525.Az

Kutay Aslantürklə Nafiə xanım haqqında söhbət - Birinci yazı

VƏ YA “525-ci QƏZET”i AMERİKADA KİMLƏR OXUYUR


[06.12.18]
Kutay Aslantürklə Nafiə xanım haqqında söhbət - <b style="color:red">Birinci yazı </b>

“Savablarımızı və günahlarımızı yazan” sosial şəbəkə 

Sosial şəbəkə savablarımızı və günahlarımızı yazan mələklərə dönüb. Harada, hansı toplantıya qatılırıq, orada nə danışırıq, kimlərlə görüşürük xəbərin yayır. Çox vaxt gedəcəyimiz toplantı, o toplantıda saat neçədə, nə mövzuda danışacağımız haqqında da bilgi verir. Toplantılarda nədən və necə danışırıqsa olduğu kimi yaddaşında saxlayır. Kim nə vaxt istəsə açıb oxuya və dinləyə bilir.

İnternetin bu işindən razı qalan da var, narazılıq edən də. Mən hələ onun yaxşı cəhətlərini görmüşəm. Gedəcəyim toplantıya hansı ölkələrdən kimlərin gələcəyini bilirəm. Özümə, dostlarıma, gənc araşdırıcılara lazım olan kitabları, qəzet və jurnalları, sənədləri simpoziuma gələnlər vasitəsilə gətirdirəm. Azərbaycanla bağlı bilgiləri də məndən istəyən dost-tanışa toplantılara gələnlər vasitəsilə göndərirəm. Poçt xərcləri o qədər bahalaşıb ki, dost-tanışın, elmi mərkəzlərin istədikləri kitab, qəzet və jurnalları göndərməyə bir illik maaşım belə yetməz.

Əlaqələr o qədər genişlənib Koreyadan da kitab, qəzet-jurnal istəyirlər, Yaponiyadan da. Amerikada yaşayan araşdırıcılara da Azərbaycandan çap olunmuş kitablar gərək olur, hindistanlıya da. Bir sözlə, dünyanın hər yerində olan araşdırıcılar Azərbaycanla maraqlandığı kimi, biz də onların ölkələri, ədəbiyyatları, tarixləri ilə maraqlanırıq.



Əmin Abid

Bu dəfə isə kitab, qəzet-jurnal gətirməyimi xahiş etmirdilər. Zəng vurub görüşmək istədiklərini bildirirdilər. Amerikanın güney doğusundakı Florida ştatının Orlando şəhərində yaşayan Kutay Aslantürk internetdən öyrənmişdi ki, noyabrın birinci yarısında Türkiyədə olacam, orada keçirilən bir neçə toplantıya qatılacam. Simpoziumların proqramları öncədən internetdəki saytlara qoyulduğundan hansı gün, hansı salonda, hansı saatda məruzə edəcəyimi bilirdi. Bütün bunları bilsə də, öncədən zəng vurub görüş üçün vaxt və yer müəyyənləşdirmək istəyirdi. Mən də qrafika baxıb İstanbulda görüşməyi daha münasib saydım.

Amerikada da “525-ci qəzet”i izləyirlər 

Diqqətimi çəkən bir cəhət o oldu ki, gedəcəyim toplantıların proqramını Kutay Aslantürk məndən öncə oxumuşdu. Belə hadisələrlə son dövrlərdə tez-tez rastlaşıram. Şirazdan zəng vurub “525-ci qəzet”dəki yazıma görə təbrik edəndə qəzeti hələ görməmişdim “525-ci qəzet”in 31oktyabr, 1 noyabr və 2 noyabr 2018-ci il saylarında çap olunan “Nafiə Abidin Amerikadakı və  Türkiyədəki nəvələri” məqaləmi də Kutay Aslantürk, demək olar ki, mənimlə eyni günlərdə oxumuş, fikirlərini bölüşmək üçün telefonla yarım saatdan çox danışmışdı.

Böyük bir sevgiylə Azərbaycana bağlı olan bu insan ayda bir, iki aydan bir zəng vurur, söhbətləşirik. Danışdıqlarından da hiss edirəm ki, burada baş verənləri ardıcıl izləyir.



