525.Az

Abid Tahirli: "Odlar yurdu" qəzeti mətbuat tariximizin qürurverici səhifəsidir"

[28.06.19]
Abid Tahirli: "Odlar yurdu" qəzeti mətbuat tariximizin qürurverici səhifəsidir" <b style="color:red"></b>

Müasir Azərbaycan mətbuatı salnaməsinin dəyərli səhifələrindən biri də Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin orqanı olan "Odlar yurdu" qəzetidir.

Ötən əsrin 80-ci illərinin sonları kimi qaynar bir dövrdə nəşrə başlayaraq, milli məsələlərə, xalqımızın taleyüklü problemlərinə ciddi və düzgün yanaşması, öz səhifələrində vətənpəvərlik, tariximizin önəmli məqamları barədə sanballı yazılara yer verməsi "Odlar yurdu"nu çağdaş qəzetçiliyimizdə xüsusi mövqeyə yüksəldib.

"Odlar yurdu"nun cəfakeşlərindən biri - tanınmış tədqiqatçı və publisist, filologiya elmləri doktoru Abid Tahirli ilə söhbətimiz bu qəzet və onun ətrafında cərəyan etmiş maraqlı hadisələrlə bağlıdır. 

- Abid müəllim, "Odlar yurdu" qəzetində fəaliyyətə başlamağınızı necə xatırlayırsınız?

- "Odlar yurdu"na gəlişimin maraqlı tarixcəsi var. Universiteti qurtarandan sonra ixtisasım üzrə iş axtarır, eyni zamanda,  "Bakı - axşam"  qəzeti ilə sıx əməkdaşlıq edirdim. Qəzetin şöbə  müdiri Əlabbas Əliyevin təqdimatı ilə  Şaban Şabanovun redaktorluq etdiyi "Nümunəvi texnika uğrunda" ("Bakıelektrikməişətcihaz" İstehsalat Birliyinin orqanı) qəzetində bir müddət çalışmalı oldum. Qəzet "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunurdu. Bir gün gördüm ki, Nəbi Xəzrinin sədrlik etdiyi Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı "Vətən səsi" qəzetinin baş redaktoru  Rafiq Haşımov qəzetlərin tərtib olunduğu sexdə həyəcanlı halda ora-bura var-gəl edir, dodağının altında mızıldanırdı. Metrampaj Səfurə xanımdan nə olduğunu soruşdum. O, adəti üzrə gülümsəyib: "İşləri getmir" - dedi  və dərhal da əlavə etdi: "Nə olar, ona kömək elə də, cavan oğlansan, qəzeti gecikir". Səfirə xanım məndən sonra Rafiq Haşımova nə dedisə, bir azdan o mənə yaxınlaşdı və xahiş etdi ki, qəzetin tərtibatı və korrekturası ilə bağlı köməklik edim. Bu qəzeti həmişə çap prosesində, mətbəədə oxuduğumdan, ona böyük maraq göstərdiyimdən təklifə həvəslə razılıq verdim. Bir müddət sonra Rafiq Haşımov sevincək mənə yaxınlaşıb:    - Nəbi Xəzrini dilə tutdum, o da sənin bizim qəzetdə yarımştat korrektor işləməyinə razılıq verdi. Sənədlərini hazırla" - dedi. Beləliklə, mən bu qəzetdə bir müddət yarımştat korrektor işləməyə başladım.  1982-ci ildən 1988-ci ilə qədər bu qəzetdə işlədim. Bu qəzetdə fəaliyyətim müddətində, xaricdə yaşayan həmvətənlərimlə əlaqə və əməkdaşlıqdan, onlarla yazışmalardan  xüsusi mənəvi qida alırdım. Bir maraqlı fakt deyim ki, o vaxtkı Əlyazmalar Fondunun, sonralar Əlyazmalar İnstitutunun direktoru, professor Cahangir Qəhrəmanovdan müsahibə götürdüm. Söhbət əsnasında onun diqqətini cəlb etmişdim. Məndən soruşdu ki, qəzetdə hansı vəzifədə işləyirsən? Gülümsəyib dedim ki,  yarımştat korrektor. Əvvəlcə inanmadı. Elə yanımdaca Nəbi Xəzriyə zəng etdi. Telefon söhbətindən hiss etdim ki, onlar yaxın dostdurlar. Ərkyana dedi: "Mənim yanımda sizin qəzetin əməkdaşı var, Abid Tahirli, mən ondan soruşuram, qəzetdə nə işləyirsən? Deyir, "yarımştat korrektor". Mən inanmıram, düz deyir?"

Telefonda Nəbi Xəzri təsdiq etdi. Cahangir müəllim ciddi tərzdə:  "Mən xahiş edirəm, onun işini dəyişin. Yoxsa, onu Fonda işə götürəcəyəm" - dedi. Bir müddət fəaliyyətimdən sonra mən tamştat korrektor, müxbir, böyük müxbir, redaktor müavini kimi vəzifələrdə çalışdım. 1988-ci ildə "Vətən səsi" qəzetinin adı dəyişdirilərək "Odlar yurdu" adlandırıldı və "Vətən" Cəmiyyətinin orqanı kimi fəaliyyətini davam etdirdi.

- "Odlar yurdu" qəzeti Abid Tahirlinin həyat və fəaliyyət yolunda necə iz qoydu?

