525.Az

Operator Etibar Bağırov: "Saçlarımı cəbhədə gördüklərim ağartdı" - Fotolar

[10.01.19]
Operator Etibar Bağırov: "Saçlarımı cəbhədə gördüklərim ağartdı" - <b style="color:red">Fotolar</b>

- Etibar müəllim, ondan başlayaq ki, Xalq Təsərrüfatı İnstitutunu bitirmisiniz, amma heç zaman bu sahədə işləməmisiniz. Ömrünüzü həsr etdiyiniz operatorluq sənətinə gələn yoldan danışaq.

- Təxminən 1970-ci illərdə hərbi xidmətdən sonra Adil İsgəndərovun köməkliyi ilə Kinostudiyada işə qəbul oldum. O, mənə dedi ki, məni Moskvaya operatorluq sənətini öyrənməyə göndərəcək, ancaq bir az gözləməliyəm. Həmin ərəfədə laboratoriyada işləməyə başladım. Orada kinomexanikə ehtiyac var idi. Təxminən yarım il işləyəndən sonra bir qohumum vasitəsilə Azərbaycan Televiziyasında Firudin Ağayevlə tanış oldum və orada operator köməkçisi kimi işə başladım. İşləyə-işləyə 1975-ci ildə Xalq Təsərrüfatı İnstitutuna daxil oldum. Amma işimi atmadım.

- Bu sahədə işlədiyiniz halda bəs niyə bunu deyil, tamam ayrı ixtisası oxudunuz?

- Hərbi xidmətə getməzdən öncə bir neçə instituta sənəd versəm də qəbul ola bilməmişdim. Moskvada Kinomatoqrafiya İnstitutunda konkursdan keçə bilmədim. Burada İncəsənət İnstitutuna sənəd verdim, amma mənə dedilər ki, gecikmisən, gələn il gəl, səni qəbul edəcəyik. Mən də elə bil bir az küsən kimi oldum və əsgər getdim. Qayıdandan sonra anam dedi ki, sən ali məktəbə qəbul olmasan sənin üçün heç kimin qapısına getməyəcəm. O vaxt bu məsələyə ciddi baxılırdı, ali məktəbi oxumayan oğlana çox çətinliklə qız verərdilər. Beləcə qismət elə gətirdi ki, bu instituta daxil oldum. Ancaq həmin vaxtlarda məni işdən bir neçə dəfə Moskvaya təcrübə keçməyə göndərdilər, bu sahəni orada çox dərindən öyrəndim. Orada necəsə kinoya marağım, sevgim də yaranmışdı və ən əsası da kino operatorluğu öyrəndim. Ancaq ailə vəziyyətimizlə əlaqədar Moskvada qala bilmədim və yenidən Bakıya qayıtdım. Bakıda "Mücrü" filmi çəkilirdi və orada operator köməkçisi kimi işləyirdim. Həmin filmin çəkilişində Moskvada öyrəndiklərim çox köməyimizə yetdi.



1980-ci ildə institutu bitirəndən sonra televiziyada çox mühüm və ciddi verilişləri çəkməyə başladım. "Telegüzgü", "Ticarətdə qayda-qanun" kimi verilişlərdə dövlətin hüquq-mühafizə orqanları ilə işləyirdik. Mən xaraktercə çox şən, zarafatcıl insanam. Etiraf edim ki, bu cür verilişlər mənim xarakterimə yad idi, amma biz onun da öhdəsindən yüksək səviyyədə gəlirdik. Çünki çox böyük məsuliyyət və sevgi var idi. Beləcə bu sahədə püxtələşdim, bu zamana kimi Azərbaycan Televiziyasında nə ki redaksiyalar olub, hamısında işləmişəm. Ali məktəb diplomum isə indiyə kimi evdə istifadə olunmamış qalıb.

- Bildiyimiz qədərilə siz həm də kliplər çəkmisiniz.

- Bəli. Bir gün bəstəkar Eldar Mansurov televiziyaya gəlmişdi, mənə dedi ki, səninlə işləmək istəyirəm. Mənə klip çəkməyi öyrətdi. 1990-cı illərdə Azərbaycanda çox da klip çəkən yox idi. Biz demək olar ki, ilk klipləri həmin dövrdə çəkdik. Bunun üçün ona minnətdaram. Tanıdığınız, çox məşhur müğənnilərin kliplərini çəkdik. Sonra "Payız melodiyası" film-klipini çəkdik. Arif Qazıyevlə də işləyirdik.