Kutay Aslantürklə hotel foyesində söhbət 

Simpoziumlara getmə səbəbim 

Türk Ocaqları Dərnəyi Bursa Şöbəsi ilə Uludağ Universitetinin Bursa şəhərində keçirəcəyi “Hər yıl bir büyük Türk!” devizi altında keçirilən Beşinci Uluslararası Bilgi Şöleni “Uluslararası Cengiz Dağcı Bilgi Şöleni” adlanırdı. Bursa şəhərində 2018-ci il noyabrın 5-6-da düzənlənəcək bu toplantıda “Cengiz Dağcının “İxtiyar Savaşçı” romanında xəyal və gerçəklık”, 8-10-da Kastomonu şəhərində təşkil olunmuş ”Birinci Millətlərarası Türkiyə-Özbəkistan münasibətləri” simpoziumunda “Xalid Səid Xocayevin həyat hekayəsi ilə ilgili kəsin cizgilər” mövzularında məruzə etməliydim. Hər iki toplantının da proqramı öncədən internet vasitəsilə yayılmışdı. Kutay Aslantürk bunları oxuduğuna görə mənə zəng vurmuşdu. 

Doğumunun 120 illiyində Əmin Abidin xatırlanması 

Kutay Aslantürklə tanışlığımızın tarixi 2014-cü il dekabr ayının 19-dandır. Bu haqda “525-ci qəzet”dəki məqalələrimdə geniş yazmışdım. Onunla görüşüb, üzbəüz söhbət etməsək də, hərdən yazışır, telefonla ilə həmişə danışırıq. Onunla tanışlığımıza səbəb Azərbaycanın üsyankar şairi, milli araşdırıcısı, 1938-ci ildə siyasi səbəblərə görə güllələnmiş Əmin Abid haqqında yazdığım məqalələr olmuşdu.

Əmin Abid haqqında ötən 40 ildə bəlkə də 40-dan çox məqalə yazmışam. Onların əksəriyyəti də internet saytlarında var. Kutay Aslantürk yazılarımın hansını oxuyub, hansını oxumadığını bilmirəm. Bildiyim odur ki, onu görüşməyə həvəsləndirən “525-ci qəzet”dəki son yazılarım olub. Görünür, elmi məqalələr insanların hisslərinə publisistika kimi güclü təsir etmir. “525-ci qəzet”də çap olunan yazıma görə Şirazdan və Amerikadan əks-səda gəlməsi məni daha çox qəzetlərimizin Azərbaycandan uzaqlarda izlənməsinə görə qürurlandırdı. 

Səfər proqramımı gözdən keçirdim. Kastomonu Universiteti simpoziumunun proqramında sonda şəhər və onun tarixi yerləri ilə bağlı gəzinti vardı. Qərara aldım ki, Kutay Aslantürklə görüş üçün gəzintiyə qatılmayım.

Fikrimi Kutay Aslantürkə bildirdim. O razılaşdı. Şərtləşdik ki, noyabrın 11-də İstanbulda görüşək. Vaxtında görüş yerində olum deyə bir gün öncə səhər tezdən yola çıxıb axşamüstü İstanbulda oldum. Dostlarımızdan Əkrəm Kaya bizi qarşılayıb şəhərin Avropa yaxasında kiralədiyi hotelə apardı. Birlikdə şam süfrəsi arxasında gəlmişdən-getmişdən xeyli söhbət etdik. Əkrəm bəy bir zaman aspirant kimi qarşılayıb, İstanbulun tarixi yerlərini, muzeylərini gəzdirdiyi gənclərin indi hamsının elmi dərəcəsi olduğunu, universitetlərdə müəllim, kafedra müdiri işlədiklərini eşitdikcə gözləri gülürdü. Hərdən də onların ilk səfərlər zaman utancaqlıqdan etdiklərini yada salırdı. 

