525.Az

"Qarşımıza məqsəd qoymuşuq: hər yerdə görünmək və Azərbaycanı təbliğ etmək"

[08.01.19]
"Qarşımıza məqsəd qoymuşuq: hər yerdə görünmək və Azərbaycanı təbliğ etmək"<b style="color:red"></b>

Azərbaycanlıların kompakt halda yaşadıqları ölkələrdən biri də Rusiya Federasiyasıdır. Hazırda Rusiyanın, demək olar, bütün regionlarında çoxlu sayda azərbaycanlı yaşayır və Rusiya cəmiyyətinə inteqrasiya olur.

Belə demək mümkündür ki, artıq bu ölkədə üçüncü nəsl azərbaycanlılar yetişməkdədir. Öz növbəsində soydaşlarımız Rusiyanın inkişafına heç də az töhfə vermirlər. Ona görə də bu ölkədəki azərbaycanlıların bir araya gəlmələri, daha yaxşı təşkilatlanmalarından ötrü diaspora təşkilatlarının qurulması, bütün sahələrdə daha aktiv fəaliyyətləri olduqca vacibdir.

Moskva Vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyatının sədri Elşən İbrahimov "525"ə müsahibəsində bu mövzular ətrafında danışıb. 

- Əslən Ucar rayonundanam və ixtisasca iqtisadçıyam. Uzun illər Bakıda zavodlardan birində mühasib kimi çalışmışam. Məlumdur ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda zavod və fabriklərin də əksəriyyəti öz işini dayandırdı. Elə buna görə də işləmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə, sonra isə Rusiyaya üz tutdum. Öncə Moskvanın 2 mindən çox azərbaycanlının yaşadığı İskra rayonunda İskra Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatının ən fəal diaspora nümayəndələrindən biri kimi fəaliyyət göstərdim. 2010-cu ildə artıq həmin qurumun sədri seçildim.  2018-ci ilin mart ayından isə Moskva Vilayəti Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyatının sədriyəm. Qeyd edim ki, Rusiyada ictimai təşkilatlar və milli mədəni muxtariyyatlar haqqında ayrı-ayrılıqda qanunlar mövcuddur. Muxtariyyatlar haqqında qanun 1996-cı ildə verilib. Bu qanun öz dilini, mədəniyyətini, incəsənətini qorumaq üçün bir fürsətdir. Bildiyiniz kimi, bizim də Rusiyada yeganə Federal Milli Mədəni Muxtariyyatımız var və onun da sədri Mehriban Sadıqovadır.  O, həm də Rusiya Prezidenti yanında Millətlərarası Şuranın yeganə azərbaycanlı üzvüdür. Bizim qurumumuz əvvəl rayon səviyyəsində idi, 2011-ci ildə isə regional səviyyədə fəaliyyətə başlayıb. Hazırda Moskva ətrafında qeydiyyatdan keçmiş 14 təşkilat, 7 nümayəndəlik var. Tədbirləri bir yerdə keçiririk. Onların arasında yenə də ən aktivi İskra rayonunda fəaliyyət göstərən diasporamızdır.

Ümumiyyətlə, biz özümüzü burada diaspora kimi təqdim etmirik. Əgər bizim uşaqlar burda doğulur, oxuyur, ali təhsil alırlarsa, deməli, bura elə bizə vətən kimidir.

- Bir tərəfdən sözünüzdə həqiqət var. Yəni əgər artıq Rusiyada üçüncü nəsl azərbaycanlılar doğulursa, deməli, siz həm də bu cəmiyyətə inteqrasiya olunmusuz. Amma məsələnin digər tərəfi Rusiya kimi çoxmillətli, strateji bir ölkədə diaspora kimi fəaliyyət göstərmək, ölkəmizin təbliğatını aparmaq həm də bizim üçün bir fürsətdir. Bu istiqamətdə rəhbərlik etdiyiniz qurum hansı işləri görə bilir?

- Müxtəlif layihələr reallaşdırır, tədbirlərdə iştirak edirik. Məsələn, belə bir layihəmiz var,  Rusiya ilə əlaqəli olan məşhur azərbaycanlıların yubiley mərasimlərini keçiririk. Ötən il Moskva Millətlər Evində Azərbaycan və Rusiya Yazıçılar İttifaqının üzvü, tanınmış şair və publisist Sultan Mərzilinin yubiley mərasimini qeyd etdik. Bundan başqa, ötən ilin dekabırında İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində Rusiya Dövlət Neft və Qaz Universiteti, Beynəlxalq Şuxov Fondu, Rusiya Milli Mühəndislər Palatasının da təşkilatçılığı ilə "Balaxanı-Qara şəhər" ilk neft kəmərinin istismara verilməsinin 140 illiyi və görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Rusiya-Azərbaycan. Dünya neft sənayesinin inkişafı. Hadisələr və insanlar" mövzusunda beynəlxalq konfrans keçirdik. Konfransda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edirdi. Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov, Bakını dünyanın neft hasilatı mərkəzlərindən biri adlandırmaqla yanaşı Bakıda neft istehsalının tarixindən də bəhs etdi. Rektor, bu sahədə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından danışdı və bildirdi ki, xalqlarımız arasında dostluq münasibətlərinin zaman həddi yoxdur və biz ümid edirik ki, bu əlaqələr bundan sonra da möhkəmlənəcək.

Sevindirici haldır ki, Rusiya Dövlət Neft və Qaz Universitetində məşhur alimin adını daşıyacaq auditoriyanın yaradılacağı planlaşdırılır. Düşünürəm ki, bu, gənc mütəxəssislərin neft və qaz elminin baniləri haqqında daha geniş məlumat almalarına kömək edəcək.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlu da maraqlı təkliflə çıxış etdi. O dedi ki, Rusiya Dövlət Neft və Qaz Universitetinin auditoriyalarından birinə görkəmli alimin adının verilməsi ideyasını məmnuniyyətlə dəstəkləyir və gələcəkdə qarşı tərəf olaraq A.Mirzəcanzadə adına təqaüd təsis edilməsi təşəbbüsünü irəli sürəcəklər.

