525.Az

Pərvin: "Bütün günahlar təbiətdədir" - Müsahibə

[23.06.19]
Pərvin: "Bütün günahlar təbiətdədir" - <b style="color:red">Müsahibə</b>

Bugünlərdə "The MOST" dərgisinin növbəti sayı işıq üzü görüb. Dünyanın müxtəlif ölkələrində, rusca yayımlanan dərginin bu nömrəsi ədəbiyyata həsr olunub və səhifələrində müxtəlif sənət adamları haqqında məqalələr, onların müsahibələri yer alıb.

Yazıçı Pərvinin elə həmin nömrədə yayımlanmış müsahibəsini oxucularımıza təqdim edirik.

Qeyd edək ki, dərgi üçün fotoların müəllifi peşəkar fotoqraf Adil Yusifovdur... 

- Kitablar aləminə aparan yolunuz necə başlayıb?

- Sualınızı iki cür cavablandırmaq olar. Əvvəlcə ümumiyyətlə kitablar aləmiylə tanışlığımdan, sonra isə öz kitablarımdan danışa bilərəm. Mən anadan olanda artıq bizim evimizdə atamın böyük kitabxanası vardı. Anam isə müəllimə idi. Ona görə evdə hər gün mütaliə edən atamı və balacalara dərs deyən, məktəblə bağlı olan anamı görürdüm. Bu mənada bütün həyatımız kitablarla, oxumaqla bağlı idi. Mənim ən böyük qazancım o oldu ki, təxminən 3 yaşımda yazıb oxumaq öyrəndim, tezliklə məktəbə getdim və hətta mütaliyə etməyə başladım. Ona görə yəqin dünyaya gəlməyimlə, kitablar aləminə düşməyim eyni vaxta təsadüf edir. Özümün yazmağım və çap olunmağım, kitablar müəllifi kimi tanınmağım isə çox sonralar olub. Daha dəqiq desəm, uşaqlıqdan, yeniyetməlikdən yazırdım, amma cızmaqaralarımı gizlədirdim.

- Yəni bu, özünə inamsızlıqdan irəli gəlirdi?

- Daha çox özümə qoyduğum yüksək tələblərdən. Yəni mənim düşüncəmdə yaradıcılıq ilahi hadisədi və buna hazır olmalısan, haqqın çatmalıdı.

- Bəs niyə məhz yazıçılıq?

- Bütün günahlar təbiətdədir... Əslində, yaradıcılıq həvəsi hər adamın içində var. Amma təbiət bunu hansı kriterilərlə bölüşdürür, o istedadı necə, nə üçün verir, bunu hələ bilmirəm. Yazıçılığın yalnız bir səbəbi ola bilər məncə: daxili ehtiyac. Yəni söz səni narahat edirsə, yazmaq, ürəyini boşaltmaq istəyirsənsə, bu işlə məşğul olmağın mənası var. Bir də zamanla yazmaq sadəcə həyat tərzinə çevrilir. Bəlkə də ən yaxın dostuna, əzizinə belə etiraf edə bilməyəcəyin fikirlər yazdıqca açılır, kağız üstündə yer edir özünə. Ona görə yazıçılıq bəzən əzablı, amma həmişə xoş bir işə çevrilir sənin üçün...

- Sizcə, sənətinizdə ən xoş olan, amma həm də ən çətin olan nədir?

- Nədənsə yazıçılığı peşə hesab edə bilmirəm. Artıq söylədiyim kimi, bu, həyat tərzidi, yaşamaq qaydasıdır. Və yəqin ki, bütün həyatın, sənətlərin çətin tərəfləri olduğu kimi, yazıçılığın da öz qəlizlikləri var. Amma bunların da olmaması mənasız edər yazmaq prosesini. Məndən ötrü çətin olan ürəyin, ruhun israfıdır. Çünki bəzən bunu idarə edə bilmirsən və hər yeni yazıdan sonra müharibədən çıxmış kimi hiss edirsən özünü. Düzdü, əgər yazdığın ürəyincə olursa, qalib ədası ilə çıxırsan mübarizədən. Və yəqin yaradıcılığın ən xoş tərəfi də elə bu qalibiyyət duyğusudur. Hər yeni yazı ilə yaşamaq və onun çapını öz növbəti doğum günün kimi qeyd etməkdi xoş olan...

- Ən böyük qələbənizi və ən böyük, təsirli məğlubiyyətinizi təsvir edə bilərsiz?

