525.Az

Cümhuriyyət araşdırıcıları: "Ceyhun Hacıbəylinin varislərinin Bakı səfəri önəmli hadisədir"

[07.12.18]
Cümhuriyyət araşdırıcıları: "Ceyhun Hacıbəylinin varislərinin Bakı səfəri önəmli hadisədir"<b style="color:red"></b>

Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ziyalılar cümhuriyyətin qurucularından olmuş Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəylinin Bakıya gəlişini yüksək qiymətləndirir. Onların fikrincə, bu, varislərin tarixi Vətənlə bağlılığının qorunub saxlanılması, Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsi və digər aspektlərdən mühüm əhəmiyyət daşıyır.

Tanınmış tədqiqatçı, publisist, filologiya üzrə elmlər doktoru Abid Tahirli Azərbaycan xalqının tarixində və taleyində misilsiz rol oynamış bir insanın, Hacıbəylilər nəslinin nümayəndələrinin AXC-nin 100 illiyində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizə təşkil edilən səfərini çox önəmli hadisə adlandırıb: "Hesab edirəm ki, varislərin Bakıya gəlişi Azərbaycan-Fransa, Fransa-Azərbaycan mədəni əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcək və bu baxımdan səfəri tarixi şans kimi dəyərləndirirəm. Xatırlayırsınızsa, II Dünya Müharibəsində iştirak edən azərbaycanlı ilə ailə qurub İmişliyə gəlmiş fransız xanım vardı. Onun haqqında informasiyalar yayıldıqdan sonra Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələrinin həmin xanımla maraqlanması və görüşlər keçirməsi Fransa-Azərbaycan əlaqələrinə təsir etdi. Bəzən sadə insanların yaxınlaşmasının ölkələrarası münasibətlərə təsirinə şübhə ilə yanaşılır. Amma bu fakt onu göstərdi ki, belə münasibətlər də əlaqələrə təsirsiz ötüşmür. Arzu edirəm ki, təkcə Hacıbəylilər nəslinin nümayəndələri yox, Azərbaycanın ləyaqətli övladlarının xaricdəki varisləri vətənimizə gəlsinlər, əlaqələr qurulsun və bağlılıq möhkəmləndirilsin. Çox istərdim, Benjamin Hacıbəyli Azərbaycan ədəbiyyatı, adət-ənənəsi, ən əsası dilimizlə maraqlansın. Paskal Hacıbəyli Buşe ilə qiyabi tanışlığımız məndə çox böyük təəssürat yaradıb: o, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə çox böyük maraq göstərən insandır. Onu, eyni zamanda, Hacıbəylilər nəslinin böyük təəssübkeşi adlandırardım. Cümhuriyyətimizin 100 illiyində bu insanları Azərbaycana dəvət etdiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdaram".

Tarix elmləri doktoru, professor, Ceyhun Hacıbəyli irsinin araşdırıcısı Solmaz Rüstəmova Tovhidi qonaqların bilavasitə cümhuriyyət xadimlərinin varisləri olduğu üçün istənilən halda səfərin əlamətdar hadisə olduğunu bildirib: "Düşünürəm ki, Ramiz Abutalıbova minnətdar olmalıyıq ki, hələ Sovet dövründə Ceyhun Hacıbəylinin oğlu Teymurçinlə neçə illər dostluq edib. 10 illik dostluqdan sonra Teymurçin atasının bütün arxivini ona verib. Abutalıbovun Azərbaycana gətirdiyi həmin arxivlər neçə illərdir tərcümə olunur. Bildiyiniz kimi, Teymurçinlə Niyazi əmioğlu olublar, sağlığında Teymurçin də Bakıya gəlib. Ona görə də Ceyhun Hacıbəylinin övladları ilə əlaqə saxlamaq çox mühümdür. Məndə olan məlumata görə, budəfəki səfəri Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edib. Cümhuriyyətimizin 100 illiyində onların Bakıya dəvət olunması böyük təşəbbüsdür. Vətənlə əlaqələrin kəsilməməsi baxımından bu səfərlər vacibdir. Onlar öz ölkəsi üçün böyük xidmətlər göstərmiş babalarının vətənini, adət-ənənəsini görmüş olurlar ".

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri, Ceyhun Hacıbəyli irsinin araşdırıcısı Aslan Kənan da Ceyhun Hacıbəylinin Azərbaycan üçün xidmətlərinin çox olduğunu söyləyib:  "Çox keşməkeşli həyat yaşayıb Ceyhun Hacıbəyli. Öz adını verdiyi böyük oğlunu çox erkən itirib. Digər oğlunun həyat yoldaşı, övladının Azərbaycana gəlişi çox sevindiricidir və əlamətdar hadisədir. Yeri gəlmişkən, yaxşı olardı ki, xaricdə uyuyan ziyalılarımızın qəbirləri Azərbaycana gətirilsin. Vətəndən uzaqda dəfn edilmiş şəxslərin elə vətəndə kompleks məzarları ucaldılsın".

CEYHUN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.