525.Az

Azərbaycan ən təhlükəsiz ölkələr sırasında

"TƏHLÜKƏSİZLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR BU GÜN AZƏRBAYCANI DÜNYA ÜÇÜN ƏN CƏLBEDİCİ ÖLKƏLƏRDƏN BİRİNƏ ÇEVİRİB"


[07.12.18]
<b style="color:red">Azərbaycan ən təhlükəsiz ölkələr sırasında</b>

İqtisadiyyat və Sülh İnstitutu (The Institute for Economics and Peace) "Qlobal terrorizm indeksi" adlı məruzə hazırlayıb.

"Trend"in məlumatına görə, Azərbaycan yeni reytinq cədvəlində mövqeyini 3 pillə yaxşılaşdıraraq, 95-ci pillədən 98-ci yerə yüksəlib.

Məruzədə ilk yerləri terror təhlükəsi ən yüksək olan, son pillələri isə ən təhlükəsiz ölkələr tutur.

Azərbaycanın 138 ölkə arasında 98-ci pillədə qərarlaşması faktiki olaraq ölkədə terror təhlükəsinin olmadığını təsdiq edir. Bu göstərici ilə Azərbaycan regionda lider mövqeyini qoruyur. Reytinq cədvəlində Rusiya 34-cü, Ermənistan 83-cü, Gürcüstan 89-cu pillədə qərarlaşıb.

Məruzəyə əsasən, terror təhlükəsinin ən yüksək olduğu ölkələr isə ardıcıl olaraq, İraq, Əfqanıstan və Nigeriyadır.

Siyahıda ABŞ 20-ci, Fransa 30-cu, Almaniya 39-cu sıradadır.

Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan 74-cü, Qazaxıstan 75-ci, Qırğızıstan 80-ci, Moldova 116-cı, Özbəkistan 132-ci, Türkmənistan və Belarus isə ən son pillədə qərarlaşıb.

Məruzədə bildirilir ki, 2014-cü illə müqayisədə dünyada terror aktları nəticəsində həlak olanların sayı 44 faiz azalıb və 2017-ci ilin nəticələrinə görə, 18,8 min nəfər təşkil edib.

Sənəd müəllifləri terror aktları nəticəsində həlak olanların sayının son 3 il ərzində ardıcıl olaraq azaldığını qeyd edirlər. Buna əsas səbəblərdən biri kimi İraq və Suriya ərazisində İŞİD qruplaşmasının zəifləməsi göstərilir. Nəticədə, Suriya və İraqda terror hücumları nəticəsində həlak olanların sayı bir ildə demək olar ki, iki dəfə azalıb.

Məruzəyə əsasən, 2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 42 faiz azdır. Ölümlə nəticələnən terror aktları isə dünyanın 67 ölkəsində qeydə alınıb. Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə qeyd edib ki, beynəlxalq təşkilatın hazırladığı məruzə reallığı əks etdirir: "Azərbaycan dövləti ölkədə sabitliyin möhkənləndirilməsi, təhlükəsiz həyat şəraitinin qorunması istiqamətində məqsədyönlü fəaliyyət aparır. Ümummili lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründən başlayaraq bu istiqamətdə ciddi addımlar atılıb. Hazırda Prezident İlham Əliyev bu siyasəti layiqli şəkildə davam etdirərək ölkədə həm təhlükəsizliyin qorunması, həm də əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlu fəaliyyət aparır".

Təhlükəsizliyin, sabit həyat şəraitinin olmadığı yerdə inkişafın qeyri-mümkün olduğunu deyən deputat bildirib ki, Azərbaycanda mövcud şərait bütün sahələrdə inkişafın əldə olunmasına imkan verir.

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli də "Qlobal terrorizm indeksi"ndə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmasını həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi kimi qiymətləndirib: "Azərbaycan dünyada təhlükəsizliyin yüksək səviyyədə qorunduğu dövlətlərdən biridir. Ölkəmizdə sabitlik hökm sürür. Təbii ki, bütün bunlar beynəxalq təşkilatların diqqətindən yayına bilməzdi".

Hərbi ekspert bildirib ki, Azərbaycan olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq, terrorizmlə mübarizədə, təhlükəsizliyin qorunmasında qətiyyətli addımlar atır: "Dövlətimiz Yaxın Şərq regionundan heç də uzaqda deyil. İraq, Suriyada gedən mənfi proseslər, Türkiyənin terrorla mübarizə sahəsində atdığı addımlar bütün dünyanın diqqət mərkəzindədir. Belə bir həssas coğrafiyada yerləşən Azərbaycanın təhlükəsiz ölkələr sırasında qeyd edilməsi dövlətimizin həyata keçirdiyi fəaliyyətin beynəlxalq təşkilatlarda yüksək qiymətləndirildiyini deməyə əsas verir".

E.Həsənli qeyd edib ki, bu gün xarici ölkə vətəndaşları Azərbaycana turist kimi səfərə gəlir, özlərini burada olduqca rahat hiss edirlər: "Əcnəbilər ölkəmizdə hər hansı bir təhlükə ilə üzləşmirlər. Ölkə vətəndaşları kimi, onların da təhlükəsizliyi hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşları tərəfindən yüksək səviyyədə qorunur. Bütün bunlar dövlətimiz haqda dünyada müsbət imicin formalaşmasına təsir edən məsələlərdir. Ona görə də tez-tez Azərbaycanın adı təhlükəsiz dövlətlər sırasında çəkilir, heç bir xarici dövlət öz vətəndaşlarını səfirliklər vasitəsilə ölkəmizə səfərlər etməməyə çağırmır".

Azərbaycanın mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xatırladan ekspert bildirib ki, ölkəmizin sivilizasiyalar, mədəniyyətlər arasında dialoq məkanı, idman ölkəsi, digər beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu, həllini tapdığı unikal platformaya çevrilməsində sabitlik, təhlükəsizlik amili önəmli rol oynayır.

Azərbaycanın beynəlxalq terrorla mübarizə sahəsində gördüyü işlərdən danışan E.Həsənli bildirib ki, ölkəmiz İraq, Əfqanıstan, Kosovo da beynəlxalq sülhyaratma əməliyyatlarına dəstək verib, həmin coğrafiyalarda sabitliyin bərpasında öz səylərini əsirgəməyib. Bundan əlavə, Azərbaycanın uzun illərdir Ermənistanıa müharibə şəraitində olmasına toxunan ekspert vurğulayıb ki, düşmən ölkə nəinki torpaqlarımızın 20 faizini, o cümlədən, Dağlıq Qarabağ bölgəsini işğal edib, eyni zamanda, dinc azərbaycanlılara qarşı soyqırım, qətliamlar törədib, təcavüzkar siyasətini ortaya qoyub: "Ermənistan dövləti Azərbaycanda 32 terror hadisəsi törədib. Bütün bunlar faktlarla sübut olunub, məhkəmə qərarları çıxarılıb".

Ekspert əlavə edib ki, Ermənistanla münaqişə şəraitində olmasında baxmayaraq, sabit, təhlükəsiz həyat şəraitinin möhkəmləndirilməsi istiqamətində görülən işlər bu gün Azərbaycanı dünya üçün ən cəlbedici ölkələrdən birinə çevirib.

Ceyhun ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.