525.Az

Umud Mirzəyev Cenevrə səfərinin yekunlarına dair mətbuat konfransı keçirdi

"BMT-nin İNSAN HAQLARI ÜZRƏ 40-cı SESSİYASI ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN GÖRÜŞLƏRDƏ QALDIRILAN MÖVZULARIN MAHİYYƏTİNDƏ DAĞLIQ QARABAĞ MƏSƏLƏSİ DAYANIB"


[15.03.19]
Umud Mirzəyev Cenevrə səfərinin yekunlarına dair mətbuat konfransı keçirdi<b style="color:red"></b>

Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Cenevrə səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Tədbirdə BAMF-ın prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, fondun vitse-prezidenti Ramil Əzizov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınin sədri Sahib Məmmədov, Mətbuat Şurasının üzvü Azər Həsrət, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elməddin Behbud və digərləri iştirak ediblər.

Fond sədri U.Mirzəyev qeyd edib ki, rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı bütün imkanlardan maksimum istifadə edərək beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin mövqeyinin müdafiəsi istiqamətində var gücü ilə çalışır. O, BAMF-ın BMT strukturlarında təmsilçilik məsələsindən danışaraq bildirib ki, fond  2014-cü ildən BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək - "Əsas məşvərətçi" statuslu üzvlüyünü qazanıb, dünya üzrə cəmi 146 təşkilat bu statusa layiq görülüb: "Bu üzvlük Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı, həm də təşkilatımıza mühüm səlahiyyətlər qazandırıb. Fond BMT Baş Assambleyasının təşkil etdiyi beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitənin verdiyi zəmanət əsasında şifahi və qısa yazılı bəyanatlar vermək, BMT-nin İqtisadi Sosial Şurası və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətlərinə malikdir".

BAMF-nın nümayəndə heyətinin martın 4-dən 9-dək İsveçrənin Cenevrə şəhərində BMT bayrağı altında keçirilən növbəti tədbirdə iştirakından danışan U.Mirzəyev bildirib ki, BMT-nin ofisində İnsan Haqları üzrə 40-cı sessiya çərçivəsində bir sıra görüşlər keçirib, tədbir təşkil ediblər: "BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə 40-cı sessiya çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə "Sülh və Təhlükəsizlik üçün Su" mövzusunda tədbir keçirdik. Tədbirin moderatoru Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Salim dünyada sudan təzyiq vasitəsi kimi istifadənin dayandırılmasına çağırıb. O, su çatışmazlığının insanın gündəlik həyatına, ətraf mühitə, iqtisadiyyata, cəmiyyətə təsirlərindən danışıb. Nidal Salim sudan doğru-düzgün istifadə edilməməsi səbəbindən baş verən müharibələrdən, dağıntılardan söz açıb. Onun sözlərinə görə, su insan varlığının, iqtisadiyyatın əsas mənbəyini təşkil edir və bu gün sudan təsir vasitələrindən biri kimi istifadə olunması yolverilməzdir".

Qaldırılan mövzuların mahiyyətində Dağlıq Qarabağ məsələsinin dayandığını deyən fond prezidenti qeyd edib ki, həmin tədbirdə Azərbaycanın 30 ildən çoxdur işğaldan əziyyət çəkdiyini, ərazilərimizin 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını xarici nümayəndələrinin diqqətinə çatdırıb. Bundan başqa, o, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarı və digər su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə edildiyini auditoriyanın diqqətinə çatdırıb. Minlərlə insanın, eləcə də 96 min hektar ərazinin su çatışmazlığından əziyyət çəkdiyini qeyd edib. U.Mirzəyev insan hüquqları və ətraf mühitin qorunması, regionda sülhün, dayanıqlı inkişafın təmin edilməsi, işğal altında saxlanılan ərazilərin azad olunması üçün vətəndaş cəmiyyəti qurumlarını öz səylərini birləşdirməyə səsləyib.