Kutay Aslantürkün İstanbula gəlişi 

Söhbətimiz uzun çəkdiyindən Əkrəm Kayadan gec ayrıldıq. Otağımıza gəlib yatmağa hazırlaşırdıq. Telefonum zəng çaldı. Zəng vuran Kutay Aslantürk idi. Saat biri keçmişdi. Dedi ki, İstanbulun Asya tərəfindəki Sabiha Gökçen hava limanındadır, təyyarədən endi. Kirayəyə maşın götürmək istəyir ki, İstanbulda olduğu günlərdə şəhərdə rahat hərəkət edə bilsin. Onun dediyi yer bizim qaldığımız hoteldən çox da uzaq deyildi. Fikirləşdim ki, yükünü baqajdan almağa azından yarım saat vaxt lazım gələcək. Kirayə maşın götürmə işləri də bir saatdan az çəkməyəcək. Sonra da gecənin yarısı, qaranlıqda gəlib hoteli tapması da xeyli vaxt aparacaq. Ona görə xahiş etdim ki, görüşü sabaha saxlayaq. Kutay Aslantürk razılaşdı.

Səhər gələndə Kutay Aslantürk məni necə qucaqlayıb ağladısa, özümü saxlaya bilməyib ona qoşuldum. Gördüm ki, özünü toparlaya bilməyən təkcə mən deyiləm. Həyat yoldaşım Əzizə xanımın da, Kutay Aslantürkün kim olduğunu bilməyən Əkrəm Kayanın da gözləri dolub. Dedi ki, tez görüşməyə, söhbət etməyə can atırdım. Yaxşı ki, siz görüşü bu günə saxladınız. Baqajdan çantamı alıb kirayə götürdüyüm maşının sənədləşdirilməsini hazırlamaq gecə saat 4-dək çəkdi.

Öncədən planladığım söhbət alınmadı. O da, mən də plansız, sistemsiz danışırdıq. Kutay Aslantürkü ən çox maraqlandıran Əmin Abidin və Nafiə xanımın Bakı həyatı, Əmin Abidin soyu və o soydan olanların indi harada yaşamaları idi. Mənim suallarım isə Nafiə xanımın Türkiyəyə gəlmə tarixi, Ankaradakı fəaliyyəti, ölüm tarixinin dəqiqləşdirilməsi ilə bağlı idi. 

Nafiə Abidin gəlini 

Kutay ailələri haqqında təxminən belə dedi: atam Altay doğulandan sonra onu anasından alıb yetimxanaya veriblər. Nənəm həbsdən qurtulub hansı yollasa Ankaraya dönəndən sonra oğluna qovuşmaq üçün bir il əlləşib. Türkiyə Böyük Millət Məclisinin sədri Abdulxalıq Rendanın diplomatik kanalları işə salması sayəsində Sovetlər Birliyindəki yetimxanadan atamı alıb Türkiyəyə gətirdib. Nafiə xanımın atası (Kutay doğru bilmir. Nafiə kiçik ikən atası Əhməd Şükrü ölmüş, anası Tovfik Tanura ərə getmişdir. Tovfik Tanur da Nafiəni qızlığa götürərək ona öz soyadını vemişdir - Ə.Ş.) Tovfik Tanur onu övladlığa götürüb. Ona görə də sənədlərdə adı, soyadı Altay Tovfik oğlu Tanur kimi yazılıb.

Atam yaraşıqlı, şövqlə geyinən, cəlbedici nitqi olan birisiydi. O, aristokrat cəmiyyətin qaydalarını yaxşı bilirdi. Anam Nazmiyyə Mahmut qızın Aslantürkün iş adamı olan atası inanc etibarı ilə təsəvvüflə bağlı olub. Elə buna görə də litseydə oxuyan qızının dostları ilə teatr tamaşalarına və aktyorların məşqlərinə getməsinə etiraz etməyib.

Tez-tez məşqlərə gedən anam iti yaddaşı olduğundan aktyorların rollarını əzbərləyib. Bir dəfə baş rolun ifaçısı xəstələnib. Onu əvəz etmək lazım gələndə anam özündə cəsarət tapıb həmin rolu oynaya biləcəyini deyib. Başqa əlacları olmadığından onun səhnəyə çıxmasına icazə veriblər. Rolun öhdəsindən gəlib. Rejissor deyib ki, bu qız anadan aktyor doğulub. Sonralar bir neçə tamaşada da göstərilən etimadı doğruldub, yeni rolları da məharətlə oynayıb. Ona Türkan Şorayın çəkildiyi “Mavi eşarp (Mavi şarf)”, “Veqikali yarem (Vəfalı yarım)” filmlərində ufaq-təfək (epizodik) rollar da veriblər, rejissor köməkçiliyi də edib. Anam yaraşıqlı, təkəbbürlü bir qız imiş. Atam Altay onu bir ofisdə görüb. Bir neçə dəfə arxasınca gəlişi ilə anamın könlünü ovsunlayıb. Beləcə, 1964-cü ildə evləniblər. 

