525.Az

Moskvanın qoynunda uyuyan mavi gözlü div - Müsahibə

ZÜLFÜ LİVANELİ: "POLİS RƏİSİ ON ÜÇ İL HƏBSDƏ YATAN ŞAİRƏ ANIM TÖRƏNLƏRİ TƏŞKİL EDİR"


[12.06.19]
Moskvanın qoynunda uyuyan mavi gözlü div - <b style="color:red">Müsahibə </b>

Nədənsə gözümə həmişə əlifba kimi göründü. Amma bu əlifbadan hərfləri yox, sözləri öyrəndim. Yanından ötüb keçdiyim kəlmələrin nə qədər qiymətli olduğunu oxuduqca dərk etdim.

Yaşamadığım sürgünün ağrısını, ayrılığın acısını, həsrətin əzabını, insanın daha dəyərli olduğunu, göy üzünün sonsuz maviliyini sətirlərindən damla-damla toplayaraq canıma çəkdim. Bir insanın cəhənnəmin dibi qədər dərin, küçənin tavanı qədər sonsuz sevilə biləcəyinə də onun sayəsində inandım. Hissləri dilə gətirməyim, yaşanan ən dərin duyğuları gün üzünə çıxarma cəsarətim də ondan qaynaqlanır. Birinə sinəmə döyə-döyə, qorxmadan, çəkinmədən "sən məmləkətimsən" demək gücünü də o verdi mənə. Şair, yazıçı, rəssam, dramaturq, ssenarist, türk inqilab etmiş poeziyasında banisi Nazim Hikmətdən bəhs edirəm. Ölümünün 56-cı ildönümündə Moskvada, Novodeviçi məzarlığında, qəbirdaşı üzərində çəkilmiş selüiti ilə qarşı-qarşıya gəlib, özünü onunla yan-yana dayanmış kimi hiss etmək böyük həyəcan idi. Barmaqlarımı uyuduğu məzarın üstündə gəzdirdim. Bu toxunuşla böyük şairə öyrətdikləri və qatdığı dəyər üçün minnətdarlıq bildirdim.

Təbii ki, mən onu şeirləri, yazdıqları qədər tanıyıram. Amma az qala, bütün Türkiyədə adı böyük şairlə yanaşı çəkilən bir isim var - yazıçı, ssenarist, rejissor, siyasətçi, musiqiçi Zülfü Livaneli. Nazimin əsərlərinin qadağan edildiyi dönəmlərdə kitablarını oxuyub, şeirlərini əzbərləmək suç sayıldığı vaxtlarda onun sözlərinə musiqilər bəstələyib. Bu az deyilmiş kimi dünyaya səs salan albom çıxardıb. Həmin dönəmdə hakimiyyətdə olanlar Nazim Hikmətlə bərabər Zülfü Livaneliyə də qadağalar qoyub. Amma xalqın sevgisinə hökm edə bilməyiblər. Çünki insanlar bu iki dəyərdən heç vaxt vaz keçməyiblər.

"Nazim Hikmət Türkiyənin Puşkinidir"

Zülfü Livaneli danışır:

- Demək olar, hər il iyunun 3-də Nazim Hikməti anmaq üçün Moskvaya gəlirəm. Türkiyədən sənətçilər, yazıçılar, jurnalistlər də gəlir, birlikdə məzarını ziyarət edir, ürəyimizdən keçənləri deyirik. Bu bizim Nazim Hikmətə verdiyimiz önəmin, dəyərin göstəricisidir. Əgər müqayisə edəsi olsaq, deyərdim ki, Nazim bizim Puşkinimizdir. Puşkin ruslar üçün kimdirsə, Nazim də bizim üçün odur. Hətta belə bir fikir də demişdim, rus yazarları Qoqolun şinelindən çıxdığı kimi, biz də Nazimin şərfindən çıxdıq. Həqiqətən böyük şair və ən mübariz insanımızdır. Unudulması mümkün deyil. Gün keçdikcə daha da böyüyən adı var. Türkiyədən ziyarətə gələn dostlar ilbəil azalır. Aralarında Tarık Akan kimi dünyasını dəyişənlər olur. Amma yaşayan, sağ olan kəslər hələ də gəlirlər. Onların içərisində gənclərin üstünlük təşkil etdiyini görmək isə ayrı bir fəxarətdir. Bunu davam etdirə bilmək böyük işdir, həmişə davam edəcəyini bilmək isə ümiddir.

