525.Az

"Bircə yer var, həmin yer düz Allahın yanıdı!.." - Barat Vüsalın şeirləri

[12.01.19]
"Bircə yer var, həmin yer düz Allahın yanıdı!.." - <b style="color:red">Barat Vüsalın şeirləri</b>

SƏMƏNDƏR QUŞU

Bir əlimdə qələmdi, bir əlimdə könüldü,
O Ölüm də könüldü, bu Olum da könüldü.
Bütün irəlilərdən irəlidə könüldü,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!

Bu, Sonun Əvvəlidi - o, Əvvəlin Sonudu,
Bircə yer var, həmin yer düz Allahın yanıdı!
Səadət axtarırıq, elə budu, yəni bu:
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!

Ey bir deyil, oncalar, halı olun halımdan,
Qarışqa-qarıncalar, çıxmadım haqq yolundan.
Ey özündən sondalar, gəlin çatın dalımdan,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!

Həmişə istəmişəm obanın, elin olum,
Həmişə istəmişəm olum, Əvvəlin olum.
Həmişə istəmişəm sonuncu ölüm olum,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!

Ustayam, qartal kimi qanad açmaq işində,
Mahirəm, heçcə nədən qana düşmək işində.
Mən köhnə əkinçiyəm, əkmək-biçmək işində,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!

Lap Səməndər quşuna oxşayıb ölməkdə də,
Özümə oxşamaqda və sair olmaqda da,
Lap şeir yazmaqda da, lap şair olmaqda da,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!

BÜTÖVLÜYÜMÜZÜN ŞƏKLİ

Təbriz səfərində əvvəlcə yolumuz Xalxal şəhərindən düşdü.  Dedilər ki, S.C.Pişəvərinin kəndi Zeyvə yaxınlığındadır. Getdik.  Qohumlarından qardaşı oğlu Seyid Hüseyni oraqla taxıl biçdiyi  yerdə tapdıq. Bu işdə bizə nəvəsi, məktəbli Cavad bələdçilik etdi.
Ayrılanda onun bizdən  ayrılmaq istəmədiyi indiki kimi yadımdadır...
Pişəvəri amalının, yolunun gələcək davamçısıtək.

Tapıb Xalxal şəhəri, qədim Zeyvə kəndində,
Sağlam kökdən boy almış budaq Cavadı gördüm.
Daşlardan qaynayırdı, qayalardan sızırdı,
Yandım, içdim doyunca, bulaq Cavadı gördüm.

Oralar onunkuydu, buralar canındaydı,
Haralar onun deyil, haralar canındaydı.
Səttarxanın aldığı yaralar canındaydı,
Min yaşlı bir qocanı, uşaq Cavadı gördüm.

Təbrizi görmək üçün getdiyimiz bir gündə,
Qəfil yol peyda oldu yolumuzun üstündə.
Pöhrədən pöhrələndim Pişəvəri mülkündə,
Köhnə ocaq yerində ocaq Cavadı gördüm.

Bu vətən zaman-zaman nə odlara qalanmış,
Neçə haqqı tapdanıb əllərindən alınmış.
Cavadzadə nəslinin başı üstdən salınmış,
Yerdən dübarə qalxmış bayraq Cavadı gördüm.

Keçdiyim yollar üstə lalə Pişəvəriydi,
Təbrizdə Ərk qalası hələ Pişəvəriydi.
Pişəvəri nəslindən qalan Pişəvəriydi,
Öpdüm Pişəvərini, bayaq Cavadı gördüm.

Allah, necə alıblar dinənlərin canını,
Keçmişlərin canını, dünənlərin canını.
İçmək üçün qan tökən düşmənlərin qanını,
Sabahlara çağırır torpaq, Cavadı gördüm.

Babasının gözüydü, babasının ürəyi,
Obasının özüydü, obasının ürəyi.
Sevməz “çıraq dibinə işıq salmaz” deməyi,
Dibinə işıq salan çıraq Cavadı gördüm.

Üstündə oturduğu taxt sığmayırdı Elə,
Yoxsa on iki yaşlı Şah İsmayıldı elə?!
Ümman gəzir, arxlara sığışmayırdı hələ,
“Balaca Qara Balıq” - qoçaq Cavadı gördüm.

Daha nəyim var mənim, olanı qoyub gəldim,
Allah, balamı tapdım, balamı qoyub gəldim.
Neçə dəfə başına dolanıb, qoyub gəldim,
Bütöv Vətəndi sandım, vallah, Cavadı gördüm.

Qoymazsan haqsız gülə, sən axı haqq olmusan,
İntiqam almaq üçün gör nə sayaq olmusan.
Bir uşağın xətrinə dönüb uşaq olmusan,
Gördüm varsan, gördüm var,
Allah, Cavadı gördüm!

VƏTƏN, VAXTLI TANI OĞULLARINI...

Gör anmazın kimdi, ananın kimdi,
Gör qanmazın kimdi, qananın kimdi,
Gör yanmazın kimdi, yananın kimdi,
Vətən, baxıb tanı oğullarını,
Vətən, vaxtlı tanı oğullarını!

