525.Az

Bir Vaqif Səmədoğlu vardı... - Fotolar

[12.06.19]
Bir Vaqif Səmədoğlu vardı... - <b style="color:red">Fotolar </b>

Şair kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında! -

- deyirdi Vaqif Səmədoğlu. Xalq şairi, xalqın şairi Vaqif Səmədoğlu... İstədiyi kimi yaşadımı, bilmirəm, amma istədiyi kimi qaldı yaddaşlarda.

Bunu iyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən 80 illik yubiley tədbiri bir daha sübut etdi.

Ölkənin tanınmış qələm adamlarının, incəsənət nümayəndələrinin, ziyalıların, oxucu və media nümayəndələrinin iştirakı ilə keçirilən gecədə Azərbaycan poeziyasında öz yolu, öz dəstxətti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən olan V.Səmədoğlunun şeirləri səsləndirildi, sözlərinə yazılmış musiqilər ifa edildi.

Tədbiri gecənin aparıcısı, qiraətçi, şair Xəzər Süleymanlı yubilyarın misraları ilə açdı:

Qurani-Kərim kitabını
açıq saxlama, heç vaxt.
Heç zaman bağlama şeir dəftərini.
Müqəddəs Kitabı yaxşı yerə qoy.
Şeir dəftərinə dəymə,
özü yer tapacaq özünə.

"Vaqif Səmədoğlu 1956-cı ildə musiqi məktəbinin buraxılış imtahanında ilk dəfə səhnəyə çıxıb. O zaman onun 17 yaşı vardı. Maestro Niyazinin dirijorluğu ilə Rahmaninovun fortepiano və orkestr üçün 1-ci konsertini gənc Vaqif məhz bu səhnədən ifa edib. 63 il sonra Vaqif Səmədoğlunun bir daha bu məkana qayıdışıdır bu anlar".

Sonra ekranda Vaqifin uşaqlıq və gənclik illərini əks etdirən videomateriallar təqdim olundu və bu görüntülər gecə boyunca o ağ ekrandan asılı qaldı. Sanki şair ən yüksəkdən bizə baxır, bizi izləyir, onun şeirlərinə nəfəs verənlərə sevgiylə gülümsəyirdi.

Azərbaycan televiziya və radiosunun Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı Əməkdar  artist Tariel Abbasovun bədii rəhbərliyilə musiqi çələngi ilə gecəyə xüsusi təravət bəxş etdi. Onların ifa etdikləri musiqilər şairin sözlərilə İlahi ahəng yaradırdı sanki: "Hər şeydən əvvəl məni musiqinin möcüzəsi heyran edir. Məncə, Allah, insanı yox, musiqini öz oxşarı kimi yaradıb. Bütün dinlərdə dualar musiqiyə boyanıb. Əminəm ki, Allah, çox sözləri qəbul etmir, ancaq duaların musiqisini qəbul edir. Məhz bu səbəbdən də, hələ dünyanın sonu yetişməyib".

X.Süleymanlı, aktyorlar Kamran Yunis, Elnar Qarayev və qiraətçi Samir Bağıroğlu gecə boyunca şairin yaradıcılığından müxtəlif nümunələr səsləndirirdilər. Bu nümunələr bir daha sübut edir ki, Vaqif Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.

Nicat Cəfərzadə, "Cəngi" qrupu, Rövşən Civişov (gitarada Elnur Fəttəhov), Xalq artisi Mübariz Tağıyev, Azərbaycan televiziya və radiosunun solistləri Zabitə Alıyeva,  Aynur İskəndərli, Taleh Yəhyayev, Əməkdar artist Şölə Səfərəliyeva, Samirə Əfəndinin musiqiləri şairin sözlərini xatırladır: "Musiqi, azadlıq məhbəsidir. Ona məhkum olan insanların cəzası isə ömürlükdür".

Əməkdar artist Tahir İmanov Vaqifin xatirələr dəftərindən həm yumorla, həm də hüzünlə dolu səhifələr oxudu.

Xalq artisti Mabud Məhərrəmovun xatirələri və səsləndirdiyi şeir kövrək tellərə toxunur.

AYB-nin mətbuat katibi, şair Xəyal Rza isə "ürəyimdə bir vətən qəribsəyib"- deyən Səmədoğluna yazdığı nəzirə ilə gecəyə ayrı bir ab-hava qatdı. 

Bakıda ilk dəfə səslənən Mobil Babayev V.Səmədoğlunun sözlərinə bəstələdiyi "O dünyanın fəsilləri" adlı əsərlə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri qarşımızdadır. Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbər və baş dirijorluğu ilə səslənən musiqi və Fəhmin Əhmədlinin ifası tədbirin son akkordlarını vurur.

Və hardansa mərhum sənətkar Fuad Poladovun səsini eşidirik: "Sevgilim, mən öləndə..."

Tədbirdən sonra gecənin aparıcısı X.Süleymanlı bu sahədə təcrübəsinin V.Səmədoğluya həsr olunmuş mərasimlə başlamasının sevincindən danışdı: "Səhnəyə çıxan hər kəs öz üzərinə düşəni ürəklə, həvəslə yerinə yetirdi. Bu da Vaqif Səmədoğlu imzasına sevginin göstəricisi idi. Mənim üçün bu gecənin başqa bir özəlliyi var idi. Düşünürəm ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Vaqif Səmədoğlu kimi şairin 80 illik yubiley gecəsinin aparıcısı olmaq tarixi hadisə idi. Yəqin ki, illər keçəcək və mən bu anları ömrümün ən xoş xatirələrindən biri kimi qürurla xatırlayacam. Mənə inandıqları üçün gecənin rejissoru və ssenaristi Mahmənzər xanıma və Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə xanıma çox təşəkkür edirəm. Ümid edirəm ki, Vaqif Səmədoğlunun ruhunu şad edə bildik".

K.Yunis də gecənin xoşbəxtliyini sözlərə çevirdi: "Vaqif Səmədoğlu sözün zirvələrindən olan kəsdir. Və o zirvədə var olmaq, düşünürəm ki, o məqamı anlayan, duyan sənətçi üçün xoşdu. Nə xoş ki, mən bu gün o məqamı, o ruhsal anı yaradanlar sırasında idim. Ruhumun yaradıcılıq təntənəsi idi o məqam. Özümü heç vaxt böyük saymamışamsa da, amma bu gün Vaqif İbrahimoğludan öyrəndiklərimlə, Vaqif Səmədoğlu nurunda pərvaz edən kimsə kimi xoş və xoşbəxt sandım".

Missiyamı tamamlayıb qapıdan çıxmadan son dəfə foyedəki insanlara baxıram. Şairin misraları döyəcləyir yaddaşımı:

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Şahanə MÜŞFİQ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.