525.Az

Ümüd Abbas Nihani: "Gənc ədəbiyyatçılarda doğru-dürüst birlik yoxdur deyə..."

"... İNDİ AZƏRBAYCANDA ƏDƏBİYYAT YAŞLI VƏ ORTA NƏSLİN ÇİYİNLƏRİNDƏDİR"


[29.04.19]
Ümüd Abbas Nihani: "Gənc ədəbiyyatçılarda doğru-dürüst birlik yoxdur deyə..."<b style="color:red"></b>

Bugünlərdə redaksiyamızın qonağı olan gənc şair, rejissor, qiraətçi Ümüd Abbas Nihani ilə yenicə qalib seçildiyi Nəsimi müsabiqəsindən, İmadəddin Nəsimi yaradıcılığına münasibətindən, çağdaş ədəbi mühitimizdən və bir sıra başqa mövzulardan danışdıq.  

- Ümüd, bildiyim qədərilə, hələlik sonuncu uğurun İmadəddin Nəsimiyə həsr olunmuş universitetlər arası festivalda birinciliyindir. Təbrik edirik! Gözləyirdin bu uğuru?

- Mən oraya qatılanda bunun ümumiyyətlə müsabiqə olduğundan xəbərim yox idi. Elə bilirdim, sadəcə adi tədbirlərdən biridir. Mən də dostlarımla bərabər bu tədbirdə iştirak etmək üçün qatıldım. İki-üç gün qalmış bildik ki, bu, müsabiqə imiş. Bundan sonra həmin istiqamətdə davam etdik və birinci olduq. Bu tədbirə qələbə qazanmaq üçün qoşulmamışdım. Qrupda olan bütün uşaqlara da tapşırmışdım ki, iddialı olmayın, biz ora qalib olmaq üçün getmirik, əsas məqsədimiz yaxşı işimizlə özümüzü tanıtmaqdır. Burda başqa gözləntidən, qələbədən söhbət gedə bilməzdi. Səsvermə şəffaf oldu, yerlər müəyyən edildi və bizə sonda dedilər ki, siz də qalibsiniz. Rəşad Məcidə, Qulu Ağsəsə, Telman müəllimə, Əlvan müəllimə, bütün münsiflərə öz minnətdarlığımı bildirirəm. Səsverməni dürüst apardılar, "onun tanışı, mənim qohumum" söhbəti olmadı.

İkinci, üçüncü yerin qaliblərinə nəzər yetirdikdə görürəm ki, onlar doğrudan da müsabiqədə fəxri yer tutmağa layiq idilər. Bizi birinci alqışlayan Əli Əmirli və Qulu Ağsəs oldu. Bu, bizə stimul verdi. Rəşad Məcidin dəstəyi, diqqəti, isti münasibəti də özümüzə olan güvənimizi artırdı. Belə bir yanlış təəssürat var ki, böyüklər, ağsaqqallar gənclərin ayağından çəkirlər. Ancaq adlarını çəkdiyim insanların bizə göstərdiyi diqqət, dəstək bu fikirləri alt-üst elədi. Onların bu diqqəti məni daha da ciddi işləməyə, məsuliyyətli olmağa həvəsləndirir. Stimul verir ki, gələcəkdə daha uğurlu addımlar atım.

- Müsabiqədə səsləndirdiyiniz Nəsiminin şeirlərini necə seçdiniz?

- İmadəddin Nəsimi adı, müasir kəlməylə desək, ədəbiyyatda brenddir. Böyük şairin yazdıqları o qədər gözəldir ki, seçim etmək çətin oldu. Birinci turda "İstəmə" və "Hardasan?!" qəzəllərini səsləndirdik. Fikir verirsinizsə, qəzəllərdən biri fəlsəfi, digəri romantikdir. Birinci hissədə sanki dinləyicini düşündürürsən, ikinci hissə də isə deyirsən ki, bu qədər düşünmək bəsdir, indi istirahət edək. Əsas məqsəd də bu idi: əvvəlcə tamaşaçını düşündürmək, sonra isə istirahət etdirmək. Bizə verilən 10 dəqiqə içində etdik bunu: "İstəmə" qəzəli ilə düşündürdük, "Hardasan?!" qəzəli ilə istirahət ovqatı gətirdik. Qəzəli seçdiyimiz ritmə uyğun müəyyən etdik. Düşüncə də bu idi. Bir ritm eşitdik, xoşumuza gəldi və buna da uyğun bəhr seçdik yəni, "İstəmə" qəzəlini.

- Reaksiyalar necə oldu?