- Bu sənətin sizə qazandırdığı ən böyük uğur nəyi hesab edirsiniz?

- Ümummilli lider Heydər Əliyev kimi böyük bir liderlə yaxın ünsiyyət bu sənətin mənə qazandırdığı ən böyük nemətdir. Sovet dövründə respublikaya rəhbərlik etdiyi zamanlarda Heydər Əliyevlə bağlı bir çəkiliş olduğunu bildirdilər. O, rayonlara silsilə səfərlər edirdi, bunu çəkməli idik. Məndən başqa bir operatora müraciət etmişdilər. O isə çəkinmişdi ki, Heydər Əliyev zəhmli adamdır. Mənsə bu çəkilişə könüllü razı oldum. O, kənd camaatı ilə görüşdəykən mən də onu çəkirdim. Hərdən maraqlı kadrlar alınsın deyə kombaynın üstünə, ağacın başına çıxırdım. Sən demə, bunlar onun diqqətini cəlb edibmiş. Onunla çox işlədik. Ancaq o, sonradan Moskvaya getdi və biz yenə də başqa ölkə rəhbərləri ilə işləyirdik. Sonra isə 1990-cı il hadisələri başladı və o illər hamı kimi mənim də həyatımda, karyeramda silinməz izlər qoydu.



- Bu haqda az-çox məlumatımız var. Siz həm də Qarabağ müharibəsini də, qaçqınların həyatını da ilk çəkən operatorlardan birisiniz.

- Bu illər ərzində biz nələri çəkməmişik ki... (köks ötürür) O dövrdə "Xəbərlər"in baş redaktoru Ənvər Qafarlı idi. Bir gün o, operatorları yığdı, ölkədəki vəziyyət haqqında danışdı. Mən könüllü şəkildə cəbhədəki vəziyyəti, qaçqınların həyatını çəkməyi öz öhdəmə götürdüm. Bizim orada gördüklərimiz sadəcə dəhşət idi. Mənim saçlarım orada ağardı. Orada çəkdiyim kadrları Qorbaçovun özü də şəxsən izləmişdi və bir dəfə Vaqif Mustafayev dedi ki, sənin çəkdiyin kadrlara görə Qorbaçov mənə müsahibə verdi. Füzuli, Qubadlı, Şuşa, Laçın, Ağdam, Kəlbəcər - işğal olunan bütün ərazilərimizdə çəkilişlər aparırdıq. Hətta olurdu ki, kəndlərdən ən axırıncı mən çıxırdım. Hamı deyirdi ki, səni öldürəcəklər, qalacaqsan burda, amma mənim ürəyim dözmürdü, qoyub gələ bilmirdim. Bir əlimizdə kamera, o biri əlimizdə silah müqavimət göstərməyə çalışırdıq, yaralılara kömək edirdik. İlk gündən axırıncı günə kimi cəbhədə olduq.

O zaman həm də Afiyəddin Cəlilov mənə onunla işləməyi təklif elədi. Onunla da Naxçıvana, Sədərəyə gedirdik, əsgərlərə yardımlar aparırdıq. Ümummilli lider Heydər Əliyev də o vaxt Naxçıvanda idi. 1992-ci ilin iyunun 15-də Afiyəddin Cəlilovun kabinetində Heydər Əliyevlə görüşdük. Söhbət əsnasında o məndən soruşdu ki, Azərbaycanda səndən başqa operator yoxdur? Dedim, əlbəttə var. Dedi, bəs niyə həmişə sən gəlirsən yanıma? Dedim, çünki mənim sizə bir lider kimi, insan kimi böyük hörmətim və məhəbbətim var, ikinci isə siz mənim qaynatam Ağabala Əliyevlə birlikdə işləmisiniz. O da sevinclə dedi ki, Ağabala Əliyev mənim ətrafımda ən yaxşı işçilərdən biri idi. Bu söhbətimizdən ruhlanıb mən də ona Bakıya qayıtması üçün müraciət etdim, dedim ki, Azərbaycan çox pis vəziyyətdədir, onu siz xilas edə bilərsiniz. Bu söhbətdən bir il sonra ulu öndər Heydər Əliyev qayıtdı Bakıya. Biz onda da onu qarşılamağa getmişdik. Həmin vaxtlar Ümummilli lider Heydər Əliyevin mənə göstərdiyi insanlığı, ata qayğısını heç bir zaman unutmuram. İndiyə kimi də onunla bağlı çəkdiyim kadrları efirdə görəndə, həmin günləri xatırlayanda ürəyim qürurla dolur.