- 1992-ci ilə qədər "Odlar yurdu" qəzetində çalışdım. Sonra 1993-cü ildə "Vətən" Cəmiyyətində Avropa və Amerika ölkələri şöbəsinin müdiri vəzifəsində işlədim. İstər tərcümeyi-halım, istərsə də yaradıcılıq yolum  haqqında düşünəndə fikirləşirəm ki, "Odlar yurdu" qəzeti mənim həyatımın bir parçasına çevrilmiş, həyatımda və yaradıcılığımda silinməz iz buraxmış mühüm bir mərhələdir. Cəsarətli yazıları, müsahibələri hazırlamaq üçün özümüzü sözün  hər iki mənasında meydana atmışdıq... Bir gündə onlarla məktub, teleqram alırdıq. Qarabağdan, Cənubi Azərbaycandan, həmvətənlərdən yazdığım yazılarla bağlı oxucular maraq və təşəkkür dolu məktublar göndərirdi.

- Cənub mövzusunu ilk gündəmə gətirən, Qarabağ haqqında davamlı yazan qəzetlərdən biri kimi bir çox yazılar dərc etmisiniz, təəssüf ki, həmin problemlər hələ də qalmaqdadır...

- Bəli, Dağlıq Qarabağ və Cənub mövzusu qəzetin tez-tez müraciət etdiyi problemlərimizdən biri idi və təəssüf ki, hələ də həllini gözləyən bir məsələdir. Həsən bəy Zərdabi yazırdı ki: "Bir qayanın üzərinə su damcı-damcı tökülərsə, bir gün o damcılar,  o qayanı deşəcək!" Biz də ümid edirik ki, haçansa bir gün o qaya deşiləcək! Problem varsa, mütləq işıqlandırılmalıdır. Ona biganə qalmaq olmaz! Azərbaycanın ən böyük dərdlərindən biri onun parçalanmasıdır və 200 ildən artıqdır ki, bu dərdlə yaşayır. Mən ümid edirəm ki, bütöv Azərbaycan adlı bir məmləkətə qovuşmağımız çox da uzaqda deyil.

- "Odlar yurdu" qəzeti fəaliyyəti müddətində hansı uğurlara imza atdı?

- Bu qəzet çox mühüm mərhələlər yaşamışdır. Bugün onun nəşrindən 31 ilə yaxın vaxt keçir. Azərbaycanda milli azadlıq hərəkatının başlanması zamanı  Xalq Cümhuriyyətinin liderləri, nazirləri, atributları, apardığı islahatlar barədə "Odlar yurdu" qəzeti çox qiymətli məlumatlar verib. Bu, onda çoxlarına qəribə gəlirdi. Çünki o vaxtlar bu mövzunu işıqlandırmaq hədsiz vətən sevgisi və cəsarət tələb edirdi. Bu yazılarla bağlı bizə Mərkəzdən çoxlu hədə-qorxular gəlinirdi. Hətta İrandan belə redaksiyamıza zənglər, məktublar daxil olurdu. Biz də görkəmli ədib və ictimai xadim Elçin  Əfəndiyevlə çiyin-çiyinə verib bunların öhdəsindən gəlirdik. O dövrdə fikrimiz ancaq meydan hərəkatında idi. Hətta,  ailə qayığılarımız arxa plana keçmişdi. Sözün düzü, bir qədər qəribə səslənəcək. Həqiqətən, ölümdən də qorxmurduq. İstənilən an biz həyatla vidalaşmağa özümüzü hazırlamışdıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tanklardan çəkinmədən irəli dururduq ki, faktları dünyaya çatdıraq, xarici ölkələrə Azərbaycan həqiqətlərindən reportajlar verək. Kollektivimiz  ölüm köynəyini geyinib həqiqəti xalqımıza çatdırırdı. Bəlkə də bunun fərqinə hələ tam varmamışıq, amma "Odlar yurdu" milli mətbuatımızın qürurverici və şərəfli səhifəsidir.

- Peşəkar bir jurnalist kimi bugünkü mətbuatımızın vəziyyəti sizi qane edirmi?

- Hərdən bəzi həmkarlarımdan, "köhnə qvardiya"dan  eşidirəm, "jurnalist olduğumdan utanıram" və ya "jurnalist olduğumu gizlətməyə çalışıram" - deyirlər. Çünki mətbuatımızın bugünkü vəziyyəti peşəkarlıq baxımandan, etik cəhətdən elə də ürəkaçan deyil. Ürək ağrısı ilə deyirəm ki, hərbi vətənpərvərlik, milli-mənəvi, əxlaqi məsələlər, dini dəyərlər kimi vacib mövzulara kifayət qədər geniş və dərindən toxunulmur. Ana dilimizlə bağlı məsələlər də lazımınca işıqlandırılmır, dilimizin normalarına əməl edilmir. Bunun bir cəhəti təhsilə, digəri isə təcrübədə peşəkarlıq əldə etməyə bağlıdır. Bu günlərdə dünyasını dəyişmiş böyük alim və pedaqoq, unudulmaz şəxsiyyət Şirməmməd Hüseynov bizə - tələbələrinə deyirdi ki, yaxşı oxumayan tələbəni də universitet həyatı yaxşı vətəndaş kimi yetişdirəcək, peşəkar jurnalist olmağınız isə sizin istedadınızdan asılıdır. Düşünürəm ki, jurnalistikada, mətbuat sahəsində həm istedadlı, həm təhsilli, həm də zəruri praktik keyfiyyətlərə yiyələnən kadrlar çalışmalıdır. Sonda bir məqamı xüsusi qeyd etmək istərdim ki, diqqət yetirdiyiniz mövzu çox maraqlıdır, "Odlar yurdu" barədə bu söhbət üçün minnətdaram. Mənə elə gəlir, tədqiqatçılar, eləcə də jurnalistlər "Vətən" Cəmiyyətinin və "Odlar yurdu" qəzetinin  fəaliyyətini dərindən araşdırmalıdır. Çünki hər ikisinin bizim müasir tariximizdə xüsusi yeri var.

Xəyalə MƏZAHİRQIZI
Bakı Dövlət Universitetinin magistri


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.