Gəlininin Nafiə Abid haqqında söylədikləri 



Kutay Aslantürkün nənəsi Nafiə xanım Abidin 1930-cu ildə Bakıda çəkilmiş və üzərində avtoqraf yazdığı şəkli
 

Kutay Aslantürkə görə, nənəsi Azərbaycandan dönəndə özü ilə var-dövlət gətirdiyindən firavan bir həyat sürürmüş. Bu fikir mənim üçün inandırıcı gəlmədi. Çünki araşdırıcılar Əmin Abidin soyunun Bakı xanlarına bağlı olduğunu yazsalar da, mən bilirəm ki, bu ailə çox kasıb yaşayıb. Nafiə xanımın Bakıda olduğu dövrdə bolşeviklər hamını soyub lüt-üryan eləmişdilər. Necə deyərlər, hamı gün çörəyinə möhtac qalmışdı. Belə bir vaxtda həbsxanadan çıxmış, nə yollasa vətəninə dönmüş Nafiə Abid buradan heç bir var-dövlət apara bilməzdi.

Nafiə xanım Türkiyəyə geri dönəndə anasının qohumu Abdülxalıq Randa Türkiyə Böyük Millət Məclisinin sədriydi. 5-6 dil bilən Nafiə xanıma da görünür, o, himayədarlıq edib, milli məclisdə tərcümə işləri tapşırıb. Bundan başqa, Nafiə xanımın atalığı Tevfiq, onun qardaşı Kamal, eləcə də başqa qohumları yüksək və imkanlı vəzifələrdə işləyirlərmiş. Yəqin ki, Nafiə xanımın maddi vəziyyətinin yaxşılaşmasında onların da rolu olub.

Kutay Aslantürk deyir ki, atamla anam evlənəndən sonra Nafiə xanımla bir yerdə yaşamayıblar. Nənəm oğlunun marağını nəzərə alaraq səyyar teatr təşkil edib. Teatır üçün avtobus da alıb. Beləcə, Altay Tanurun rəhbərlik etdiyi səyyar teatr şəhər, qəsəbə və kəndləri gəzib tamaşalar göstərib.

Anam həmin günlərin xoş və şirin xatirələrini indi də yada salır. Deyir ki, mən də tamaşalarda oynayırdım. Əsasən kiçik səhnəciklər göstərirdik. Tamaşaçılarla sıx ünsiyyətdə olurduq. Bir də görürdün Altay tamaşa gedə-gedə şərbətsatan rolunu oynayır. Kürəyindəki böyük sürahidən kiçik piyalələrə şərbət süzüb tamaşaçılara paylayır. Onlar da piyaləyə imkanları daxilində pul qoyur. Çünki o dövrdə səyyar teatrlar öncədən bilet satmırdı. Tamaşaçılardan yığılan pulla həm özümüz dolanır, həm də teatr üçün gərək olanları alırdıq.

Anam deyir ki, Nafiə xanım yaraşıqlı, səliqə-səhmanına diqqət yetirən, hami ilə məsafə saxlayan, aristokrat bir xanım idi. Biz onun yanına gedəcəyimizi öncədən xəbər verərdik. Evə daxil olanda köməkçisi bizi qarşılayaraq qonaq otağına aparardı. 15-20 dəqiqə sonra bəzənib-düzənmiş Nafiə xanım otağa daxil olardı. Biz ayağa duraraq onun əlini öpüb göstərdiyi yerdə oturardıq. Söhbətlərimiz əsasən ciddi və rəsmi olardı. Daha çox onun suallarına biz cavab verərdik. O, ayağa duranda bilərdik ki, görüş vaxtı başa çatdı. Sağollaşıb ayrılardıq. 

Süleyman Sabunçuoğlunun şam yeməyinə dəvəti 

Axşamüstü Süleyman Sabunçuoğlu zəng vurdu. Onunla 1990-cı illərin ikinci yarısından tanışdıq. Azərbaycana gələn ilk iş adamlarındandır. Bakıdakı keçmiş “Novbahar” restoranı binasının təmirini onun rəhbərlik etdiyi tikinti şirkəti aparıb. Sonralar Rusiyanın bir çox bölgəsində stadionlar, mədəniyyət mərkəzləri, inzibati və yaşayış binaları tikiblər.

