525.Az

Tanınmış pedaqoqun 130 illik yubiley tədbiri keçirilib

[12.06.19]
Tanınmış pedaqoqun 130 illik yubiley tədbiri keçirilib<b style="color:red"></b>

Biləcəridə yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə Şuşanın tanınmış pedaqoqu Mirzə Xosrov Axundovun anadan olmasının 130 illik yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Şuşa şəhər 3 saylı tam orta məktəbin direktoru Elmira Əliyeva Xosrov Axundovun arxivdən tapdığı nitqini tədbir iştirakçılarına təqdim edib.

Sonra məktəbin şagirdləri Xosrov Axundovun şeirlərini səsləndirib, Şuşanı vəsf edən mahnılar ifa ediblər.

Mirzə Xosrov Axundovun qızı Mehparə Axundova tanınmış pedaqoqun müəllim kimi fəaliyyətindən, Şuşanın məşhur şəxsiyyətləri ilə bağlı yazdığı xatirələrdən, Xurşidbanu Natəvanla əlaqədar maraqlı hadisələrdən, Mir Möhsün Nəvvabla olan münasibətindən danışıb.

Mirzə Xosrov Axundovun oğlu Fikrət Axundov onun müəllimlik məharətindən, şagirdlərlə xoş ünsiyyət yaratmasından, onların qəlbinə yol tapmasından danışıb. Xosrov müəllimdən yadigar kimi saxladığı şagird dəftərlərindən bir neçəsini yubiley iştirakçılarına göstərib. F.Axundov vaxtilə Xosrov müəllimin şagirdi olmuş Vilayət Əliyevə məxsus dəftəri ona təqdim edib. Vilayət və Vətən Əliyev qardaşları böyük ehtiramla Xosrov müəllimdən danışıblar. Vətən Əliyev müəlliminin çox mədəni, qayğıkeş, diqqətli bir pedaqoq olduğunu, şagirdləri ilə dost kimi rəftar etdiyini, bütün şagirdlərin ona böyük hörmət bəslədiyini bildirib.

Sonra söz akademik Lətif İmanovun bacısı Kamilə İmanovaya verilib. K.İmanova ailədə 8 uşaq olduqlarını və hamısına Xosrov müəllimin ibtidai sinifdə dərs dediyini bildirib.

Filologiya elmləri doktoru İlhami Cəfərsoylu Xosrov müəllimin özünəməxsus dərs demək qabiliyyətindən, şeir yazmasından, Qarabağın, o cümlədən, Şuşanın tarixi ilə bağlı dəyərli tarixi faktların ortaya çıxarmasından danışıb.

Xosrov Axundovun nəvələri - Arzu Axundova, Şaiq Axundov, Xosrov Axundov, Könül İslamova babaları ilə fəxr etdiklərini, onun kimi şəxsiyyət olmaq istədiklərini bildiriblər. X.Axundovun nəticələri Murad və Ayan İslamovlar ulu babalarının şeirlərini söyləyiblər.

Sonda Xosrov müəllimin oğlu Fikrət Axundov tədbir iştirakçılarına, o cümlədən, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyevə, məktəbin direktoru Elmira Əliyevaya və gələn qonaqlara öz təşəkkürünü bildirib.

Xosrov AXUNDOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.