525.Az

Əli Günvar: "Əsl ədəbiyyat "tribunaya oynamaz"

"SƏNƏT MƏNİM ÖZÜMÜN ÖZÜMLƏ MÜBAHİSƏMDİR"


[07.05.19]
Əli Günvar: "Əsl ədəbiyyat "tribunaya oynamaz" <b style="color:red"></b>

Türkiyəli şair Əli Günvar bu günlərdə paytaxtımızın qonağı oldu. Onunla görüşüb, Azərbaycana gəliş səbəbi, poeziya, Türkiyə ədəbiyyatı və başqa bir sıra mətləblərdən danışdıq:

- Əli bəy, Azərbaycana xoş gəlmisiniz! Öncə səfərinizin məqsədi haqda danışaq.

- Azərbaycana ilk dəfə gəlirəm. Azərbaycan Tərcümə Mərkəzinin dəvətlisi olaraq, Qlobal Forumda iştirak etmək üçün gəldim. Mərkəzin bir çox tədbirlərinə və Qlobal Forum daxilindəki Multikulturalizm və Türk dünyası ilə bağlı İpək yolu forumunda çıxışlarım oldu. Xüsusən, Mərkəzin iki tədbirində şeir, memarlıq və dil münasibətləri haqqında məruzələr dedim.

Öncə haqqında çox eşitsəm də, gəlmək qismət olmamışdı. Burada olmaqdan çox məmnunluq duyuram. Sanki vətənimdən vətənimə səfər etmiş kimiyəm, heç yad hiss etmirəm özümü. İstanbulda nə qədər rahatamsa, burada da o qədər rahatam.

- Azərbaycan ədəbiyyatı ilə öncədən tanış idinizmi? Buradakı görüşləriniz sizdə hansı təəssüratlar yaratdı?

- Əvvəllər ayrı-ayrı şəxsləri tanıyırdım, oxuduqlarım vardı. Ancaq Azərbaycan ədəbiyyatı haqqında küll şəklində bilgi sahibi olduğumu deyə bilmərəm. Amma nəticə etibarilə türkcənin ədəbiyyatı olduğu üçün az-çox məlumatım vardı. Buradakı görüşlərimiz sayəsində Ramiz Rövşəni, Afaq Məsudu, Rəşad Məcidi, Qan Turalını, Xanəmiri, Aysel Əlizadəni və başqalarını tanıdım. Ramiz Rövşənlə uzun-uzun söhbətlərimiz oldu və fikirlərimizin üst-üstə düşdüyünü gördüm. Çox yaxşı və geniş təcrübəsi olan, heç kimin inkar edə bilməyəcəyi bir şairdir. Şeirin keçmişini və indisini çox yaxşı bilir, gələcəyi haqqında da səhih fikir sahibidir. Ciddi bir poetikası var. Bu zamana kimi çox yaşlı, təcrübəli şairlərlə tanış oldum, amma ciddi poetikaya sahib deyildilər. Ramiz Rövşən isə bu mənada onlardan çox fərqlənir.

Qan Turalı ilə tanış olduq, maraqlı söhbətlərimiz oldu. Yetərli qədər istedadlı və intellektüal gəncdir. Gələcəkdə ciddi işlər görəcəyinə əminəm.

Afaq Məsud xanımla uzun söhbətimiz oldu. Həm bir yazıçı, həm də insan kimi çox dəyərlidir, önəmli işlər görür.

Gənc ədəbiyyatçılarda, adətən, rastlaşdığımız bir düşüncə var: məni oxusunlar, xalq məni anlasın. Ən çox Aysel xanımda gördüm bunu. Bu da çox normaldır. Ədəbiyyatla xalqa xidmət etmək düşüncəsinə sahibdir. Bu, duyğusal şeylərdir, insanın sonrasına elə də təsiri olmaz. Xalqçı təfəkkür bir az mənə yaddır. Dünyada belə bir düşüncə tərzi vardır. Hətta çox tanınmış nümayəndələri də var. Məncə, dünyanın, xalqın sizi həzm etməsini ciddiyə almaq lazım deyil. Əsas məsələ sənin nəyi həzm edib-etməməyindir. Sən yaz, o yazı oxucusunu bir gün mütləq tapacaqdır. Ya siz sağkən, ya da siz olmayanda. Çünki hər yazının öz oxucusunu vardır və bir gün bir-birlərini tapırlar. Amma Aysel xanım istedadlı şairdir. Bu cür fikirləri də zamanla aşacağına inanıram.

