525.Az

"Hamı biləcək ki, mədəniyyətin və teatrın "ƏSA"sı var"

"ƏSA"NIN TƏSİSÇİSİ VƏ RƏHBƏRİ NİHAD QULAMZADƏNİN FİKRİNCƏ, BU TEATR SOSİAL LAYİHƏ DEYİL, AZƏRBAYCAN İNCƏSƏNƏTİNİN TƏBLİĞİNƏ YÖNƏLƏN MƏDƏNİ HADİSƏDİR


[18.12.18]
"Hamı biləcək ki, mədəniyyətin və teatrın "ƏSA"sı var" <b style="color:red"></b>

- Öncə, "ƏSA" Teatrının yaradılmasından danışaq...

- "ƏSA"nı yaradana qədər artıq bir neçə il idi ki, teatr fəaliyyətim vardı. Yəni müstəqil teatr anlayışım tam formalaşmışdı. "ƏSA"nı yaratmaq məsələsinə gəldikdə isə düşüncəm bu idi ki, özünəməxsus fəaliyyəti ilə tamaşaçıların diqqətini çəkəcək, həm ölkə mədəniyyətinə töhfə verəcək, həm də insanlığa xidmət edəcək bir teatr formalaşdırım. Məhz, buna görə inklüziv teatr yaradıcılığını seçdim. Hətta bir müddət araşdırma apardım ki, bəlkə dünyanın harasındasa inklüziv teatr var, amma bizim xəbərimiz yoxdur. Araşdırmalar nəticəsində məlum oldu ki, hansısa ölkədə həvəskar inklüziv dərnəklər var, amma onların fəaliyyəti ciddi təəssürat yaratmır. Məsələn, Rusiyada bir neçə dərnək var, onlar fiziki məhdudiyyətli uşaqlara rəsm çəkməyi, yaxud hansısa musiqi alətində ifa etməyi öyrədirlər. Yəni heç kim auditoriyaya təqdim etmək üçün peşəkar inklüziv yaradıcılıqla məşğul olmur. Yeri gəlmişkən, qeyd edim ki, qonşu Gürcüstanda da elə bu ilin əvvəlində inklüziv yaradıcılıqla məşğul olacağını elan edən bir dərnək yarandı və hətta onlar "ƏSA" Teatrına müraciət etdilər ki, məsləhət alsınlar.

- Teatrın bu iki ildəki fəaliyyəti necədir?

- Sentyabrın 3-də "ƏSA" Teatrının iki yaşını qeyd edəndə, kollektiv olaraq fəaliyyət dövrümüzdə nəyə nail olduğumuzdan danışırdıq. Təvazökarlıqdan bir qədər uzaq səslənsə də, etiraf edim ki, iki yaşlı və öz binası olmayan bir teatrın nail ola biləcəyi bütün uğurları qazanmışıq. "ƏSA" yarandığı gündən dünya ədəbiyyatının şedevr əsərlərini səhnələşdirmişik. U.Şekspirin, C.Steynbekin ən maraqlı əsərlərini yerli tamaşaçıya anşlaqla nümayiş etdirmişik. Hətta, biz bu il ölkəmizdə "Cümhuriyyət İli" münasibəti ilə M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" pyesinin motivləri əsasında "Paris partladı" tamaşasını Opera və Balet Teatrında təqdim etdik. "ƏSA" Teatrı fəaliyyətə başlayanda müəllifi və rejissoru olduğum "DUMB" tamaşası bizim ilk işimiz olsa da, olduqca rəğbətlə qarşılandı. Daha sonra "Kapuero Performans"ı uğurla təqdim etdik. Bir nüansı xüsusi qeyd etmək istəyirəm ki, quruluş verdiyimiz bütün tamaşaları cəmi bir neçə ay ərzində hazırlayıb, premyerasını etmişik. Moris Meterlinkin "Göy quş" tamaşasını cəmi üç ay ərzində təhvil verdik. Bu hal özü peşəkarları da heyrətləndirmişdi ki, 30 nəfərdən artıq peşəkar və həvəskar aktyor heyəti ilə az bir vaxtda bu tamaşanı necə hazırlamısınız?! Əslində, mən də bilirəm ki, bu, çox ağır məsuliyyətdir. Sadəcə olaraq, teatra olan sevgidən, yaradıcılığa olan böyük maraqdan irəli gəlir. Ümumi olaraq deyim ki, "ƏSA" Teatrının cəmi iki il dörd aylıq fəaliyyəti qənaətbəxşdir.

