525.Az

Zülfü Livanelini yetişdirən və ona təsiri olan yazıçılar... - Müsahibə - Fotolar

"BİZDƏ HƏMİŞƏ BİR AYDINLIQ ÇAYI ÇAĞLAYIB. O ÇAY AXMASAYDI, BU DİNÇİLƏR BİZİ BOĞARDI"


[27.04.19]
Zülfü Livanelini yetişdirən və ona təsiri olan yazıçılar... - <b style="color:red">Müsahibə - Fotolar </b>

"Olarmı sizi bir dəfə qucaqlayım?", "Bir şəkil çəkdirə bilərik?", "Əlinizi sıxa bilərəm?", "Bir imza...", "Bir toxunuş..." - Mən isə kənarda dayanıb baş verənlərə baxıram.

Bu mənzərəyə neçə dəfə şahid olduğumu unutmuşam. Bildiyim budur ki, hər səfər ilk dəfə görmüş kimi heyrətlənirəm. Öz-özümə düşünürəm ki, İlahi, bu boyda sevgi seli olar?! Kimi ağlayır, kimi tir-tir titrəyir, kiminin gözləri dolur, kiminin dili söz tutmur, bəziləri şoka düşmüş kimi eləcə donuq baxışlarla baxır. Gördüklərim mənə lap özümü xatırladır. Bir neçə ay əvvəl Yapı Kredi Kültür və Sənət Mərkəzində qarnından yumruq zərbəsi almış kimi sancılar hiss edən, görəsən, hansı tərəfdən gələcək deyə gözləri gah liftə, gah pilləkənə baxmaqdan birtəhər olan, həyəcandan əsim-əsim əsən halım yadıma düşür. Elə bundan dolayı insanların onun qarşısında keçirdiyi hissləri yəqin ki, mənim qədər yaxşı anlayan olmaz.

Zülfü Livanelini deyirəm - yazıçı, siyasətçi, ssenarist, rejissor, musiqiçi Livaneli. Aylardır, ondan yazıram. Amma bəzən mənə elə gəlir ki, bundan sonra min il yazsam da, yetməyəcək. Çünki Livanelinin dünyası qat-qatdır. Bu qatların altında nələr var, nələr! Bəzən onu hər yanı xəzinə olan dağa bənzədirəm. Hansı tərəfindən qazmağa başlayırsan başla, önünə sandıq-sandıq ləl-cəvahirat tökülür. Bu qədər öyülməyi sevmədiyini bilirəm. Hətta bu sətirləri oxuyanda Günəş kimi təbəssümünün təvazökar ruh halına qarışaraq üzünə yayılacağına əmin olduğum üçün keçirəm sərgiyə.

Zülfü Livaneli, Alper Taşdelen, Nebil Özentürk

30-cu Ankara Film Festivalı çərçivəsində "Zülfü Livanelini yetişdirən və ona təsiri olan yazıçılar" sərgisinin açılış mərasimi keçirildi. Açılış Zülfü Livanelinin, Çankaya Bələdiyyə başqanı Alper Taşdelenin, sərginin kordinatoru Nebil Özentürkün və bir çox sənətsevərlərin iştirakı ilə gerçəkləşdi.

Alper Taşdelen sərgiyə ev sahibliyi etməkdən qürur duyduğunu dilə gətirdi: "Bu gün bir böyük ustanın obyektivindən digər böyük ustanı anladan, ona təsir edən yazıçıların, aydınların yer aldığı bir bioqrafiya görürük. Yaxşı ki, varsınız, Zülfü Livaneli. Bu möhtəşəm sərginin Zülfü Livaneli Kültür Mərkəzində keçirilməsi bizim üçün xoşbəxtlikdir".

Nebil Özgentürk Zülfü Livaneli və Ara Gülerin üzərində çox əməyi olduğunu dedi: "Belə bir layihə gerçəkləşdirmək istədiyimi Ara Gülere söyləyəndə sevinmişdi. İlk sərgi Sankt-Peterburqda açıldı. Amma o, bunu görə bilmədi. Gözlərini əbədi yumdu". 

Zülfü Livaneli isə duyğularını belə ifadə etdi: "Bir zamanlar mənə desəydilər ki, adıma bir mədəniyyət mərkəzi olacaq, inanmazdım. Amma bu xəyalı Alper qardaşım həyata keçirdi. Bu cür gözəl sənət ocağı açdı. Böyük yazarlarımız, dəyərlərimiz olmasaydı, bizlər də olmazdıq. Bu mədəniyyət yuvalarını Mustafa Kamalın Xalq evlərinin, Kənd institutlarının yeni cümhuriyyət insanını yetişdirmə cəhdinin davamı olaraq görürəm. Sərgidə əməyi keçən hər kəsə təşəkkür edirəm". 