- Doğrusu, uğurlarımın siyahısını tutmaq və ümumiyyətlə bu haqda düşünmək xoşlamıram. Çünki, məncə, yaradıcı adamın ən böyük bəlası arxayınlaşmaq ola bilər. Sən sadəcə işinlə məşğul olursan, uğurlar da, uğursuzluqlar da düzgün nəticə çıxarmaq üçündür. Amma bununla belə yaradıcı adam üçün mükafatlar, yaxud zövqünə inandığın adamların xoş sözləri stimuldur. Bu mənada ölkə rəhbərinin sərəncamı ilə Gənclər üçün Prezident mükafatı almağımı unutmuram və hesab edirəm ki, gənc yaşımda bu hadisə məndə özünəinam yaratdı. Uğursuzluğa gələndə isə çalışıram nəticəni təqdim etməzdən əvvəl yüz dəfə yoxlayım, dostlarımın, sənət bilicilərinin fikirlərini öyrənim, səhvlərimi düzəldim, bitkin olmayanı dəqiqləşdirim. Amma yenə də hər bir yaradıcı adamın həyatında bu ola bilər və bundan sadəcə düzgün nəticə çıxarmağı bacarırsansa, elə uğursuzluqların özündə də fayda var.

- Uğurlu yazıçı kimi yetişmək üçün hansı keyfiyyətlərə malik olmalısan?

- Ümumiyyətlə, istənilən sahədə uğur qazanmağın yolu zəhmətsevərlikdən keçir. Bəzən tələbələrim məndən uğurlarınızın sirri nədədir deyə soruşurlar. Deyirəm birinci şərt tənbəlliyə qalib gəlməkdir. Zəhmət çəkməmək və bu günün işini sabaha qoymaq üçün yüzlərlə səbəb var və insan təbiət etibariylə rahatlığa meylli olduğu üçün işləməməkçün bəhanə tapmaq çətin deyil. Amma tək bircə səbəbi tutub çalışmaq, işləmək lazımdır. Ancaq sadəcə zəhmətkeşliklə iş bitmir, təbiətin verdiyi istedad, üstəgəl, müşahidə qabiliyyəti və yaddaş olmalıdı yazıçıda. Ancaq yenə də, bu söylədiklərim resept deyil, tarixdə tənbəl, amma uğur qazanan, yaxud istedadlı, ancaq yaddaşı zəif olan çoxsaylı sənətkarlar olub. Yəni hər kəsin öz üsulları var.

- Hansısa bir əsəri yazarkən hansı çətinliklər, maneələr üzə çıxır və siz onların öhdəsindən necə gəlirsiniz?

- Zamanla, təcrübə topladıqca baryerləri aşmaq bacarığını itiləmiş olursan, ona görə bəzi çətinliklər sadələşir. Mənim üçün ən çətini daxili senzuradan keçməkdir. Yaradıcı proses maksimum azadlıq tələb edir, amma sən bəzən hansısa səbəbləri nəzərə almalı, onlara əməl etməli olursan. Ancaq yenə də söylədiyim kimi, yazmaq vərdişi itiləndikcə çətinliklər də sadələşir.

- Sizcə, yazıçı özünə hər şeydən əvvəl hansı sualı verməlidir?

- Başqa yazıçıları deyə bilmərəm, amma mənim özümə suallarım daha çox tələblərimlə bağlı olur. Hər şeydən əvvəl yazdıqlarım oxucuya nə verəcək? Bu gün yazdığım dünənkindən fərqlənirmi? Çalışıram ki, hər yeni yazı ilə bu suallara müsbət cavab verim.

- Sizin əsas tənqidçiniz kimdir? Ümumiyyətlə, hansı tənqidə inanırsız? Özünüz özünüzü tənqid edirsinizmi?

- Özünə tənqidi yanaşmaq və gördüyün işdə səhvləri axtarmaq çox mühüm məqamdı. Çünki yaradıcı adam öz səhvlərini hamıdan yaxşı bilir və inkişaf üçün, irəli addımlamaq üçün bu səhvləri görmək, onları düzəltmək çox vacibdir. Həm də mənim təhsilim də filologiya olduğu üçün, bu sahədə də ədəbiyyatşünas kimi tədqiqatlar apardığım üçün bir az da peşəkar yanaşmağa çalışıram. Ətrafımda sözünə inandığım ədəbiyyat tənqidçiləri də var, onların qeydlərinə çox həssas yanaşıram. Bir də sənət zövqünə arxalandığım dostlarım var ki, onların fikirləri çox önəmlidi və dedikləri qeydləri nəzərə almağa çalışıram həmişə. Bilirsiz, bəzən belə fikir yaranır ki, yaradıcı adamlar tərifi sevirlər, amma mən belə düşünmürəm. Hər halda mənim üçün ən doğma adamın sadə bir "yazın xoşuma gəldi" ifadəsi yüz cür pafoslu tərifdən xoşdur.

