525.Az

“Milli Qurtuluş günü, sadəcə, təqvim bayramı deyil, tarixi əhəmiyyətə malik gündür”

[10.06.19]
“Milli Qurtuluş günü, sadəcə, təqvim bayramı deyil, tarixi əhəmiyyətə malik gündür” <b style="color:red"></b>

“Tariximizə Milli Qurtuluş günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat Dilarə Cəbrayılova deyib.

Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı çox mühüm əhəmiyyət kəsb edən hadisə idi: “Hər kəsə bəllidir ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə dirçəliş baş verdi”.

D.Cəbrayılova xatırladıb ki, ümummili liderin uzaqgörənliyi, dövlətçilik təcrübəsi, qətiyyətliliyi və siyasi iradəsi Azərbaycanın müstəqilliyini davamlı və əbədi etdi: “Qısa bir zamanda xaosa son qoyuldu, ölkədə vətəndaş həmrəyliyi yaradıldı, dövlət idarəetmə sistemi formalaşdırdı, ölkənin gələcəyini müəyyənləşdirən iqtisadi əsaslar quruldu. Hesab edirəm ki, 15 iyun Azərbaycanda ənənəsi olan, dərin dövlətin yaradılmasının başlandığı, müasir, sivil, vətəndaş cəmiyyətli bir dövlətin qurulmasının təməlinin atıldığı gündür. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş günü kimi qeyd edir və bununla ulu öndərin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir”.

D.Cəbrayılova bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti Prezident İlham Əliyev cənabları tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir: “Cənab Prezidentin rəhbərliyi altında bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bunu ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, forumlar və s dünya əhəmiyyətli işlər bir daha sübut edir”.

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş günüdür”.

Bunu isə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, YAP-çı deputat Sona Əliyeva deyib.

O bildirib ki, Milli Qurtuluş günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: “Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda böhran vəziyyəti, xalqın maraqlarına uyğun olmayan vəziyyət hökm sürürdü. Ölkənin belə bi ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Xalqın dəvəti və tələbini məmnuniyyətlə qəbul edərək bu ağır yükü öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı üstündə dalğalanan qara buludlardan qurtardı, bütün təhlükələrdən sovuşdurdu”.

S.Əliyeva xatırladıb ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı: "Digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, iqtisadi potensialımızdan səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir”.

Deputat bildirib ki, bu gün ulu öndərin uzaqgörən siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirlir: “Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.