525.Az

Beynəlxalq və analitik jurnalistikanın mövcud durumu

VÜQAR ZİFƏROĞLU: "BEYNƏLXALQ JURNALİSTLƏR QƏRBDƏ DƏ, SOVET İMPERİYASI DÖNƏMİNDƏ DƏ HƏR ZAMAN MÖTƏBƏR, SÖZÜNƏ ETİBAR EDİLƏSİ ŞƏXSLƏR KİMİ QƏBUL OLUNUBLAR"


[24.05.19]
Beynəlxalq və analitik jurnalistikanın mövcud durumu<b style="color:red"></b>

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin bir qrup tələbəsinin fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu ilə beynəlxalq və analitik jurnalistikanın mövcud durumu mövzusunda söhbəti. 

- Vüqar müəllim, bu gün ölkəmizdə analitik jurnalistika sahəsində fəaliyyət göstərən jurnalistlər öz üzərinə düşən vəzifəni yerinə yetirirlərmi?

- Mən deməzdim ki, ölkəmizdə analitik jurnalistikayla bağlı durum ürəkaçandır. Professional nöqteyi-nəzərdən analitik jurnalistika ilə məşğul olanlar azdır. Bu, daha çox xəbər jurnalistikasına meylli olmağımızdan irəli gəlir. Açıq etiraf edək ki, analitik jurnalistika çətin bir istiqamətdir. Ümumiyyətlə, analitik kimi yetişmək üçün uzun illərini bu sahəyə verməlisən. Və təkcə jurnalistika ilə məşğul olmaq deyil, eyni zamanda, tədqiqatını apardığın istiqamət üzrə özünü təsdiq etməyin tələb olunur ki, sənin təhlillərin ciddi şəkildə nəzərə alınsın, qəbul olunsun. Bəlkə də, çətinlikdən irəli gələn bir şeydir ki, analitik jurnalistikaya meyl o qədər də güclü deyil. Amma dünya jurnalistikasında analitik jurnalistika meyar hesab olunur.

- 90-cı illər analitik jurnalistikası ilə bugünkü arasında hansı fərqlər var?

- İndi daha müsbət məqamları qeyd etmək olar, nəinki 90-cı illərin əvvəlində. 90-cı illərin əvvəlində müstəqil Azərbaycan jurnalistikası hələ yeni-yeni pöhrələnirdi. Nəzərə alaq ki, sovet imperiyası dövründə müstəqil jurnalistikadan söhbət belə gedə bilməzdi. Kommunist Partiyasının iradəsinə tabe olan, totalitar rejim tərəfindən idarə olunan bir mətbuat var idi. Milli Azadlıq Hərəkatı ilə ilk qaranquşlar meydana çıxdı. Təbii ki, Qarabağdakı prosseslər də buna təsir göstərdi. Həmin dövr jurnalistikası, yəqin ki, həmkarlarım da mənimlə razılaşarlar, 90-cı illərin əvvəlində yayımlanan məqalələrin əksəriyyəti daha çox araşdırma jurnalistikasına meylli idi. Yəni tariximizlə bağlı yeni-yeni səhifələr yayımlayırdılar, tarixi şəxsiyyətlərimizlə bağlı arxivlərdən yeni məqamlar aşkarlayırdılar. O dövrdə insanlar buna ac idi. Çünki sovet dövründə qapadılmış informasiyalar üzə çıxarıldı və bu da araşdırma tələb edirdi. 90-cı illərin əvvəlində mən analitik jurnalistikanın deyil, araşdırma jurnalistikasının maraqlı şəkildə vüsət almasını qeyd edə bilərəm. O dövrdə analitik jurnalistikaya ciddi meyl yox idi. Əksinə, indi buna daha çox rast gəlmək olar. İstər iqtisadiyyat, istər geosiyasət sahəsində analitik yazılar daha çoxdur.

- Universitetdə Beynəlxalq jurnalistika ixtisasının son buraxılışı 1999-cu ildə olub. Son 20 ildə bu ixtisasın olmaması beynəlxalq jurnalistika sahəsində hansı boşluqlar yaradıb?