- Sizin yaradıcılıq deviziniz, kredonuz varmı?

- Sənət xilasdır, işləmək isə səadətdir. Bəzən bu ideyanı müxtəlif esselərimdə işlədəndə dostlar məgər başqa nədəsə xoşbəxtlik yoxdu? - deyə irad tuturlar. Əlbəttə var. Amma bizim işimiz həm də özünlə, öz fikirlərinlə təkbətək qalmaq deməkdi. Bu isə hər insanın ehtiyacı olan rahatlıqdı. Yaradıcı adamlara bu rahatlığı yalnız sənəti yaşada bilir.

- Yaradıcılıq ilhamını nədən alırsınız? Ümumiyyətlə, yaradıcı ovqatı, işləmək üçün əhval-ruhiyyəni necə yaradırsınız?

- Şübhəsiz ki, insanı ilhama gətirən müxtəlif səbəblər var və zamanla ilham mənbələri də dəyişir. Dünən səni təsirləndirən, yazmağa sövq edən musiqi bu gün adiləşir. Yaxud zaman keçdikcə oxuduğun əsərlər başqa cür təsir edir, ya da heç  təsir etmir. Ona görə peşəkarlıq artdıqca yaradıcılığın hansısa kənar səbəblərdən asılılığını azaltmağa çalışırsan. Məncə, əsas sirr yaşaya-yaşaya yazmaqdadı. Yəni həyatını dolu yaşamağı bacarırsansa, ordan yaradıcılıq üçün impulsları mütləq alırsan.

- Yazıçılar dünyasında kumirləriniz?

- Azərbaycan yazıçılarından ən sevdiyim Mirzə Cəlil Məmmədquluzadədir. Onun yazdıqlarını özümə ruhən çox yaxın hiss edirəm. Həm də Mirzə Cəlilin xarakter ustalığı məni hər zaman təsirləndirir. Onun yaratdığı xarakterləri canlı görürəm, hiss edirəm. Rus ədəbiyyatından Tolstoyu, Çexovu çox sevirəm. Çexovun soyuq nəsrinin, dramaturgiyasının daşıdığı isti ideyalar, az sözlə dərin mətləbləri deməsi çox heyrətamizdir. Tolstoyun isə peşəkarlığı, qeyri-adi yanaşmaları, dərinliyi çox maraqlıdı mənim üçün. Yəni yazıçı kimi bu yazıçıların yazı manerasından nələrsə öyrənməyə çalışıram hər zaman. Amma sevdiyim şairlərin, yazıçıların adlarını sadalasam, uzun bir siyahı alınar. Həm də universitetdə dərs deyən adam kimi mütaliəyə peşəkar yanaşmağa, sistemli oxumağa çalışıram.

- Elə bir mövzu varmı ki, heç zaman yazmazsınız?

- Doğrusu, "heç zaman heç zaman demə" fikrinə çox inanıram. Çünki həyatı hədsiz gözlənilməz hesab edirəm. Ona görə heç zaman yazmayacağım mövzular haqqında danışmaq çətindi. Bircə mövzuda çox dəqiq cavab verə bilərəm ki, vətənimə xəyanət sayıla biləcək heç nə yazmaram.

- Yaxın gələcəyə aid planlarınızı bölüşərdiniz...

- Hal-hazırda bir neçə pyes və bədii əsər üzərində işləyirəm. Həm böyüklər, həm də uşaqlar üçün yazdığım pyeslər var ki, onlara Gənc Tamaşaçılar Teatrında quruluş verilir. Eyni zamanda, televiziya tamaşaları üçün də müxtəlif ssenarilər yazmışam. Bir neçə hekayə eskizlərim var ki, onları yaxın gələcəkdə yazmaq istəyirəm. Həm də uzun müddətdir üzərində çalışdığım romanı nəhayət bitirib oxucularıma təqdim etmək istərdim. Amma şübhəsiz ki, söhbət yaradıcılıqdan gedirsə, nə isə planlaşdırmaq yersizdi. Çünki yaradıcı prosessin öz diktələri var...


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.