- Amma bütün bunlara rəğmən sizdə sənətinizə qarşı bir küskünlük hiss olunur sanki.

- Sənətimə qarşı deyil bu küskünlük. Mən sənətimi həmişə çox sevmişəm və işimi hər zaman vicdanla görməyə çalışmışam. İndi yetmişə yaxın yaşım var və əlli ilə yaxındır ki, çiynimdə kamera getmədiyim yerlər, çəkmədiyim kadrlar, ünsiyyətdə olmadığım insanlar qalmayıb. Hərdən geriyə boylananda və dönüb indiyə baxanda istər-istəməz içimdə bir inciklik yaranır. O da sənətimə, özümə gördüyüm laqeydlikdən irəli gəlir yəqin ki. Məni ölkənin hər yerində tanıyırlar. Arxivdə ən dəyərli materialların müəlliflərindən biriyəm. Ancaq bunları dəyərləndirməkdə nədənsə gecikirlər.

2006-cı ildə Şəkidə çəkiliş zamanı at vurdu məni, bir aydan çox müalicə almalı oldum. Qarabağ müharibəsi veteranıyam, ikinci qrup əliləm. Hər il mütləq müalicə kursu götürürəm. Ömürə etibar yoxdur, ondan narahatam. Hərdən dincəlmək istəyirəm, amma çox heyf ki, ona da imkan yoxdur.

- Bunlara baxmayaraq, hələ də işləyirsiniz (müsahibimin çöhrəsinə yayılmış qayğılı ifadəni dağıtmaq üçün gülərək soruşuram):

- (o anda sanki yenidən canlanır) Bəli, əlbəttə işləyirəm. Yetmiş yaşında insan əslində həyatdan doyur. Mənsə hələ doymamışam. Gündə çəkilişlərdəyəm. Televiziyanın Mədəniyyət redaksiyasında "Ədəbi dram" bölməsində işləyirəm. Çox maraqlı çəkilişlərimiz, verilişlərimiz olur.

- Bu illər ərzində tələbələr yetişdirmisinizmi?

- Sözsüz ki, çox dəyərli tələbələrim var. Mən indi onlarla, onların gəlib çatdığı yerlərlə çox fəxr edirəm. Onların arasında indi aparıcı, rejissor, redaktor, operator da işləyənlər var. Onların hamısı öz sahələrində püxtələşmiş insanlardır. Mən həmişə onlarla qürur duymuşam.

- Peşəkar operator kimi televiziyalarımızın indiki durumu haqda nə düşünürsünüz?



- Öz sahəmdən danışsam, əminliklə deyə bilərəm ki, çox peşəkar, çox yaxşı operatorlarımız var. Mən onların işlərini görəndə sevinirəm. Deyirəm ki, həqiqətən də bu sənəti layiqincə davam etdirən, operator gözünə sahib, maraqlı nüansları tuta bilən insanlar var. Görürəm ki, axtarışdadırlar və tapırlar. Bu, məni çox sevindirir. Ancaq məzmuna qalanda bu haqda konkret nəsə demək olmur. Çünki illərdir televiziya sahəsində olan bir insan kimi o rejissorların, operatorların, redaktorların, müxbirlərin və başqa işçilərin nə qədər böyük zəhmət çəkdiklərinin birinci şahidiyəm. Bu qədər zəhmətin qarşısında onları yamanlamağı doğru hesab etmirəm. Çünki zəhməti dəyərləndirmək lazımdır. İntəhası, bəzən digər kanallarda şou, açıq-saçıqlıq daha çox olur ki, bu, bizə yaddır. Azərbaycan Televiziyası isə hər zaman öz səviyyəsi, sanballı verilişləri, layihələri ilə fərqlənib. Bizim rəhbərliyin bizə dediyi birinci söz odur ki, siz hər zaman örnək olmalısınız. Biz də hamımız ayrı-ayrılıqda öz sənətimizdə bizdən sonra gələnlərə örnək olmağa çalışırıq. Nə qədər bacarırıq, bunu zaman göstərəcək.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.