525.Az

“Ukrayna Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu təşkil edə bilər”

[05.09.13]
“Ukrayna Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu təşkil edə bilər”<b style="color:red"></b>

MÜBARİZ ƏHMƏDOĞLU: “NƏTİCƏDƏ DAĞLIQ QARABAĞ ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA İQTİSADİ ƏLAQƏLƏRİN KÖRPÜSÜNƏ ÇEVRİLƏR”

 

Dünən Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu 2013-cü ilin avqust ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik materialın təqdimatını keçirib.

O, Ukraynanın regional münaqişələrdən ən çox əziyyət çəkən dövlətlərdən birii olduğunu deyərək, bildirib ki, Dnestryanı münaqişə həm də Ukraynanın münaqişəsi hesab edilməlidir: “Eyni zamanda Ukrayna etnokonfessional münaqişələrin yaranması üçün potensial namizəddir. Ukraynanın Avropa İttifaqına inteqrasiyanı strateji prioritet hesab etməsi Rusiya tərəfdən təkcə iqtisadi təzyiqlərlə məhdudlaşmayacaq. Böyük ehtimalla Zaporojye rusinləri məsələsi yenidən aktivləşdiriləcək. MDB məkanında etnik münaqişələrin sayı 4-dən 5-ə arta bilər. Buna baxmayaraq, Ukrayna MDB məkanında etnik münaqişələrin sayının azalması istiqamətində mühüm işlər görə bilər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində effekt yaratmaqla Ukrayna özünü yeni münaqişə mərkəzinə çevirməkdən sığortalaya bilər. Zaporojye rusinləri münaqişəsinin qarşısının alınmasının ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Hesab edirəm ki, Ukrayna ATƏT sədri kimi Minsk Qrupunun fəaliyyətini obyektiv etməklə aktivləşdirə bilər. ATƏT-in Minsk Qrupu vasitəçiləri bu vaxta kimi tənzimlənmə ilə deyil, Qarabağ münaqişəsi regionunda müharibənin qarşısını almaqla məşğul olublar. Bu onları obyektiv vasitəçilikdən uzaqlaşdırıb, ermənipərəstliyə yaxınlaşdırır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşikin missiyasının və ATƏT həmsədrlərinin mandatı ciddi dəyişiklik tələb edir. 20 ildən çoxdur ki, bu nizamnamələrə əl gəzdirilməyib. Kaspşikin missiyası bu zamana kimi Ermənistan-Azərbaycan, yoxsa Dağlıq Qarabağ-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq apardığını müəyyənləşdirə bilmir. Ukrayna bu dəqiqləşmələrə nail ola bilər”.

M.Əhmədoğlu hesab edir ki, Ukrayna Minsk Qrupunun 11 üzvünün iştirakı ilə iclas keçirməklə həmsədrlərin müəyyən təkliflərə qərəzli yanaşmasının, ortalığa yeni ideyalar qoymamasının səbəbini müəyyənləşdirə bilər: “Bununla da Minsk Qrupunun iclası həmsədrlərin fəaliyyətinə yeni stimul verə bilər. Ukrayna Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu öz ərazisində və ya dünyanın digər yerlərində təşkil edə bilər. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını müntəzəm görüşdürməklə möhkəm dialoq mexanizmi yaradıb, bu dialoq mexanizmini Dağlıq Qarabağ ərazisinə keçirmək olar. Nəticədə Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrin körpüsünə çevrilə bilər. Beləliklə, regionda iqtisadi əməkdaşlıq yeni mərhələsi başlaya bilər. Ukrayna ermənilərin işğal etdiyi 7 rayondan qovulmuş azərbaycanlıların dədə-baba yurdlarını, qohum-əqrəbalarının məzarlarını ziyarət etməsini təşkil edə bilər. Vaxtilə, Azərbaycan ərazisində yaşamış ermənilər Bakıda və digər yerlərdəki erməni qəbiristanlıqlarını ziyarət etmək istəsələr, Ukrayna bunu da təşkil edə bilər”.

Politoloqun fikrincə, Ukrayna ucuz qaz, regional layihələrə qoşulmaqla bağlı Azərbaycanın təkliflərini Ermənistanın qəbul etməməsi ilə ciddi məşğul ola bilər: “Ukrayna Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənməsinin başlanmasına imkan verən “Böyük Sülh Sazişi”nin imzalanmasına nail ola bilər”.