- Sizin sözləriniz yadıma o məşhur sualı saldı: sənət sənət üçündür, ya xalq üçün?

- Sənət mənim üçündür (gülürük). Çünki mən o sənət vasitəsilə özüm-özümü tərbiyə etdim, nəfsimə sahib çıxmağı öyrəndim. Sənət mənim özümün özümlə mübahisələrimdir, problemlərimi çözmək şəklimdir. Sənət sənət üçünmü, sənət xalq üçünmü seçimləriylə heç zaman razılaşmadım və hətta bu fikirlərin sənətdən uzaq biriləri tərəfindən ortaya atıldığına inandım. Sənətçinin yanaşması bu ola bilməz. Sənətçi yaradar, ortaya qoyar və gedər. Tənqidçi necə rəy verər, o, sənətçinin problemi, ya da məşğul olacağı məsələ deyil. Xalqın çox yaxşı anladığı Nazim Hikmət... O, xalq üçünmü yazdı onları? Əlbəttə, yox. Onun yazdıqları öz-özüylə mübahisələridir. O, xalq bunu necə anlar, qəbul edər və ya etməz deyə düşünmədi ki. Bütün böyük şairlərin problemi özüylədir. Əsl ədəbiyyat "tribunaya oynamaz". Çox uzun zamandır, qatıldığım böyük tədbirlərdə, beynəlxalq simpoziumlarda öz şeirlərimi oxumuram. Başqası oxuyur. Mən şeiri ən yaxın dost məclisində, kiçik qruplarda oxuyuram, özümüz üçün. Bu da mənim seçimimdir.

Müsahibəmizin bu yerində bayaqdan bizi dinləyən, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşairi İrfan Çiftçi qonağımıza öz sualları ilə müraciət edir:

İ.Ç: - Əli bəy dünyanın böyük bir hissəsini gəzib-dolaşmış, çox dil bilən, bu zamana qədər fərqli mədəniyyətlər tanımış bir memardır həm də. Buna görə də, bəzi məsələlərlə bağlı onun fikirləri mənə maraqlıdır. Birinci növbədə, o, Azərbaycan muğamını dinlədi, rəsm sənətiylə tanış oldu. Muğam və ümumən Azərbaycan musiqisi, eləcə də Azərbaycan rəssamlığı ilə bağlı təəssüratlarınız, fikirləriniz necədir?

- Azərbaycan muğamı mənə çox təsir etdi. Əvvələn ona görə ki, milli Anadolu- Türkiyə musiqisinin çata bilmədiyi bir səviyyəyə çatıb. Və musiqinin əsli pozulmadan, pop musiqisi halına gəlmədən son dərəcə çoxsəsli və səviyyəli bir sistem halına gəlib. Deyə bilərəm ki, Azərbaycan təsirləndiyi polifonik rus musiqisini elə özününküləşdirib ki, artıq o, buranın məhsulu olub. Hətta ruslar belə artıq o musiqini Azərbaycan musiqisi deyə qəbul ediblər. Türkiyədəki "arabeskləşmə" burada yoxdur. Azərbaycan musiqisi haqqında onsuz da hər zaman gözəl sözlər eşitmişdim, amma gəlib yerində görmək də məni çox sevindirdi. Burada Anadolu musiqisinə örnək olacaq şeylər var.

