525.Az

Ankara Zülfü Livanelinin gözü ilə... - Müsahibə

"VARLI DEYİLDİK, MƏMUR MAAŞI İLƏ ÇƏTİNLİKLƏ DOLANIRDIQ"


[04.05.19]
Ankara Zülfü Livanelinin gözü ilə... - <b style="color:red">Müsahibə </b>

Məsəl var, deyir, böyük loxma ye, böyük söz danışma. Atalar burada durnanı lap gözündən vurublar. Necə də yerində deyiblər.

Bundan əvvəlki səfərdə Ankara mənə elə boğucu gəlmişdi ki, öz-özümə növbəti dəfə bunun təkrarı olmayacaq, demişdim. Elə hava limanındaca bu qənaətə gəlmişdim. Mərkəzə doğru irəliləyəndə isə yanılmadığıma əmin olmuşdum. Bu şəhər mənə ilk baxışdan qaşı çatılmış, hirsli, bıçağı əlindən, yumruğu masadan əskik olmayan davakar insan təsiri bağışlamışdı. Bir tərəfdən də payızın son günlərinin ayazı, elə bil, insanın ətini kəsirdi. Ümumiyyətlə, noyabrın sonundan dekabrın əvvəllərinə qədər burada qəribə hava şəraiti hökm sürür. Göy üzündə Günəş işım-işım işıldayır, amma aldığın nəfəs dişlərini dondurur, sanki nəfəs alanda ciyərinə üyüdülmüş buz qırıntıları çəkirsən. Küçədə üzü gülən çox az insana rast gəlirsən. Əgər gülərüzsənsə, dərhal diqqəti üzərinə çəkə bilirsən. Birindən söz soruşanda lakonik cavabla kifayətlənməli olursan, nə ikinci sualı verməyə fürsətin olur, nə də təşəkkür etməyə, bir də baxırsan, üzünü çevirib gedir. Hətta öz aləmimdə burada insanları iki kateqoriyaya bölmüşdüm. Birincisi sakitlər, ikincisi aqressivlər. İlk dəfə gələndə ikincilərlə sıx-sıx qarşılaşmışdım. Yəqin soyuq havanın da təsiri vardı, nə bilim!

Bu səfər Ankaranı yenidən kəşf etdim. Sən demə, mənim əvvəl gördüyüm aysberqin üzdə olan tərəfi imiş, əsl nəhənglər suyun altındaymışlar. Bir-birindən dəyərli, mehriban insanlar, yeni tanışlıqlar, dərin adamlar kəşf etmək zövqlü idi. Həm yeni, həm köhnə dostlarla saatlarla davam edən söhbətlər bitmək bilmirdi.

Hə, bu dəfə Ankara daha şirin, daha dadlı idi. Hələ dadı damaqdan getməyən tahinli balqabaq şirniyyatından danışmıram. Doğrudur, bir neçə yerdə dadmışdım. Amma Necati bəy əminliklə "bu başqa yerdə hazırlananlardan deyil, xüsusidir" deyəndə yanılmamışdı. Həqiqətən də, "Dafne" restoranındakı bambaşqa idi.

Orada qaldığım bütün günlərin sonunda 12-ci mərtəbədən almaz kimi par-par parıldayan Ankaranı saatlarla seyr edirdim. Düşünürdüm ki, şəhərlər sadəcə, daşdan, torpaqdan ibarətdir, şəhəri şəhər edən içindəki insanlar, onların gülüşləri, doğmalıqları, söhbətləri, yeri gələndə çatılmış qaşları, bir də xatirələrdir.

"Renk-renkti yaşadığım şehirler,
Alacakaranlıktı Ankara,
İstanbul ise puslu, süt beyaz..."

- deyirdi Zülfü Livaneli "Mavi sonsuzluk" şeirində.

Misralar da mən deyəni deyir, deməli, Ankara orada böyüyənlərin də gözünə boz görünürmüş.

