525.Az

Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş

[10.06.19]
Milli Məclisdə Fransa nümayəndə heyəti ilə görüş <b style="color:red"></b>

Bu gün “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində ölkəmizə səfər edən Fransa nümayəndə heyətinin üzvləri Milli Məclisə gələrək,  əvvəlcə parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

APA-nın xəbərinə görə, daha sonra nümayəndə heyətinin Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü keçirilib.

İşçi qrupunun  rəhbəri Cavanşir Feyziyev qonaqları parlamentdə səmimi salamlayaraq, Azərbaycanla Fransa arasında əlaqələrin dinamik inkişaf etdiyini söyləyib. Nümayəndə heyətinin Azərbaycanı tanımaq məqsədi ilə ölkəmizə səfər etdiyini yüksək qiymətləndirib. O, münasibətlərimizin qədim tarixə malik olduğunu, Azərbaycanın müstəqillik əldə etdikdən sonra isə iki ölkə arasında daha sıx əməkdaşlığın qurulduğunu söyləyib.

Deputat qonaqlara Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən Fransa parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir.  O, Azərbaycanda tolerant və multikultural dəyərlərə böyük diqqət göstərildiyini, burada son zamanlar beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini, ölkəmizin dünya miqyasında nüfuzunun artdığını  söyləyib. 

Diqqətə çatdırılıb ki, əldə etdiyimiz nailiyyətlərlə yanaşı, bizim Dağlıq Qarabağ münaqişəsi kimi ən ağrılı problemimiz hələ də qalmaqdadır. Münaqişənin tarixi, bu bölgədə son zamanlar baş verən hadisələr, problemin həlli yolunda atılan addımlar barədə qonaqlara ətraflı məlumat verildi. Bildirilib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır və bu istiqamətdə səylərini əsirgəmir.

Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova çıxış edərək bu yaxınlarda Parisdə səfərdə olduğunu, orada Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi ilə əlaqədar tədbirdə iştirak etdiyini, ölkəmiz barədə həqiqətlərin Fransa ictimaiyyətinə çatdırdığını söyləyib. Bildirib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrimizə böyük önəm verir, onları yüksək səviyyədə qoruyub saxlayır, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Milli Məclisin 125 üzvünün olduğunu deyən deputat, qeyd edib ki, onlardan 20 nəfərini qadınlar təşkil edir. Qadın deputatlar parlamentin müxtəlif komitələrində fəal iştirak edir, vitse-spiker vəzifəsini yerinə yetirir, ölkəmizi beynəlxalq və regional təşkilatlarda yüksək səviyyədə təmsil edirlər.

Sahibə Qafarova Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın vaxtilə parlamentdə Fransa ilə dostluq qrupuna rəhbərlik etdiyini, iki ölkə arasında münasibətlərin möhkəmlənməsində göstərdiyi səyləri, bu gün də bu istiqamətdə təqdirəlayiq işlər gördüyünü diqqətə çatdırıb.

Görüşdə iştirak edən deputat Şahin İsmayılov belə səfərlərin ölkəmizi yaxından tanımaq baxımından əhəmiyyətli olduğunu deyib. O, təmsil olunduğu Gənclər və idman komitəsinin işindən bəhs edib. Bildirib ki, artıq 10 milyona çatmış ölkə əhalisinin əksəriyyətini gənclər təşkil edir.  Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, 300-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Deputatımız ötən il Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Fransa nümayəndə heyəti ilə görüşü məmnunluqla yada salıb. Qeyd edilib ki, görüş zamanı hər iki ölkə gənclərinin ortaq layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə müzakirələr aparılıb. Yaxın gələcəkdə belə layihələrin reallaşmasına başlanacaq.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, nümayəndə heyətinin başçısı Jan-Fransua Mansel qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində artıq 4-cü səfərin uğurla baş tutduğunu söyləyib. O, səfərdən məmnun qaldıqlarını dedi, Azərbaycan və Bakı barədə xoş təəssüratlarını dilə gətirib. Qonaq iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.