- (gülür) Birinci turda mənə münsiflər heyəti deyil, tamamilə kənardan olan insanlar irad tutdular ki, bu ifada sən bəhri qırmışdın və sair. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, mən götürdüyüm qəzəllərin bəhrini bilirəm və bildiyim işdə səhv eləmərəm. Qəzəli götürdüm, ifa edib çıxdım. Münsiflər heyətindəki ədəbiyyatı bilən adamlar, əruzçular bəyəndilər və mənə yekdilliklə 10 bal verdilər. Deməli, səhv etmədiyim üçün mənim ifamı bəyənib qiymət veriblər. Münsiflər ədəbiyyatı dərindən bilən insanlar idilər, əgər səhv  etsəydim, onlar bunu bildirərdilər və bu, nəticəmə təsir etmiş olardı. İkinci turda bəhrin dəqiqliyinə üstünlük verdim və onlara göstərdim ki, mən bəhri qırmıram və qəzəli sırf bəhr üstündə deyirəm.

İkinci qəzəldə keçiddə isə istədiyimi etdim və maksimum balla qalib oldum. Bu qələbə şəffaf səsvermə nəticəsində qazanıldı.

- Nəsimi və Ümüd. Səncə, sizi nə birləşdirir?

-   Zənnimcə, həyata, dünyaya, poeziyaya baxışımızda müəyyən ortaqlıq var. Yeniliyə həvəs də bizi birləşdirir. Fikir verin, İmadəddin Nəsimi əruza nə qədər yeniliklər gətirib. Mən də yenilik həvəskarıyam. Bu müsabiqə bir şans idi düşdü əlimə və mən bundan istifadə etdim.

- Səni şair kimi tanıdıq, sonra rejissor və aktyor kimi tamaşalarınla çıxdın qarşımıza, indi isə qiraətçi kimi uğurundan danışırıq. Bəs səncə, Ümüd Abbas Nihani ən çox kimdir?

- Baxın, bu da bizim böyük şairlə bir başqa bənzərliyimiz. Ümid Abbas İmadəddin Nəsiminin müasir bənzəridir, çünki Nəsimiyə cahanlar sığırdı, mənə isə sənətlər sığır, nə edim? (gülürük) Necə görmüsünüzsə, nə görmüsünüzsə, oyam. Aktyorluğumu gördüyünüz zaman aktyoram, şeirimi oxuduğunuz zaman şairəm, qiraətimi eşitdiyiniz zaman qiraətçiyəm, tamaşa qoyduğum zaman rejissoram.

- Hazırda Azərbaycanda özünün də nümayəndəsi olduğun gənclərin ədəbiyyatını necə dəyərləndirirsən?

(Bu sualımdan yayınmaq istəyir. Ancaq jurnalist marağımla icazə vermirəm. Bir növ müsahibimi cavab verməyə məcbur edirəm. Yaxşı ki də etmişəm. Başlayır bu zamana kimi ürəyində saxladıqlarını danışmağa...)

-  Mən ilk növbədə şairəm. Mənimlə yaşıd, eyni təcrübədə olanlar artıq bir neçə kitab çap etdiriblər. Mənim isə bir kitabım da yoxdur. Düşünmürəm ki, nə vaxtsa kitab buraxdıraram. Kitabla, şeirlə camaatı doyuranlar var. Redaksiyaları məşğul edənlər də var, mənə nə hacət...

- Cavabında ironiya hiss edirəm. Bəs niyə şeir yazırsan?

- Mənim üçün şeir yazmaq bir növ mənəvi ehtiyacı ödəməkdir. Bu vaxta qədər yazdığım şeirlər mənə bir qəpik də qazandırmayıb. Amma mən yenə də yazıram. Çünki öz mənəvi ehtiyacımı ödəyirəm. Yaxınlarımla bunu bölüşürəm. Kitabım çıxdı və ya çıxmadı, onsuz da oxuyan oxuyur şeirlərimi. Kitab çap etdirsəm, oxucularım, dost-tanışım "Ümüdün kitabı alınsın" deyə kitabımı alacaqlar. Buna isə ehtiyac görmürəm.

- Kitabdan imtinan bir növ etiraz üsuludur?

- Bəli, tam da budur. Nə qədər olar istedadsızların kitablarıyla kağız zay eləmək? Yaza bilməyən yazmasın da. Demirəm ki, mən belə möhtəşəm yazıram, xeyir! Ancaq hərdən elə şeirlərlə, şairlərlə qarşılaşırsan ki, görürsən, İlahi, nə qədər razıdır öz yazdığından. Yazdığı isə bir şey deyil. İnsan necə hiss eləməz ki, istedadı yoxdur? Nə məcburdur? Elələrinin şeirlərini ancaq sevgilisindən təzə ayrılan yeniyetmələr bəyənir, təbliğ edirlər. Edəcəklər də. Nə var, nə var, şeirin içərisində bircə "ayrılıq" sözü işlənsin. Yarası təzədir axı, gedib dəyir ora, elə bilir ki, bu şeir şedevrdir, ciddi ədəbiyyat nümunəsidir. Əslində, günah o yazanlarda deyil, günah onu oxuyub təbliğ edənlərdədir. Amma bəlkə də ən böyük günah bizdədir. Biz ədəbi cameənin nümayəndələrindədir, çünki oxucuların zövqünü "rəndələyə bilmirik" ki, onlar da pis şeirə "pisdir" deyə bilsinlər.

