525.Az

“2019-cu ildə infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək”

“ÖTƏN İL AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ VƏ SİYASİ HƏYATI ÜÇÜN KİFAYƏT QƏDƏR UĞURLARLA YADDA QALIB”


[12.01.19]
“2019-cu ildə infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək”<b style="color:red"></b>

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ictimaiyyətin diqqət mərkəzində olan əsas mövzulardandır.

Müşavirədə ötən ilin uğurları ilə bağlı səslənən fikirlər, qarşıdakı dövrdə prioritet olaraq müəyyənləşdirilən sahələr, həlli vacib hesab edilən məsələlər cəmiyyət üçün ciddi maraq kəsb edir. Bu mənada iclasda çıxış edən dövlət başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən prezident ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını qeyd edib, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini qeyd edib, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini deyib, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.

Dövlət başçısı xüsusi vurğulayıb ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb.

2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən prezident əsas iqtisadi göstəricilərdən danışarkən bildirib ki, ötən il ümumi daxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən İlham Əliyev bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır.  Dövlət başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb.

Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya-idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd edib, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxunub, kənd təsərrüfatında, həmçinin, turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirib.

Prezidentin ötən ilin yekunlarıyla bağlı fikirlərini, qarşıdakı dövr ərzində görüləcək işlərə dair tapşırıqlarını “525”ə şərh edən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, prezidentin sədrliyi ilə hər ilin əvvəlində geridə qalan dövrün yekunlarıyla bağlı hökumət müşavirəsinin keçirilməsi ənənəvi xarakter daşısa da, hər növbəti iclasda ölkənin daxili və xarici siyasətinə dair yeni mülahizələrin, təhlillərin şahidi oluruq: “Prezidentin keçirdiyi müşavirələrin həm daxili, həm xarici siyasət baxımından böyük əhəmiyyəti var. Çünki Azərbaycan cəmiyyəti bir daha agah olur ki, ölkəmiz ötən il ərzində hansı inkişaf yolunu keçib, hansı nəticələri əldə edib”.

A.Quliyevin sözlərinə görə, prezident iclasdakı çıxışında Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, sənaye, kənd təsərrüfatı, turizm və başqa sahələrdə əldə olunmuş uğurlarla bağlı çox dəqiq məlumatlar təqdim edib: “Bütün bunlar cəmiyyət üçün həm gözləniləndir, həm də böyük maraq doğurur. Ölkə ictimaiyyəti bir daha əmin olur ki, Azərbaycanın dinamik inkişafı dönməz xarakter alıb və bu inkişaf davam edəcək, gələcəkdə qarşıya çıxa biləcək hər hansı təbii problemləri aradan qaldırmaq o qədər də çətin olmayacaq”.

Baş redaktor hesab edir ki, müşavirədə səslənən fikirlər beynəlxalq səviyyədə də mühüm önəm kəsb edir: “Dünya birliyi bir daha əmin olur ki, müxtəlif ölkələr postneft dövründə, eyni zamanda, siyasi kataklizmlər səbəbindən böyük iqtisadi çətinliklər, problemlər yaşadığı halda Azərbaycan həqiqətən stabil inkişaf yolu götürüb və bu inkişaf 2018-ci ildə də davam edib”.

A.Quliyev bildirib ki, Azərbaycan bütün bu inkişafa müstəsna şərt olan sabitliyin qorunması və hakimiyyətlə xalqın birliyi şəraitində nail olub.

Prezidentin sərdliyi ilə keçirilən müşavirələrin, eyni zamanda, dövlət orqanları üçün ciddi əhəmiyyət kəsb etdiyini deyən baş redaktor qeyd edib ki, həmin iclaslarda səslənən fikirlər, ortaya qoyulan rəqəmlər hər bir dövlət orqanı üçün öz səlahiyyətləri və funksiyalarını hansı şəkildə yerini yetirdiyini müəyyənləşdirmək baxımından vacibdir: “Məsələn, müşavirədə ölkənin vergi və gömrük sistemində son illər, o cümlədən, 2018-ci ildə aparılan islahatların təqdirəlayiq olduğu, mühüm nəticələr verdiyini prezidentin qeyd etməsi həm müvafiq sahələrdə görülən işlərə verilən qiymətdir, həm də ölkədə başqa sahələrə rəhbərlik edən dövlət strukturlarına bir növ mesajdır. Yəni onlar da ölkənin inkişafı istiqamətində öz töhfələrini verməyi bacarmalı və seçilmiş kursu davam etdirməlidirlər”.

