525.Az

Ziyad Səmədzadə: "Bu, ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur"

[25.12.18]
Ziyad Səmədzadə: "Bu, ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur"<b style="color:red"></b>

"525"in müxbirinin suallarına Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə cavab verir.

- Ziyad müəllim, dekabrın 21-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimi oldu. Bir müddət öncə isə neft emalı ilə bağlı digər mühüm bir obyektin,  STAT Neft Emalı Zavodunun tarixi açılış mərasimi gerçəkləşdirilmişdi. Bu iki hadisə ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

 - Azərbaycan hələ XIX əsrin axırlarından etibarən dünya neft emalı sənayesinin beşiyi sayılan ilk ölkələrdən biridir. Azərbaycanda kiçik də olsa, neftayırma zavodları olub. Konkret olaraq, keçmiş sovetlər dövründə güclü neft-kimya kompleksimiz, neft emalı müəssisələrimiz olub. O vaxt həmin müəssisələr, zavodlar ildə 20 milyon tonadək neft emal ediblər. Hətta bir müddət Azərbaycana emal güclərindən daha səmərəli istifadə üçün kənardan, SSRİ-nin digər ucqar bölgələrindən neft gətirilib. Düzdür, onun keyfiyyəti o qədər də yüksək deyildi, amma bunlar faktdır. Amma tam qürur və fəxarət hissi ilə demək istəyirəm ki, Azərbaycan XX əsrdə, 71 il ərzində Sovet İttifaqının neft emalı sahəsində əsas yerlərindən birini tutub. Eyni zamanda, müstəqillik illərində, xüsusilə də, 1994-cü ilin sentyabr ayının 20-də Ümummilli lider Heydər Əliyevin iradəsi və qətiyyəti nəticəsində imzalanmış "Əsrin müqaviləsi" ilə yol alan, təməli qoyulan uğurlu neft srtategiyası nəticəsində Azərbaycanda ötən illər ərzində bu istiqamətdə böyük nailiyyətlərə imza atılıb. Neft emalı güclü şəkildə inkişaf edib, modernləşib. Heç təsadüfi deyil ki, bir müddət öncə bu istiqamətdə daha bir uğura imza atılıb.
 
Oktyabr ayının 19-da qardaş və dost Türkiyənin İzmir şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nəinki hər iki ölkənin, bütövlükdə regionun həyatında, inkişafında çox böyük və mühüm rola malik olan STAR Neft Emalı Zavodunun açılış mərasimi keçirilib. Qeyd edim ki, təməli hələ yeddi il öncə, yəni 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidenti tərəfindən qoyulan STAR zavodunun ümumi neft emalı gücünün 10 milyon ton təşkil edəcəyi gözlənilir və müəssisənin əsas xammal tədarükçüsü kimi də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. Odur ki, dekabrın 21-də Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışını da bu prosesin, bu işlərin məntiqi davamı saymaq olar. Bunlar arasında bir əlaqə, paralellik, bağlılıq var. Eyni zamanda, hesab edirəm ki, yeni məntəqənin açılışı, işə düşməsi ilə Azərbaycan neft və neft emalı sahəsində, sənayesində yeni və növbəti müsbət nəticələr əldə etmək mümkün olacaq. Çünki açılış mərasimində də bildirildiyi kimi, bitum qurğusu istismara verildikdən sonra burada illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Bunun özü böyük göstəricidir, böyük  rəqəmdir və qeyd edək ki, bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Həmçinin, bu qurğuda "PEN 40-60" markalı yüksək keyfiyyətli bitum istehsal ediləcək. Növbəti mərhələlərdə isə AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulur və artıq bu istiqamətlərdə də işlərin sürətlə davam etdirilməsinin canlı şahidləriyik...

- Yeri gəlmişkən, verilən məlumatlara görə, yenidənqurma işləri 3 mərhələdə icra olunur və bu baxımdan, proses hələ tam bitmiş sayıla bilməz...

- Tamamilə doğrudur. Ümumiyyətlə, yarandığı ilk günlərdən (1953-cü ildən) zavod Azərbaycanın yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilən Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işlərinin aparılması, həmçinin, keçmiş "Azərneftyağ" neft emalı zavodunun ərazisinin mərhələli şəkildə boşaldılaraq, "Ağ şəhər" layihəsinə təhvil verilməsi nəzərdə tutulduğundan, yeni bitum istehsalı qurğusunun tikintisi zəruri idi. Buna ehtiyac duyulurdu. Açılış mərasimində də qeyd edildiyi kimi, bitum qurğusu 7,7 hektar ərazini əhatə edir və qurğunun tikintisi zamanı 150 min kubmetrə yaxın torpaq işləri görülüb, 650 tondan çox metal konstruksiyadan, 530 tondan çox borudan istifadə olunub. Həmçinin, 2016-cı ildə Avstriyanın "Poerner" şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi müqaviləsi imzalanıb. 2017-ci ilin aprel ayından tikintinin podratçısı "Azfen" şirkəti tərəfindən qurğunun inşasına başlanılıb və layihə qrafikə uyğun başa çatdırılıb. Layihə tam başa çatdıqdan, yəni tamamlandıqdan sonra isə bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını artıracaq və ölkəmizin regiondakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Layihənin 2020-ci ilin sonunadək planlaşdırılan ikinci mərhələsində də AVRO-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınmasını, 2021-ci ilin birinci yarısına nəzərdə tutulan üçüncü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşasının həyata keçirilməsini gerçəkləşdirmək mümkün olacaq. Bütövlükdə aparılacaq işlər zavodun illik emal gücünü 7,5 milyon tona çatdırmaqla "Azərikimya" İstehsalat Birliyinin xammalla təchizatının sabit şəkildə təmin edilməsinə imkan verəcək. Zavodda aparılan yenidənqurma işləri daxili bazarın yüksək keyfiyyətli yanacağa olan tələbatını tam ödəyəcək, bununla yanaşı, Bakıda karbon emissiyasının miqdarının azalmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcək...

- Ekoloji vəziyyətdən söz düşmüşkən, bu istiqamətdə görülən işlər sizcə, yetərli və qənaətbəxşdirmi?

- Hesab edirəm ki, bu istiqamətdə hələ çox işlərin görülməsinə ehtiyac var. Çox əlamətdar haldır ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, çirklənmənin qarşısının alınması Azərbaycan dövlətinin, ölkə başçısında da daim diqqət mərkəzindədir. Bu istiqamətdə də ötən illər ərzində xeyli addımlar atılıb, bunları danmaq və inkar etmək də insafdan olmazdı, amma bununla belə, növbəti illərdə, növbəti mərhələlərdə də ekoloji durumun yaxşılaşdırılması istiqamətində işlər daha da gücləndirilməli, sürətləndirilməlidir. Bunlara ehtiyac var. Ekologiyanın təmizliyi təbiətin, ətraf mühitin, havanın təmizliyi, sağlamlıq deməkdir. Bu baxımdan, yuxarıda da qeyd edildiyi kimi, Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma işləri həm də Bakıda karbon emissiyasının miqdarının azalmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına özünün mühüm töhfəsini vermiş olacaq.

Kamil HƏMZƏOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.