-Səncə, kitab çap etdirməmək məsələnin həll yoludur?

-Elə istedadlar var ki, oxucu ondan özü tələb edir, kitab çıxartdırsın. İstəyir, gözləyir. Mənim hələ o qədər oxucum yoxdur axı. Əgər mənim də həmin istedadlar kimi oxucum olsa, mən də kitabımı çıxartdıraram və heç satmaram, paylayaram ki, istəyənlərdə, kitabxananızda mənim də kitabım olsun. Yoxdur axı.

- Niyə yoxdur?

- Sizə bir şey danışım, niyə olmadığını biləcəksiz. Bu gün səhər bir televiziya kanalına yazmışam, özüm haqqında məlumat vermişəm, Nəsimi müsabiqəsindəki qalibiyyətimi demişəm və yazmışam ki, videonu sizə göndərsəm, bəyənsəniz, efirə çıxara bilərsinizmi? Çünki hazırda buna çox ehtiyacım var. Mənə verdikləri cavab bu oldu: axı, siz məşhur deyilsiniz, niyə çıxaraq ki sizi... Necə olum məşhur? Sən, məşhur deyiləm deyə, məni efirinə buraxmırsansa, məni tanıtmırsansa, camaat məni necə tanısın, harda tanısın? Digər məsələyə baxaq: o boyda Nəsimi müsabiqəsi keçirildi, Beynəlxalq Muğam Mərkəzi kimi böyük salonda qala gecəsi oldu, amma televiziyalar çəkmirdi onu. Mütləq gərək bayağı musiqilər oxuyaq ki, gəlib çəksinlər? Ya da Nəsimini bu cür təbliğ etməyək, əksinə, tənqid edək ki, diqqət qazanaq? Nəsimiyə, klassiklərimizə hörmətsizlik edək ki, bizi çəkib göstərsinlər? Yenə sağ olsun Azərbaycan Televiziyası, "MAG" verilişi ki, diqqət ayırdılar, Qobu qəsəbəsinə gəlib hətta məşqimizi belə çəkib göstərdilər. Mədəniyyətimizə, ədəbiyyatımıza ən çox diqqət ayıran bütün zamanlarda məhz dövlət televiziyamız olub. Bəs digərləri?!

- Yeni qrup yaratmısan. Ondan da danışaq.

- Bəli, "Dərviş" qrupudur. Altı nəfərik: Namiq Abbasov (atam) və Samir Adıgözəlov zərb, Mayislə Zamin nəfəs alətləri, tanınmış xanəndəmiz Zeynal Əhmədov və bədii qiraətçi kimi mən. Musiqili bədii qiraətdir əsas istiqamətimiz. Bacardığımız qədər klassikaya üstünlük veririk və Azərbaycan klassikasıyla dünya ritmlərinin tandemini yaratmağa çalışırıq. Qarşımızdakı iki-üç il üçün daha böyük planlarımız var. Təbii ki, televiziyalar dəstək versə! Amma çətin! Düşünürük ki, gələcəkdə ifaçıların sayını artıraq və konsert verək. Əlbəttə, yenilikləri bəyənənlər də olur, bəyənməyənlər də. Biz yenilikdən deyil, şablondan qaçırıq.

- Bayaqdan cəmiyyətin ədəbiyyata, şeirə münasibətindən danışırıq. Bəs ədəbi mühitin öz nümayəndəsinə münasibətini necə dəyərləndirirsən?

- Çox yaxşı məqama gəldik. Ədəbi mühit hazırda qruplara, "kruqlara" bölünüb. Heç bir "kruq" digərini bəyənmir. Əslində isə onlar bir araya gəlsələr, gözəl mühit yaranar. Amma biz pərən-pərən düşmüşük. Hələlik gənc olaraq biz heç nə edə bilmirik. Gənc ədəbiyyatçılarda doğru-dürüst birlik yoxdur deyə, indi Azərbaycanda ədəbiyyat yaşlı və orta nəslin çiynindədir. Ədəbiyyatımızın son güclü nəsli, deyəsən, elə indiki orta nəsil olacaq. Əlbəttə, istisnalar həmişə var. O "kruq" yaradanlar bilmirlər ki, onlar əslində sevilmirlər. Bilirsiniz niyə? Çünki dost deyillər, hətta bir-birindən xoşları belə gəlmir. Ancaq o "kruqa" ehtiyacları var, adı müəyyən yerlərdə çəkilsin deyə. Təəssüf ki, hələ vəziyyət ürəkaçan deyil. Ümid edək ki, düzələcəyik.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.