Bu kimi tədbirlərdə bizim qurumun da öz əməyi var.  Məqsədimiz Azərbaycanı, onun tarix və mədəniyyətini təbliğ etməkdi. Moskva vilayəti çox böyükdü. 8 milyon əhalisi var. Ona görə də qarşımıza belə bir məqsəd qoymuşuq: hər yerdə görünmək və Azərbaycanı təbliğ etmək.

- Maraqlıdır, sizin fəaliyyətiniz yalnız Moskva ilə məhdudlaşır, yoxsa ətraf rayonlarda da fəaliyyətləriniz var? Ümumiyyətlə, Moskva vilayətində yaşayan azərbaycanlıların təşkilatlanması sizi nə dərəcədə qane edir?

- Sizə adi bir misal deyim. Moskvanın Çexov şəhərində Akrobatika, Gimnastika və Rəqs üzrə Beynəlxalq Akademiya bizə təklif etdi ki, Azərbaycan-Rusiya beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində düzənlənən "Gimnastika və rəqs" musiqi gecəsi tədbirini birlikdə keçirək. Biz də razılaşdıq. Proqramın rejissoru Azərbaycanda "Zabradanse" məktəbinin baş məşqiçisi, beynəlxalq müsabiqələr laureatı, Fərid Kazakov idi. O, öz kollektivi ilə təmsil olunurdu. Möhtəşəm konsert proqramından sonra qonaqları Azərbaycan milli şirniyyatlarına qonaq etdik. Maraqlısı o idi ki, tədbir bitəndə gördüm ki, xeyli sayda azərbaycalı gənclər də gəlib. Onlara təklif etdim ki, siz də Çexov şəhərində diaspora təşkilatınızı qurun, bizə ehtiyac olmasın gəlməyə. Bir sözlə, çox gözəl bir tədbir oldu. Elə bil ki, yaxın gələcəkdə  yaranacaq diaspora təşkilatımızın  əsasını qoyuldu. Yəni düşünürəm ki, indi olmasa da, yaxın gələcəkdə Moskvanın bütün rayonlarında öz təşkilatlarımızı qura biləcəyik. Tədbirlərimizdə Moskvada yaşayan ziyalılarımız da iştirak edir. Çox istərdik ki, Moskvada olmasa da, Moskva ətrafında bir Azərbaycan Mədəniyyət Mərkəzimiz qurulsun.  Ümumi götürsək, soydaşlarımızın diaspor işinə münasibəti o qədər də qənaətbəxş deyil. Adətən tədbirlərimizi Moskva Millətlər evində keçiririk. Bəzən tədbirə dəvət edirik, gəlmirlər. Amma inanırıq ki, bu vəziyyət də yavaş-yavaş yoluna düşəcək. 

- Rusiya, Moskva həm də ermənilərin sıx yaşadığı məkadır. Bu günə qədər onlarla hər hansı bir konflikt, problem yaşandımı və əgər baş verdisə necə həll edə bildiz?

- Ermənilər bir ərazi  və ya park abadlaşdırır, sonra da həmin əraziyə xaçkar qoyurlar. Bu daşların qoyulması dərd yarıdır. Məsələ burasındadır ki, həmin daşın altında da "1915-ci ildə ermənilərə qarşı Türkiyədə törədilən genosidin xatirəsinə" cümləsi yazıblar. Bir neçə ay öncə bununla bağlı Serpuxova rayonda yaşayan azərbaycanlılar bizə məlumat verdi və biz də həmən hərəkətə keçdik. Diasporamızın fəallarından olan Həşim Əliyev qurum adından Rusiya qubernatoruna  məktub ünvanladı. Məktubda bildirilirdi ki, ermənilər hər yerə öz nişanələrini qoyub, erməniləşdirmək istəyirlər.  Yalançı soyqırımın gündəmə gətirilməsi millətlərarası münaqişənin qızışdırılması deməkdir. Göstərdiyimiz səylər nəticəsində bunun qarşısı alındı. Həmin cümlə də başqa bir cümlə ilə əvəz edildi. Ən önəmlisi soyqırım sözünü və təvimi çıxartmağa nail olduq. Yəqin ki, buna oxşar hadisə olarsa, yenə də belə davranacağıq.

-  Bildiyimiz qədər, diaspora təşkilatı olaraq  Moskvanın İskra rayonunda neft buruğunu simvollaşdıran pilot abidə qoymusuz...

- Əli, bu abidəni ötən il mayın 8-də İskra rayonunda Sneqri adlı bir yerdə  qoyduq. Bilirsiniz ki, Sovetlərin müharibədə qalib gəlməsində Bakı neftinin necə böyük rolu olub. Rusiyada isə hər il 9 may Qələbə Günü  çox yüksək səviyyədə qeyd olunur. Açılış mərasimində rayon rəhbərliyi, digər rayonların nümayəndələri, mətbuat təmsilçiləri iştirak edirdi. Təbirlə bağlı xəbər yerli kanallarda da yayımlandı. Abidənin qoyulduğu məkan sıradan bir yer deyil. Sovet ordusu alman hücümunun qarşısını məhz orda alıb. Yəni təkcə yerli əhəmiyyətli yer deyil, həm də simvolik abidədir. Biz onu pilot abidə kimi hazırladıq.  Son olaraq demək istəyirik ki, Azərbaycanın tanıdılması, təbliğatı üçün əlimizdən gələni edirik.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.