525.Az

Ermitajda Pərvin Gözəlovun məruzəsi dinlənildi

[11.06.19]
Ermitajda Pərvin Gözəlovun məruzəsi dinlənildi<b style="color:red"></b>

İyunun 6-dan 8-dək Rusiyanın Sankt-Peterburq şəhərində, Dövlət Ermitajı Muzeyində Beynəlxalq Bayraqşunaslıq Simpoziumu keçirilib.

Tədbirdə “QƏSR - Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin sədrinin birinci müavini, tarix üzrə fəlsəfə doktoru, bayraqşunaslıq və heraldika mütəxəssisi Pərvin Gözəlovun “XVIII-XIX-cu əsr Azərbaycan bayraqlarında alov rəmzi” adlı elmi məruzəsi dinlənilib.

Tarixçi alim məruzəsində qeyd olunan dövrlərdə Azərbaycan xanlıqlarının Rusiya İmperiyası ilə Qacar (İran) dövləti arasında bölüşdürülməsindən bəhs edib. Bildirilib ki, vaxtilə Rusiya İmperiyası Azərbaycanın bir sıra xanlıqlarını silah gücü ilə öz tərkibinə daxil edib. Digər xanlıqlar isə 1783-cü il “Georgiyevsk”,1828-ci il “Türkmənçay” müqavilələri əsasında bu iki dövlət arasında bölünüb. Rusiya İmperiyasının tərkibinə daxil edilmiş Azərbaycan xanlıqlarının dövlətçilik atributlarından ən vacibi olan bayraqları “Qənimət arsenalı”nda saxlanılıb, sonrakı dövrlərdə bayraqlar müxtəlif fondlara köçürülüb. 1925-ci ildə Azərbaycan Dövlət Muzeyinin müdiri Davud Şərifov Tiflisdə yerləşən Qafqaz Hərb Tarix Muzeyindən xanlıqlara aid 13 bayrağın ölkəmizə gətirilməsi barədə məlumat verib.

Daha sonra P.Gözəlov məruzəsində Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan üç bayraq haqqında danışıb. O, Bakı xanlığının bayrağında “alov püskürən əjdaha”, Gəncə və Şəki xanlıqlarının bayraqlarında isə “lampa” təsviri olduğunu qeyd edib, bütün bunların “alov” simvolunu ifadə etdiyini bildirib.

Həmçinin, alim Azərbaycan ərazisində Qafqaz Albaniyası məbədlərində şam əvəzinə lampalardan istifadə edildiyini, ölkəmizdə Zərdüştlük mədəniyyətinin qədim köklərinin olduğunu qeyd edib, Bakının Suraxanı rayonundakı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu barədə beynəlxalq simpozium iştirakçılarına məlumat verib.

C.ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.