Daha sonra suyun təbii axınına məhdudiyyətlərin qoyulması səbəbindən Azərbaycanın yaşadığı çətinliklər BAMF-ın hazırladığı "Su-Müharibə maşını" sənədli filmi vasitəsi ilə auditoriyaya çatdırılıb.

BMT-nin İnsan Haqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü professor Osman Əl Hacc su mənbələrinin istifadəsi zamanı təhlükəsizliyin qorunması, eləcə də beynəlxalq hüquqi normalardan danışıb. O, Azərbaycana qarşı sudan təzyiq vasitəsi kimi istifadəni beynəlxalq cinayət adlandırıb. Bunun beynəlxalq arbitraj məhkəməsinə çıxarılmasının vacibliyini qeyd edib.

BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina su və ekoloji dağıntılar mövzusunda çıxış edib. O, işğal olunmuş ərazilərdə su infrastrukturunun dağıdılmasını, nəzarətsiz ərazilərdə sudan qeyri-insani rəftarın, işğalın davam etdirilməsinin yolverilməz olduğunu bildirib. Bunun qarşısının alınması üçün beynəlxalq qurumlara səslənib.

A.Lavrina Cenevrədə təqdim olunan filmin iştirakçılarda dərin təəssüratlar yaratdığını qeyd edib: "Tədbirdə iştirak edən xarici nümayəndələrin özləri təklif edirdilər ki, Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi su terroruna qarşı birgə mübarizə aparılsın, problemin həlli üçün səylər gücləndirilsin.

BAMF-ın vitse-prezidenti Ramil Əzizov isə Cenevrədə suyun siyasi məqsədlər üçün istifadəsinin insan haqlarına təsiri, təhlükəsizlik məsələlərindən danışıb.

R.Əzizov bildirib ki, bu mövzunun BMT müstəvisinə çıxarılması olduqca əhəmiyyətlidir: "BAMF 2002-ci ildən sərhəd bölgələrində işğalçı ölkənin yaratdığı su problemi, tarixi infrastruktura qarşı dağıdıcı fəaliyyəti ilə bağlı monitorinqlər aparıb, BMT-yə hesabatlar təqdim edib".

BMT qurumlarının qaldırılan bu məsələlərə çox həssas yanaşdığını deyən fondun vitse-prezidenti qeyd edib ki, son tədbirdə təqdim olunan filmi izləyən 30 nəfərə yaxın beynəlxalq təşkilatların təmsilçiləri, missiya nümayəndələri çoxsaylı suallar ünvanlayıb, təəssüratlarını dilə gətiriblər.

R.Əzizov Cenevrədə xarici nümayəndələrin diqqətinə çatdırıb ki, işğal olunmuş ərazilərdən 10 çay axır, Ermənistan isə bunu siyasi təzyiq vasitəsi kimi Azərbaycana qarşı istifadə etməyə davam edir: "İşğalçı qüvvələrin çay suları vasitəsilə dinc azərbaycanlıların yaşadığı cəbhəyanı ərazilərə göndərdiyi mina və partlamamış hərbi sursatlar ciddi problemlərə yol açır, yaşlı, cavan, eləcə də azyaşlı uşaqların həlak olmasına, ağır xəsarətlər almasına səbəb olur".

Mətbuat konfransında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınin sədri S.Məmmədov çıxış edərək bildirib ki, beynəlxalq müharibə qanunlarına, qəbul olunan konvensiyalara görə, sudan müharibə vasitəsi kimi istifadə etmək qəti qadağandır. O qeyd edib ki, Ermənistan isə həmişəki kimi, beynəlxalq hüququn norma və prinsipləri pozaraq Azərbaycana qarşı işğalçılıq fəaliyyəti çərçivəsində sudan müharibə vasitəsi, təzyiq aləti kimi istifadə edir. S.Məmmədov əlavə edib ki, hətta dünyada bir nömrəli terror təşkilatı hesab olunan İŞİD zəbt etdiyi ərazilərdə su anbarlarına toxunmayıb, bu resursdan təzyiq vasitəsi kimi istifadə etməyib.