Qoy deyim indi də... kimdi onlar da,
Vətən eşqi, Vətən andı onlarda!
Hər arzun, niyyətin cəmdi onlarda,
Vətən, baxtın sanıb oğullarını,
Vətən, vaxtlı tanı oğullarını!

Başları qarışmaz taxt döyüşünə,
Bax, hər birisinin bax, döyüşü, nə?
Yenilməz, yorulmaz, haqq döyüşünə,
Vətən, haqlı sanıb oğullarını,
Vətən, vaxtlı tanı oğullarını!

Onlar döyüşəndə, bil, nə istəyib,
Sənin uğrunda ölmək istəyib.
Adını tarixdən silmək istəyib,
Vətən, çoxu danıb oğullarını,
Vətən, vaxtlı tanı oğullarını!

Kim səni salıbdı ələ, bu qədər,
Bu qədər deyilsən, elə, bu qədər!
Kim yeyib haqqını belə, bu qədər,
Vətən, haqqı hanı oğullarının?
Vətən, vaxtlı tanı oğullarını!

Qaramı uduzdun, ağmı uduzdun,
Çox vaxt uduzanda, vaxtı uduzdun.
Çoxdu günahımız, çoxdu, uduzdun,
İtən vaxtın sanıb oğullarını,
Vətən, vaxtlı tanı oğullarını!

Çox yerdə bağlanıb yol-iz baxtından,
Özü də gündüzün gündüz vaxtında.
Azmı salıbdılar Təbriz taxtından,
Vətən, taxtı yanır oğullarının...
Vətən, vaxtlı tanı oğullarını!

Bütöv yaşadığın bir gün olaydı,
Səni böyüklükdə könlüm olaydı!
Torpağı sanı yox, ömrüm olaydı,
Vətən, haqqı sanı oğullarının,
Vətən, vaxtlı tanı oğullarını!

SULAR

Haraya axmır ki... haracan axır,
Görəsən ay Allah, bu axar sular?
Köməyə yetməyin xiffətin çəkir,
Həsrət qalmayıbdı vara ha, sular!

Sevir ana yurdun daş-torpağını,
Evin gur işığı, şöy çırağımı?
Yaxşı tanıyıram İrəm bağını,
Bağbanlıq eyləyir bu bağa, sular!

Yaman xoşu gəlir sözümdən mənim,
İllah da çaldığım sazımdan mənim!
Əyilib öp, deyər üzümdən mənim,
Məni ondan sonra buraxar sular!

Suların sirrini gəz, nəsə, ara,
Özünü də axtar, gəz, nəsən, ara!
Elə yer varmı ki, görəsən, ora,
Varmaya, ha sular, vara, ha sular?!

Haqdan yaranıbdı, haqdan enibdi,
Oddu, əllərində odlar sönübdü.
Hardasa dənizə, çaya dönübdü,
Hardasa çeşməyə, bulağa, sular...

Yarın sözlərinə baxmağı sevər,
Çox sola burulmaz, bax, sağı sevər.
Yar olan tərəfdən axmağı sevər,
Onunçün tələsər, gur axar sular.

Göy şəfəqlə qonşu, şəfəqlər göylə,
Sayrışmayır yalnız şəfəqlər göydə.
Yarışıb günəşin şəfəqləriylə,
Sayrışar... sayrışar... bir axar sular!

Tanrının işığı, nuru gözündə,
Duru camalında, duru üzündə.
Öz şahlıq taxtını qurub özündə,
Qul olan kəslərə var ağa sular!

Hərdən Lələm olub yetişər heyə,
Hərdən kərəm qılıb dönər sevgiyə.
Barat çox boş-bekar qalmasın deyə,
Süzülər bir az da varağa, sular!

MƏNİ BAĞIŞLAYIN

Məni bağışlayın, məni sevənlər,
Başım zaman-zaman qarışıq olub.
Məni tutan özgə qarğışı deyil,
Özcə nadanlığım-qarğışım olub.

Mənə nə olubsa bəlkə də elə,
Adam olduğumun üzündən olub.
Həmişə başıma düşən daşların,
Həmişə yekəsi özümdən olub.

Heç belə almazdım öyüdü, bilsəm,
Vaxtında gedərdim bir ayrı “dərsə”.
Bir az ərkəsöyün böyüdülmüşəm,
Elə uşaqlıqdan
tərs oğlu tərsəm!

Elə bil yaşamır, ütələnirəm,
Daim başqasının sorağındayam.
Mənə yüyürəni itələyirəm,
Məndən qaçanları qucaqlayıram.

Məşğulam bir özgə “sevişmək” ilə,
Özümə “səhvini qan”, deyəmmirəm.
Görən nə tapmışam çor demək ilə,
Sanki can deyənə can deyəmmirəm.

Mən buyam, o köhnə “Əhmədi-Biqəm”,
Özümdən nəsə baş aça bilmirəm.
Bəlkə sevgilərə layiq deyiləm,
Bütün nifrətlərə necə?
Bilmirəm!

Barat VÜSAL

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.