"Serenad", "Mutluluk", "Leylanın evi" 

Zülfü Livaneli Kültür Mərkəzi Çankayanın mərkəzində yerləşir. Üçmərtəbəli bina insanı uzaqdan maqnit kimi özünə çəkir. Qarşısında Türkiyənin iki nəhənginin - Nazim Hikmətin və Zülfü Livanelinin heykəli ucaldılıb. İçəridə "Mutluluk" sərgi salonu, "Leylanın evi" konfrans zalı, "Serenad" kafesi, musiqi, ədəbiyyat, kino və rəqs atelyeləri var. Burada məqsəd bilgi aşılamaq, nahamar düşüncələri cilalamaq, yön verməkdir. İçərini gəzərkən bir də görürsən, "Mutluluk"dan çıxan topa-topa balacalar oynaya-oynaya, gülə-gülə "Serenad"a qaçırlar. Yeniyetmələr kino sənətinin incəliklərini, gənclər yazmaq sənəti öyrənirlər. Mərkəzin qapıları yaş məhdudiyyəti olmadan öyrənmək istəyən hər kateqoriyadan insana açıqdır. 

"Adım Nazim Hikmətin adı ilə eyniləşdi" 

Zülfü Livaneli ilə Kültür Mərkəzinin önündə dayanıb Nazim Hikmətlə ucaldılan heykəlinə baxanda təzadlı duyğulara qapılıram. Təzadlı olar də, özü yanında, heykəli qarşında, necə min fikrə düşməyəsən?! Deyəsən, təkcə mənə yox, elə özünə də qəribə gəlir:

- Mumyalar, heykəllər, büstlər, mədəniyyət mərkəzləri - bunlar olduqca maraqlıdır. Çünki bu günə qədər yaşayan insanın adına belə işlər görülməyib. Bütün bu addımlar adətən öldükdən sonra atılır. Fəqət, qəribədir, mən yaşadığım halda bunları görürəm. İlk olaraq Zülfü Livaneli Kültür Mərkəzini Çankaya Bələdiyyəsi açdı. Ardınca Bəylikdüzü hərəkətə keçdi. Həmin vaxt oranın başçısı Ekrem İmamoğlu idi. Bir Zülfü Livaneli Kültür Mərkəzi açdı, önündə də heykəlimi ucaltdı. Sonra Zülfü Livaneli adına park və ayrıca uşaq oyun bağçası açdı. "Mutluluk" romanımın adını da həmin bağçaya verdi. Bu yaxınlarda növbəti Zülfü Livaneli Kültür Mərkəzi Büyükçekmece Bələdiyyəsi tərəfindən istifadəyə verildi. Bir çoxları isə öz ərazilərində açmağı planlaşdırırlar. Burada gördüyün Kültür Mərkəzi Çankayanın ən işlək ərazisində tikilib. Modern binadır. Bir müddət əvvəl yaddaqalan təməlatma törəni və möhtəşəm açılış mərasimi keçirildi. Fəaliyyətə başlayandan bu günə qədər Ankaranın ən çox marağa səbəb olan, gənclərin, yeniyetmələrin, uşaqların boş buraxmadıqları yerə çevrildi. Önündə də Nazim Hikmətlə birlikdə heykəlimizi ucaltdılar. Bu, mənim üçün böyük qürurdur. Nazim Hikmətin iyirmidən çox şeirinə musiqi bəstələmişəm. Bunları çətin dönəmlərdə etmişəm. TRT və digər kanallarda həmin mahnılara qadağalar qoyulmasına baxmayaraq, o mahnılar çox məşhurlaşdı. Mənim adım Nazim Hikmətin adı ilə bir növ eyniləşdi. Türkiyənin hər yerində bu adlar birlikdə anılır. Gördüyünüz heykəl də buna nümunədir. Daha sonra İstanbulda Sarıyer Bələdiyyəsi Yaşar Kamalla mənim heykəlimi ucaltdı. Ora da başqa aləmdir.

"Yaşayarkən öz heykəlini seyr etmək qəribə hissdir" 

- Doğrusu, insanın yaşayarkən öz heykəlinin ucaldıldığını görməsi bir az qəribə görünür. Hətta Bəylikdüzündəki açılışda dedilər ki, adətən ölənlərin heykəli ucaldılır, siz bunu canlıykən gördünüz, nə hiss edirsiniz? Mən də İmamoğlunu qəsd edərək dedim ki, Bələdiyyə başçısı imam olduğuna görə bir az tələsdik (gülür). Yeri gəlmişkən, Əkrəm İmamoğlu mənim qardaşımdır. İstanbul Bələdiyyə başçısı seçilməsindən son dərəcə məmnunam. Türkiyənin yeni və parlaq lideridir. Ona inanıram, çox gözəl işlər görəcək. Başdan bəri birlikdə idik. Onu bu namizədlik üçün razı salan da mən olmuşam. 

"Zülfü Livaneliyə təsir edən yazarlar" 

- Bu gün Kültür Mərkəzində "Zülfü Livaneliyə təsir edən yazarlar" sərgisi açıldı. Qeyd edim ki, bu sərgi ilk dəfə Sankt-Peterburqda təşkil edilmişdi. İkincisi də gördüyünüzdür. Böyük fotoqraf Ara Gülerin fotoları da sərgidəki şəkillər sırasında idi. Sərgidə etdiyim çıxış da bu mövzuda oldu. İndi siyasi partiyalara baxın, CHP-nin böyük şəhərlərdə üstünlük əldə etdiyini deyirik. Yaxşı, bəs, o səs verən insanları kim yetişdirir? Hə, onları yetişdirən şairlər, yazarlar, mədəniyyətdir. 