- Beynəlxalq jurnalistika elə bir sahədir ki, daim öz üzərində işləmək və təkmilləşmək tələb edir. Bəli, bakalavr üzrə son buraxılış 1999-cu ildə oldu, ondan sonra isə yalnız magistratura pilləsi üzrə beynəlxalq jurnalistika üzrə qəbul var. Deməzdim ki, kadr baxımından boşluqlar var. Amma bir məqamı da qeyd edim ki, bakalavr səviyyəsində bu ixtisasa yiyələnmək əlavə üstünlüklər verir. Bir misal çəkim, biz - beynəlxaq jurnalistikanın bakalavr dərəcəsini bitirən ali təhsilli beynəlxalq jurnalistlər həftənin dörd günü "Xarici dil 1" keçirdik, üç günü "Xarici dil 2". Məndə bu, ingilis dili və ərəb dili idi. Bu, çox vacib məqamdır. İkinci məsələ isə ondan ibarətdir ki, beynəlxalq jurnalistlərə bir sıra fənlər tədris olunurdu ki, bu da beynəlxalq jurnalistika istiqamətinin özünün spesifikliyi ilə bağlı idi. Məsələn, Beynəlxalq hüququn əsasları, Beynəlxalq münasibətlər tarixi. Təbii ki, bunları mənimsəməsən, beynəlxalq jurnalist kimi yetişə bilməzsən. Bu anlamda bakalavr daha dərin bilik verə bilər. 1998-ci ildən isə bizdə magistraturaya qəbul həyata keçirilir. Və prinsip etibarilə kadr baxımından bir o qədər də çətinlik yoxdur. Beynəlxalq jurnalistikanı bitirən, ali təhsilli xeyli beynəlxalq jurnalistlərimiz var. Amma onlar bu ixtisasda nə dərəcədə peşəkardırlar, özlərini təsdiq edə bilirlər, bu, başqa bir məsələdir.

- 2015-ci ilin noyabrında müasir dövrdə informasiya müharibələri ilə bağlı bir çıxışınız olub. Çıxışda ölkəmizə qarşı Ermənistan tərəfindən informasiya savaşı ilə paralel olaraq mediamızın, eyni zamanda, Qərb, Rusiya və İran mediasının manipulyativ basqılarına da məruz qaldığını qeyd etmişdiniz. Bəs, hazırkı vəziyyət necədir?

- Ümumiyyətlə, informasiya müharibəsi elə bir şeydir ki, bunu yalnız müharibə şəraitində, müharibə edən ölkələrin arasında getdiyini düşünmək yanlış olar. Yəni sülh zamanı da informasiya müharibəsi və ya belə deyək, media manipluyativ informasiya vasitəsi ilə bir ölkənin media məkanının başqa bir ölkənin media məkanına nüfuz etməsi məsələsi təbii prosesdir. XlX əsrin sonlarından başlayaraq bu proses davamlı şəkildə gedir. Bizə qonşu olan ölkələr var. Onların da təbii ki, siyasi hədəfləri, həm regionda, həm Cənubi Qafqazda, həm də yaxın Şərqdə öz maraqları var. Azərbaycanın da strateji bir ölkə olduğunu nəzərə alsaq, onların bizim media məkanımıza  manipluyativ müdaxilə etmək cəhdləri təbii haldır. Bizim də buna qarşı cavab verməyimiz, bunun qarşısını almağımız tədqiq edilir. Bu da təbiidir. Bu mənada, bəli, müəyyən təsirlər var - Qərb tərəfdən də təsir var, qonşu ölkələrdən də. Yəni bu müdaxilələr yalnız Ermənistan tərəfdən deyil. Ermənistanla birbaşa açıq bir informasiya savaşı var. Təbii ki, bizim media məkanımıza, öz maraqlarından çıxış edərək müəyyən informasiyaları ötürüb, öz təsir qaydalarını genişləndirmək istəyən ölkələr var. Bunu inkar etmək olmaz. Bizim də buna qarşı savaşan peşəkar jurnalistlərimiz var.

- Beynəlxalq jurnalistika bu gün həmişə olduğundan daha da vacibdir. Ona görə kadr hazırlanması mühümdür. Bu gün bu sahədə vəziyyət necədir və prestijli olması üçün nələr edilməlidir?

- Bizdə beynəlxalq jurnalistikaya magistratura səviyyəsində bizdə qəbul aparılır. Artıq neçə illərdir, jurnalistika fakültəsində ilyarımlıq tədris keçirilir və 6 ay müddətində də magistrant dissertasiyanın müdafiəsinə hazırlaşır. İki illik tədris prosesidir. Amma Beynəlxalq jurnalistikanın bakalavr pilləsində tədris olunması da əhəmiyyətlidir. Çünki bütün bilikləri magistraturada vermək olmur. Bu, işin birinci tərəfidir. İkinci tərəfi isə, fikirimi qüvvətləndirərək arqument gətirim, fakültəmizdə jurnalistikanın ixtisaslaşmalarına yeddi ixtisas üzrə qəbul aparılır. Bu ixtisaslaşmalara sənəd vermək üçün bakalavrda jurnalistika ixtisasını bitirmək şərt deyil. Yəni təsəvvürünüzə gətirin ki, İdman Akademiyasının bakalavr üzrə məzunu Jurnalistikanın bu yeddi ixtisaslaşmasında magistraturaya istənilən yerə sənəd verə bilər. Təbii ki, Dövlət İmtahan Mərkəzinin müsabiqələrindən keçərsə. Yaxşı, biz onlara jurnalistikanın əlifbasınımı öyrədək, yoxsa beynəlxalq jurnalistikanımı? Yəni bax belə məqamlar çıxır ortaya. Bu mənada, əslində, söhbət təkcə beynəlxalq jurnalistikadan getmir.