Ziyalılara böyük hörməti var. Azərbaycanın çox araşdırıcısını İstanbulda qarşılayıb, muzeyləri, tarixi məkanları gəzdirib, qonaq edib yola salıb. Azərbaycana böyük sevgisi olan Süleyman Sabunçuoğlunun mənim İstanbula gələcəyimdən və Kutay Aslantürklə görüşəcəyimizdən xəbəri vardı. Bizim üçün hoteli də onun işçiləri tutmuşdular.

Süleyman Sabunçuoğlu hotelə gəlib bizimlə görüşdü. Sonra da şam yeməyinə dəvət etdi. İlk görüşdən Kutay Aslantürkün Süleyman bəylə söhbəti tutdu. Böyük həvəslə onun dəvətini qəbul etdi. Axşam söhbətimiz Süleyman Sabunçuoğlunun açdırdığı süfrə arxasında oldu. Kutay bəy ailə hekayətlərini danışmağı davam etdi.



Soldan: Kutay Aslantürk, Əzizə Şamil, Əli Şamil və Süleyman Sabunçuoğlu. Şam süfrəsi arxasında 

Kutay Aslantürk atası ilə anasının ayrılması haqqında  

Kutay bəydən: “Söhbətinizdən belə anladım ki, atanız-ananız sevişib evləniblər. İşləri də hər ikisinin ürəyincə olub. Güzəranları da pis deyilmiş. Bəs nədən bu evlilik çox uzun sürməyib? - deyə xəbər aldıqda dedi:

- Hocam, anam boşanmalarının günahını toplumda görür. Deyir ki, basqılara tab gətirib ailəmizi qoruya bilmədik. Altay yaraşıqlı, şirindilli, aristokrat toplumun qaydalarını yaxşı bilən birisi idi. Qadınlar-qızlar onu nəinki gözləri ilə “yeməyə” çalışırdılar, elə mənim yanımdaca dəsmallarını və ya hansısa bir əşyalarını bilərəkdən yerə salırdılar. Guya ki, təsadüfən düşdü. Altay da onu yerdən götürüb nəzakətlə verir, fransızsayağı əlləridən də öpürdü. Beləcə, aralarında xoş ünsiyyət yaranırdı. Mən onu qadınlardan qoruya bilmədiyim kimi özüm də kişilərin basqısına tab gətirə bilmədim. O qədər xoş sözlər söyləyirdilər, o qədər nazımı çəkirdilər, düşünürdüm ki, dünyanın ən gözəl qadını mənəm. Mənim tayım, bərabərim yoxdur. Kişilər hər bir istəyimi, arzumu böyük həvəslə və zövqlə yerinə yetirirdilər. Bu təzyiqlərə hər ikimiz dözə bilmədik. Ailəmiz dağıldı”.

Mən 14 yanvar 1965-ci ildə, bacım Feyza (Acilya) 5 may 1966-cı ildə doğulmuşuq. Atamla anam 1968-ci ildə ayrılıblar. Həmin il anam məni və Feyzanı (Acilya)  alıb İstanbula köçüb. Bir müddət rəqqaslıq, müğənnilik edib. Çox qoçaq, istədiyinə nail olan bir qadın olub. Toplumun müxtəlif təbəqəsindəki insanlarla sıx bağlar qurmağı bacarıb. Bir dəfə polisi döydüyünə görə üç ay həbs cəzası da alıb. Ərəb ölkələrinə də gedib, orada oxuyub, oynayıb. Biz Ankaradan köçdüyümüzdən nənəmin qəbrinə ziyarətə getməmişik. Heyf ki, qəbrin harada olduğunu nə anam xatırlayır, nə də biz.