"Şair Çexov, Qoqol, Çaykovski ilə bərabər, muzey kimi yerdə yatır"

- Nazımın bir şeiri vardı:

Yoldaşlar, ölürsem
o günden önce yani,
- öyle gibi de görünüyor -
Anadolu'da bir köy mezarlığına
gömün beni
ve de uyarına gelirse,
tepemde bir de çınar olursa
taş-maş da istemez hani...

İnsanlar bu şeiri vəsiyyət olaraq qəbul etdi və məzarını Türkiyəyə aparmaq üçün çox cəhdlər oldu. Mən həmişə buna qarşı çıxdım. Çünki burada, Novodeviçidə Çexovla, Qoqolla, Çaykovski ilə bərabər, muzey kimi bir yerdə yatır. Türkiyədə olsa, bir qrup sağçı kəsim hücum edə bilərdi. Böyük bir spekulasiya mövzusu olardı. Onsuz da vətəndaşlığa yeni qəbul ediblər. Bütün dünyada türk deyəndə Nazim Hikmət ağıla gəldiyi halda onun türk vətəndaşlığı əlindən alınmışdı.

"Özü polis rəisinin onun üçün bu cür işlər görəcəyinə inanmazdı"

- Burada Rus-Türk İş Adamları Birliyi (RTİB) var. İllərdir, Nazim Hikməti anma proqramlarını sponsor olaraq onlar həyata keçirirlər. On ilə yaxındır, "Nazim Hikməti Anma Komitəsi" yaradılıb. Qurucusu və rəhbəri Əli Qalib Savaşır adlı bir dostumuzdur. Eyni zamanda, burada yaşayan iş adamıdır. Bütün bu işləri böyük fədakarlıqla, yorulmadan, usanmadan görür. İşin ən maraqlı tərəfi əvvəllər Türkiyədə polis rəisi olaraq çalışmağıdır. Dünənki tədbirdəki çıxışımda hətta bunu xüsusi vurğuladım. Nazim Hikmət 13 il həbs həyatı yaşayıb. O dövrdə illər sonra bir polis rəisi sənin üçün bu cür anım mərasimləri təşkil edəcək desəydilər, hər halda inanmazdı. Amma həyat bu cür gözəl sürprizlərlə doludur. Əli Qalib gözəl ürəyə sahib olan qardaşımızdır. Hər il eyni izdiham yaşanır. Türklər Nazimin məzarının başına toplanır. Türkoloqlar, onu tanıyanlar, keçmiş nəsildən olanlar, Nazimin qızı Anna Stepanova da gəlir və orada birlikdə anım mərasimi keçirilir. İldən-ilə mərasimə qatılanların sayının çoxalmasını görmək gözəldir.

"İlk və son dəfə şairin şeirlərindən ibarət albom çıxartdım"