- Hər şey təhsil, tədrisdən ibarət deyil və Jurnalistikada praktika daha çox önəmli deyilmi?

- Mən bu fikirlə razıyam. Üçünüz də bizim tələbəmizsiniz. Bilirsiniz ki, son iki ildə praktikanı nə qədər artırmışıq. Yəni treninqlər, seminarlar, kurslar. Hazırda Vergilər Nazirliyində praktikalar başlayıb. Amma bir şey də var. Jurnalistika yalnız nəzəriyyə ilə olmadığı kimi təkcə praktika ilə də olmaz. Əgər mən beynəlxalq jurnalist kimi yetişmək istəyirəmsə, ixtisaslaşdığım bölgənin tarixini mütləq bilməliyəm. Mən Yaxın Şərq üzrə ixtisaslaşmışam. 1999-cu ildən Yaxın Şərqdən yazıram. 12-13 ildir təhlil edirəm. Yaxın Şərq tarixini, dinlərini, dillərini bilirəm. Mən bu sahəyə illərimi vermişəm. Amma mənim bir bazam da var. Beynəlxalq münasibətlər tarixini keçmişəm, beynəlxalq hüquq keçmişəm. Yəni o bünövrə olmalıdır. Təsəvvür edin ki, bir ev tikirsiniz onun bünövrəsi, fundamenti olmur. Bünövrəsi olmayan ev dayanıqlı ola bilər?  Əlbəttə, yox. Ona görə də tək bir jurnalistika ixtisası üzrə qəbul aparılması doğru deyil. Bizdə bir neçə ixtisas üzrə qəbul getməlidir. Media kommunikasiya fakültəsi olaraq bir neçə ixtisas üzrə də qəbul aparılmalıdır. O cümlədən, beynəlxalq jurnalistika ixtisası üzrə. Bundan sonra biz o yeddi ixtisaslaşmada  magistratura üzrə daha peşəkar kadrı növbəti mərhələ üçün hazırlayıb təqdim edə bilərik. Magistratura elmi səviyyədir, bu mənada bakalavrdakı hazırlıq çox ciddi önəm daşıyır.

- Beynəlxalq jurnalistika sahəsində peşəkar kimi formalaşmaq üçün jurnalistikadan başqa hansı sahələr yaxından mənimsənməlidir?

- Politologiyanı, tarixi, fəlsəfəni bilmək zəruridir. Bir məqamı qeyd edim ki, hansı region üzrə ixtisaslaşırsınızsa, onun spesifik məqamlarını bilməlisiniz. Məsələn, sən Yaxın Şərq üzrə peşəkar analitik olmaq istəyirsənsə, teologiyanı bilməlisən. Çünki Yaxın Şərqdə təkcə iri dövlətlər deyil, həm də müxtəlif sayda dini konsepsiyalar, təriqətlər, cərəyanlar, hərəkatlar var. Bunların necə ortaya çıxdığını, hansı ölkə ilə necə münasibət qurduğunu öyrənmək üçün mütləq məsələnin ideoloji-fəlsəfi dərinliyini bilməlisən. Və ya Amerika üzrə ixtisaslaşmısınızsa, Amerika ilə bağlı olan istər siyasi, istər mənəvi, istərsə də dini sistemi bilməlisiniz. Məsələn, Amerikada elə xristian cərəyanları var ki, bu günün özündə də dövlətə ciddi təsir göstərir. Bunları bilmək üçün gərək ciddi şəkildə işləyəsən. Beynəlxalq jurnalistlər Qərbdə də, Sovet imperiyası dönəmində də hər zaman birmənalı olaraq mötəbər, sözünə etibar ediləcək şəxslər kimi qəbul olunublar. Yəni beynəlxalq jurnalist olmaq bir o qədər də asan deyil. Beynəlxalq jurnalistika həmişə ən yüksək meyarlardan biri olub. Təhlilləri düzgün aparmaq üçün bunlar vacibdir. Bunları bilməsən, məsələn, İxvanil Muslimin ilə Sələfilərin nəyə görə bir-birinə rəqib olduğunu da bilməyəcəksən. Yaxud niyə FAT ilə HAVAS, hər ikisi Fələstinin azadlığı uğrunda mübarizə aparsa da, bir-birinə rəqibdir. Bu kimi incə məqamlar var ki, onlar bilmək üçün mütləq oxumalısan.

Fehruz RZA
Rəhman MİRZƏLİZADƏ
Ümid ORUC


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.