- Tamaşaya qoyulacaq əsərləri hansı kriteriyalarla, necə seçirsiniz?

- Açığını deyim ki, əvvəllər seçim məsuliyyəti daha çox mənim üzərimə düşürdü. Amma zaman keçdikcə, teatr inkişaf etdikcə, əsər seçimində teatrın rəhbərliyində təmsil olunan şəxslərlə "beyin fırtınası" edirik. "ƏSA" Teatrının baş meneceri Nicat Qulam maliyyə məsələlərini hesablayır, teatrın multimedia meneceri Elxan Xanəlizadə media və təşkilati məsələləri dəqiqləşdirir. Yəni əsərləri oxuyanda, hərəmiz öz sahəmizə uyğun prizmadan yanaşıb müzakirə edirik ki, filan əsəri səhnələşdirmək üçün nə qədər maliyyə vəsaiti lazımdır, bu əsər teatra nə verəcək, tamaşaçılar onu necə qarşılayacaq? Ən sonda yekun qərar qəbul edirik ki, filan əsəri səhnələşdirmək olar. Adətən, bəşəri mövzulara, insanlığa xeyirxahlıq və nəciblik aşılayan əsərlərə üstünlük veririk ki, siz artıq repertuarımızdan da bunları görə bilərsiniz.

- Teatrınıza maraq necədir?

- "ƏSA" Teatrı yarandığı gündən həm mənə, həm də bütövlükdə komandamıza ən böyük motivasiya verən amil teatra olan tamaşaçı marağı, tamaşaçı rəğbətidir. Təbii ki, indiyə qədər əməkdaşlıq etdiyimiz istər dövlət qurumları, istərsə də özəl təşkilatlar maraq göstərməsələr, bizimlə birgə fəaliyyət göstərməz, maliyyə dəstəyi ayırmazdılar. Yəni bütövlükdə teatra olan maraq "ƏSA" rəhbərliyini və komandasını məmnun edir. Hansısa dövlət qurumunun diqqətsizliyi olsa da, biz onları öz vicdanlarına buraxırıq. Yeri gəlmişkən, "ƏSA" yarandığı gündən ona dəstək olan Azərbaycan mediasına xüsusi təşəkkür edirəm. İstər TV-lər, istərsə də xəbər agentlikləri, xəbər saytları, qəzetlər və jurnallar davamlı olaraq bizi diqqətdə saxlayırlar. Əlbəttə, bu, bizə və fəaliyyətimizə böyük dəstəkdir.

- Bugünlərdə son tamaşanızın premyerası oldu. Bu tamaşa haqqında danışaq.