Rəssamlığa gələndə isə deyə bilərəm ki, rəssamlıq çox özəl və külli miqdarda pulun dövr etdiyi bir sahədir. Buna görə də rəssamlıqda dünya modasına uymaq, onun nəbzini tutmaq çox mühüm məsələdir. Çünki dünya modasından təsirlənməli və onu əks etdirməlisən ki, rəsmin də satılsın. Burada mən rəssam Günay Mehdizadənin sərgisiylə tanış oldum və gördüyüm qədərilə o, bu işi çox uğurlu şəkildə həyata keçirir. Dünya rəsm sənəti içərisində güclü bir rəsm tərzi yarada bilib. Gördüm ki, özünün iki fərqli stili var. Hər iki stildə uğurludur. Dünyanın hər yerində, heç şübhəsiz, müştərisi olacağına inanıram.

İ.Ç: - Bakını memarlıq baxımından necə gördünüz?

- Burada müdhiş bir XIX əsr memarlığı gördüm. Rusiya XIX əsr memarlığı ilə yanaşıdır. Rus şəhərçiliyinin ciddi təsiri var. İçərişəhərdə isə çox fərqli bir hava sezdim. İçərişəhər həm yolları, həm binalarının iç-içəliyi baxımından ortaçağ şəhəridir. Onu bu cür qoruyub-saxlamaq böyük işdir. Anladığım qədəriylə orta çağla XIX əsr arasında bir keçid yoxdur. Yəni birdən-birə insan zamanda səfər etmiş kimi olur. Bunlardan sonra isə modern memarlığa keçid edib. Modern şəhərçilik isə rus dekonstruksiyası ilə yeni bir hal alıb. Türkiyənin Qars şəhəri də rus təsirini qoruyan şəhərdir. Ancaq buranın fərqi odur ki, təsir təsirlikdən çıxıb, özününküləşib artıq. Bu da bəlkə buranın insanının öz mədəniyyətinə sevgisinin, hörmətinin təsirindəndir. Mənim ölkəmdəki deformasiyaların bəziləri burada yoxdur. Bu, sevindirici haldır. Ancaq bunun bir mənfi cəhəti də var ki, biz deformasiyalarla birgə dünyanı da tanıyırıq. Dünyanın bizim içimizə axışında yaratdığı deformasiyalar özüylə birgə yeni tanışlıqlar da gətirir. Bu mənada Azərbaycan bir az özünəqapalı qalır. Modern memarlıqda da bu, özünü göstərir.

İ.Ç: - İllərdir sizə Bakıdan, Azərbaycandan danışıram. Mənim danışdıqlarımdan fərqlimi gördünüz, yoxsa elə olduğu kimi?

- Yox, sizin danışdıqlarınızdan fərqli görmədim. Hələ az danışmısınız (gülürük). Gəlib burada canlı şahidi olarkən, tanış olarkən dedikləriniz beynimdə öz yerini daha dəqiq tutdu. Bir də mən burda bir şeyi özümçün dəqiqləşdirdim ki, Türkiyə və Azərbaycan heç vaxt bir-birindən ayrı düşməməli olan iki ölkədir. Onların həm mədəni, həm də güc baxımından bir-birinə qatacaq çox şeyləri var. Bizim bağlarımızın çox qədimə dayanan kökləri var.

İrfan bəyin önəmli və çox maraqlı müdaxilələrindən sonra yenidən müsahibəyə öz suallarımla davam edirəm:

- Əli bəy, tənqidçilər sizin şeirlərinizdən danışarkən "anlaşılması çətin, oxucudan yüksək intellektual bilgi tələb edən" deyə söz açırlar. Razısınızmı bu fikirlə?

- Belə fikirləri ilk eşidərkən cavabım bu olurdu: mən o şeirləri yazarkən çox böyük çətinliklər çəkirəm, bir az oxucu zəhmət çəksin (gülürük). Amma bir şey var, əgər yüksək səslə oxuyarsa, anlamasa da, dadını alar, zövqünü yaşayar. Doğrudur, intellektual göndərmələrim var. Əgər onları bir az da olsun aça bilərsə, yazdığım mövzunu və mövzunun mənim üzərimdəki təsirini anlaya bilər. Ən azından məni kəşf edər.