Kutay Aslantürk Pakistan kökənli xanımı Saadia Ahmad, qızı Şanzeh və oğlu Alisina ilə

Atam anamdan ayrılandan sonra da bir müddət teatrdan ayrılmayıb. Böyük tamaşalarda da rol alıb, rejissorluq edib. İkinci dəfə bir həkim xanımla evlənib. Ondan da Tinaz adlı bir bacım dünyaya gəlib. İkinci xanım babamın teatrda işləməsini istəməyib. Babam ikinci xanımının təziqi ilə teatrdan uzaqlaşıb. Müxtəlif sahələrdə çalışıb. Buna baxmayaraq, evlilikləri uzun sürməyib, ayrılıblar. Ona görə də indiyədək bacım Tinazın üzünü görməmişəm. Onu feysbukda tapdım. Məktub yazdım, cavab vermədi. İnternetdən öyrəndim ki, “Frankies İstanbul” restoranında proje (layihə) kordinatorluğu yapmış qız qardaşım Tinaz Karadut 2014-cü ilin iyunundan 2015-ci ilin iyulunadək Bakı təmsilçisi olub. Görünür, hansısa bir güc bizi Bakıya doğru çəkir. Mən də uzun illərdir Bakıya getməyə can atıram. Ya qismət... Görək nə zaman baş tutacaq. 

Kutay Aslantürk ailələrinin xarici ölkədə yaşamağa getmələri haqqında 

1970-ci illər Türkiyənin çox ağır günləri idi. Ölkə kapitalizm ilə sosializmin arasında qalmışdı. NATO ilə Varşava Birliyi burada sanki güclərini sınayırdılar. Mitinqlər, solçularla millətçilərin qarşıdurması, terror Türkiyəni yaşanmaz hala gətirmişdi. Təsəvvür edin ki, mənim 12 yaşım olanda yaralıları xəstəxanaya daşıyanlara yardım edirdim. 1977-ci ilin 1 may nümayişində onlarla insan yaralandı. O yaralıları mənim kimi uşaqlar, qadınlar xəstəxanaya aparırdı.

Qarğaşadan qurtulmaq üçün anam 1978-ci ildə bizi də alıb Almanyaya köçdü. 1982-ci ildə Almaniyadan Amerikaya daşındıq. Evimizin yanında bir qaraj vardı. Müsəlmanlar namaz qılmaq üçün oraya yığılırdılar, yəni oradan məscid kimi istifadə edirdilər. Anam da oraya gedirdi.

Anam orada sufilər, onların toplandıqları yer haqqında bilgi alır. 1983-cü ildə Nyu-York şəhərində sufilərin cerrahilər təriqətinin üzvlərinin toplaşdığı yerə gedir. Görür ki, müxtəlif millətlərdən olan insanlar burada bir ailənin üzvləri kimi mehriban yaşayırlar. Bir gün görür ki, toplandıqları dərgahda böyük canlanma var. Səbəbini xəbər alanda deyirlər ki, dərgahın rəhbəri Müzəffər Ozak (1916-1985) xanımı və qızı ilə Nyu-Yorka gəlir. Onu qarşılamağa hazırlaşırlar. Anam da onların karteji ilə hava limanına gedir və Müzəffər Ozakla tanış olur. Onun söhbətlərinə o qədər alüdə olur ki, bir daha cerrahilərden ayrılmır.  

Kutay Aslantürk atası Altayla keçirdiyi günlər haqqında 

Mən 1990-cı ildə Türkiyəyə döndüm. Atamı 25 yaşımda, Ankarada gördüm. Bələdiyyələr üçün lazım olan avadanlıqların alınmasına vasitəçilik edir, reklamlar hazırlayıb çap etdirirdi. Bir ara onun yanında qaldım. İşlərinə kömək etdim.

Atam üçüncü dəfə Nuray Tunc adlı, 18 yaşlı bir qızla evlənmişdi. Aralarındakı yaş fərqi 30-u haqlayırdı. Sonbeşik qardaşım Çığatayın anası Nuray səmimi və mehriban, çox ağıllı, yüksək mədəniyyətli, olduqca qayğıkeş bir insandir. Məni çox sevir, mən də onu çox sevirəm və məndən gənc olsa da, ona ana deyirəm.  Uzaqda olduğumdan Çığatayla sıx əlaqə qura bilmirəm. Amma anam və bacım Feyza ilə əlaqələri normaldır. 