"Qərb elmi əsərlərlə, Şərq şeirlərlə formalaşır"

- Daha əvvəl dedimmi, bilmirəm, Qərb cəmiyyəti elmi əsərlərlə dəyişir, formalaşır. Karl Marks "Kapital"ı, Monteskyö "Qanunların ruhu"nu yazır, dünya dəyişir. Hegel, Kant, Dekart, Jan Jak Russo yazır, dəyişir. Şərqdə belə şey yoxdur. Şərq bu cür kitablarla yox, şeirlə, ədəbiyyatla inkişaf edir. Ədəbiyyatla özünə axmaq üçün başqa bir məcra tapır, cəmiyyətə bu şəkildə təsir edir. Ölkənin öndə gedənlərini, aydınlarını, Atatürkçüləri ədəbiyyatçılar yetişdirdi. Bu sərgi həm də Nazim Hikmət, Yaşar Kamal və digər böyük ədəbiyyatçılarımıza bir sayğı duruşu oldu. Bu cür sərgilər çox açılır. Məsələn, Bursada, Antalyada, Manavqatda, Eskişehirdə təşkil edildi. İstanbulda mumiyadan hazırlanmış heykəllərim var. Yəni indidən məni yavaş-yavaş muzeyə yerləşdirirlər (gülür).
 
"Anadoluda danışılan dil Azərbaycan dilinə çox yaxındır" 

- Bu sərgidə sadəcə, türklərdən bəhs etdik. Amma istər dünya, istərsə də yerli yazıçıların və şairlərin həyatıma güclü təsiri olub. Məsələn, XIII əsrdən etibarən böyük şairlərimiz Yunus Əmrə, XVI əsrdən Pirsultan Abdal, XVII əsrdən Karacaoğlan, Dadaloğlu kimi nəhənglərimizin izi danılmazdır. Onlar bizim böyük xalq şairlərimizdir. Xarakterimi onların şeirləri və musiqiləri müəyyənləşdirdi. Türk dilini doğru istifadə etməyi də onların yazdıqlarından öyrəndim. Bizim şəhərlərimizdə, məktəblərimizdə, hətta aydınlarımız belə, türk dilində düzgün danışmırlar. Düzgün danışıq dili Anadoludadır. Orada osmanlıca deyilən o dilə qarşı türk dilinin çox gözəl ifadə gücünü qoruyublar. Anadoluda danışılan dil sizin dilə çox bənzəyir. Bu dillər kökə daha yaxındır. Amma şəhərlərdə dəyişib.

"Rus yazarları Qoqolun şinelindən çıxdığı kimi, biz də Nazimin şərfindən çıxdıq" 

- Nazim Hikmət həyatıma dərindən təsir edənlərdəndir. Onu görməmişəm, amma üzərimdə izi böyükdür. Sərgidə yazarların hər birinin şəklinin altına kiçik-kiçik qeydlər yazmışdım. Nazim Hikmətə həsr edilən misralar isə belə idi: "Rus yazarları Qoqolun şinelindən çıxdığı kimi, biz də Nazimin şərfindən çıxdıq". Həqiqətən elədir, Nazim Türkiyə ədəbiyyatının atasıdır. Bu sıralamada Yaşar Kamal da var. Həm Türkiyənin ən böyük yazıçısı, həm də 44 il heç ayrılmadığım dostumdur. Onunla hər gün görüşdük. Görüşmədiyimiz günlərdə telefonla danışdıq. İsveçə getdik, orada illərlə bərabər yaşadıq. Xarici səfərlərə həmişə bərabər yollandıq. Onunla da adımız həmişə eyni anılır. Sərgidə Orxan Vəlinin də rəsmi var. Onun da şeirlərinə musiqilər bəstələdim. Həmin mahnılar Türkiyənin ən böyük xitləri oldu. Həmçinin, Yahya Kamal var, keçmiş dönəmin böyük şairidir. Sözləri zərgər kimi o qədər incəliklə və dərin işlədib ki, ona "söz zərgəri" deyirəm. Atilla İlhan fövqəladə sevgi şeirləri yazan şairimizdir. Müdhiş ifadə qabiliyyəti var. Əziz Nesin mənim dostum olub. Türkiyəyə özünəməxsus üslüb gətirib. Hələ də danışılır. Nəsə baş verəndə "bu, Əziz Nesinlik hadisədir" deyirlər. Bizdə həmişə dərindən təsir edən, dəyişdirən bir aydınlıq çayı çağlayıb. O çay axmasaydı, bu dinçilər bizi boğardı. Türkiyəni qoruyan o aydınlardır. Əsas güc budur!

Ankara

Türkan TURAN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.