525.Az

Paşinyana zərbə vuran səs yazısı: Baş nazir məhkəmələrə necə təzyiq göstərir?

[07.12.18]
Paşinyana zərbə vuran səs yazısı: <b style="color:red">Baş nazir məhkəmələrə necə təzyiq göstərir?</b>

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində daha bir zərbə alıb. Belə ki, sosial şəbəkələrdə Paşinyanla Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səsyazısı yayılıb. Məlum səsyazısı isə onu göstərir ki, ölkənin hüquq mühafizə orqanları, məhkəmə sistemi məhz Paşinyanın göstərişi ilə hərəkət edir, onun qərarlarını həyata keçirirlər. 

Qeyd edilən səsyazısında Paşinyan və Vanetsyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsi və mümkün nəticələri barədə müzakirələr aparırlar. Xüsusilə Vanetsyan baş nazirlə telefon danışığı zamanı Xaçaturovun həbsinin ruslarla münasibətləri çətinləşdirə biləcəyini deyir.

"Gəlin, Koçaryanla məsələni bitirək, sonra Xaçaturovla nə edəcəyimizə baxarıq", Vanetsiyan deyir və Paşinyan da onunla razılaşır. Paşinyan əlavə edir ki, bu məsələni Rusiya tərəfi ilə əvvəlcədən müzakirə etməliyik ki, sonradan heç bir problem yaranmasın. O, daha sonra deyir ki, indi buradadır (Sankt-Peterburqda)  və sonra bu barədə danışacaq.

Məlumata görə, Paşinyan iyulun sonunda Sankt-Peterburqda olduğu zaman bu məsələ barədə danışıblar, çünki məhz həmin vaxt Xaçaturovla bağlı cinayət işi başlandı.

Vanetsyan həmin gün bir neçə dəfə Paşinyana zəng edib və baş nazir iclasda olduğunu deyib. Sonra Vanetsyan rusların Xaçaturovun həbsinə görə dərin narahatlıq keçirdiklərini bildirib: "Mənim yanıma hər iki kəşfiyyatın nümayəndələri (daha sonra Venetsyan söhbətin Xarici Kəşfiyyat Xidmətindən və Federal Təhlükəsizlik Xidmətindən getdiyini izah edir) gəlib. Onlar bunu etməməyimizi bildirdilər. Dedilər ki, heç olmasa, KTMT baş katibini geri çağırın, sonra həbs edin. Əks halda, bu, KTMT-nin nüfuzuna zərbə vuracaq".

Paşinyan bu halda soruşur: "Və əgər gedib, bir daha qayıtmasan?"

Vanetsyan deyir ki, onu heç bir yerə buraxmırlar.

Söhbətin ikinci hissəində Paşinyan Xüsusi İstintaq Xidmətinin direktoru Sasun Xaçatryanla danışır. Onunla da Xaçaturovun və keçmiş prezident Robert Koçaryanın həbsi müzakirə edilir.

Vanetsyan, həmçinin ona Xaçaturovun həbsindən narahatlığını ifadə edir. Bildirir ki, FTX-nin direktoru ilə vəziyyəti müzakirə edib və "vəziyyət çox mürəkkəbdir".

Paşinyan seçkilərə bir neçə gün qalmış aldığı bu zərbənin təsirindən çıxmağa çalışıb. Səsyazısından açıq şəkildə onun güc strukturlarına göstərişlər verdiyi məlum olur. O, əvvəlcə Facebook səhifəsində cavab yazıb: "İnsanlar, bilirsiniz ki, səsyazısının ikinci hissəsini yayımlayıblar. Mən vaxtilə bu barədə parlamentin tribunasından danışmışam. Bir az sonra birbaşa efirdə olub, münasibət bildirəcəm".

Ardınca o canlı efirdən səsyazısının yayılmasını Ermənistana və onun dövlətçiliyinə qarşı müharibə adlandırb.

O deyib ki, korrupsiya sistemi ətraflarındakı dairənin məhdudlaşdığını gördülər: "Bu sistem fərqindədir ki, parlament seçkilərindən dərhal sonra verdiyimiz vədlər reallaşacaq. Bütün korrupsiyalaşmış ünsürləri xalqımız adından cavab verməyə çağırırıq ".

Paşinyan buna cavab olaraq seçkilərdə "Mənim adım" blokuna səs verməyə çağırıb. Onun sözlərinə görə, ilk növbədə bu, baş nazirin seçilməsidir: "Mən şəxsən Ermənistan vətəndaşlarından korrupsiyaya qarşı mübarizə aparmaq, xalqdan oğurlanmış hər bir qəpiyi geri qaytarmaq və inqilab əleyhinə müharibəni sona çatdırmaq üçün xalqdan çox güclü bir mandat alacağıma ümid edirəm".

O, həmçinin, səsyazısının dərcini sarsıdıcı məğlubiyyət gözləyən əks-inqilabın bir təzahürü adlandırıb. Göründüyü kimi, Paşinyan məsələnin əsas hissəsindən yayınıb, korrupsiya ilə mübarizə və s. vədlər verməklə kifayətlənib.

Ancaq digər siyasi qüvvələr tərəfindən tənqidlər almaqdadır. Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib ki,  sosial şəbəkələrdə yayılmış telefon danışıqlarının audio yazısından belə  başa düşülür ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Nikol Paşinyandan daha çox dövləti üçün narahat olur: "Səsyazısının ikinci hissəsi Ermənistanda siyasi korrupsiyanın olmadığına, müstəqil məhkəmələrin mövcudluğuna dair hakimiyyəti spekulyasiya imkanlarından məhrum etdi".

Əlavə edib ki, dərc edilmiş səsyazısı təhlükəsizlik orqanları rəhbərlərinin baş nazirin qərarlarını hakimlərə ötürməsini  də aydınlaşdırdı: "Bunlar siyasi qərarlardır. Bu siyasi qərarlar baş nazirin şəxsi maraqlarından və mövqeyindən irəli gələrək məhkəmə aktlarına çevrilir. Ermənistanda belə utancverici məhkəmələr barədə danışmaq qeyri-müəyyən səbəblərlə qadağandır. Bu səsyazısından bir nəticəyə gəldim. Hesab edirəm ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri daha çox dövlət düşüncəsinə malikdir və ehtimal ki, Nikol Paşinyandan daha yaxşı baş nazir ola bilər".

"Yeni Ermənistan" cəbhəsinin üzvü Andrias Qukasyan da bəyan edib ki, Ermənistanda müstəqil məhkəmə sistemi yoxdur. Onun sözlərinə görə, ölkədə müstəqil məhkəmə sistemindən söhbət gedə bilməz.

Qukasyan hesab edir ki, Nikol Paşinyan dəfələrlə verdiyi sözlərdən imtina edib: "Əvvəlcə oliqarxiya ilə mübarizənin lazım olduğunu dedi, sonra isə Ermənistanda ümumiyyətlə, oliqarxiyanın olmadığı ortaya çıxdı. Hakimiyyət orqanları öz vədlərini yerinə yetirmir".

Vəkil Ayk Alumyan da bəyan edib ki, indi Ermənistanda hakimlərə təzyiq əvvəlki hakimiyyətin dövründən daha güclüdür. O, hakimiyyət orqanlarını məhkəmələrə təzyiqlərdən çəkinməyə çağırıb.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.