- Nazim Hikmət təkcə Türkiyənin deyil, həm də mənim həyatımda çox önəmli yerə sahibdir. Hələ illər əvvəl, mən uşaq olanda Nazimin kitabları qadağan edilmişdi. 1960-cı ildə bir hərbi çevriliş oldu. Ondan sonra bir müddət sərbəstlik yaşandı. Həmin vaxt Nazimin "Kuvayi Milliyə Dastanı" kitabı çıxdı. O günü heç unutmuram. Ankarada kitab evlərindən birində bu kitabın gəlməyini gözləyirdik. İçlərində ən az yaşı olan mən idim. Kitablar gəldi, paketlər açıldı, həyəcandan titrəyə-titrəyə aldıq. Onda Nazim Hikmətin kitablarının satılması inanılmaz hadisə idi. Fəqət, sonra yenə ayrı dönəmlər gəldi, başqa çevrilişlər oldu, şairin bütün kitabları təkrar qadağan edildi. Mən də həbsdən sonra İsveçə getdim. İlk illər orada bir tələbə evində qalırdıq. Yanımızda ağcaqayın meşəsi vardı, adətən meşə qarlı olardı. Hər gün həmin meşədə yeriyəndə Nazim Hikmətin məşhur "Karlı kayın ormanı" şeirini düşünürdüm. Sürgündə idim, məmləkətim üçün darıxırdım, dönmək istəyirdim, amma heç cür alınmırdı. Orada yeriyə-yeriyə bu mahnını bəstələdim və Türkiyədə, az qala, hər kəsin dilində əzbər olan parçaya çevrildi. Daha sonra digər sözlərinə musiqilər bəstələdim. İlk və son dəfə 1978-ci ildə "Nazim türküsü" deyə Türkiyədə sadəcə, onun şeirlərindən ibarət bir albom çıxardım. O albom böyük maraqla qarşılandı. Təkcə Türkiyədə deyil, ölkə xaricində əcnəbi musiqiçilər tərəfindən də səsləndirildi. Həmin albomda "Kız çocuğu", "Büyük insanlık", "Mehmetçik", "Hoş geldin bebek", "Karlı kayın ormanı", "Saat 4 yoksun" və digər şeirlərinə bəstələdiyim mahnılar yer alırdı. Həbsxanadan yeni çıxmışdım, Nazimlə adımız birləşdi, qat-qat olduq və əməlli-başlı lənətlənmiş hala gəldik. Radiolar, televiziyalar həmin mahnıların səsləndirilməyini qadağan etdi. Amma xalqın ürəyinə hökm edə bilmədikləri üçün klassikaya çevrildi, ürəkdən-ürəyə, qulaqdan-qulağa yayıldı. Sonra bizim adlarımız birlikdə anılmağa başladı. Bir çox tənqidçiyə görə, Nazim Hikmətin şeirləri bəstələrimdən sonra daha çox yayılmağa başladı. Çünki musiqi insanların dünyasına daha tez təsir edir. Eyni ilə şairin "Karlı kayın ormanında" kimi çox da bilinməyən şeirləri bütün xalqa bu cür gedib çatdı. Daha sonra məni sevindirən bir şey oldu. Ankarada Çankaya Bələdiyyəsi mənim üçün bir Kültür Mərkəzi açdı. Həmin mərkəzin önündə Nazimla mənim heykəlimi ucaltdılar. Beləliklə, heykəl də olsa, bir yerdə görüşmüş olduq. Hətta bu qış bir instaqram paylaşımı etmişdilər. Ankarada lopa-lopa qar yağırdı, bizim heykəlimizi videoya çəkib altına yazmışdılar ki, "qarlı qayın meşəsində söhbət edirlər". O video rekord sayılacaq şəkildə paylaşıldı və izləndi.

"Nazim ən mötəbər məqamda qərar tutub"

- Nazim dilimizi, tərzimizi yaradan böyük şairimizdir. Həm də güc, namus, cəsarətdir. Onun çeşidli yanları var. Şair yönü, mübarizə yönü və ən önəmlisi, aşiq yönü var - həyata, dünyaya, insanlara, işçi sinifinə və əlbəttə, bir çox qadına aşiq. Çoxlu eşq şeirləri yazıb. Sonuncu həyat yoldaşı Vera Tulyakova idi. Vera mənim çox yaxınım idi. Ölənə qədər Nazimi məzarının başında birlikdə andıq. Birlikdə çoxlu rəsimlərimiz var. Mənə deyirdi ki, o mahnıları dinlədiyim zaman Nazimin canlandığını hiss etmişdim. Buradan bir daha bəlli olur ki, hökümətlər də gəlib keçir, rejimlər də dəyişir, amma Nazim Hikmət ən mötəbər məqamda qərar tutur, dəyişmir, bitmir! Heç bitməyəcək də. 

"Bu boyda böyük bir insanın var, öyün də dünyada" 

- İyunun 2-də Nazimi şərəfinə konsert təşkil edildi, ödül mərasimi oldu. Nazim Hikmət mükafatını mən də almışdım. Bu il isə təqdim edənlərdən oldum. Edip Akbayrağa həmin mükafatı vermək gözəl hiss idi. İyunun 3-də Novodeviçidə şairi məzarı başında andıq. Keçən il də eyni mərasimlər oldu. Sılanı bura dəvət etmişdim, konsert vermişdi. Hər il belə olur. Müxtəlif qruplar, sənətçilər gəlir, konsertlər verirlər. Maraqlı olan bilirsiniz nədir? Bütün bu tədbirləri, mərasimləri dövlət yox, iş adamları gerçəkləşdirir. Halbuki dövlətin etməyi lazımdır. Amma etmirlər. Puşkinin 200 ilini Rusiya dövləti necə təntənə ilə qeyd etdi. Bütün şəhərlərdə onu anıb, Puşkin ili elan etdilər. Mənə Sankt- Peterburq Universitetindən suallar göndərildi, Dostoyevskinin 200 illiyi ilə bağlı fikrimi soruşdular. Görürsünüz, yenə eyni şəkildə qeyd etməyə hazırlaşırlar. Bizim sənətçilərimizə isə dövlət bir az ögey övlad kimi yanaşır. Bir həqiqət də var ki, Nazim Hikmətin dövlətə yox, dövlətin ona ehtiyacı var. Bu boyda böyük bir insanın var, öyün də onunla. Təəssüf ki, hələ bunu anlamırlar.

