525.Az

Sərvət Kabaklı: “Çox xoşbəxtəm ki, Azərbaycanın mötəbər bir institutunun fəxri doktoru adına layiq görülmüşəm”

[06.07.12]
Sərvət Kabaklı: “Çox xoşbəxtəm ki, Azərbaycanın mötəbər bir institutunun fəxri doktoru adına layiq görülmüşəm”

Ötən gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əhməd Kabaklının “Harput əfsanələri” kitabının təqdimatı və Türk Ədəbiyyatı Vəqfinin (TƏV) sədri Sərvət Kabaklıya fəxri doktor elmi adının verilməsi ilə bağlı mərasim keçirilib. Mərasimdən öncə qonaqlar Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Tədbirin aparıcısı,  AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Paşa Əlioğlu Qardaş Türkiyədən ölkəmizə gələn qonaqları və mərasim iştirakçılarını salamlayaraq rəhbərlik etdiyi elm ocağında belə bir törənin keçirilməsindən şərəf hissi keçirdiyini dilə gətirib. P. Əlioğlu indiki Əlyazmalar İnstitutunda vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin toplaşdığını qonaqların diqqətinə çatdıraraq institutun mənəvi dəyərinin yüksək olduğunu bildirib. Sərvət Kabaklıya Əlyazmalar İnstitutunun fəxri doktoru adının verilməsindən məmnunluğunu ifadə edən direktor bunun ilk dəfə həyata keçirildiyini vurğuladı. Çıxışından sonra P. Əlioğlu institutun “Fəxri doktor” elmi diplomunu Sərvət Kabaklıya təqdim edib.

 

 “Can Azərbaycanın candan əziz alimlərini salamlayıram” müraciəti ilə çıxışına  başlayan TƏV-in rəhbəri S. Kabaklı  fəxri doktor adı almasından məmnunluğunu ifadə edib: “Çox xoşbəxtəm ki, canım Azərbaycanın mötəbər bir institutunun fəxri doktoru adına layiq görülmüşəm. Burada əmim, böyük ziyalı Əhməd Kabaklının xatirəsinin belə əziz tutulduğu üçün də özümü çox xoşbəxt hiss edirəm. Bütün bunları böyük bir vəfa örnəyi sayıram. Azərbaycan hər zaman bizim üçün canımız qədər əziz olub. Biz “Azərbaycan” mahnısını dinləyəndə həmişə təkcə gözümüz deyil, könlümüz də ağlayıb. 1960-70-ci illərdə Zeynəb Xanlarovanın adını eşidəndə, mahnılarına qulaq asanda gözlərimiz dolurdu. Azərbaycan həmişə bizim üçün qiymətlidir və fəaliyyətimizin böyük bir qisminin də həmişə  bu ölkə ilə bağlı olmasına çalışmışıq”. S. Kabaklı keçən əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqının dəfələrlə erməni terroruna məruz qalmasını, Qarabağ müharibəsində və ondan əvvəl saysız-hesabsız şəhid verdiyini xatırladaraq onların xatirəsinin hər zaman xalqlarımızın qəlbində yaşayacağına inamını ifadə edib. S. Kabaklı şəhidlərlə yanaşı öz ölkəsinin inkişafına xidmət göstərən elm, sənət və ədəbiyyat adamlarını da qəhrəman adlandırıb: “Tolstoy deyib ki, ədəbiyyatı olan topluma millət deyilir. Bu baxımdan biz böyük bir millətik. Şeirləri, mahnıları, elmi əsərləri ilə bu millətə ruh verənlər də onun qəhrəmanlarıdır”. Təqdim olunan “Harput əfsanələri”nin ədəbi-bədii dəyərindən söz açan S. Kabaklı  qeyd edib ki, hər bir əsərində Qərbin mədəniyyət imperializmi qarşısında baş əyib öz milli və mənəvi dəyərlərini itirmiş və ya itirmə istiqamətində olanlara, getdikləri yolun gedərgəlməz olduqlarını xatırladır. Milli və mənəvi mənliyini qoruyanlara da haqq yolunda olduqlarına əminlik aşılayır və onların özlərinə inamını artırır. Çıxışının sonunda TƏV rəhbəri əsərin Azərbayan türkcəsində nəşr edilməsində maddi və mənəvi dəstəyini əsirgəməyən, bir çox milli mədəniyyət fəaliyyətinin hamisi, dünyanın zəngin əntiq əşyalar kolleksiyaçısı, Qarabağ qazisi Şahid Həbibullaya minnətdarlığını bildirib.      Bakıya sonuncu dəfə 1996-cı ildə gəldiyini deyən S. Kabaklı aradan keçən illər ərzində Azərbaycanın, Bakının böyük bir iqtisadi inkişaf yolu keçdiyini  çıxışında önə çəkib: “16 il əvvəlin Bakısı ilə indinin Bakısı arasında çox böyük fərqlər gördüm. İndiki Bakını  tanımadım. Şəhər çox sürətlə inkişaf edib. Hər yan abadlaşıb, gözəlləşib. Bunun üçün Prezident İlham Əliyevə və Azərbaycan mədəniyyətinin təbliğatı istiqamətində misilsiz işlər görən xanımı Mehriban Əliyevaya çox dərin minnətdarlığımı bildirirəm”.