Mən Ankarada atamın işlərinə kömək edəndə Nuray Çığataya hamilə idi. Atam da içməyi sevirdi. Mən bir dəfə ona bərk hirsləndim, dedim ki, doğulacaq uşağı, gənc xanımını düşün. Hətta bir dəfə rakı şüşəsini əlindən alıb atdım. Sonra gördüm atamla bir yerdə yaşamaq çətindir. Odur ki, Amerikaya getdim.

Çığatay çox ağıllı, savadlı və ciddi bir gəncdir. 1992-ci il aprelin 26-da anadan olub. Polis məktəbini bitirib. Polis təşkilatında komissar və helikopter pilotudur. Bir neçə il Qüzey Kıbrısda işlədikdən sonra yenidən Türkiyəyə dönüb. Yazışırıq.

Amerikada birinci dəfə perulu Janet Carasasla evləndim. 1999-cu ildə bir oğlumuz oldu, adını Harun qoyduq. Milli dəyərlərə fərqli baxışımız, din ayrılığımız, məişət məsələlərində ortaq məxrəcə gələ bilməməyimiz ailəmizin dağılmasına səbəb oldu. 2005-ci il iyunun 30-da pakistanlı Saadia Ahmadlə evləndim. Ortaq cəhətlərimiz çoxdur. Universitetin ən nüfuzlu müəllimlərindəndir. Ondan 12 yaşında Şanzeh adlı bir qızım, 9 yaşında Alisinan adlı bir oğlum var. Qızım Şanzeh bibisi Feyzaya və nənəsi Nafiəyə xanıma çox bənzəyir. 
 
Kutay Aslantürk Pakistan kökənli xanımı Saadia Ahmad, qızı Şanzeh və oğlu Alisina ilə  

Seyid Yahya Bakuvinin davamçıları sayılan cerrahilər təriqəti  

Anam cerrahi şeyxi ilə söhbətlərdən, görüşlərdən sonra, başını örtdü, uzun paltar geyməyə və təsəvvüf musiqisi ilə məşğul olmağa başladı. ABD-dakı “Robert koleji”ni bitirən və universitetdə sənət dərsi deyən Tosun Bekir Bayraktaroğlunun cerrahilər üzərində təsiri çox güclü idi. Bildiyimə görə, sənətçilərdən Ahmet Özhan, “O Səs Türkiyə”nin jürisi Atena Gökhan, Mazhar Alanson, Cem Yılmaz, Ali Taran, Kadir Çöpdemir, Hasan Kaçan və başqaları bu təriqətin üzvləridir.

Bilmirəm özümü belə istədi, yoxsa dərgahdanmı belə məsləhət gördülər, anam Nyu-Yorkdan İstanbula döndü. Hər halda özü geri dönmək istəsə də, dərgahın şeyxi Tosun Bekir Bayraktaroğlu ilə məsləhətləşməmiş olmazdı. İstanbulda Karagümrük dərgahı yanında ev kirayələdi. İndi burada sufi bir həyat yaşayır və təriqətinə tərəfdarlar toplayır. Necə deyərlər, təriqətin qadınlar qrupuna rəhbərlik edir. Qadınlar da onu sevir, həm də ondan qorxurlar.

İstanbula dönəndən sonra bir ara televiziya kanalı da açdı. Arada “Səslər və surətlər” proqramına aparıcılıq etdi. Hətta keçmiş Yuqoslaviyada xristian serblər bosniyalıları qıranda orada atası-anası öldürülmüş bir qızı himayəsinə götürdü. Onun haqqında qısametrajlı filim də çəkdi. Yutubda var. İstəsəniz baxarsınız”

Cerrahilər təriqəti haqqında çox yazırlar. İnternetdə də bu mövzuda xeyli material var. Bu təriqətin Azərbaycanla bağlı olduğunu nəzərə alaraq onun haqqında oxucuya az da olsa bilgi verməyi münasib saydım. Araşdırıcılar cerrahlar təriqətinin öz başlanğıcını İçərişəhərdə, Şirvanşahlar Muzeyinin həyətində türbəsi olan Seyid Yəhya Şirvanidən aldığını yazırlar.

