525.Az

Səməd Seyidov: "Ermənistan müharibədən də çox sülhdən qorxur"

"DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNİN HƏLLİ YÖNÜNDƏ ARTIQ MÜƏYYƏN MÜSBƏT CİZGİLƏRİ HİSS ETMƏYƏ BAŞLAMIŞIQ"


[08.01.19]
Səməd Seyidov: "Ermənistan müharibədən də çox sülhdən qorxur"<b style="color:red"></b>

"525"in müxbirinin suallarına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavab verir. 

- Səməd müəllim, 2018-ci ili Azərbaycanın daxili və xarici siyasəti üçün necə dəyərləndirərdiniz? Deyə bilərikmi ötən il qarşıya qoyulmuş hədəflərə çatdıq?

- Xarici və daxili siyasət nəticəsində əldə olunmuş məsələlər, nailiyyətlər öz-özünə baş vermir. Bu, nələrəsə əsaslanmış hadisələr kimi təhlil olunmalıdır. Birincisi, 2018-ci ilin ən əsas hadisəsi xalq tərəfindən hakimiyyətə, prezidentə verilmiş bir etimaddır, yəni prezident seçkiləridir. Prezident seçkilərinin nəticəsi bir daha göstərdi ki, Azərbaycan xalqı bu istiqamətdə aparılan işlərə həm daxildə, həm xaricdə birmənalı şəkildə öz müsbət münasibətini bildirir. O ki qaldı xarici siyasətlə bağlı məsələlərə, bunların içərisində də həddindən artıq çoxlu hadisələr baş verib. Baxın, elə götürək Xəzər dənizinin statusunun müəyyən olunmasını, yaxud 2050-ci ilə qədər neft müqavilələrinin müddətinin uzadılmasını. Bunların hər biri tarixi əhəmiyyətli hadisələrdir. Azərbaycanda bir neçə ölkənin, xüsusilə ən böyük ölkələrin tədbirlərinin keçirilməsini, dövlət başçılarının buraya gəlməsini, dövlət başçımızın xaricə səfərlərə getməsini götürək. Hər biri ölkəmizin dünyadakı yerinə və çəkisinə dəlalət edən hadisələrdir. Onu da yaddan çıxarmaq lazım deyil ki, 2018-ci il həm də "Cümhuriyyət ili" idi və bununla bağlı minlərlə xarici qonağın Azərbaycana gəlişi və ilk müstəqil dövlətimizin yaranmasının 100 illiyinin xaricdə təbliğ olunması, Avropa Parlamentində bu tarixi hadisənin yüksək səviyyədə anılması ötən ilin ən yaddaqalan hadisələridir. Cəmi bir neçə həftə bundan əvvəl baş vermiş hadisəni, gördüyümüz işlər nəticəsində Avropa Parlamentində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini 2018-ci ilin uğuruna yazmaq olar. Odur ki, 2018-ci il çox uğurlu və çox ümidverici il oldu. Bununla yanaşı, ən əsas məsələ kimi, 2018-ci ildə - bunu xüsusilə qeyd etmək lazımdır - uzun illər ərzində ilk dəfə idi ki, Dağlıq Qarabağ məsələsində  artıq gözəçarpan dəyişiklik gördük. Bu məsələnin həlli yönündə müəyyən müsbət cizgiləri hiss etməyə başlamışıq ki, bu da məhz Azərbaycanın illər boyu apardığı siyasət nəticəsindədir.

- Bəs 2019-cu ildən gözləntiləriniz nədən ibarətdir?

- 2019-cu ildə ölkəmizi, dövlətimizi, xalqımızı bir sıra önəmli hadisələr gözləyir. Məsələn, bildiyiniz kimi, Azərbaycan 2011-ci ildən, dünyanın BMT-dən sonra ikinci nüfuzlu təşkilatı sayılan Qoşulmama Hərəkatının üzvüdür. Biz o zaman 120 ölkənin dəstəyini almışdıq və bu, çox ağıllı bir hərəkət idi. Səhv etmirəmsə, elə 2011-ci ildə bu hadisədən bir az sonra 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına seçilmişdik.Təsəvvür edin, nə dərəcədə uzaqgörən bir addım idi. Bu ildən də artıq Qoşulmama Hərəkatına 2022-ci ilə kimi sədrlik edəcəyik. Həmçinin, bu mötəbər qurumun 18-ci Zirvə toplantısına ev sahibliyi edəcəyik. Bununla yanaşı, bu il dünyada böyük iqtisadi əhəmiyyət daşıyan bir qurumun, OPEC təşkilatının Azərbaycanda iclası keçiriləcək. Eyni zamanda, cari ildə UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda baş tutacaq. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın mövqeyi, apardığı düzgün siyasət 2019-cu ildə də Azərbaycana qarşı olan təzyiqlərin qarşısını almağa imkan verəcək. Özünüz də şahidsiniz ki, ölkəmizə qarşı təzyiqlər səngimir. Bu, təbiidir...

- Nə baxımdan?

- O baxımdan ki, millət nə qədər güclü olursa, dövlət nə qədər güclü olursa, bu mürəkkəb dünyada təzyiqlər də çoxalır. Bu barədə cənab prezident özü də bir neçə gün bundan əvvəl verdiyi müsahibəsində qeyd etmişdi. O demişdi ki, biz daxildən hər hansı bir təhlükəni gözləmirik, bizə ancaq xaricdən təhlükələr ola bilər. Bizi istəmədiyimiz, hətta üzv olmadığımız qurumlar tərəfindən ciddi təxribatlara, hansısa digər arzu olunmayan məsələlərə sövq etmək, dartmaq, salmaq cəhdləri mövcuddur. Bu nöqteyi-nəzərdən 2019-cu ildə həm daxili siyasətdə, həm xarici siyasətdə inkişaf gözləyirəm. Daha doğrusu, Azərbaycanın mövqeyinin 2019-cu ildə daha yüksək səviyyədə müdafiə olunması istiqamətində işlərin həyata keçirilməsini arzulayıram.