Mətbuat Şurasının üzvü Azər Həsrət isə BAMF-ın fəaliyyətini yüksək qiymətləndirib, BMT müstəvisində həyata keçirilən tədbirləri, müzakirəyə çıxarılan mövzuların ümummilli məsələlərin müdafiəsi baxımından ciddi əhəmiyyət kəsb etdiyini qeyd edib. O, fondun az büdcə ilə böyük uğurlara imza atdığını bilə gətirib. Bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə vəsaitləri bu gün beynəlxalq platformalarda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini genişləndirməyə imkan vermir. Ona görə də U.Mirzəyevin rəhbərlik etdiyi fond əldə etdiyi uğurlara böyük zəhmət, fədakar fəaliyyət nəticəsində nail olub.

A.Həsrət Ermənistan dövlətinin bu istiqamətdə fəaliyyətinə də toxunub: "Etiraf etmək lazımdır ki, düşmən ölkə beynəlxalq platformalarda daha geniş şəkildə təmsilçilik imkanlarına malikdir. Kasıb Ermənistan dövlətinin bu işlərə maliyyə vəsaiti ayırmağa imkanı olmasa da, ayrı-ayrı ölkələrdə yaşayan erməni iş adamları şəxsi maliyyə vəsaitələri ilə öz xalqının maraqlarının qorunması üçün bu istiqamətdə göstərilən təşəbbüslərə dəstək olurlar. Azərbaycanda isə bu baxımdan vəziyyət təəssüf doğurur. Xarici ölkələrdə yaşayan əksər azərbaycanlı iş adamları dəstəklərini göstərmirlər. Eyni zamanda, Milli Məclisdə kifayət qədər imkanlı deputatlar var. Onların heç birini görə bilmirik. Parlamentdə təmsil olunan həmin şəxslər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq platformalarda təmsilçiliyimizin genişlənməsi üçün QHT-lərə, vətəndaş cəmiyyəti fəallarına öz dəstəklərini göstərməlidirlər".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin müdiri E.Behbud da Cenevrədə keçirilən tədibirn əhəmiyyətinə toxunub, təsmil etdiyi dövlət qurumun bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarına verdiyi dəstəkdən danışıb.

Daha sonra qeyd olunub ki, BAMF nümayəndələri İnsan Haqları Şurasının 40-cı sessiyası çərçivəsində BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə Ali Komissar Mişelle Baçelet Jeria ilə görüşə qatılıblar. Görüşdə fəaliyyəti beynəlxalq münasibətlərdə qəbul edilməyən qurumların İnsan Haqları Şurasında fəaliyyətinə açıq imkanların yaradılmasından yaranan narazılıqlar, ifadə azadlığı, insan haqlarının qorunmasında vətəndaş cəmiyyətinin dəstəklənməsi, yaşlıların, eləcə də uşaqların hüquqlarına dair məsələlər müzakirə olunub.

Səfər çərçivəsində BMT-nin İnsan Haqqları üzrə məmuru Zəki Otman, birtərəfli məcburi tədbirlər üzrə BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi, Cenevrə İnsan Haqqları və Qlobal Dialoq Mərkəzin icraçı direktoru İdris Cəzairi, BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi Katalina Devandas Aquilar, Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Haqları departamentinin müşaviri Yevgeni Ustinov, Londonda yerləşən ARAMEA Fondunun idarə heyətinin, mərkəzi ofisi Belçikada yerləşən Qlobal Filantrop Şəbəkəsi, İnkişaf və Hüquqlara dair Beynəlxalq Akademiyanın üzvləri, "Kəndlər Birləşdirir" Birləşmiş Kəndlər Təşkilatının, İranın Terrorizm Qurbanlarının Müdafiəsi Assosiasiyasının nümayəndələri və digərləri ilə görüşlər keçirilib, Azərbaycan ərazilərinin işğalı nəticəsində, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması ilə bağlı məsələlər gündəmə gətirilib.

Ceyhun ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.