 

Elazığın bələdiyyə sədri Süleyman Salmanoğlu çıxışında hər zaman Azərbaycan xalqının sevincini sevincləri, kədərini kədərləri bildiyini söyləyib: “Bizlər elazığlılar olaraq, azərbaycanlı qardaşlarımızı çox sevirik. Bilirik ki, acılar paylaşanda azalır. İstəyirəm biləsiniz ki, Qarabağ bizim də faciəmizdir.  Qarabağın acısını ürəyimizdə hiss edirik, Xocalı qətliamı içimizi göynədir. Bizlər gələcəyə, ümidə azərbaycanlı qardaşlarımızla birlikdə yelkən açmaq istəyirik. Ümidlərimizə, sevgilərimizə, sevinclərimizə azərbaycanlı qardaşlarımızın da ortaq olmasını istəyirik. İstəyirik ki, hər iki ölkə bütün sferalarda işbirliyi qursun. Əl-ələ, çiyin-çiyinə böyük bir güc olmalıyıq ki, çətinliklər  önümüzdə diz çöksün”. Elazığda Azərbaycanla bağlı görülən işlərdən, Azərbaycanın görkəmli ədəbiyyat adamlarının xatirəsi münasibətilə keçirilən mərasimlərdən söz açan bələdiyyə sədri həmyerlisi Sərvət Kabaklıya Əlyazmalar İnstitutunun fəxri doktoru adının verilməsindən məmnunluğunu bildirib. S. Kabaklının 41 illik məslək həyatı boyunca hər zaman Türkiyənin və Azərbaycanın milli- mədəni inkişafına xidmət göstərdiyini vurğulayıb. Ona verilən fəxri doktor adını böyük bir qədirşünaslıq kimi qiymətləndirən bələdiyyə başkanı bu addımı ümumən Elazığ şəhərinə və xalqına verilməsi kimi dəyərləndirib. TƏV adından Sərvət Kabaklının rəhbərliyi altında işıq üzü görən dəyərli nəşrlərdən söz açan bələdiyyə sədri bu vəqfin indiyədək 150-dən artıq kitab və toplu nəşr etdirdiyini diqqətə çatdırıb.

 

Filologiya elmləri doktoru Asif Rüstəmli çıxışında Türkiyədə Azərbaycanın sevilməsində Sərvət Kabaklının əməyinin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu gün qardaş ölkədə Azərbaycanın tanınıb sevilməsində Sərvət Kabaklının özünəməxsus rolu var. Əlyazmalar İnstitutu tərəfindən ona verilən fəxri doktor adı onun haqqıdır, o çoxdan buna layiqdir”. A. Rüstəmli çıxışında həmçinin Elazığın bələdiyyə sədri  S. Salmanoğlunun da Azərbaycan naminə gördüyü işlərdən söz açıb: “ Elazığın ən gözəl yerində Azərbaycan parkının açılışı və orada şəhidlərimizə abidənin ucaldılmasında Süleyman Salmanoğlunun müstəsna xidmətləri var. İnanırıq ki, bundan sonra da bu gür gözəl təşəbbüslər davam etdiriləcək”. A. Rüstəmli mərasimdə təqdimatı keçirilən, tərcüməçisi və önsöz müəllifi olduğu  “Harput əfsanələri” haqqında, müəllifi Əhməd Kabaklı barəsində fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb: “ XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mühərrir Əhməd Kabaklı fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi ədəbiyyatşünas alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Onun son 45 ildə on dörd dəfə nəşr edilən, ümumi həcmi 4330 səhifədən çox olan beşcildlik “Türk ədəbiyyatı” tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya və türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır”.

