525.Az

“Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmadan xilas etdi”

[11.06.19]
“Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmadan xilas etdi”<b style="color:red"></b>

“1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S. Vəliyeva bildirib ki, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidi və tələbi ilə Bakıya qayıdıb, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başlayıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Məclisin sədri seçilib, bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşüb: “Çünki AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-sü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirmişdi. Səriştəsiz rəhbərlik nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirildi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili işlər naziri insanları qanunsuz həbs edir, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı. Hakimiyyət daxilində Müsavat, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq biri birinə qarşı və birincilik uğrunda mübarizə aparırdı. Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Əlbəttə ki, bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin ən faciəli dövrü başlanmışdı. Məhz, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi”.

S. Vəliyeva belə bir vəziyyətdə o zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olduğunu, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ümummilli Liderin Bakıya qayıtdığını vurğulayıb: "Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan məhv olmaqdan, parçalanmadan xilas etdi. Ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Həmçinin, idarəetmə sistemi  formalaşdırıldı, insanlara öz dövlətinə inam qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Bir sözlə, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu”.

“Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 1993-cü ilin həyəcanlı iyun hadisələrini yada salaq. O zaman ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə ölkəmizi uçurumun kənarına çəkib aparmışdı”. Bunu isə APA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, müstəqilliyimiz 1991-ci ilin oktyabrında bərpa olunsa da, hakimiyyətə gəlmiş təsadüfi adamların səriştəsizliyi ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuş, müstəqilliyimizi süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu: “Belə bir vəziyyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi. Hətta həmin vaxt bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloq ölkəmizdə baş verən hadisələri müşahidə edərək yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək”. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi Ulu Öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi”.

Deputat qeyd edib ki, Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmizi milli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas edib: “Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrdə gedən köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu. Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi”.

N. Həmzəyev bildirib ki, bu günün müasir, müstəqil Azərbaycanının təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib: “Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Azərbaycan bugünkü dinamik inkişafına məhz Milli Qurtuluş yolundan keçərək nail olub. Son illər Ulu Öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkənin bütün bölgələrində, şəhərdən, rayondan tutmuş ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri müstəqil dövlətimizin hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu gün qüdrətli Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır. Əlbəttə, bütün bunlar Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı çoxşaxəli siyasi fəaliyyətinin nəticəsi, Milli Qurtuluş gününün bəhrələridir”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Azər Badamov da APA-ya açıqlamasında Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışının zamanın tələbi olduğunu bildirib: "90-cı illərin əvvəllərində ölkəmizdə cərəyan edən hadisələr gözümüzün önündə olub və yenidən öz müstəqilliyini qazanmış gənc Azərbaycanın başına gələn faciələrin şahidi olmuşuq. Beynəlxalq dairələrin Azərbaycanda həmişə maraqları olub. Böyük ölkələr maraqlı olub ki, Azərbaycan parçalansın və təbii resurslarımızı talayıb aparsınlar. Ermənilər isə tarixi Azərbaycan torpaqları üzərində özlərinə dövlət qurublar və yenidən torpaqlarımız hesabına ərazilərini genişləndirmək üçün məqam axtarırdılar. Təbii ki, bu məqam Heydər Əliyevin hakimiyyətdən uzaqlaşacağı gün idi”.

Deputat deyib ki, məhz Heydər Əliyevin hakimiyyətdən düşünülmüş şəkildə uzaqlaşdırılmasından sonra ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı deportasiya etdi və Azərbaycan torpaqlarının 20%-i işğala məruz qaldı: “Müstəqilliyimizin ilk illərində Azərbaycanın rəhbərliyində olan şəxslərin təcrübəsizliyi, iradəsizliyi, şəxsi maraqların xalqın maraqlarından üstün tutması, xalqın içində dəstəyin ala bilməməsi və nəhayət, liderin olamaması müstəqilliyimizi uçuruma aparırdı. Daxili ziddiyyətlər dərinləşir, anarxiya baş alıb gedirdi, ölkə vətəndaş müharibəsi ərəfəsinə gəlmiş, Azərbaycanı iqtisadi-siyasi böhran börümüşdü. Ölkəni düşdüyü bu ağır durumundan ancaq Heydər Əliyev xilas edə bilərdi. Məhz xalqımızın ziyalıları bir araya gələrək Heydər Əliyevdən ölkənin idarəemə sükanını əlinə almağını xahiş etdilər. AXC-Müsavat cütlüyü də gördü ki, dövləti idarə etmək onlarlıq deyil. Onlar da ölkəni düşmüş vəziyyətdən çıxmağın yeganə yolunu ancaq Heydər Əliyevdə olduğunu anladılar".

A.Badamov xatırladıb ki, iyunun 9-da xalqın dəvətini və tələbini qəbul edərək Bakıya qayıdan Heydər Əliyev 15 iyunda ölkəni idərəetmə sükanını öz əlinə aldı, o gündən başlayaraq müstəqil Azərbaycanın tarixində yeni səhifə açıldı: “Xalqa müraciət edən Heydər Əliyev qısa zamanda ölkədə siyasi sabitlik yaratdı, bir mərkəzdən idarə olunan nizami ordu formalaşdırdı, dövlət idarəetmə sistemi formalaşdırdı və gələcək inkişaf üçün iqtisadi təməllər yaratdı. Məhz Ulu Öndərin siyasi xətti üzərində öz inkişaf yolunu düzənləyan Azərbaycan qısa zamanda ölkənin hər bir sferasında böyük uğurlara nail oldu. Bu gün də müstəqil Azərbaycan Respulikası Heydər Əliyevin ideyaları üzərində inkişaf edir, gündən-günə güclənir, dünyada söz sahibi olan ölkəyə çevrilib. Məhz buna görə 15 iyun Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılaraq, Milli qurtuluş günü kimi daxil olub. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.