525.Az

Qazax tələbələr Bilik Fondunda

[11.01.19]
Qazax tələbələr Bilik Fondunda <b style="color:red"></b> Qlobal Karyera İnstitutunun dəvəti ilə Qazaxıstan Respublikasının Almatı Menecment Universitetinin ölkəmizdə səfərdə olan bir qrup tələbəsi yanvarın 11-də Bilik Fondunun qonağı olub.
 
Fonddan 525.az-a verilən məlumata görə, institutun direktoru Orxan Həsənoğlu Qazaxıstan universitetinin nümayəndə heyətini təqdim etdikdən, tələbələrin ölkəmizə səfər məqsədləri, nəzərdə tutulmuş tədbirlər barədə məlumat verdikdən sonra qonaqlar Bilik Fondunun fəaliyyəti ilə tanış olublar.
 
Fondun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun yaranma tarixi, struktur bölmələri, maarifləndirmə proqramları üzrə həyata keçirdiyi layihələr, bölgələrdə fəaliyyət göstərən Bilik evlərində yerli gənclərin cəlb olunduğu təlim kursları, dərnək və klublar, Fondun beynəlxalq əlaqələri barədə söhbət açıb.
 
Almatı Menecment Universitetinin Qonaqpərvərlik Mərkəzi adlanan fakültəsində təhsil alan və ölkəmizə ilk dəfə səfər edən qazaxıstanlı gənclərə Azərbaycanın iqtisadi həyatı, turizm sahəsində qazanılmış uğurlar, müvafiq ixtisaslar üzrə kadr hazırlığı istiqamətində əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verilib, səfər başa çatdıqdan sonra ölkəmizlə bağlı təəssüratlarını yeni dostları ilə bölüşmək məqsədilə “Azərbaycanla ilk tanışlığım” mövzusunda esse müsabiqəsinə qatılmaq təklif olunub.
 
Nümayəndə heyətinə rəhbərlik edən Universitet təmsilçisi Dilmurad Sabirov Bilik Fondunun rəhbərliyi və əməkdaşlarına maraqlı və məzmunlu görüşə görə minnətdarlığını bildirib, Almatı Menecment Universitetinin Bilik Fondu ilə gələcək əməkdaşlığının faydalı olacağına əminliyini ifadə edib.
 
Qazaxıstanlı tələbələrin Fond əməkdaşları ilə dialoq şəklində baş tutmuş görüşündə hər iki ölkədə turizm və menecment ixtisasları üzrə təhsil alan və gələcəkdə orta və kiçik sahibkarlığın inkişafında imzası ola biləcək gənclər arasında işgüzar əlaqələrin yaranması, dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində birgə tədbirlərin keçirilməsi, tələbə elmi konfransları və seminarlarının təşkili, ümumilikdə isə tələbələr arasında “bilik körpüsü”nün yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Görüşün sonunda qonaqlara Bilik Fondunun kitab hədiyyələri təqdim olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.