525.Az

"Əl-Cəzirə" təmsilçisi Funqi Nquyan: "Azərbaycanda heyrətə gəldim..."

[09.01.19]
"Əl-Cəzirə" təmsilçisi Funqi Nquyan: "Azərbaycanda heyrətə gəldim..." <b style="color:red"></b>

Dünyanın media nəhənglərindən olan "Əl-Cəzirə" Media Şəbəkəsinin xəbər prodüseri Funqi Nquyan bu günlərdə Azərbaycanda olub.

Paytaxt Bakıda və bölgələrdə qonaq olan xanım jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunda da olub və fondun prezidenti Umud Mirzəyevlə görüşüb.

Görüşdən sonra o, səfər təəssüratlarını "Eurasia Diary" ilə bölüşüb. 

- CNN və "Əl-Cəzirə" kimi böyük media qurumlarında təcrübəniz var. Dünyanın çox ölkələrini gəzmisiniz. Azərbaycanla bağlı gözləntilərinizdən razı qaldınızmı?

- Media təmsilçisi olaraq ölkənizin siyasəti haqqında az məlumatımız var. Bu ölkənin dünyaya necə açılması və investisiyaların necə cəlb edilməsi çox maraqlıdır. Ölkənin tarixi haqqında az məlumatım var, lakin müstəqillik uğrunda mübarizə və digər hadisələr barəsində öyrənmək istərdim. Biz Azərbaycanı Xəzər dənizi sahilində sakit bir ölkə olaraq görürük.

Mənim üçün inkişaf etmiş turizm quruluşu olan ölkələri görmək maraqlıdır. Bu xüsusiyyətləri burda görmək məni çox məmnun etdi. Yalnız paytaxt deyil, ətraf ərazilərin də inkişafını müşahidə etdik. Məsələn, biz bu günlərdə Şahdağda olmuşuq.

Şəhərdən kənara çıxanda fərqli millətləri görmək çox xoşdur. Məsələn, biz şimal zonasına səyahət edəndə ləzgiləri gördük.  Müxtəlif etniklərin birgə yaşaması və fəaliyyətdə olmasını görmək məni çox məmnun etdi.

Buraya gəlməzdən qabaq Bakının Dubay kimi olduğunu düşünürdüm. Biz borcu az olan, iqtisadi cəhətdən güclü dövlət görmək istəyirdik. Ancaq Azərbaycanda olarkən heyrətə gəldim. Burada daha çox maraqlı şeylərlə qarşılaşdım. Məscidlər görürsünüz, ancaq tipik müsəlman ölkəsi deyil. Bakıda bir küçədə barlar və restoranlar var. Burada Avropa təsirini görə bilərsiniz. Burada çox müxtəlif mədəniyyətlərin və dinlərin qarışığı müşahidə olunur. Müxtəlif növ memarlıq abidələrini görə bilərsiniz.

- Bir media nümayəndəsi olaraq necə düşünürsünüz, insanlar medianın yaydığı xəbərləri nə dərəcədə ciddi qəbul edir?

- Mən Qərb mərkəzli CNN-də fəaliyyət göstərmişəm və hazırda "Əl-Cəzirə"də işləyirəm. "Əl-Cəzirə" əsasən qərb mənbələrinin dərc etmədiyi bir çox informasiyaları yayır. Ona görə orada çalışmaqdan qürur duyuram.

Hesab edirəm ki, qərb şəbəkəsi işgüzar müstəvidə Azərbaycana diqqət yetirir. Böyük ehtiyatlara sahib olan ölkə kimi investisiyaları necə cəlb edir, müstəqillik qazandıqdan sonra ölkədəki siyasi sabitliyin kökündə nə dayanır və s.

Nəhəng qurumların məhsulları da həqiqət kimi qəbul edilir. Misal üçün CNN, "Röyters" və s. Onların verdiyi informasiya insanlara daha inandırıcı gəlir. Ancaq mən "Röyters"də bir yazı oxuyuramsa, həmişə bunu yoxlayıram, dəqiqləşdirmək üçün digər mənbələri oxuyuram. Həqiqət CNN, "Əl-Cəzirə" və ya "Röyters"də deyil, həqiqəti yazıların arasında tapmaq mümkündür.

- "İnformasiya müharibəsi" anlayışını qəbul edirsinizmi və belədirsə, özünüzü bu müharibənin əsgəri kimi görürsünüzmü?

- Bir jurnalist olaraq, ümid edirəm ki, yox. Hər bir media şəbəkəsinin, hətta "Əl-Cəzirə"nin də mövqeyi var. Hesab edirəm ki, xəbəri, məqaləni yazanda əsas məsələ hadisəni bütün tərəflərin mövqeyini qeyd etməklə işıqlandırmaqdır. Vəziyyəti təhlil etmək mənim işimə daxil deyil, bunu analitiklərə, professorlara həvalə etmək daha məsləhətlidir.

Heç vaxt informasiya müharibəsinin iştirakçısı olmamışam. Vacib hesab edilən və çoxlarının kifayət qədər diqqət yetirmədiyi problemləri işiqlandırmağa çalışırıq. Məsələn, Yəmən böhranı... Olduqca vacibdir və biz bu barədə yazmağa davam edəcəyik. Biz daha çox münaqişələrə toxunmağa çalışırıq.

- Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə yazmaq niyyətiniz varmı?

- Bu, mənim üçün həqiqətən maraqlıdır. Orada nə baş verdiyi ilə bağlı məlumatımız məhduddur. KİV-lərdə kifayət qədər məlumat yoxdur. Məsələn, "Neşnl Ceoqrafik"in münaqişəyə dair yalnız bir fotosuna rast gəlmişəm. Münaqişə haqqında daha çox öyrənməyimə ehtiyac var.

- Saxta xəbərlər, təxribat, onun cəmiyyətə və siyasətə təsiri barədə nə deyə bilərsiniz?

- Bu halların qarşısını almaq üçün balansı tapmaq lazımdır, digər tərəfin nə dediyini bilmək lazımdır. Burada - Bakıda belə fərqli perspektivlər var. Yalnız tək bir mənbədən istifadə edərək ölkəni təhlil etmək mümkün deyil.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.