Həmsöhbətim yazıçı, ssenarist, musiqiçi, siyasətçi, rejissor Zülfü Livanelidir. Ankaraya bir az da onun gözünləri ilə baxsaq, maraqlı olar yəqin. 

"Atatürk dönəmində Ankarada bir dənə də qübbə yox idi" 

- Osmanlı imperatorluğunun paytaxtı Konstantinopol, yəni indiki İstanbul idi. İmperatorluq oradan idarə edilirdi. Bütün əsas qurumlar, idarələr hamısı İstanbulda yerləşirdi. Ankara isə qədim romalılardan qalma çox kiçik bir qəsəbə idi. Anadolunun düz ortasında yerləşirdi, amma yer baxımından elə də önəm kəsb etmirdi. Fəqət, Türkiyə Qurtuluş savaşı və istiqlaliyyət müharibəsindən sonra  Atatürk və dostları höküməti bura köçürməyə qərar verdilər. Bu addımı atmaqlarına iki səbəb vardı: birincisi, Ankara sərhədlərdən uzaq idi. Hər an ediləcək basqından buranın müdafiəsi daha asan görünürdü. Amma İstanbul belə deyildi, hər tərəfdən riskli idi, istər dəniz, istər quru yolu ilə hər an təhlükə gözlənə bilərdi. Çanaqqala da paytaxt üçün uğurlu seçim deyildi. Ankara ortada olduğundan onu ələ keçirmək çətin idi. İkincisi, bir məqam da vardı - o dönəmin əsgərləri, hərbiçiləri və xüsusilə Mustafa Kamal və dostları İstanbuldakı səltənət rejimini bəyənmirdilər, o dünyanı xatırladan nə varsa onu rədd edirdilər. Atatürk qübbəni sevmirdi. Onun dönəmində burada bir dənə də olsun, qübbəli memarlıq abidəsi olmadı. Amma İstanbulda üzünü hara çevirsən qübbələr, saraylar - bu dəbdəbələrdən ürəkləri bulanırdı. Ona görə də yeni bir başlanğıc istədilər, sıfırdan bir şəhər quracağıq dedilər. Doğrudur, Ankara sıfırdan qurulmadı, amma yeniliklərə büründü. Yeni cümhuriyyət burada yüksəldi və əzəmətli Ankara quruldu.

"Ankara o vaxtdan məmur şəhəridir"

- Atatürkdən əvvəl çox bəsit bir şəhər idi. Sonra alman memarlar gəlib şəhərin planını qurub, xəritəsini çəkdilər. Tikintilər başladı. 1923-cü ildə Böyük Millət Məclisinin ilk binası burada quruldu, əsrarəngiz yerlər tikildi. Beləliklə, bu şəhər yarandı. Bu şəhər həmin vaxtlardan məmur şəhəri idi. Burada o qədər hörmətli insanlar yaşayırdı ki... Hamısı da işıqlı, mehriban, mədəni insanlar idi. Doğrudur, zəngin deyildilər, amma buna baxmayaraq, həmişə səliqəli, təmiz geyinirdilər. Bir-biri ilə nəzakətlə, gülər üzlə davranırdılar. Bir az fərqli geyinən olanda o dəqiqə nəzərə çarpırdı, insanların beynində "bunlar kimdir, haradan gəliblər" deyə sual yaranırdı. Bax, Ankara elə bir şəhər idi. Həqiqətən də Mustafa Kamalın istədiyi cümhuriyyətin şəhəri idi. O vaxtlar opera və teatr binaları tikilirdi, tamaşalar göstərilirdi. Mədəniyyət mərkəzləri, xalq evləri, məktəblər yeni başlanğıcın gözəlliyindən xəbər verirdi.