Zülfü Livanelinin bəhs etdiyi keçmiş polis rəisi, tədbirin təşkilatçısı, "Nazim Hikməti Anma Komitəsi"nin başqanı Əli Qalib Savaşırla da söhbətləşdik. Təkcə tədbir günlərində deyil, qonaqlar ölkələrinə qayıdana qədər gün ərzində bir dəqiqə belə dayanmadı. Çünki gələnlər təkcə onun deyil, həm də Nazim Hikmətin qonaqları idi. Əli Qalib bəy üzərinə götürdüyü bu məsuliyyətli işi şairin adına layiq şəkildə görməyə çalışırdı. Şübhəsiz, bunu ən gözəl şəkildə bacardı. 

"Nazim Hikməti anmaq bizim vəzifəmizdir" 

Əli Qalib danışır:

- Artıq 20 ilə yaxındır, Nazim Hikmət Moskvada, burada yaşayan türklər tərəfindən anılır. Bunun başlanğıcını keçmiş RTİB başqanımız Əli İhsan Aksıkalıoğlu qoyub. O buradan ayrıldıqdan sonra Nazimi anma fəaliyyəti ortada qalmışdı. Bir müddət Hakan Aksak adlı bir dostumuz Araşdırma Mərkəzi qurdu, bütün bu işləri üzərinə götürdü və davam etdirməyə başladı. Bizlər də dəstək olurduq. Amma sonra Türkiyəyə döndü. Fəaliyyət yenə havada qaldı. Moskvada türk qadınlarının qurduğu bir dərnək vardı, ardınca bu iş onlar davam etdirməyə çalışdılar. Amma elə də uğurlu alınmadı. Vəziyyətin bu yerdə olduğunu görüb, çox üzüldüm. Dedim ki, bu işləri ələ almaq lazımdır. Amma necə? O vaxt RTİB ağır dönəmlər keçirirdi. Ali İhsan getdikdən sonra bu qurum yox kimi idi. Mən Rus-Türk İş Adamları Birliyinə bir ərizə yazdım. Dedim ki, Nazimi anmaq bizim vəzifəmizdir. Biz bunu etmək məcburiyyətindəyik. Necə edək? Onlar da dedi ki, onsuz da bu an RTİB yox kimidir. Nə ofisi, nə də bunu edəcək gücü var. Mən də dedim ki, heç nə istəmirəm, özüm edəcəm və beləliklə, başladıq. Ondan sonra RTİB-də başqan oldum. Nazim Hikməti Anma Komitəsini qurdum. İlk dəfə 2010-cu ildə başladıq. Hər keçən il yüksələn qrafiklə anım mərasimlərini keçirdik. Bu işdə ən böyük dəstəkçilərimizdən biri böyük qardaşımız Zülfü Livanelidir.

"Bir toplumu eyni damın altına yığan güc"

- Bu cür davam edirik, Nazim Hikmətin adını yaşadırıq. Bunu xüsusi vurğulamalıyam, "Nazim Hikməti Anma Komitəsi" buradakı türkləri bir araya gətirən ən böyük fəaliyyət mərkəzidir. Heç bayramlarda da bu qədər izdiham olmur. Buna dünən bir daha şahid olduq, Almaniyadan, Türkiyədən və başqa ölkələrdən gələnlər vardı. Türkiyə ilə Rusiya arasında viza olmadığı dönəmlərdə "Nazim turları" təşkil edilirdi. İnsanlar qruplarla gəlirdilər. Biz sevinirik ki, Nazım unudulmur, daha çox xatırlanır, daha çox anılır. Bir toplumu eyni damın altında toplaya bilir. İllərdir, bu işi özümüzə vəzifə seçdik və bu şəkildə davam edirik. Burada əlbəttə ki, təkbaşıma deyiləm. Nazimi sevən, mənə inanan, güvənən iş insanlarının böyük dəstəyi  var.

Sonda onu da qeyd edim ki, təkcə xüsusi günlərdə deyil, hər zaman Moskvaya ayaq basan bütün nazimsevərlərin ilk ziyarətgahı Novodoviçi məzarlığı olur. Ardınca turlar, əyləncələr, gəzintilər başlayır.

Bax, biz Nazim Hikmətlə bir başqa cür yaşamağı belə öyrəndik.

Moskva

Türkan TURAN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.