 

Millət vəkili Musa Qasımlı bu cür mərasimlərin təşkilinin vacibliyini vurğulayaraq S. Kabaklının ölkəmiz adına gördüyü işləri təqdirəlayiq hesab etdiyini bildirib.

 

“525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında Süleyman Salmanoğlunun ümumən Türk dünyası və Azərbaycan üçün çox əhəmiyyətli işlər gördüyünü deyib. O, Almas İldırımın anadan olmasının 100 illiyi münasibətilə və Elazığda şeir axşamlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin böyük hörmətlə qarşılandığını qeyd edib: “Elazığa səfərlər zamanı o qədər dolğun təəssürat almışdıq ki, bütün bunlar sanki indicə baş verib. Həmin vaxt elazığlıların qonaqpərvərliyini, isti münasibətlərini, Almas İldırımın şeirlərinin litsey tələbələrinin ifasında səslənərkən tökülən göz yaşlarını yaxşı xatırlayırıq. Elazığlılar bizdə el arasında deyildiyi kimi, adamdan ötrü özlərini öldürürlər. Həmin vaxt Şener Bulud da Azərbaycan nümayəndələrinin qayğısını çox çəkdi, bizi sanballı ağırladı. Elazığ xalqı və bələdiyyəsi Azərbaycanın yaxından tanınıb sevilməsində böyük işlər görür.  Elazığ sanki kiçik Azərbaycandır. Hər şeyin maddiyyatla ölçüldüyü, təmənna güdüldüyü indiki zamanda elazığlıların dumduru mənəviyyatı, təmiz sevgiləri bizi riqqətə gətirmişdi”. R. Məcid görülən işlərin nəticəsiz qalmayacağını bildirərək Sərvət Kabaklının layiq olduğu daha böyük mükafatların nəsib olacağına əminliyin bildirib. 

 

Türkiyədə “Manas” nəşriyyatının rəhbəri Şener Bulud Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirərək indiyədək azərbaycanlı sənət və ədəbiyyat xadimləri ilə birgə görülən işlərdən, təşkil olunan ədəbi-mədəni tədbirlərdən söz açıb.

 

Türk Ədəbiyyatı Vəqfinin üzvü, şair İsa Kocakaplan mərasimdə iştirakından xoşbəxt olduğunu dilə gətirərək belə tədbirlərin əhəmiyyətindən bəhs edib.

 

Filologiya elmləri doktoru Qəzənfər Paşayev  belə tədbirlərin qardaş xalqları bir-birinə daha da yaxınlaşdırdığını deyib.

 

Mərasimdə Süleyman Salmanoğluna, Şener Buluda və Şahid Həbibullaya AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatının dostları” diplomları təqdim olunub.

 

Türk nümayəndə heyətində təmsil olunan Hadi Önal, Çingiz Özdəmir, Lütfullah Parıltı, Sərhəd Kabaklı, Əli Canpolad və Azərbaycanın bir sıra elm adamları bu gün-iyulun 6-da Xızıda böyük ədib Cəfər Cabbarlının anım günü və Asif Rüstəmlinin müəllifi olduğu, Türkiyənin “Manas” nəşriyyatında işıq üzü görən “Cafer Cabbarlı” kitabının təqdimatına qatılacaqlar. Mərasimdə böyük ədibin həyat və yaradıcılıq yolu xatırlanacaq, sözlərinə yazılmış mahnılar ifa ediləcək. Tədbirdən sonra türkiyəli və azərbaycanlı nümayəndə heyətləri Qubaya yola düşərək, oradakı kütləvi məzarlığı ziyarət edəcəklər.

 

Sevinc MÜRVƏTQIZI


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.