"İllər keçdi, bu şəhərin xarakteri pozuldu"

- Atatürk müharibədə zəfər qazandıqdan və cümhuriyyət rəisi olduqdan sonra illərlə İstanbula getmədi. Onun şəhəri Ankara idi. Günü bu gün İstanbulda öndə gələn qəzetlərin, yayım evlərinin rəhbərləri, Türkiyənin kültür həyatını idarə edənlərin, az qala, hamısı Ankaradan getmədir. Çünki Ankara hər zaman mədəniyyət şəhəri olub.

Biz - burada yetişən insanlar mütəmadi olaraq teatrlar, kitablar, şeirlər, yazılarla boya-başa çatdıq. Amma İstanbuldakılar başqa cür yetişdilər: rəqslər, əyləncələr, yelkən çəkməklər - flirtlərlə qaynayan, siyasətdən uzaq həyat. İllər keçdikcə Ankara da dəyişməyə başladı. İndiki Ankara o vaxtkının neçə mislidir?! Buraya ardı-arası kəsilməyən köçlər başladı. Qarışıqlıq yarandı, şəhərin xarakteri pozuldu. Təəssüf ki, Ankara da Atatürkün istəmədiyi o şəhərlərdən biri halına gəldi.

"İstanbullular buranı sevmir"

- Amma nə qədər dəyişsə də, Ankaranın özünəməxsus bir sehri var. Əlbəttə, İstanbul qədər gözəl şəhər deyil. Lakin əgər burada dost çevrən, sıx əlaqələrin varsa, onlarla sıx-sıx görüşürsən. Məsafə problemin olmur. Bir nöqtədən o biri nöqtəyə saatlarla yol qət edərək çatmırsan.

Ankara dönüşlərindən birində Yəhya Kamalın qısa dialoqu dillər əzbəridir. Sual veriblər ki: "Ustad, Ankaranın ən çox nəyini sevirsiniz?", o da cavab verib ki: "İstanbula dönüşünü". Bu isə o deməkdir ki, istanbullular buranı heç sevmirlər. Amma bu şəhər daima biz ankaralıların sevimlisidir. Doğrudur, mən burada doğulmamışam, amma uşaqlığım burada keçib. Məktəbə burada başlamışam. Burada oxuyub, burada böyümüşəm. Burada evlənmişəm. Fikirlərimə görə bu şəhərdə Askeri cəza evində həbsdə yatmışam. Türkiyə tarixinin ən böyük konsertini bu şəhərdə vermişəm. Həmin konsertə yarım milyon insan qatılmışdı. Bu şəhərdə millət vəkili olmuşam, burada istefa etmişəm. Yəni hər şey bu şəhərdə baş verib.

"Mən məmur uşağıyam"

- Mən məmur uşağıyam. Atam əvvəllər prokuror idi, sonra Ali məhkəmə sədri oldu. Biz varlı deyildik. Ay sonunu çətinliklə gətirən, məmur maaşı ilə dolanan ailə idik. Amma hər şeyə rəğmən gözəl həyat yaşadıq. İndi Türkiyədə 100-150 min məmur avtomobili var. Hərəsi altına birini çəkib. O zaman belə deyildi. Məsələn, Ali Məhkəmədə bir tək atamın xidməti avtomobili vardı. Qara, uzun avtomobil idi, atam onu gətirib evə qoyurdu. Biz dörd uşağıq, o maşının içərisini bircə dəfə də görmədik. Bir yerə gedəndə avtobusa minib gedərdik. Onunla heç bir şəxsi iş görməzdik. O dönəmlərdə para-pul işini heç düşünməzdik. Belə bir əxlaq var idi. Amma indi hər şey göz önündədir.

Böyük yazıçı ilə söhbəti yekunlaşdırdıq. Mən isə eyni fikirdə qalası oldum: şəhəri şəhər edən içindəki insanlar, onların gülüşləri, doğmalıqları, söhbətləri, yeri gələndə çatılmış qaşları, bir də xatirələrdir.

Türkan TURAN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.