- Yuxarıda qeyd etdiniz ki, Qarabağ məsələsinin həllində müəyyən müsbət işartılar, cizgilər hiss olunur. Necə hesab edirsiniz, bu işartılar daha da böyüyə və münaqişənin ədalətli həllinə gətirib çıxara bilərmi?

- Bəli, münaqişənin həlli istiqamətində müsbətə doğru işartılar var. Ümumiyyətlə, son hadisələr göstərir ki, Ermənistan müharibədən də çox sülhdən qorxur. Təsəvvür edirsiniz bunu? Bunlar axı hər zaman bağırırdılar ki, Azərbaycan silahlanır, Azərbaycan ordusu belədir, Azərbaycan ordusu elədir, qoymayın, bizi işğal edəcəklər, elan ediblər ki, Ermənistan Azərbaycanın əzəli torpağıdır, ona görə gəlib Yerevanı işğal edəcəklər və sairə... Ancaq 2018-ci ildə Ermənistanda xunta hakimiyyəti dəyişəndən sonra maraqlı bir tendensiyanı gördük, yəni Azərbaycan sülh, danışıqlar haqqında danışanda, eyni zamanda, Azərbaycan deyəndə ki, Sarkisyan-Koçaryan cütlüyü cinayətkar bir cütlükdür, bunlar həm torpaqları işğal ediblər, həm azərbaycanlılara qarşı cinayətlər, soyqırım törədiblər, onlar həm də öz millətlərini, dövlətlərini uçuruma aparıblar və sairə, artıq cinayətkar xuntanın yerinə inqilab yolu ilə gəlmiş yeni rəhbərlik, Paşinyan hökuməti sülhdən danışmağa ehtiyat edir, qorxur.

Dediyim kimi, onlar sülhdən qorxur, nəinki müharibədən. Ancaq bununla belə, təbii, bizdə hansısa ümidlər var. Ümidlər də ondadır ki, Ermənistanın gələcəyi yalnız Azərbaycanın xoş münasibətlərinə bağlıdır. Onların gələcəyi bundan asılıdır və bu məsələdə başqa fikir ola bilməz, başqa anlayış heç kimin ağlına gəlmir və gələ də bilməz. Ermənilər, Ermənistan rəhbərliyi, Ermənistan siyasi dairələri gec-tez başa düşəcəklər və düşməlidirlər ki, bu işğalın mənası və axırı yoxdur, həm də ermənilər buradan köçüb getmək fikrində deyillər. Azərbaycan isə əhali cəhətdən çoxalır və artıq on milyona çatmışıq.

Bu nöqteyi-nəzərdən həm xalqlar üçün, həm dövlətlər üçün sülh haqqında düşünməyin vaxtı çatıb. Məhz elə bu niyyətlə hansısa danışıqlarda əldə olunmuş müsbət nəticələrdə yox, elə bu niyyətlə həm Azərbaycanın xarici işlər naziri, həm də dövlət başçısı belə cizgiləri, bir işarələri ortaya qoymuşdular. Ancaq biz görürük ki, çox maraqlı və parodoksal bir proses gedir. Ermənilər dərhal reaksiya verdilər ki, yox, nə danışırsınız, hansı sülh danışıqlarından, hansı istiqamətlərdən söhbət gedə bilər?! Deməli, bunlar nədən qorxurlar? Bunlar daha çox beynəlxalq qanundan qorxurlar. Ona görə ki, sülh danışıqları istər-istəməz beynəlxalq qanunu bölgəyə gətirəcək.

Konstruktiv yanaşma beynəlxalq səviyyədə bu məsələni araşdırmağa sövq edəcək ki, bu da onların ən qorxduğu məsələdir. Ona görə ki, onların qurduğu iş cinayət üstündə təşkil olunub. Cinayət üstündə təşkil olunmuş iş beynəlxalq qanuna uyğun deyil. Bir dəfə bu ifadəni demişəm, bir də təkrar etmək istəyirəm: əgər diş həkiminin yanına gedəndə və artıq iş işdən keçibsə, dişi çıxarmaq lazımdırsa, həkim heç vaxt onu dartıb çıxarmır. Biz deyirik ki, getdim, dişimi dartdırdım, çıxartdırdım, ancaq əslində, həkim həmin o ağrıyan, artıq bədəndən çıxarılması ehtiyacı olan dişi laxlada-laxlada çıxarır. Ona görə də biz siyasətimizdən əl çəkmirik. Biz sülhü təklif etməliyik, eyni zamanda, ordumuzun daha da qüdrətlənməsinə, müharibəyə hazır olmalıyıq. 2018-ci il onu göstərdi ki, biz həm sülhə hazırıq, həm də ordumuz ən yüksək səviyyədədir, döyüş hazırlığına malikdir. Məşhur ifadəni bir də təkrar etsəm, sülh istəyirsənsə, müharibəyə hazır ol və sülh haqqında düşünürsənsə, sən həmişə yüksək səviyyədə bir orduya malik olmalısan. 2018-ci il bunu təsdiq etdi və əminəm ki, 2019-cu ildə bu, davam etdiriləcək.

Kamil HƏMZƏOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.