- Bayaq qeyd etdiyim kimi, Moris Meterlinkin "Göy quş" əsəri olduqca ağır səhnə həlli olan, böyük əziyyət tələb edən əsərdir. Amma biz bu əsəri seçəndə çətinlikləri nəzərə aldığımıza görə iş prosesinin ağır olacağı heç birimizi qorxutmurdu. Əvvəlcə onu deyim ki, Moris Meterlink də Con Steynbek kimi Nobel mükafatı alan yazıçıdır. "Göy quş" pyesi isə onun Nobel mükafatı almasına səbəb olan əsərdir. Yəni bədii təxəyyülün və fantaziyaların zənginliyinə görə mükafat alan əsərə səhnədə həyat vermək kiməsə kənardan asan görünə bilər. Əsərin məna yükünü qorumaq, onu tamaşaçıya yüksək formada çatdırmaq göründüyü qədər də asan deyil. Təkcə onu deyim ki, yüzdən çox yaşı olan "Göy quş" əsəri Bakıda fəaliyyət göstərən teatrların heç birində qurulmayıb. Tamaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanıb təqdim olundu. Buna görə də mən ilk növbədə Prezident İlham Əliyevə minnətdaram ki, onun inklüziv yaradıcılığa böyük diqqəti var və nazirliyin bizə maliyyə dəstəyi ayırması da əslində, həmin diqqətin təzahürüdür. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu sahəyə xüsusi qayğısına görə dərin minnətdarlığımı bildirirəm. Bizim tamaşaçımız olan Leyla xanım Əliyevaya xüsusi təşəkkürümü çatdırıram ki, mənəvi dəstəyini heç vaxt əsirgəmir. Bundan başqa, həm nazirliyə, şəxsən cənab nazir Sahil Babayevə və qurumun bizə dəstək olan əməkdaşlarına, xüsusən Pərvinə xanıma minnətdaram. Tamaşanın hazırlıq prosesində "ƏSA" Teatrının öz binası olmadığına görə məşqləri Teatr Xadimləri İttifaqının səhnəsində edirdik. Mən, TXİ-nin rəhbərliyinə, şəxsən Azər Paşa müəllimə və Rafiq müəllimə təşəkkür edirəm. Onlar da çox sağ olsunlar ki, "ƏSA" Teatrına məşq şəraiti yaratdılar.

- Elə son tamaşanızın premyerasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri  Sahil Babayev "ƏSA" Teatrına dəstəyin vacibliyini vurğulayıb. Bu çağırışdan nələr gözləyirsiniz?

- Əslində, bu, cəmiyyət üçün vacib çağırışdır. Çünki "ƏSA" Teatrı sosial layihə deyil, mədəni hadisədir və Azərbaycan mədəniyyətini, teatrını təbliğ edir. Bizim məqsədimiz təkcə ölkə daxilində deyil, bütün dünyada milli mədəniyyətimizi layiqincə təmsil etməkdir. İnanıram ki, cənab nazirin bu vacib çağırışı lazımi ünvanlara çatacaq və bu ölkədə hamı biləcək ki, mədəniyyətin və teatrın "ƏSA"sı var.

- Gələcəkdə "ƏSA" Teatrı fəaliyyətini necə davam etdirəcək? Tamaşaçılarınız sizdən hansı yeniliklər gözləsinlər?

- "ƏSA" Teatrının gələcəyi nə qədər bizim fəaliyyətimizdən asılıdırsa, bir o qədər də tamaşaçılardan asılıdır. Bundan sonra da tamaşalarımız anşlaqla keçəcəksə, ən böyük teatr səhnələri tamaşaçılarla dolacaqsa, təbii ki, bizim fəaliyyətimiz daha da inkişaf edəcək. Bilirsiniz ki, teatrın varlığı tamaşaçılardır. Yəni teatr tamaşa afişası asırsa və tamaşaçı olmadığına görə tamaşa təxirə salınırsa, bu, teatr üçün faciədir. Çox istərdim ki, dövlətdən maliyyələşən və buna görə özlərində məsuliyyət hiss etməyən teatrlar tamaşaçıları cəlb edəcək tamaşalar hazırlasınlar. Heç kim Azərbaycan tamaşaçısını qınaya bilməz və qınamağa haqqı da yoxdur. Adətən, tamaşa zalları boş qalanda tamaşaçılar qınanılır. Bəlkə də hansısa yaxşı tamaşa haqqında informasiya heç tamaşaçıya çatmır, məlumatları olmur ki, belə bir tamaşa var. Bütün bunlar günümüzün real problemləridir və "ƏSA" Teatrı bu problemlərlə üzləşməmək üçün çalışır. Məqsədimiz gələcəkdə daha ardıcıl fəaliyyət göstərmək və repertuarımızı daha da genişləndirməkdir. Çox istərdik ki, "ƏSA" Teatrının da öz binası olsun. Həm davamlı məşqlər, həm də daha çox tamaşa nümayiş etdirmək üçün. Tamaşaçıları əmin etmək istəyirəm ki, "ƏSA" Teatrının öz teatr binası olsa, onlarla daha çox görüşmək imkanımız olacaq.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.