M.Əhmədoğlu daha sonra bunları söyləyib: “Kimyəvi silahın tətbiqindən müharibə bəhanəsi kimi istifadə etmək mərhələsi arxada qalmışdı. ABŞ və digər dövlətlərdə başa düşmüşdülər ki, Bəşər Əsəd vəziyyətə nəzarət edə bilir, onun nəzarəti itirmək təhlükəsi yoxdur. Bu halda Əsəd hökumətinin kimyəvi silah tətbiq etməsinə ehtiyacı yoxdur. Çıxılmaz vəziyyətlərdə yararlanmaq üçün Əsəd hökumətinin daha effektli variantı var. Colan təpələri uğrunda İsrailə müharibə elan etmək. İsrailə müharibə elan edən Suriya hökumətinə qarşı ərəb dövlətlərinin və Türkiyənin mövqeyi dəyişəcək. Dəyişməyəcəksə, onlar müəyyən dövrdən sonra İran tərəfindən dəstəklənəcək güclü xalq hərəkatları ilə üzləşə bilərlər. Rəsmi Tehran üsyançıların pul və silahla təmin olunmasında iştirak edəcək. Kimyəvi silahın tətbiqini Əsəddən başqa istənilən qrupla bağlamaq mümkündür.  Qərb Edvard Snoudenə siyasi sığınacaq vermiş Rusiyanı cəzalandırmaq istəyir. MDB məkanında avrointeqrasiya layihələrini sürətləndirmək, qrafikini dəyişmək mümkün deyil. Ona görə də Suriyada baş verənlərə yeni dinamizm verildi. Suriyanı Rusiyanın təsirindən çıxarmaqla sonuncunun beynəlxalq imicinə ciddi zərbə dəyir. ABŞ Suriya hadisələrinə görə hətta İranla danışığa başladı, keçmiş yüksəkçinli diplomatını Tehrana göndərdi”.

Politoloqun sözlərinə görə, Suriya müxalifəti “xarab olmuş saat” prinsipi üzrə işlədi: “Kimyəvi silahın tətbiqi ilə bağlı informasiya müharibəsinin müəyyən bir dövründə müxalifət kimyəvi silahdan istifadə etməli olsa da, o zaman bu işi görə bilmədi. Eləcə də silahı ölkədən kənara çıxarmaq imkanı olmadı. Nəticədə müxalifətin bu hərəkəti Suriyanı yenidən Qərbin müharibə hədəsi altına saldı”.

M.Əhmədoğlu vurğulayıb ki, ABŞ prezidenti Barak Obama E.Snoudenə görə Rusiya prezidenti Vladimir Putinlə görüşdən imtina etmişdi: “Suriyada kimyəvi silahın tətbiqi B.Obamanı gözlənilmədən V.Putinlə görüşməyə vadar etdi. Görüş “G-20”-nin Sankt-Peterburq sammitində nəzərdə tutulur. Görüşməməklə bağlı qərarından B.Obamanın geri çəkilməsi Rusiyanın xeyrinədir. Mümkündür ki, RF üçün işləyən xüsusi xidmət orqanlarından biri məqsədyönlü şəkildə Suriyada kimyəvi silahdan istifadə edib. İndi V.Putin B.Obama ilə görüşdən imtina edir”.

Politoloqun fikrincə, Rusiya-ABŞ münasibətlərinin kimyəvi silah tətbiqindən sonra istiləşməsi müvəqqəti hadisədir: “İstiləşmə Rusiyanın Suriyadakı müharibəyə heç bir tərəfdən qarışmayacağı ilə bağlı verdiyi bəyanata cavab reaksiyası da ola bilər. Bu da faktdır ki, indiki zamanda Suriya Qərbin əlində daha çox Rusiyanı cəzalandırmaq üçün istifadə olunur. E.Snoudenə dəstək verməklə Rusiya Yaxın Şərqdə ABŞ-a qarşı böyük “müharibə ocağı” yarada bilər. ABŞ indidən bunun qarşısını alır”.

AQİL


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.