldi, mən də yazdım. "525-ci qəzet"dəki yazılarım Azərbaycan dilində olmasına baxmayaraq, Türkiyədə də oxunur. Xüsusilə yazıçı, ssenarist, musiqiçi, rejissor, siyasətçi Zülfü Livaneli ilə bağlı yazdığım yazılara xoş rəylər gəlib.

- Romanın janrı və mövzusu haqda nəsə demək istərdinizmi?

- Detektiv janrdadır. Amma mövzu sürpriz olaraq qalsın.      

- Dediniz ki, Zülfü Livaneli ilə müsahibələriniz silsilə şəklində "525-ci qəzet"də yayımlanıb. Bəs, onunla tanışlığınız necə başladı?

- Livaneli ilə bağlı yazılar hələ də davam edir. Həmin yazıları kitab halında çap etdirməyi planlaşdırırıq. Rəşad müəllim hətta kitaba ad da qoyub: "Livanelinin gözü ilə..."

Livanelini "Serenad" adlı romanıyla tanıdım. Sonra müxtəlif kitablarını, müsahibələrini oxudum, həyat və yaradıcılığını dərindən araşdırdım. Belə qərara gəldim ki, bu böyük insandan müsahibə almalıyam. Doğrudur, ona çatmaq düşündüyümdən də uzun vaxt aldı və böyük çətinliklərdən keçərək gedib çıxa bildim. Əziyyətimə dəydi, söhbətimiz çox uğurlu alındı.

- Esselərinizdə kifayət qədər açıq detallar var. Buna görə ailənizdən təpkilər-filan olur?

- Əvvəl buna qəribə baxırdılar. Sonra anladılar ki, elə belə də olmalıdır. Yazılarımla bağlı əngəl sayılacaq nəsə yoxdur.

- İddialı bir qadın kimi hər hansı bir kişinin ideal xanımı olmaq istərdinizmi? Yəni yaxın zamanlarda ailə həyatı qurmağı düşünürsünüz?

- Həyatımı ər, karyera, uşaq kimi məsələləri hesablamadan, hiss etdiyim kimi yaşayıram.

- Daha çox qadınlarla problemləriniz olur, yoxsa kişilərlə?

- Nə vaxtsa qadınlarla problemim olduğunu xatırlamıram. Amma gördüyüm mənzərə tam əksini deyir. Kişilər sakit dayanmır, badalaq vurur, dedi-qodu edir, paxıllıq çəkirlər. Bunlar kənardan yaxşı görünmür.

Leyla ƏSƏDULLAYEVA,
Modern.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.