“Ümumən, bu müşavirə ölkənin inkişafı, cəmiyyətin irəliyə doğru getməsində strateji, təkanverici rol oynayır. Onə görə ki, ölkə prezidentinin çıxışında həm qarşıda dayanan vəzifələr, prioritet sahələr müəyyənləşdirilib, həm də cəmiyyət və beynəlxalq aləm bir daha əmin olub ki, 2018-ci ildə həyata keçirilmiş fəaliyyətin mühüm nəticələri özünü qarşıdakı illərdə də göstərməyə davam edəcək. Dünyanın aprıcı iqtisadi qurumları, o cümlədən, Dünya Bankı ölkə prezidentinin müşavirədə qeyd etdiyi fikirləri - həyata keçirilən islahatların 2019-cu ildə daha böyük iqtisadi nəticələr verəcəyini təsdiqləyir. Bu baxımdan, düşünürəm ki, müşavirənin nətiəcələri təkcə Azərbaycanın daxili həyatı üçün yox, həm də müəyyən beynəlxalq instansiyalar üçün maraqlı olacaq”, - deyə baş redaktor fikirlərini tamamlayıb.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəziflərə həsr olunmuş müşavirədə prezidentin səsləndirdiyi fikirlər yüksək qiymətləndirilir. O qeyd edib ki, ötən il Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı üçün kifayət qədər uğurlarla yadda qalıb: “Azərbaycanda hərtərfli dinamik inkişaf müşahidə olunub, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramı uğurla reallaşdırılıb. Ölkə prezidenti dövr ərzində 24 dəfə regionlara səfər həyata keçirib, bölgələrdə ictimai-siyasi vəziyyət, sosial həyat, o cümlədən, abadlıq-quruculuq işləri ilə tanış olub, bir çox sosial-iqtisadi obyektlərin açılışında iştirak edib. Hər dəfə regionlara səfərindən sonra dövlət başçısı əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğun təmin olunması və digər mühüm istiqamətlərdə proseslərin davam etdirilməsi üçün əlavə vəsaitlərin ayrılmasına dair sərəncamlar imzalayır. Bu da bölgələrdə yeni-yeni sosial-iqtisadi layihələrin uğurla icrasını şərtləndirir”.

V.Rəhimzadənin sözlərinə görə, 2018-ci il həm də Azərbaycanın xarici siyasətində uğurlu il olub: “Ötən il bir çox xarici ölkənin dövlət və hökumət rəhbərləri Azərbaycana səfər edib, eyni zamanda, Prezident İlham Əliyevin ayrı-ayrı ölkələrə səfərləri həyata keçirilib ki, dövlətlərarası əlaqələrin inkişafı, daha da dərinləşməsi istiqamətində vacib sənədlər imzalanıb, əhəmiyyətli danışıqlar aparılıb. Ölkə başçısı xarici dövlət, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdə Azərbaycanın Dağlıq Qarabağ problemini qaldırır, beynəlxalq ictimaiyyətə ölkəmizin ədalətli mövqeyini çatdırır”.

Baş redaktor onu da qeyd edib ki, münaqişənin həlli istiqamətində ötən il Azərbaycan təmaslarını davam etdirib, qətiyyətli mövqe nümayiş etdirib: “Ermənistanın qeyri-konstruktivliyinə baxmayaraq, rəsmi Bakı danışıqlarda intensivliyin əldə olunmasına nail olub. Eyni zamanda, Azərbaycanın bu istiqamətdə uğurlu xarici siyasəti nəticəsində dünya birliyi ədalətli mövqeyimizi dəstəkləyir, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini qəbul edir”.

V.Rəhimzadə ötən il hərbi sahədə də Azərbaycanın düşmən üzərində uğurları ilə yadda qaldığını deyib. “2018-ci ilin may ayında ordumuzun Naxçıvan istiqamətində həyata keçirdiyi əməliyyat nəticəsində işğal altında olan 11 min hektar ərazi, o cümlədən, Şərur rayonun Günnüt kəndi tam azad edilib. Bu, böyük qələbə, tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın ordu quruculuğunda ciddi inkişafa nail olduğunu deməyə əsas verir. Düşmən tərəfi isə hərbi müstəvidə yaşadığı son məğlubiyyətlərlə nə qədər zəif, gücsüz olduğunu bir daha təsdiqləyib”.

Ceyhun ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.