- Sizinçün modern şeir nədir?

- Bu, böyük bir "palavra"dır (uydurma, qurama anlayış - Ş.M.). Füzulinin "Su" qəsidəsi modern deyilmi? Ən azı Nazim Hikmət şeiri qədər moderndir. Yaxşı yazılmış bir şeir zamanları aşmağa başladığı vaxt moderndir. Tənqidin modern mübahisələri və axtarışları boşdur. Əsas olan şeirin qoxusunu almaq və onu əks etdirməkdir. Bu cür ifadələr yeni nəslin köhnə nəslə özlərini qəbul etdirmək üçün içinə çəkildikləri saxtalıqlardır. Fazil Hüsnü Dağlarcanın belə bir sözü var: "Şeir hər zaman on səkkiz yaşındadır".

- Sizin şeirlərin başlığında musiqi adlarına rast gəlirik...

- Musiqi mənim həyatımın ayrılmaz bir parçasıdır. Mən musiqisiz yaşaya bilmərəm. Klassik Osmanlı saray musiqisini çox sevirəm və zövqlə dinləyirəm. Mənimçün Əbdülqadir Marağayi ilə İohan Sebastyan Bax eyni səviyyədədirlər. Çünki bunlar məndə musiqi ilə ifadə duyğusunu oyandıran insanlardır. Musiqi səsin bəlli bir biçimə salınması və onun əks etdirilməsidir. Demək ki, musiqi dil hadisəsidir. Yaxşı musiqi yaxşı şeir kimidir. O, sizin təkcə qulağınıza deyil, qəlbinizə xitab edir. Onu qulağınızla dinləyib ruhunuzla duyarsınız.

- Türkiyədə şair olmaq nədir?

- Türkiyədə şair olmaq türkcənin şairi olmaqdır. İlk növbədə dilinə aşiq olacaqsan, onun incəliklərini kəşf etməyə çalışacaqsan. Təkcə onunla da yetinməyib, dünya dillərinə yönələrkən onlardan nələri yadlıq hissi yaratmadan öz dilinə daxil edərsən, onu da biləcəksən. Türkcəyə tərcümə edərkən qopuqluq olmamalıdır. Hər dil bir həyat tərzinin ifadəsidir. Buna görə də bir dilin başqa dilə tərcüməsi bir qəlbin o biri qəlbə açılması kimidir. Bunda çox diqqətli olmaq lazımdır.

- Öyrəndiyiniz, bəhrələndiyiniz şairlər kimlərdir?

- Əsas etibarilə divan ədəbiyyatı şairləri, Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi, Nəsimi, Ərzurumlu İbrahim Haqqı, Niyazi Misri. Son dönəmdə Əhməd Sürəyya, Ədib Cansevər, Hilmi Yavuz, Qərb şeirindəki klassiklər, Vergili, Dante, Homer, klassik fransız teatrı, Bualo, Şekspir, Coser və başqaları. Siyahını çox uzatmaq olar.

- Əli Günvar şeirindən təsirlənən gənc şairlər də, yəqin ki, vardır. Sizin onlara məsləhətləriniz, adətən, nələr olur?

- Çox şair özlərinin təqlidlərinin ətraflarında olmasından xoşlanarlar. Mənə bu cür yaxınlaşan olanda, adətən, uzaq tuturam. Çünki keçmişdə elmi-ədəbdə şeir yazmaq istəyən kimsə ustadın yanına gələr və ustad ona min şeir əzbərlədərdi. Onları əzbərləyəndən sonra isə "indi get, bunları unut və öz şeirini yaz" deyərdi. Əli Günvardan təsirlənənlər şeiri, dili sevmək üçün təsirlənsinlər,  amma Əli Günvar kimi yazmasınlar, özləri kimi yazsınlar. Mən onları özləri olanda sevirəm. Özü kimi olan şair ən yaxşı şairdir.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.