İlk cerrahı dərgahı Sultan Üçüncü Ahmed tərəfindən 1703-cü ildə Nurəddin Məhəmməd ibn-i Abdullah  el-Rumi el-İstanbuli el Cerrahin (1678-1720) üçün yaratdığını yazırlar. Təriqətin adı da onun yaradıcısının ləqəbindən gəlir. Təriqətin formalaşması haqqında fikirlər fərqlidir. Bəzi araşdırıcılar təriqətin ramazaniyyə təriqəti əsasında formalaşdığını yazırsa, bəziləri də bəktaşilikdən, qədriyyə və rifaihilikdən qaynaqlandığı fikrindədirlər.

1925-ci ildə Türkiyədə təkkə və zaviyələrin bağlanması haqqında qanun qəbul ediləndə İstanbul şəhərində cerrahilərin 14 dərgahı, zaviyəsi varmış.

Təriqətin Kanada, Argentina, İspaniya şöbələri bu gün də fəaliyyətlərini davam etdirir. Ən çox şöbəsi olduğu ölkə isə Amerikadır. ABŞ-ın Nyu-York, Çikaqo, Los-Anceles şəhərlərində təriqətin şöbələri var. Mərkəzi İstanbuldakı Karagümrük dərgahı olan təriqətin üzvlərinin sayı 30 min nəfəri keçir. Zikirlərini gur səslə etmələri kənardan diqqəti onlara çəkir. 

Kutay Aslantürkün Amerikadan Türkiyəyə köçmək istəyi 

Kutay Amerikada yaşasa da, maddi imkanları normal olsa da, oradakı yaşamdan razı deyil. Övladlarının taleyindən narahatdır. Bəzi qızların 13 yaşında hamilə qalması, bunun toplum və valideynlər tərəfindən sakit qarşılanması onu bərk sarsıdıb. Universitetdə müəllim işləyən, Pakistan kökənli xanımı Saadia Ahmadlə razılaşıblar ki, Türkiyəyə köçsünlər.

Kutay Aslantürk Azərbaycandakı ədəbiyyat, mədəniyyət sahəsinə rəhbərlik edənlərdən də giley-güzarını gizlətmədi. Dedi ki, Azərbaycandan yazılanları izləyirəm. Əmin Abidlə eyni vaxtda həbs edilən, güllələnənlərin 75 illik, 100 illik, bəzilərinin hətta 80, 90, 110 illik yubileyləri də təntənə ilə qeyd edilir, əsərləri çap olunur, küçə, meydan, məktəb, təşkilat onların adı ilə adlandırılır. Amma Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında böyük əməyi olmuş, şeirləri ilə insanları milli azadlıq mübarizəsinə səsləmiş Əmin Abidi yada salmırlar. Biz Azərbaycanda olsaydıq, Əmin Abidin haqqını tələb etsəydik, yəqin yubileyi də keçirilər, adı da əbədiləşdirilər, əsərləri də çap olunardı.

Bu yerdə mən özümü saxlaya bilməyib dedim: “Əmin Abid bəxti gətirməmiş bir insandır. Onun araşdırıcı məsələsində də bəxti gətirmədi. Haqqında ilk yazanlardan biri mən oldum. Mənim də, onun əsərlərini nəşrə hazırlayan, haqqında kitab və məqalələr yazan, professor Bədirxan Əhmədovun da topluma, hökumət orqanlarına ciddi təsirimiz olmadı.

1990-cı illərdən gənc publisistlər böyük ilhamla Əmin Abiddən yazmağa başladılar. Azərbaycan bayrağı “türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq” ideologiyasından hazırlanıb. Türklük orada birinci yerdədir. Türklükdən yazanı, onu təbliğ edəni cəzalandırmırlar, qınamırlar. Hökumət rəhbərləri rəsmi toplantılarda türkçülüklə bağlı gözəl fikirlər söyləyirlər. Millət vəkilləri də türkçülükdən bəhs edən əsərlər yazırlar. Amma hansısa bir qüvvə türklüklə bağlı təbliğata, ciddi əməli işlər görməyə əngəllər törədir.

Türkçülükdən yazan gənclərin çoxu heç bir siyasi partiyanın üzvü olmasa da, onlar hakimiyyətdə olan bəzi məmurların gözünə müxalif kimi görünürlər.

Darıxmayın, zaman belə getməz. Əmin Abid haqqında yazılanları oxuyan gənc nəsil onu dəyərini layiqincə verər.

Əli ŞAMİL

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.